Vəkilin sözünü kəsən, ondan Vəkillər Kollegiyasına şikayət edən hakimin məsuliyyəti
Analiz
Siyasi məhbus, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının vəkili Rövşanə Rəhimli “Facebook” sosial şəbəkəsindəki hesabından status paylaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Telmanı qeyri-etik davranışda ittiham edib. Rəhimli yazır ki, hakim Hüseynov ona təzyiq göstərməyə çalışır, vəsatətlər təqdim edərkən sözünü kəsir, ya da səsini ucaldaraq ondan Vəkillər Kollegiyasına şikayət edəcəyini bildirir.
“Tribunat” hakimin vəkilə qarşı qeyri-etik davranışının yaratdığı hüquqi vəziyyəti və onun məsuliyyətini araşdırıb.
Bu günə qədər Bakı Ağır Cinayətlər Məhkəməsi R.Rəhimlinin iddialarına hər hansı münasibət bildirməyib. Belə olan halda isə vəkilin təkzib edilməyən iddiası analizdə əsas götürülür.
“Məhkəmələr və hakimlər haqqında” Qanunun 99-cu maddəsinə əsasən hakimin vəzifələrinə ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl etmək, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etmək, ədalətli və qərəzsiz olmaq və ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına, şərəf və layaqətinə xələl gətirən hər hansı hərəkətdən çəkinmək daxildir.
Cinayət-Prosessual Məcəllənin 310.2-ci maddəsi məhkəmə iclasında iştirak edən şəxslərə münasibətdə öhdəlikləri qeyd edir. Maddənin 8-ci bəndinə əsasən, iştirakçılar məhkəmə iclasında çıxış edən şəxslərin çıxışını kəsməməli, şərh etməməli və ya onların ünvanına atmacalar atmamalıdır. Bu öhdəliklər, o cümlədən, hakimlərə də şamil edilir.
Hakimlərin Etik Davranış Kodeksinin 8-ci maddəsinə əsasən isə, hakim proseslərdə iştirak edən bütün şəxslərə eyni münasibət göstərməlidir. Hakim proses iştirakçılarından hər hansı birinə digərinə nisbətdə üstünlük verməməlidir. 9-cu maddəyə görə, hakim yüksək məhkəmə mədəniyyətini nümayiş etdirməklə proses iştirakçılarının hər birinə qarşı münasibətdə ədəb və nəzakətlə davranmalı, prosesin bütün iştirakçılarından bir-birinə və məhkəməyə hörmətlə yanaşmağı tələb etməli, məhkəməyə qarşı aşkar hörmətsizlik göstərənləri cəzalandırmalıdır.
Hakimlərin oxşar öhdəlikləri öz əksini regional və beynəlxalq sənədlərdə də tapıb. Birləmiş Millətlər Təşkilatının “Məhkəmə hakimiyyətinin müstəqilliyinin Əsas Prinsipləri”nin 2-ci bəndinə əsasən, məhkəmə orqanları işləri qərəzsiz, faktlar əsasında və qanuna müvafiq olaraq, hər hansı şəxs tərəfindən və ya hər hansı bir səbəbdən birbaşa və ya dolayısıyla edilən məhdudiyyət, qanunsuz təsir, niyyət, təzyiq, təhdid və ya müdaxilə olmadan həll edirlər.
BMT-nin Hakimlərin Davranışı üzrə Banqalor Prinsipləri də hakimlik fəaliyyətinin əsas prinsiplərindən biri kimi etik davranışa riayət olunmasını qeyd edir. Prinsiplərə əsasən, etik normalara riayət olunması və bunun nümayiş etdirilməsi hakimin fəaliyyətinin ayrılmaz hissəsidir. Prinsiplərin 4.1-ci bəndində qeyd olunur ki, hakim etik normalara onun vəzifəsi ilə bağlı istənilən hərəkətlərin həyata keçirilməsi zamanı nəzakətsiz davranış hallarına yol vermədən riayət edir. Habelə, 4.3-cü bəndə əsasən, hakim ayrı-ayrı vəkillərlə şəxsi münasibətlərində əsaslı surətdə tərəfkeşlik və ya qərəzlilik şübhəsi, yaxud görünüşünə səbəb ola biləcək hallardan çəkinməlidir.
Bu yaxınlarda 67-ci Baş Assambleyasının Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının Universal Nizamnaməsinin (bundan sonra, BHA) 6-1-ci maddəsinə əsasən, hakimlər, hər bir halda, etik prinsipləri rəhbər tutmalıdırlar. Bu cür prinsiplər, eyni zamanda, peşə vəzifələri və davranış tərzi ilə bağlı hakimlərə rəhbərlik etməli və onların təlimlərinin bir hissəsi olmalıdır. Hakimlərə və məhkəmə sisteminə ictimai etimadı artırmaq üçün bu prinsiplər yazılı şəkildə ifadə edilməlidir. Belə etik prinsiplərin formalaşmasında hakimlər aparıcı rol oynamalıdırlar.
Avropa Şurasının orqanı olan Avropa Hakimlərinin Məşvərət Şurasının Hakimlərin Maqna Kartası (Maqna Karta və ya Böyük Azadlıqlar Xartiyası İgiltərə kralı Con və onun baronları arasında 15 iyun 1215-ci ildə imzalanıb və insan hüquqlarının inkişafına töhfə verib - red.) Fundamental Prinsiplər sənədinin 18.1-ci bəndinə əsasən, intizam qaydalarından fərqli olaraq, hakimlər hərəkətlərində deontoloji (peşə əxlaqı) prinsiplərini rəhbər tutmalıdırlar. Onlar hakimlərin özləri tərəfindən hazırlanmalı və təliminə daxil edilməlidir.
Etik davranış və nəzakət qaydaları iki şəxsin arasındakı ünsiyyətdə birinin digərinin sözünün kəsməsini və üzərinə səsinin ucaltmasını istisna edir. Bu kontekstdə hakim Telman Hüseynovun vəkil Rövşanə Rəhimliyə göstərdiyi münasibətdə etik davranış qaydalarının pozulmasını geniş təhlil etməyə lüzum yoxdur. Etik davranış qaydalarının əhəmiyyəti məhkəmə hakimiyyətinin obyektivlik və qərəzsizliyi ilə əlaqədardır. Davranış qaydalarındakı belə təzahürlər məhkəmə hakimiyyətinin qanunauyğun fəaliyyətini şübhə altına qoyur. Bu fikri, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) De Kubber Belçikaya qarşı (§26) və BHA-nın Universal Nizamnaməsinin 6-2-ci maddəsindən ilhamlanaraq belə xülasə etmək olar: ədalət yalnız icra edilməməlir, onun icra edilməsi gözəçarpan olmalıdır.
Rəhimlinin sosial şəbəkə statusunda paylaşdığı məzmun həmçinin Azərbaycanda vəkillik institutunun və vəkillərin real vəziyyətini də diqqətə gətirir. Xüsusən hakimin vəkilə səsini ucaldaraq ondan Vəkillər Kollegiyasına şikayət edəcəyini bildirməsi, vəkili ehtimal olunan qanun pozuntusundan çəkindirməkdən daha çox, onu təmsil olunduğu peşə birliyi ilə qorxutmaq, hədələmək məqsədi güdür.
Bu hədənin işləkliyinin əsas səbəbi isə Kollegiyanın buvaxta qədər hakim - vəkil və yaxud da dövlət qurumları ilə vəkil qarşıdurmasında təmsilçisinin deyil, əks tərəfin mövqeyindən çıxış etməsidir.
Halbuki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən, vəkilin fəaliyyətinin əsaslarından biri vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsidir. Vəkillərin özünüidarəetməsinə yönələn və müstəqil təsisat olan Vəkillər Kollegiyasının Nizamnaməsinə əsasən isə, Kollegiyanın əsas hüquq və vəzifələrindən biri öz üzvlərinin hüquq və mənafelərinin qorunmasıdır.
Kollegiyanın bu situasiyada istinad edilən sənədlərin tələbinə uyğun ata biləcəyi addımlardan biri qanunvericiliyə əsasən, hakimlərin fəaliyyətinin tənzimlənməsini həyata keçirən Məhkəmə-Hüquq Şurasına şikayətin yönləndirilməsi ola bilərdi. Qanunvericiliyə görə, hakim etikasının pozulması halında Şura hakimə münasibətdə intizam icraatının başlanılmasında haqlıdır.
Ancaq hazırda nə Vəkillər Kollegiyasının, nə də Məhkəmə-Hüquq Şurasının məsələyə dair ictimaiyyətə bəlli olan rəyi mövcud deyil. Kollegiya və dövlət qurumları vəkillərlə hakimlər arasında etik münasibətləri təşviq edən addımlar atsalar da, vəkillərə qarşı qeyri-etik münasibətlərin nümayiş etdirildiyini müşahidə etmək mümkündür. Ümumilikdə, Kollegiyanın, münaqişələri hallarda, ələxüsus insan haqları vəkillərinin hüquq və mənafelərinin qorunmasında mütəmadi olaraq dövlət qurumlarına tərəfkeşlik etdiyini sezmək mümkündür.
Vəkillərin və onların peşə birliyinin həmrəyliyinə nümunə kimi bu yaxınlarda Ermənistanda baş vermiş hadisəni nəzərdən keçirmək faydalı olar. Vəkil Aleksandr Koçubayev 16 oktyabr axşam radələrində “Facebook” sosial şəbəkəsində yazdığı statusa görə saxlanılıb. Onun saxlanılmasına səbəb kimi paylaşdığı statusun hakimlərin, prokurorların, müstəntiqlərin şərəf və ləyaqətini ləkələyən məzmunda olması göstərilib. Bundan sonra Ermənistan Vəkillər Palatası və sədri açıqlama ilə çıxış edərək Koçubayevin cinayət təqibinə məruz qalmasını tənqid ediblər. Azərbaycanda oxşar situasiyada isə vəkil Fariz Namazlının Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmasına dair Vəkillər Kollegiyası heç bir reaksiya verməmişdi.
Ümumiləşdirsək, Vəkilər Kollegiyası dövlət qurumlarından daxil olan şikayətlərə əsasən vəkillərə qarşı intizam icraatının başladılmasında, daha sonra peşə lisenziyalarının ləğv olunmasında daha həvəsli görünür ki, bu da Kollegiyanın peşə birliyi kimi üzvləri qarşısında öhdəlikləri ilə bir araya sığmır və tamamilə ziddiyət təşkil edir.
Yuxarıda vurğulandığı kimi, etik davranış qaydalarına hakim tərəfindən riayət olunmaması məhkəmə icraatının qərəzsizlik və obyektivliyinə ziyan gətirərək müdafiə tərəfinin hüquqlarının pozulmasına səbəb ola bilər. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququnu qoruyur. AİHM Deli Moldova Respublikasına qarşı işində hakimin təqsirləndirilən şəxsin müdafiəçisinə qarşı qeyri-etik davranışını Konvensiyasının 6 (1)-ci maddəsinin pozuntusu olaraq tanıyıb. Məhkəmə, xatırladıb ki, demokratik cəmiyyətlərdə məhkəmələrin ictimaiyyətdə hər şeydən əvvəl cinayət mühakiməsi ilə bağlı etimad yaratması prinsipial əhəmiyyət kəsb edir (§35). Məhkəmə, Qrivz Birləşmiş Krallığa qarşı işində isə vurğulayır ki, yerli məhkəmələr qərəzin aradan qaldırılması üçün həm subyektiv, həm də obyektiv əsasları nəzərə almalıdırlar. Yəni, hakim həm öz şəxsi fikir və maraqlarından çəkinməli, həm də qərəzin qarşısının alınması üçün kifayət dərəcədə qarantiyalar təmin etməlidir (§69).
“Tribunat” bu nəticəyə gəlir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun vəkil Rövşanə Rəhimliyə qarşı qeyri-etik davranışları yerli və beynəlxalq qanunvericiliklə nəzərdə tutulan öhdəliklərin pozuntusudur. Etik normalara riayət, hakimin obyektivlik və qərəzsizliyi ilə səbəb-nəticə əlaqəsində olaraq məhkəmə icraatının müstəqilliyinin əsasını təşkil edir. Bu cür pozuntunun müvafiq məhkəmənin spikeri tərəfindən edilməsi isə ümumiyyətlə ağlasığmazdır. Vəkillər Kollegiyasının bu məsələyə etinasız və biganə yanaşması isə vəkillərin mənafelərinin qorunmasında daha bir sistematik problemin təzahürü kimi çıxış edir. Nəticədə, bu cür qeyri-etik davranış məhkəmənin müstəqiliyyinə xələl gətirərək ədalət prinsipinə uymayan məhkəmə qərarları ilə nəticələnə bilər.
Sülh və Demokratiya İnstitutunun siyasi məhbus siyahısı; https://www.ipd-az.org/political-prisoners-on-7-oktober-2025/
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin siyahısı; https://courts.gov.az/courts/2318?page=judges
Vəkil Rövşanə Rəhimlinin “Facebook” sosial şəbəkəsindəki hesabından paylaşım; https://www.facebook.com/share/p/19nup37Joo/
Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında” Qanunu; https://e-qanun.az/framework/3933
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi; https://e-qanun.az/framework/46950
Hakimlərin Etik-Davranış Kodeksi; https://e-qanun.az/framework/16075
Birləşmiş Millətlər Təşkilatının “Məhkəmə hakimiyyətinin müstəqilliyinin Əsas Prinsipləri”; https://heqt.gov.az/upload/beynelxalq-senedler/aze/mehkeme-hakimiyyetinin-musteqilliyinin-esas-prinsipleri_FILE_EAA4B7-C3E867-9B1C78-023325-0ABBBD-4A7B64.pdf
Birləmiş Millətlər Təşkilatının Hakimlərin Davranışı üzrə Banqalor Prinsipləri; https://www.unodc.org/res/ji/import/international_standards/bangalore_principles_of_judicial_conduct/bangalore_azerbaijan.pdf
Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası işə başlayıb; https://supremecourt.gov.az/az/media/xeberler/bakida-beynelxalq-hakimler-assosiasiyasinin-67-ci-bas-assambleyasi-ise-baslayib
Beynəlxalq Hakimlər Assosiasiyasının Universal Nizamnaməsi; https://www.iaj-uim.org/iuw/universal-charter-of-the-judge-2017
Avropa Hakimlərinin Məşvərət Şurasının Hakimlərin Maqna Kartası (Fundamental Prinsiplər); https://rm.coe.int/2010-ccje-magna-carta-anglais/168063e431
De Kubber Belçikaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-57465
Azərbaycan Respublikasının “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunu; https://e-qanun.az/framework/257
Azərbaycan Respublikasının Vəkilər Kollegiyasının Nizamnaməsi; https://barassociation.az/uploads/attachments/ar_vk_nizamname_(3cu_redaksiya)__f35adce63e7c077a500a79266c00d941.pdf
Azərbaycan Respublikasının “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunu; https://e-qanun.az/framework/7303
Vəkillərə "Hakim və vəkil münasibətlərində etik çərçivələr" mövzusunda təlim təşkil edilib; https://academy-aba.az/detail/6808c691fff46635a57da7d9
Nazir: Hakimlərin qeyri-etik davranışı qəbuledilməzdir; https://oxu.az/cemiyyet/nazir-hakimlerin-qeyri-etik-davranisi-qebuledilmezdir
Vəkil Anar Qasımlı hakim Habil Məmmədovla bağlı Məhkəmə-Hüquq Şurasına şikayət etdi; https://pravda.az/news/103283
Vəkillər Kollegiyası vəkil Nemət Kərimliyə xəbərdarlıq edib; https://abzas.info/az/2019/10/vəkillər-kollegiyasi-vəkil-nemət-kərimliyə-xəbərdarliq-edib
25 min manat alan müstəntiqi məhkəmə məsuliyyətdən necə azad elədi?; https://www.azadliq.org/a/rushvet-alan-mustentiqler/32793327.html
Рассмотрение меры пресечения в отношении адвоката Александра Кочубаева завизировано судье Масису Мелконяну; https://news.am/rus/news/910184.html
Палата адвокатов РА выступила с заявлением в связи с уголовным преследованием адвоката Александра Кочубаева; https://news.am/rus/news/910273.html
Симон Бабаян: Грубая форма задержания Александра Кочубаева неприемлема и достойна осуждения; https://news.am/rus/news/910189.html
Vəkil şahid kimi dindirildiyini deyir; https://www.azadliq.org/a/fariz-namazli-dtx-ifade/33101446.html
Avropa İnsan Hüquqları Konvensiyası; https://www.echr.coe.int/documents/d/echr/convention_aze
Deli Moldova Respublikasına qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-196887
Qrivz Birləşmiş Krallığa qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-61550
Məhkəmə-Hüquq Şurasının və bir sıra məhkəmələrin kütləvi informasiya vasitələri ilə əlaqələrə məsul şəxslərinin siyahısı; https://jlc.gov.az/az/media/media-ile-elaqeler