Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra BMCMİ) əməkdaşları 23 iyul 2023-cü ildə Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadiyyat üzrə professor Qubad İbadoğlunun ofisində axtarış aparıb. Axtarış nəticəsində ona məxsus ofisdən tapıldığı iddia edilən, saxta yaxud gerçək olduğu bilinməyən 40 min dollar pul vəsaitinə sübut kimi əsaslanaraq Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb. Həmin maddə saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmanı nəzərdə tutur və beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İyulun 24-də isə Qubad İbadoğlu Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq dövründə 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Azərbaycanın da qoşulduğu çoxsaylı beynəlxalq konvensiyalara əsasən insan hüquqları insana sırf doğulduğu andan etibarən məxsus olan hüquqlardır və ən ekstremal şəraitlər istisna olmaqla həmin hüquqlara dövlət tərəfindən hər hansı bir müdaxilə edilməməlidir. Həmin xüsusi (ekstremal) hallarda belə dövlət insan hüquqlarını yalnız qanunların verdiyi dar səlahiyyət çərçivəsində məhdudlaşdıra və ya həmin hüquqların təmin edilməsindən geri çəkilə bilər. Məsələn, müharibə zamanı bu, özünü yaşamaq hüququnun, tutulma, həbs edilmə və azadlıqdan məhrum etmə zamanı azadlıq hüququnun, cinayət əməlinin əməliyyat-axtarışı fəaliyyəti çərçivəsində şəxsi toxunulmazlıq hüququnun məhdudlaşdırılması formasında göstərir.
Q.İbadoğlu tutularkən və həbsdə saxlandığı müddətdə onun yalnız qanunla (Qubad İbadoğlunun təqsirləndirilməsinin qanuniliyi və əsaslılığı bu yazının predmeti deyil) məhdudlaşdırılmalı olan azadlıq hüququndan başqa, digər bir sıra əsas insan hüquqları qanunsuz olaraq məhdudlaşdırılaraq pozulub.
“Tribunat” həmin halları analiz edib.
23 iyul 2023-cü ildə Qubad İbadoğluna məxsus ofisdə axtarış və götürmə aparılıb. Bu, cinayət işinin araşdırılması zamanı sübutların əldə edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş istintaq hərəkətlərindən biridir. Lakin Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 17 və 243-cü maddələrinə əsasən, cinayət işinin araşdıran istintaq orqanı (bu halda BMCMİ) yaşayış yeri hesab edilən xidməti kabinet və ya binada axtarış və ya götürmə istintaq hərəkətini məcburi qaydada (mülkiyyətçinin iradəsinə zidd) yalnız məhkəmənin qərarı əsasında həyata keçirməlidir.
Yalnız bəzi təxirəsalınmaz hallarda müstəntiqin əsaslandırılmış qərarı əsasında məhkəmə qərarı olmadan məcburi axtarış və istintaq hərəkətinin aparılmasına icazə verilir. Bu hallara aşağıdakılar aid edilir.
- şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi;
- şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyi;
- yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olması;
- yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğu.
Qubad İbadoğlu ilə bağlı qeyd edilən təxirəsalınmaz halllardan hər hansı birinin mövcud olmamasına rəğmən, axtarış və götürməni aparan BMCMİ məhkəmə qərarı əldə etməyə ehtiyac duymadan yaşayış yeri hesab edilən xidməti ofisə mülkiyyətçinin iradəsinə zidd (xəbəri olmadan) daxil olub və həmin yerdə axtarış və götürmə aparıb. Bunun nəticəsində isə həmin vaxt şübhəli şəxs statusunda olan İbadoğlunun qanunla dövlət tərəfindən qorunmalı olan mənzil toxunulmazlığı və mülkiyyət hüquqları elə dövlətin istintaq aparan orqanı tərəfindən pozulub.
Konstitusiyanın 46.3-cü, İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü maddəsinə əsasən cinayət təqibi gedişində tutulmuş və həbs edilmiş şəxslərin şəxsiyyəti və ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququ var. Bu hüququn məhdudlaşdırılmasına və pozulmasına heç bir halda yol verilmir. Hətta ən xüsusi şərtlər belə dövlət tərəfindən şübhəli və təqsirləndirilən şəxsi ləyaqəti alçaldan rəftara və fiziki zorakılığa məruz qoymasına əsas ola bilməz. Qubad İbadoğlu saxlanılarkən isə ona və həyat yoldaşına qarşı fiziki zorakılıq törədilib və həmçinin onun özü ofisindən başına qara torba keçirilərək çıxarılıb.
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 19-cu maddəsinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslər həbsdə saxlanma müddəti ərzində yaxın qohumları və ailə üzvləri ilə həftədə iki dəfə 15 dəqiqəyədək müddətdə telefonla danışmaq, ayda dörd dəfə dörd saatadək görüş hüququna malikdirlər.
Həbs edilmiş şəxsin telefon danışığı və görüş hüququ yalnız hazırlanan cinayətin qarşısını almaq və cinayət təqibində şəxslərin təhlükəsizliyini təmin etmək üçün məhdudlaşırıla bilər. Ancaq bu istisna halın olmamasına baxmayaraq Q.İbadoğlu 23 iyul tarixində saxlansa da, ailə üzvləri ilə telefon danışığı və görüş hüququ müstəntiqin qərarına əsasən məhdudlaşdırılmışdı.
Qubad İbadoğlunun müdafiəçisi tərəfindən bu məhdudiyyətin aradan qaldırılması üçün verilmiş şikayət Nərimanov Rayon Məhkəməsi tərəfindən əsassız hesab edilərək icraata götürülməkdən imtina edilib. Bu imtinadan Bakı Apellyasiya Məhkəməsinə verilmiş şikayət təmin edilib və iş icraata götürülüb baxılmaq üçün apellyasiya məhkəməsi tərəfindən yenidən Nərimanov Rayon məhkəməsinə göndərilib. Nərimanov Rayon Məhkəməsi tərəfindən verilən yeni qərara əsasən isə İbadoğlunun telefon danışığı hüququ 30 iyuldan, görüş hüququ isə 15 avqustdan bərpa edilib.
Yaxınlarının və müdafiəçisinin verdiyi məlumata əsasən Q.İbadoğlu yüksək şəkər, qan təzyiqi və ürək aorta damarının genişlənməsi xəstəliyindən əziyyət çəkir. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanuna əsasən tutulmuş və həbs edilmiş şəxslərin tibbi-sanitariya, yemək təminatı və gündəlik iki saatdan az olmayaraq açıq havada gəzintiyə çıxmaq hüququ var. Ancaq vəkili Qubad İbadoğlunun səhhətindəki problemlər səbəbi ilə tutulmaya qədər mütəmadi olaraq müxtəlif dərmanlar, xüsusi pəhriz qidaları qəbul etməsi və gündə müəyyən vaxtlarda açıq havada gəzintiyə çıxmasına qarşılıq oxşar şəraitin həbs yerində mövcud olmamasını və bu halın onun səhhəttini daha da ağırlaşdırdığını bildirib.
Adıçəkilən Qanunun 25-ci maddəsinə əsasən isə həbs edilmiş şəxsin həftədə bir dəfə sovqat, banderol, pul baratları almaq və bunları göndərmək hüququ var. Göndərilən sovqat və bağlamalara baxış keçirilməsi, həmçinin qəbul edilməsi qadağan olanların siyahısı müvafiq istintaq təcridxanalarının daxili intizam qaydaları ilə tənzimlənir. Fəqət Qubad İbadoğluna göndərilən və sağlamlığı, eyni zamanda təmizlik üçün zəruri bəzi vasitələr və qidalar əsassız olaraq ona çatdırılmayıb. Bu cür zəruri gündəlik-məişət ehtiyacları ilə bağlı olan və digər həbs edilmiş şəxslərə maneəsiz çatdırılan əşyaların hər hansı daxili intizam qaydaları ilə məhdudlaşdırılmasını düşünmək mümkün deyil.
Beləliklə, Qubad İbadoğlu saxlanarkən və həbsdə saxlandığı müddətdə onun mənzil toxunulmazlığı, mülkiyyət, işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq, tibbi-sanitariya xidməti, kompleks yeməklə təmin olunmaq, gəzintiyə çıxmaq və sovqat (banderol) almaq hüquqları pozulub.