logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Ülviyyə Əli və Əhməd Məmmədlinin pis rəftar iddiaları: Araşdırma standartının başlamamış pozulması

Analiz
Ülviyyə Əli və Əhməd Məmmədlinin pis rəftar iddiaları: Araşdırma standartının başlamamış pozulması

May ayının 6-ı jurnalist Ülviyyə Əli (Quliyeva) “Meydan TV” cinayət işi üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb. Eyni gündə “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədli qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıqda ittiham olunaraq, saxlanılıb

Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

Ü.Əli ailəsi vasitəsi ilə cəmiyyətə ünvanladığı məktubda polis əməkdaşları tərəfindən məruz qaldığı zorakılıqları səsləndirib. O bildirib ki, mobil telefonunun şifrəsini vermədiyi üçün polislər tərəfindən onun başına zərbələr endirilib. Fiziki zorakılıqla yanaşı polis əməkdaşları onu zorlamaqla hədələyiblər

Əhməd Məmmədli isə iddia edir ki, ona verilən sənədləri imzalaması və istifadəsində olan cihazların şifrəsini verməsi üçün polislər tərəfindən zorakılığa məruz qalıb. Həbsdə olan talış tədqiqatçısı İqbal Əbilov dostlarına ünvanladığı məktubunda ötən günlərdə təcridxana dəhlizində Məmmədlini üzü-gözü şişmiş vəziyyətdə gördüyünü qeyd edib. Ə.Məmmədlinin həyat yoldaşı isə bildirib ki, fəal ailəsi ilə görüşündə təcridxanada astmasının gücləndiyini, nəfəs almaqda çətinlik çəkdiyini və polisin zərbə endirdiyi gözünün tor gördüyünü deyib

“Tribunat” pis rəftara məruz qalmamaq hüququnu qeyd olunan iki media təmsilçisi ilə bağlı faktlar əsasında analiz edib.

Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 46, bənd III) və tərəfdar olduğu Avropa İnsan Hüquqları Konvensiyasında (maddə 3) bəyan olunub ki, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.  Pis rəftara məruz qalmamaq hüququ mütləq hüquqdur, yəni, hər hansısa istisna əsasında müdaxiləyə məruz qala bilməz (Avropa İnsan Hüquqları Konvensiyas, maddə 15).

Məhkəmənin təcrübəsinə görə pis rəftar 3-cü maddənin əhatə dairəsinə düşmək üçün minimum şiddət həddinə çatmalıdır. Bu həddin qiymətləndirilməsi nisbidir və rəftarın müddəti, onun fiziki və ya psixi təsiri, bəzi hallarda qurbanın cinsi, yaşı və ya sağlamlıq vəziyyəti kimi işin bütün xüsusiyyətlərindən asılıdır.

Şəxslərin pis rəftara məruz qalmaması hüququnun təmin olunması üçün Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra “Məhkəmə” və ya “Avropa Məhkəməsi”) öz presedent qərarlarında 2 əsas istiqamət müəyyən edir (Avropa İnsan hüquqları Konvensiyasının 3-cü maddəsi üzrə təlimat). 

3-cü maddəyə əsasən qadağan olunmuş rəftar formalarının dövlətin orqanları tərəfindən qəsdən törədildiyi hallarda, dövlət öz yurisdiksiyasında olan şəxslərə ciddi zərər vurmaqdan çəkinməklə bağlı neqativ öhdəlik daşıyır. Yəni, dövlət orqanları, əsasən polislər, prokurorluq əməkdaşları kimi güc orqanının nümayəndələri vətəndaşlara qarşı pis rəftardan çəkinməlidir. 

Lakin Azərbaycanda həbs olunan şəxslərə qarşı pis rəftar halları tez-tez gündəmə gəlir.

Avropa Məhkəməsi həm də dövlətlərin etməli olduğu pozititv öhdəlikləri müəyyən edir: (1) müdafiə üçün qanunvericilik və tənzimləyici bazanın yaradılması öhdəliyi; (2) dəqiq müəyyən edilmiş hallarda konkret şəxsləri bu maddəyə zidd olan rəftar riskindən qorumaq üçün əməliyyat tədbirlər görmək öhdəliyi və (3) belə rəftarın edilməsinə dair mübahisəli iddialar üzrə effektiv araşdırma aparmaq öhdəliyi. 

Ümumi olaraq, bu pozitiv öhdəliklərin ilk ikisi “maddi”, üçüncüsü isə Dövlətin üzərinə düşən “prosessual” öhdəlik kimi təsnif edilir. Maddi pozitiv öhdəlik – dövlətin şəxsləri işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftardan qorumaq üçün qabaqlayıcı (preventiv) tədbirlər görmək və qanunvericilik mühiti yaratmaq borcudur. Başqa sözlə, dövlət bu cür pis rəftarın baş verməsinin qarşısını almaq üçün sistem qurmalıdır. Prosessual öhdəlik – artıq baş vermiş pis rəftar (işgəncə, zorakılıq və s.) iddiası olduqda, dövlətin bu hadisəni effektiv, qərəzsiz və operativ şəkildə araşdırmaq borcudur. 

Baxmayaraq ki, yerli qanunvericilikdə işgəncə və pis rəftar qadağan edilib, Azərbaycan həm maddi, həm də prosessual öhdəliklərini yerinə yetirməkdə uğursuzdur.  Cinayət Məcəlləsində bu əməllərin ayrı-ayrılıqda və beynəlxalq standartlara uyğun şəkildə təsnifi özlüyündə kifayət deyil. 

Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında işgəncə hallarında qanuni tənzimləmənin praktikada tətbiqinin zəif olduğunu vurğulayıb (bax, İbrahimov və Məmmədov Azərbaycana qarşı qərar, bənd 90-98). İstintaq təcridxanaları və polis bölmələrində video nəzarət sistemlərinin olmaması və ya qeyri-effektivliyi, pis rəftar hallarının qarşısını almaq üçün maneədir. Vəkillərə dərhal çıxış imkanı real olaraq təmin edilmir – saxlanılan şəxslər bəzən saatlarla, hətta günlərlə vəkilsiz qalır. Milli önləyici mexanizm olan Ombudsman Aparatının müstəqilliyinə inam zəifdir, bu da onun effektiv monitorinq aparmaq imkanlarını şübhə altına alır. Dövlət rəsmiləri və ya hüquq-mühafizə orqanları qarşısında hesabatlılıq zəifdir və s. 

Ülviyyə Əli və Əhməd Məmmədlinin fiziki zorakılığa məruz qalması ilə bağlı  məlumatlara rəsmi qurumlar tərəfindən bu vaxtadək hər hansı açıqlama verilməyib. Ü.Əlinin anası İlhamə Quliyeva “Toplum TV”yə müsahibəsində bildirib ki, jurnalistin müayinəsi xəsarət izlərinin itməsi üçün qəsdən gecikdirilir. Jurnalist məktubunda da bildirib ki, o, beynində olan xoşxassəli şişlərdən müalicə alırdı və bununla bağlı çoxsaylı müayinə və müalicə ilə bağlı sənədlər, əməliyyatın diski polis əməkdaşları tərəfindən götürülüb. Bununla belə, onun müayinəsi gecikdirilir

Təqsirləndirilən media təmsilçilərinin ailə üzvlərinin açıqlamalarından belə anlamaq olur ki, pis rəftara dair iddialar üzrə prokurorluğun araşdırması hələ də başlamayıb. Jurnalistlərin həbsinin üstündən təxminən 20 günə vaxt keçməsinə baxmayaraq, hələ də araşdırmaya start verilməməsi, pis rəftara dair iddiaların istintaq standartını şübhə altına alır. Fiziki zorakılığa dair araşdırmanın özünəməxsusluğu onun mümkün qədər cəld və operativ aparılmasıdır. Ancaq araşdırmanın başlanmasında şübhəli lənglik, qurbanların bədəni üzərində mümkün xəsarət izlərinin günü-gündən itməsi və s. istintaq standartının elə bəri başdan, başlamamış ciddi şəkildə pozulmasına dəlalət edir. 

“Tribunat”ın gəldiyi qənaətə görə, jurnalistlər Ülviyyə Əli və Əhməd Məmmədlinin saxlanarkən polis zorakılığına məruz qalması iddiaları, sadəcə bu iki şəxsin pis rəftara məruz qalmamaq hüququnun pozuntusu deyil – bu, Azərbaycanda sistemli şəkildə insan hüquqlarının tapdalanmasının daha bir nümunəsidir. AİHM indiyədək Azərbaycana qarşı çıxardığı 34 qərarında Konvensiyanın 3-cü maddəsinin pozuntusunu müəyyən edib.

Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi çərçivəyə əsasən, dövlət sadəcə pis rəftardan çəkinməklə kifayətlənməməli, eyni zamanda belə halların qarşısını almaq və baş verdikdə dərhal, qərəzsiz və şəffaf istintaq aparmaqla bağlı məsuliyyət daşıyır. Azərbaycan isə yalnız maddi pozitiv öhdəliklərini yerinə yetirməkdən yayınmır, həm də prosessual öhdəliklərindən də boyun qaçırır - işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara dair iddialar müstəqil, cəld və operativ, ictimai nəzarət və qurbanın iştirakı ilə müşayiət olunan, adekvat və effektiv araşdırmaya məruz qalmır.


 

26 May, 2025