logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Sabiq icra başçısının təqsirsizlik prezumpsiyası hüququnun pozuntusu

Analiz
Sabiq icra başçısının təqsirsizlik prezumpsiyası hüququnun pozuntusu

Dekabrın 15-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat Xidməti tərəfindən “Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunmuşdur” başlıqlı bəyanat yayılıb. Məlumatda Balakən rayonunun sabiq icra başçısı İslam Rzayevin saxlanıldığı, bir sıra cinayət əməllərini törətdiyinin müəyyən olunduğu, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində həbs-qətimkan tədbiri seçildiyi qeyd olunub.

Bəs sözügedən bəyanat təqsirsizlik prezumpsiyası prinsipi baxımından nə dərəcədə hüquqa uyğundur?

Təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyincə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadıqca təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna dair əsaslı şübhələrin mövcudluğu belə, onun cinayətdə təqsirli kimi təqdim edilməsinə və ya təqsirli bilinməsinə əsas vermir. 

Bu prinsip həm Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 6.2-ci maddəsində təsbit olunub. Məhkəmənin hökmü olmadan heç bir şəxs cinayət törətmiş hesab edilə bilməz və dövlət orqanlarının açıqlamaları bu fundamental prinsipi sarsıtmamalıdır.

DTX-nın yaydığı bəyanat isə artıq başlıqdan etibarən problemlidir. “Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunmuşdur” cümləsi söhbətin istintaq mərhələsində olan cinayət işi üzrə şübhələrdən deyil, artıq sübuta yetirilmiş təqsirdən getdiyi təsəvvürünü yaradır. 

Bəyanatın mətnində əvvəlcə Rzayevin müəyyən əməlləri törətməsi ilə bağlı “əsaslı şübhələrin yarandığı” qeyd olunsa da, dərhal ardınca həmin şəxsin konkret cinayət əməllərini törətdiyinin “müəyyən olunduğu” bildirilir. Belə bir təqdimat ardıcıllığı və seçilən ifadələr istintaq mərhələsi ilə məhkəmə hökmü arasındakı sərhədi aradan qaldırır və şəxsin təqsirinin artıq təsdiqləndiyi qənaətini formalaşdırır.

Halbuki nə Konstitusiya, nə də Cinayət-Prosessual Məcəllə (21-ci maddə) istintaq orqanına məhkəmə hökmü olmadan şəxsi cinayətdə təqsirli kimi təqdim etmək səlahiyyəti tanıyır. Bu baxımdan, bəyanatda istifadə edilən ifadələr təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyəti ilə uzlaşmır.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Konvensiyanın 6.2-ci maddəsi üzrə Azərbaycana qarşı buvaxtadək 11 qərar qəbul edib. Bu qərarların 10-da pozuntu tanınıb.

AİHM-in presedent hüququna əsasən cinayət törətməkdə ittiham olunan şəxs barəsində dövlət vəzifəli şəxsinin bəyanatı onun təqsiri qanuna uyğun qaydada sübuta yetirilməmişdən əvvəl təqsirli olduğu rəyini əks etdirərsə, təqsirsizlik prezumpsiyası pozulmuş sayılır (Əvəz Zeynalov Azərbaycana qarşı işi, 68-ci bənd). 

Məhkəmə bildirib ki, dövlət orqanları ictimaiyyəti davam edən cinayət icraatları barədə məlumatlandıra bilsələr də, bunu yalnız zəruri ehtiyat və təmkinlə etməlidirlər. Davam edən cinayət istintaqları ilə bağlı digər dövlət vəzifəli şəxslərinin ictimaiyyəti şübhəlinin günahkar olduğuna inandıran bəyanatları da təqsirsizlik prezumpsiyasının pozulması hesab edilir (Fərhad Əliyev Azərbaycana qarşı işi, 217-ci bənd).

AİHM Fərhad Əliyev Azərbaycana qarşı, Muradverdiyev Azərbaycana qarşı, Hüseyn və digərləri Azərbaycana qarşı, Fətullayev Azərbaycana qarşı, İlqar Məmmədov Azərbaycana qarşı, Xədicə İsmayılova Azərbaycana qarşı (No. 2), Yunusova və Yunusov Azərbaycana qarşı (No. 2), Mirqədirov Azərbaycana qarşı işlərində DİN, Baş Prokurorluq və MTN-in bənzər bəyanatları ilə təqsirsizlik prezumpsiyasını pozduqlarını təsdiqləyib.

“Tribunat” bu qənaətə gəlir ki, DTX-nın yaydığı bəyanatda sabiq icra başçısı İslam Rzayev haqqında istifadə olunan “cinayət əməlləri ifşa olunmuşdur”, cinayət əməllərini törətdiyi “müəyyən olunmuşdur” kimi ifadələr istintaq mərhələsi üçün zəruri ehtiyat və təmkinlilik tələblərinə cavab vermir, cəmiyyəti məlumatlandırmaq vəzifəsi ilə şübhəlinin təqsirsizlik prezumpsiyası hüququ arasında balansa riayət edilmir. İslam Rzayev təqsiri məhkəmə qaydasında sübuta yetirilmədən əvvəl ictimaiyyət qarşısında təqsirli kimi göstərilib və onun Konvensiyanın 6.2-ci maddəsi ilə qorunan təqsirsizlik prezumpsiyası hüququ pozulub.
 

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatı, https://www.dtx.gov.az/az/news/1866.html

Azərbaycan Respublikasının Konstitusiyası, https://e-qanun.az/framework/897

Avropa İnsan Hüquqları Konvensiyası, https://www.echr.coe.int/documents/d/echr/convention_aze

Cinayət-Prosessual Məcəllə, https://e-qanun.az/framework/46950

Avropa İnsan Hüquqları Məhkəməsi Əvəz Zeynalov Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/?i=001-209346

Avropa İnsan Hüquqları Məhkəməsi Fərhad Əliyev Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/?i=001-101682

Avropa İnsan Hüquqları Məhkəməsi Muradverdiyev Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/?i=001-102142

Avropa İnsan Hüquqları Məhkəməsi Hüseyn və digərləri Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/?i=001-105823

Avropa İnsan Hüquqları Məhkəməsi Fətullayev Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/?i=001-98401

Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədov Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/?i=001-144124

Avropa İnsan Hüquqları Məhkəməsi Xədicə İsmayılova Azərbaycana qarşı işi (No. 2), https://hudoc.echr.coe.int/?i=001-201340

Avropa İnsan Hüquqları Məhkəməsi Yunusova və Yunusov Azərbaycana qarşı işi (No. 2), https://hudoc.echr.coe.int/?i=001-203562

Avropa İnsan Hüquqları Məhkəməsi Mirqədirov Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/?i=001-204584


 

31 Dekabr, 2025