logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Təqsirləndirilənlərin mənafeləri arasında real ziddiyyət yoxsa keyfiyyətli müdafiəyə süni qadağa?

Analiz
Təqsirləndirilənlərin  mənafeləri arasında real ziddiyyət yoxsa keyfiyyətli müdafiəyə süni qadağa?

Şərti adı “Toplum TV işi” olan cinayət işi üzrə vəkillərin bu iş üzrə sonradan həbs edilən və daha sonra ev dustaqlığına buraxılan jurnalist Şahnaz Bəylərqızının müdafiəsinə buraxılmaması bu mövzunu yenidən aktuallaşdırıb. Jurnalistin vəkili Bəxtiyar Hacıyev həmin vaxt yerli mediaya müsahibəsində bildirmişdi ki, Bəylərqızının cinayət işi “Toplum TV işi” üzrə cinayət işindən yanvarın 21-də ayrı icraata ayrılıb. Buna rəğmən “Toplum TV işi” üzrə birinci təqib dalğasında - 2024-cü ilin martında həbs edilən təqsirləndirilənləri (Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli və digərləri) müdafiə edən vəkillərin həm də Şahnaz Bəylərqızını müdafiə etməsinin qarşısı alınıb.

“Tribunat” bu qadağanın mövcudluğu ilə bağlı uzun illərdir vaxtaşırı səslənən məlumatları nəzərə alıb, onun qanunauyğunluğunu araşdırıb.

Azərbaycan Respublikasının Konstitusiyası (60-61-ci maddələr), “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt (14-cü maddənin 3-cü hissəsi) və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya (6-cı maddənin 3-cü hissəsinin c bəndi) cinayət törətməkdə ittiham olunan hər kəsin keyfiyyətli müdafiə hüququnu, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək hüququnu nəzərdə tutur.

Azərbaycanın Cinayət-Prosessual Məcəlləsitəqsirləndirilən şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməli olduğunu təsbit edir. Bura təqsirləndirilən şəxsin müstəqil olaraq müdafiəçi seçmək hüququna da aiddir (91.5.7-ci maddə). 

Lakin Konstitusiya Məhkəməsi 9 oktyabr 2023-cü il tarixli Plenum Qərarında özünün seçdiyi vəkillə müdafiə olunmaq hüququnun mütləq hüquq olmadığını bildirib. Plenum qərarı konkret müdafiəçini seçmək hüququnun ədalət mühakiməsinin maraqları naminə, tez, ədalətli və keyfiyyətli məhkəmə müdafiəsinin həyata keçirilməsi məqsədilə məhdudlaşdırıla biləcəyini deyir.

“Dvorski Xorvatiyaya qarşı” (20 oktyabr 2015-ci il) işində Avropa Məhkəməsi qərara aldı ki, təqsirləndirilən şəxsin seçdiyi müdafiəçi ilə əlaqə saxlamasına və onunla müdafiə qurmasına əsassız və qeyri-proporsional müdaxilə edilməsi ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur (112-113-cü bəndlər). Bu işdə dövlət orqanları müdafiəçinin iştirakını məqsədəuyğun saymayaraq onun əvəzinə dövlət tərəfindən təyin olunan vəkili cəlb etmişdi. Məhkəmə qeyd etdi ki, şəxsin seçdiyi müdafiəçidən imtina yalnız ciddi zərurət və ədalət mühakiməsinin maraqları naminə ola bilər – bu isə əsaslandırılmış qərar tələb edir (79-cu bənd).

Şahnaz Bəylərqızının “Toplum TV” işi üzrə həbs edilən digər şəxslərin vəkilləri tərəfindən müdafiə olunmasına qadağa qoyulması həm Konstitusiya Məhkəməsinin, həm də Avropa Məhkəməsinin istinad edilən qərarlarındakı meyarlara cavab vermir. Yəni ədalət mühakiməsinin tez, ədalətli və keyfiyyətli həyata keçirilməsi üçün əsaslar yoxdur.

Azərbaycanın Cinayət-Prosessual Məcəlləsinin 92.10 və 92.10.3-cü maddələri müdafiəçiyə təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət olduqda onlardan ikisini və daha çoxunu müdafiə etməyi qadağan edir. Məcəllənin 92.3 və 92.3.11-ci maddələrinə əsasən isə vəkilə qarşı cinayət işində iştirakla bağlı müəyyən məhdudiyyətlər varsa, əvvəlcə onun təqsirlə bağlı yaradacağı konkret ziddiyyət nəzərdən keçirilməlidir. Sözügedən Məcəllənin Kommentariyasında qeyd olunub ki, təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət dedikdə, onların bir-birini ittiham etməsi, vurulmuş zərəri bir-birinin üstünə atması və başqa bu tipli hərəkətlər nəzərdə tutulur. “Toplum TV işi” çərçivəsində həbs edilənlərin hamısı irəli sürülən ittihamları rədd edir və bu ittihamları jurnalist və vətəndaş cəmiyyəti fəalları kimi tənqidi fəaliyyətləri ilə əlaqələndirirlər. Bu isə onların qanuni mənafeləri arasında hər hansı ziddyyətin olmadığını deməyə əsas verir. 

Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarına əsasən “...müdafiəçidən imtina şübhəli və ya təqsirləndirilən şəxsin “öz təşəbbüsü ilə könüllü” həyata keçirilməlidir. Bu ifadəni təşkil edən sözlər bir-biri ilə qarşılıqlı vəhdətdədir. Yəni imtina təşəbbüsü istənilən halda şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən irəli gəlməlidir (iradəsindən asılıdır). Başqa sözlə, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə müdafiəçidən imtina barəsində hər hansı təklif yolverilməzdir. Bundan başqa, şübhəli və ya təqsirləndirilən şəxsin qərarının könüllülüyünə hər hansı təsir (psixi və ya fiziki) qeyri-qanunidir”.

“Tribunat”ın gəldiyi qənaətə görə, “Toplum TV işi” üzrə təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında heç bir real ziddiyyət yoxdur. Eyni zamanda, Şahnaz Bəylərqızının təqsirləndirildiyi cinayət işində istədiyi müdafiəçi ilə təmsil oluna bilməməsinin mühakimənin tez, ədalətli və keyfiyyətli həyata keçirilməsi məqsədilə olması da əsaslandırılmayıb. Müdafiəçidən imtina etmək hüququ müdafiəçisini seçmək hüququ kimi təqsirləndirilən şəxsə aiddir və hər hansı icra qurumu tərəfindən onun əvəzinə qərar verilməsi hüquqi prinsiplərə ziddir. Jurnalistin ibtidai istintaq dövründə seçdiyi vəkilin müdafiəsindən məhrum olunması onun ədalətli məhkəmə araşdırması hüququnun pozulmasıdır. Çünki AİHM-in “İmbrioscia İsveçrəyə qarşı” işində məhkəmə bildirmişdir ki, Konvensiyanın 6-cı maddəsi məhkəməyəqədərki icraatı da əhatə edir.

Şahnaz Bəylərqızı həbs olundu, https://axar.az/news/toplum/943274.html

Azərbaycan Respublikasının Konstitusiyası, https://e-qanun.az/framework/897

“Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt, https://www.migration.gov.az/content/pdf/5acb034968016_M%C3%BClki%20v%C9%99%20siyasi%20h%C3%BCquqlar%20haqq%C4%B1nda%20Pakt.pdf

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya, https://e-qanun.az/framework/1405

Azərbaycan Respublikası Konstitusiyasının 26 və 61-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.16.3-cü maddəsində nəzərdə tutulan “müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallar” müddəasının həmin Məcəllənin 19.6, 32, 92.10 və 114-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, https://e-qanun.az/framework/55374

Avropa İnsan Hüquqları Məhkəməsi Dvorski Xorvatiyaya qarşı işi, https://supremecourt.gov.az/storage/pages/633/dvorski-xorvatiyaya-qarshi.pdf

Cinayət Prosessual Məcəllə, https://e-qanun.az/framework/46950

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı, https://e-qanun.az/framework/21754

AİHM İmbrioscia İsveçrəyə qarşı işi, https://hudoc.echr.coe.int/eng#{%22itemid%22:[%22001-57852%22]}

Cinayət Prosessual Məcəllənin Kommentariyası, http://web2.anl.az:81/read/page.php?bibid=499211&pno=131

30 İyun, 2025