logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Siyasi məhbuslara münasibətdə sərtləşən cəza siyasəti: Yaxın tarixlə müqayisənin üzə çıxardığı gerçəklər

Analiz
Siyasi məhbuslara münasibətdə sərtləşən cəza siyasəti: Yaxın tarixlə müqayisənin üzə çıxardığı gerçəklər

Son bir ildə siyasi məhbus hesab edilən şəxslərə qarşı cəza siyasətinin nəzərəçarpacaq dərəcədə sərtləşdiyi müşahidə olunur. Əvvəllər analoji hallarda verilən azadlıqdan məhrumetmə cəzaları ilə hazırkı dövrdə tətbiq olunan hökmlər arasında ciddi fərqlər sezilir. 

“Tribunat” bu tendensiyanı araşdıraraq, siyasi məhbus hesab edilən şəxslərə əvvəl və son dövrlər çıxarılan cəzaların müqayisəli analizini aparıb, qanunvericilik bazası ilə məhkəmə praktikası arasında mövcud olan ziddiyyətləri müəyyən etməyə çalışıb.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin əsas prinsiplərindən biri humanizmdir (maddə 9). Humanizm prinsipi, mümkün olduqda, ədalətli və yüngül cəza tətbiqini nəzərdə tutur. Üstəlik, 2017-ci ildə Prezidentin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı ilə xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması; cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi üçün göstəriş verib. 2019-cu ildə prezident yeni Fərman verərək, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə qanun layihələri hazırlayıb təqdim etməyi Ədliyyə Nazirliyinə tapşırıb.

Lakin son illərin təcrübəsi göstərir ki, ittiham hökmləri çıxarılarkən humanizm və ədalət prinsiplərinin tətbiq olunmasının yerinə cəzalar daha da sərtləşdirilib. Hətta qaçaqmalçılıq və qanunsuz sahibkarlıq kimi iqtisadi cinayətlərə görə də ittihamçı prokuror məhkəmənin yekun hökmü üçün 11-12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təklif edir (Məsələn, “Abzas Media” işində). 

Yaxın keçmişlə müqayisə etdikdə bu sərtləşmələri açıq-aydın görmək olur:

  • Bu ilin yanvar ayında ictimai fəal Bəxtiyar Hacıyev müxtəlif ittihamlarla – o cümlədən əmək müqaviləsi olmadan işçi çalışdırmaq, qanunsuz gəlirlərin yuyulması, polisə qarşı müqavimət və sənəd saxtakarlığı ilə ittiham edilərək 10 il azadlıqdan məhrum edilib;
  • Mart ayında siyasətçi Tofiq Yaqubluya qarşı da ciddi ittihamlar – külli miqdarda dələduzluq və sənəd saxtakarlığı – irəli sürülüb və o, 9 il azadlıqdan məhrum olunub;
  • May ayında isə talış tarixçisi İqbal Əbilov daha ağır ittihamlarla – dövlətə xəyanət və milli zəmində nifrət yaymaqla – 18 il azadlıqdan məhrumetmə cəzası alıb.
  • Jurnalist Teymur Kərimov Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qroxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib;
  • Jurnalist Ərşad İbrahimov da hədə-qorxu ilə tələb etmə ilə təqsirləndirilərək, 8 il müddətinə azadlıqdan məhrum olunub;
  • İstanbul Univeristetinin doktrantı Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olununaraq 9 il müddətinə azadlıqdan məhrum edilib;
  • Keçmiş diplomat Emin İbrahimov qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinərək 7 il  müddətə azadlıqdan məhrum edilib;
  • İşçi Masası Həmkarlar İttifaqının sədri Afiəddin Məmmədov CM-nin 126.2.4-cü, 221.3-cü və 228.4-cü maddələri ilə təqsirləndirilərək, 8 il müddətinə azadlıqdan məhrum olunub və s.

Halbuki, oxşar ittihamlarla daha əvvəl məhkum olunmuş siyasi məhbuslara nisbətən yüngül cəzalar verilib: 

  • 2015-ci ildə hüquq müdafiəçisi İntiqam Əliyev, jurnalist  Xədicə İsmayıl vergi ödəməkdən yayınma, mənimsəmə və vəzifə səlahiyyətindən sui-istifadə maddələri ilə ittiham olunaraq 7 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi;
  • 2013-cü ildə “Tolişi Sədo” qəzetinin təsisçisi Hilal Məmmədov İqbal Əbilovla eyni maddələrlə, hətta əlavə olaraq narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunsa da, cəmi 5 il azadlıqdan məhrum etmə cəzası almışdı;
  • Hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar da qanunsuz sahibkarlıq, mənimsəmə, dələduzluq kimi maddələrlə təqsirli bilinməklə yanaşı dövlətə xəyanətdə də ittiham olunsalar da, onların cəzaları İqbal Əbilov, Tofiq Yaqublu və Bəxtiyar Hacıyevlə müqayisədə daha yüngül  8 il 6 ay və 7 il olmuşdu;
  • Jurnalist Rauf Mirqədirov da 2015-ci ildə dövlətə xəyanətdə təqsirli bilinib və 6 il müddətinə azadlıqdan məhrum edilmişdi və s.

Yaxın tarixlə bu müqayisələr göstərir ki, fərqli dövrlərdə oxşar ittihamlarla təqsirləndirilən şəxslərə tətbiq olunmuş cəzalar arasında ciddi fərqlər mövcuddur. Adları çəkilən şəxslərin hər biri beynəlxalq təşkilatlar və hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınır. Son dövrlərdə bu kateqoriyaya daxil edilən şəxslərin sayında ciddi artım müşahidə olunur

Elektron məhkəmə sistemi ilə axtarış apardıqda məlum olur ki, müxtəlif şəxslərə qarşı dələduzluq (maddə 178.2.2, 178.2.4) sənədləri saxtalaşdırma (maddə 320.1) əməli ilə birlikdə, qəsdən sağlamlığa ağır zərər vurma (maddə 126.2.4) maddələri ilə verilmiş cəzaların müddəti 5 ildən 8 ilədək dəyişir. Hətta qaçaqmalçılıq kimi cinayətlər üzrə (maddə 206.3.2) təqsirləndirilmiş başqa şəxslər isə 10-15 min manatdan çox olmayan cərimə və ya azadlığın məhdudlaşdırılması kimi azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum olunublar. Bundan başqa, 2023-cü ildə dövlətə xəyanətdə təqsirli bilinən Fidan Əliyeva 6 il azadlıqdan məhrum edilib. 

Halbuki sadalanan ittiham maddələri ilə müxalif siyasətçi Tofiq Yaqublu 9 il, Bəxtiyar Hacıyev 10 il, İqbal Əbilov isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bu isə cəza siyasətində balansın pozulduğunu göstərir. Daha əvvəl “Tribunat” cəza siyasətində ikili standartlara dair yazısında, oxşar ittihamlar üzrə siyasi məhbuslarla dövlət məmurlarına tətbiq olunan cəzalar arasındakı ciddi fərqləri göstərmişdi. Son dövrlərin məhkəmə təcrübəsi isə bu fərqlərin həm məmurlarla, həm də adi vətəndaşlarla müqayisədə daha da kəskinləşdiyini ortalığa çıxarır.

“Məhkəmə hökmü haqqında” Qərar tələb edir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı başqa yüngü cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün təyin edilməməsinin səbəbləri göstərilməlidir. Üstəlik, Konstitusiya Məhkəməsinin Minsk Konvensiyasının şərh edilməsinə dair Plenum qərarında göstərilib ki, məhkəmə təqsirkarın fərdi keyfiyyətləri, məhkumluğu və sair ağırlaşdırıcı halları nəzərə aldıqda, o qənaətə gəlməlidir ki, yüngül cəza cəzanın məqsədlərini – sosial ədalətin bərpası, islah və profilaktikanı – təmin edə bilməyəcək. Bu norma məhkəmələrə konkret cinayət əməllərinə uyğun cəza təyin etməkdə dinamik yanaşmanı təmin etməyi tapşırır. Amma son illərin məhkəmə təcrübəsinin analizi bu prinsipin nəzərə alınmadığını nümayiş etdirir. Çünki yuxarıda adı çəkilən 9 ildən artıq müddətə azadlıqdan məhrum edilən siyasi məhbusların heç birinin ictimai təhlükəli şəxsi keyfiyyətləri məhkəmə tərəfindən sübut edilməyib.

Bütün bu faktlar onu deməyə əsas verir ki, Azərbaycanda cəza siyasəti və məhkəmə təcrübəsi arasında nəzərəçarpacaq dərəcədə uyğunsuzluq mövcuddur. Hüquqi bazada humanizm və fərdiləşdirilmiş cəza prinsipləri ön planda olsa da, real məhkəmə qərarlarında bu standartlar ardıcıl tətbiq edilmir. Xüsusilə, siyasi motivli hesab olunan cinayət işlərində ittihamların xarakteri və çəkisi ilə verilən cəzalar arasında proporsional əlaqə çox zaman uzlaşmır. Bu isə cəza siyasətinin ədalətlilik və bərabərlik prinsiplərindən uzaqlaşdığına dair narahatlıqları artırır. Hətta fərz etsək ki, siyasi məhbus hesab edilən şəxslərə irəli sürülən ittihamlar qanuni və əsaslıdır, yenə də cinayət məsuliyyətinin humanizm prinsipi baxımdan onlara verilən cəzalar islah etmək yox, sitəm məqsədi güdür. Eyni ittihamlar üzrə siyasi məhbuslarla digər təqsirləndirilən şəxslərə təyin edilən cəzalar arasında kəskin fərqin mövcudluğu məhkəmə təcrübəsinin vahidliyini də pozur.

“Tribunat”ın gəldiyi qənaətə görə, məhkəmə qərarlarında vahid yanaşmanın olmaması, eyni cinayətlərə görə fərqli cəzaların tətbiqi, eləcə də alternativ cəza mexanizmlərinin nadir hallarda istifadə olunması ədalət mühakiməsinə ictimai etimadı sarsıdan amillərdəndir. Hüquqi dövlətin təməl prinsiplərindən biri olan məhkəmə ədalətinin bərpası üçün qanunvericilikdə nəzərdə tutulan humanist yanaşmaların praktikada da tətbiqi zəruridir.
 

9 İyun, 2025