logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Təqsirləndirilən şəxsdən alınan apellyasiya şikayətinə əlavə və dəyişikliklər…

Analiz
Təqsirləndirilən şəxsdən alınan apellyasiya şikayətinə əlavə və dəyişikliklər…

İyunun 17-də Bakı Apellyasiya Məhkəməsində siyasi məhbus, iqtisadçı Fazil Qasımov çıxış edərək məhkəməyə təqdim edəcəyi apellyasiya şikayətinə əlavələrin və dəyişikliklərin Penitensiar Xidmətin əməkdaşları tərəfindən əlindən alındığını bildirib. Mediada gedən məlumatdan əlavə və dəyişikliklərin mahiyyəti və hansı mərhələdə Qasımovdan alındığını bəlli etmək mümkün olmur.

Bu, tutulmuş və ya həbs edilmiş siyasi məhbusların şəxsi materiallarının əlindən alınması və ya müsadirə edilməsi ilə bağlı baş verən ilk hal deyil. Şərti olaraq “Toplum TV işi” kimi tanınan işdə təqsirləndirilənlərdən biri olan siyasi məhbus Əli Zeynalın da başına bu cür hadisə gəlib. Zeynalın məhkəmə iclasında bildirdiklərinə əsasən, onun və onunla gətirilən təqsirləndirilən şəxslərin müdafiəçiləri üçün yazdıqları qeydləri əllərindən alınıb.

“Tribunat” Penitensiar Xidmət əməkdaşlarının təqsirləndirilən şəxslərlə bu cür davranışının qanunauyğunluğunu araşdırıb.

Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsi vətəndaşların fərdi şəkildə dövlət orqanlarına, habelə məhkəməyə müraciət etmək hüququnu tanıyır. 60-cı maddə isə hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatını ehtiva edir. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 15-ci maddəsi tutulmuş və ya həbs edilmiş şəxslərin təklif, ərizə və şikayətlərlə müraciət etmək hüququnu təsbit edir. Eyni hüquq İstintaq təcridxanalarının daxili intizam Qaydalarında da əks olunub. Qaydalara əsasən, bu cür yazışmalar və onların cavabları senzuradan keçirilmir. Habelə, həbs edilmiş şəxslər bu cür yazışmalara görə təqib oluna bilməzlər.

Göründüyü kimi, yerli qanunvericiliklə tutulmuş və ya həbs edilmiş şəxslərin məhkəməyə müraciət etmək hüququ tanınır. 

Bəs bu hüquq üçün məhdudiyyət mövcuddurmu? Həbs edilmiş iqtisadçının əlindən apellyasiya şikayətinə əlavə və dəyişikliklərin alınması necə tənzimlənə bilər?

Mediada yayılan məlumatdan Fazil Qasımovdan sənədlərin alınmasının hansı mərhələdə baş verdiyini müəyyən etmək mümkün olmur. Ehtimal etmək olar ki, bu, ya saxlanıldığı təcridxanada, ya da ordan məhkəməyə müşayiət edildiyi zaman baş verib. Bu ehtimallardan irəli gələrək, qanuniliyi təyin etmək üçün yerli qanunvericiliyə nəzər yetirmək lazımdır.

Yuxarıda adıçəkildən penitensiar qanunvericilik aktlarına (Qanunun 17, Qaydaların 12-ci maddələri) əsasən Qasımovun apellyasiya şikayətinə əlavə və dəyişiklikləri onun şəxsi yazışmaları sayılır. Bu halda, qanunvericilik yazışmalara dair məhdudiyyətin tətbiq olunması üçün üç hal nəzərdə tutur:

  1. Hazırlanan cinayətlərin qarşısını almaq; 
  2. Cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək;
  3. Həbs yerində rejimi təmin etmək.

Lakin hər iki aktda da vurğulanır ki, bu qeyd-şərtlər “tutulmuş və ya həbs edilmiş şəxslərin müdafiəçi və ya qanuni əsaslarla hüquqi yardım göstərən digər şəxslərlə yazışmaları istisna olmaqla” şamil edilir (Qanunun 17.3, Qaydaların 12.3-cü maddələri). Bu isə onu deməyə əsas verir ki, F.Qasımovun apellyasiya şikayətinə əlavə və dəyişiklikləri də yazışmalar kimi anlaşılmalıdır. Əgər iqtisadçıdan əlavə və dəyişikliklər saxlandığı istintaq təcridxanasında alınıbsa, bu, qanunvericiliyin təqdim etdiyi əsaslarla baş tutmalıdır. Lakin bu məhdudiyyətin tətbiqi sadalanan əsaslara uyğun gəlmir. Çünki apellyasiya şikayətinə əlavə və dəyişikliklərin siyasi məhbusdan alınmasının hazırlanan cinayətin qarşısını almaq, cinayət təqibini və təhlükəsizliyi təmin etmək və ya həbs yerində rejim pozuntusu ilə heç bir əlaqəsi yoxdur.

Digər ehtimal isə hadisənin Qasımovun saxlanıldığı yerdən məhkəməyə müşayiəti zaman baş verməsi ilə əlaqədardır. Ədliyyə Nazirliyinin Kollegiya Qərarı ilə təsdiq edilmiş “Həbs edilmiş şəxslərin və məhkumların müşayiət edilməsi qaydaları haqqında Təlimat”ın 4-cü bəndinə əsasən, məhbuslar penitensiar müəssisələrdən və müəssisələrə müşayiəti zamanı şəxsi axtarışa məruz qalırlar. Təlimatın 4.20-ci maddəsinə görə isə, məhkəmə orqanlarına və ya cəzaçəkmə müəssisələrinə müşayiət olunan məhbuslar üzərində tam axtarış aparılır, şəxsi əşyalarına və ərzaqlarına hərtərəfli baxış keçirilir. O cümlədən, sənədin 8-ci fəsilinə əsasən, qadağan olunmuş əşyaların mövcudluğu konvoy taboru tərəfindən təqsirləndirilən şəxs məhkəmə zalında olarkən yoxlanılır. Təlimatın 4.28-ci maddəsinə əsasən, şəxsi axtarış zamanı məhbusun üzərindən saxlanılması qadağan olunan əşyalar tapıldığı halda bu cür əşyalar ondan alına bilər. Bu cür əşyalar aşkar edildikdə, Təlimatın 4.31-ci bəndinə əsasən, təqsirləndirilən şəxsi göndərən müəssisənin nümayəndəsinə təhvil verilir. İstintaq təcridxanalarının daxili intizam Qaydaları bu cür saxlanılması qadağa olunan əşyaların siyahısını təqdim edir. Bu siyahıya yazışmalara aid ola biləcək yalnız “müharibəni, zorakılığı, ekstremizmi, terroru və qəddarlığı təbliğ edən, milli, dini və irqi ədavəti qızışdıran, habelə pornoqrafiya xarakterli nəşrlər” daxildir. Lakin saxlanılması qadağan olunmuş əşyaların siyahısına apellyasiya şikayətinə əlavə və dəyişikliklər və ya hər hansısa digər hüquqi yazışma aid deyil. 

Habelə, əşyanın məhbusdan alınması penitensiar qurumun əməkdaşları üçün prosedurlar ehtiva edir. Həm Qaydalara, həm də Təlimata əsasən, bu cür halla qarşılandığı təqdirdə əşyanın alınması müvafiq formada aktlaşdırılmalıdır. Yayılan media məlumatlarında apellyasiya şikayətinə əlavə və dəyişikliklərin Qasımovun əlindən alınmasının aktlaşdırıldığı barədə heç nə deyilmir. Ümumiyyətlə isə, apellyasiya şikayəti üçün nəzərdə tutulmuş əlavə və dəyişikliklər Təlimata əsasən saxlanılması qadağan olunmuş əşyaların siyahısına daxil deyil.

Fazil Qasımovun apellyasiya şikayətinə əlavə və dəyişikliklərinin Penitensiar Xidmət işçiləri tərəfindən alınması onun Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan hüquqlarının pozuntusu hesab edilə bilər. Konvensiyanın 6-cı maddəsi təqsirləndirilən şəxsin ədalətli məhkəmə araşdırması hüququnu, 8-ci maddəsi isə habelə yazışma sirrinə hörmət hüququnu tanıyır.

Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasında məhbuslarının hüquq və mənafelərinin qorunmasına dair formalaşmış praktika mövcuddur. Məhkəmə saxlanılan və azadlıqdan məhrum edilmiş şəxslərə qarşı davranışın əsas prinsipi kimi onlara ləyaqətə hörmət və insan hüquqlarının aliliyini qeyd edir, çünki Konvensiyanın özəyini məhz insan ləyaqətinə hörmət təşkil edir (Buyid Belçikaya qarşı, §§89-90) Bu yanaşma, habelə, məhbus və məkum edilmiş şəxslərə də şamil edilir (Vinter və digərləri Birləşmiş Krallığa qarşı, §113).

Bu səbəbdən F.Qasımovun materiallarının əlindən alınması onun ədalətli məhkəmə araşdırması hüququnun kobud şəkildə pozuntusudur. Penitensiar Xidmət rəsmiləri materialların alınması üçün heç bir əsaslandırma təqdim etməyərək iqtisadçının məhkəmə qarşısında öz hüquqlarını səmərəli müdafiəsi üçün əngəl yaradıblar. Ruk Almaniya qarşı işində vurğulandığı kimi, cinayət işlərində məhkumların ədalətli məhkəmə araşdırması qarantiyaları məhkəmə proseslərində məhkumun effektiv iştirakının təmin edilməsi üçün dövlət qurumlarına pozitiv öhdəliklər yaradır (§65). Halbuki, Qasımovun keysində penitensiar qurum əksinə olaraq təqsirləndirilən şəxsin apellyasiya şikayətinə etdiyi dəyişiklikləri və əlavələri əlindən alaraq Konvensiya ilə qorunan ədaləti məhkəmə araşdırması hüququna ciddi xələl gətirib.

Digər diqqətçəkən məqam isə təqsirləndirilən şəxsin əlavə və dəyişikliklərinin hüquqi yazışma kimi təfsir edilməsindən irəli gəlir. Bu cür yazışmalar məhkumun onun hüquqi təmsilçisi - müdafiəçisi ilə olan kommunikasıyasının tərkib hissəsini təşkil edir. Məhkəmə məhkumların yazışmalarının monitorinqi, ona olan müdaxilələrin həcminin əsaslandırılmasının tənzimlənməsinin vacibliyini vurğulayıb (Eneya İtaliyaya qarşı, §143). Məhkumun yazışmalarına müdaxilə həm məhkumu, həm də onun hüquqi təmsilçilərini qanunvericiliyin düzgün tətbiq olunmasını təmin edəcək və atılan addımların əsassız və ya qeyri-ixtiyari olmayacağını əmin edəcək formada həyata keçirilməlidir (Onoyufriou Kiprə qarşı, §113).

Fazil Qasımovun materiallarının əlindən alınması ilə onun yazışmalarına olan müdaxilə yerli qanunvericiliyə uyğun hər hansı formada əsaslandırılmayıb. Penitensiar Xidmətin əməkdaşları apellyasiya şikayətinə əlavə və dəyişiklikləri onun əlindən alarkən təqsirləndirilən şəxsin şəxsi yazışmalarına qoyulan məhdudiyyətin hansı əsasla baş verdiyini bildirmək üçün heç bir addım atmayıb. Yerli qanunvericilik şəxsi yazışmalara olan məhdudiyyətin tətbiq edilməsi üçün çərçivə təqdim etsə də, bunun “tutulmuş və ya həbs edilmiş şəxslərin müdafiəçi və ya qanuni əsaslarla hüquqi yardım göstərən digər şəxslərlə yazışmaları istisna olmaqla” olduğunu açıq şəkildə qeyd edib. Qanunvericiliyin imperativ normasının bu şəkildə pozuntusu təqsirləndirilən şəxsin hüquqi şərtlərini və qarantiyalarını bəlli edən penitensiar tənzimləmələrə və qanunçuluq prinsipinə ziddiyət təşkil edir.

“Tribunat”ın gəldiyi nəticəyə əsasən, Fazil Qasımovun apellyasiya şikayətinə əlavə və dəyişikliklərin penitensiar qurumun işçiləri tərəfindən əlindən alınması onun yerli və beynəlxalq qanunvericiliklə qorunan hüquq və mənafelərinin - ədalətli məhkəmə araşdırması və şəxsi yazışmalarına hörmət hüquqlarının kobud şəkildə pozuntusudur. Nə dövlət qurumu, nə də məhkəmə hüquqi yazışmaların təqsirləndirilən şəxsdən alınmasının qadağan olunmasına məhəl qoyub. Penitensiar Xidmət təqsirləndirilən şəxsin hüquqi mövqeyinə xələl gətirən bu cür müdaxilənin əsaslandırılması üçün heç bir qanuni və ağlabatan əsaslandırma təqdim etməyib. Habelə, məhkəmə bu cür açıq-aşkar pozuntunun araşdırılması və ona hüquqi qiymət verilməsi üçün səlahiyyətləri çərçivəsində heç bir addım atmayıb.

 

Bir aya yaxın aclıq edən Fazil Qasımov hələ də “kars”da saxlanılır; https://toplummedia.tv/mehkeme/pbir-aya-yaxin-acliq-eden-fazil-qasimov-hele-de-ldquokarsrdquoda-saxlanilirnbspp  

“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi; https://toplummedia.tv/mehkeme/pldquotoplum-tv-isirdquo-doumlvlet-bize-emekdasliq-teklif-etdip 

Azərbaycan Respublikasının Konstitusiyası; https://e-qanun.az/framework/897 

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun; https://e-qanun.az/framework/23933 

İstintaq təcridxanalarının daxili intizam Qaydaları; https://e-qanun.az/framework/33805 

“Həbs edilmiş şəxslərin və məhkumların müşayiət edilməsi qaydaları haqqında Təlimat”, https://e-qanun.az/framework/25284 

Avropa İnsan Hüquqları Konvensiyası; https://www.echr.coe.int/documents/d/echr/convention_aze

Buyid Belçikaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-157670 

Vinter və digərləri Birləşmiş Krallığa qarşı; 

Ruk Almaniyaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-194614 

Eneya İtaliyaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-94072 

Onoyufriou Kiprə qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-96547

26 İyul, 2025