logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Yaşayış yeri olmayan şəxslərin qeydiyyat problemi

Analiz
Yaşayış yeri olmayan şəxslərin qeydiyyat problemi

Qanunvericiliyə görə, “yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, hüquq və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır”.

Belə hüquq və azadlıqlara sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. aid edilə bilər. 

Azərbaycanda şəxslərin qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunla tənzimlənir. Qanuna görə, ölkədə yaşayan bütün şəxslər qeydiyyata alınmalıdır. Şəxsin yaşayış yerinə görə qeydiyyatı və olduğu yerə görə qeydiyyat anlayışları sənəddə fərqləndirilir və bu iki prosedur bir-birindən fərqlidir. 

Yaşayış yeri üzrə qeydiyyat ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, daha sonra isə şəxsin yaşayış yerini dəyişdirməsi ilə əlaqədar həyata keçirilir.

Bu proses zamanı qeydiyyat üçün müəyyən edilən sənədlərə əlavə olaraq yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd də tələb edilir.

Başqa sözlə, uyğun yaşayış sahəsinin və şəxsə həmin yaşayış sahəsinə köçmək hüququ verən sənədin mövcudluğu yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vacib şərtdir.   

Şəxs sonradan yaşayış yerini dəyişdikdə də, yeni yaşayış yerinə qeydiyyata alınması üçün yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd vacib tələblərdən biri hesab olunur. 

Bu sənədlərə isə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud qanunvericilikdə nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi aid edilir. 

Yeri gəlmişkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, şəxsin bir neçə yaşayış yeri ola bilər. 

Olduğu yer üzrə qeydiyyata alınma qaydası isə bir qədər fərqlidir. Şəxs olduğu yer üzrə müvəqqəti qeydiyyata alınır və bu qeydiyyat yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Qanunvericilik olduğu yer üzrə qeydiyyatın ilkin şərti kimi yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamağı nəzərdə tutur. Vətəndaş olduğu yerdən getdikdə isə, qeydiyyatdan çıxarılır.

Bəs yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün əsas hesab olunan yaşayış yeri olmayan vətəndaşların qeydiyyatı necə aparılmalıdır? Həmçinin belə şəxslərin qeydiyyatsız qalması, onların insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinə mane ola bilərmi?

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” qanunla təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2003-cü il  tarixli Qərarında bu məsələyə aydınlıq gətirilir. 

Həmin Qərarda deyilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun, o cümlədən də onun 5-ci maddəsinin  mətni, habelə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”ndə vətəndaş haqqında məlumatların sırasında “yaşayış yeri” bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz.

Həmçinin, Qərarda Nazirlər Kabinetinə tövsiyə olunur ki, yaşayış yeri olmayan vətəndaşların xüsusi yerlər üzrə qeydiyyatdan keçirilməsini və onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təxirəsalınmadan təşkil etsin.

Konstitusiya Məhkəməsinin məhz bu qərarından sonra Azərbaycanda yaşayış yeri olmayan vətəndaşlar polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınmağa başlandı. 

Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixində qəbul etdiyi 55s saylı Sərəncamında Konstitusiya Məhkəməsinin sözügedən Qərarının 3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə aşağıdakı nəzərdə tutuldu: “Yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanın ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilsin”. 

Sərəncam imzalandığı gündən qüvvəyə mindi.   

Ancaq son vaxtlar yaşayış yeri olmayan şəxslərin polisin inzibati binalarında qeydiyyata alınma prosesi dayandırılmaqla yanaşı, orda qeydiyyatda olan şəxlərin kütləvi şəkildə qeydiyyatdan çıxarılmasına da başlanılıb. 

Daxili İşlər Nazirliyinin sözçüsü bunu polis idarələrində şəxslərin kütləvi qeydiyyatının sui-istifadə hallarına səbəb olması və bəzən ehtiyac olduqda, lazımi şəxslərin axtarılıb tapılması prosesini çətinləşdirməsi ilə izah edib

“Bu hüquqi proseduru zəruri edən səbəblərdən biri də hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərdə inzibati binalarda qeydiyyatda olan şəxslərlə bağlı digər dövlət qurumlarından polis orqanlarına sorğular daxil olduqda həmin şəxsləri tapmaq çətinliyinin yaranmasıdır”.

Əvvəla, yaşayış yeri olmayan şəxslərin polisin inzibati binasından qeydiyyatdan çıxarılması Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli 55 c saylı Sərəncamına ziddir. Bu sənəd hazırda qüvvədədir və ləğv edilməyib.  

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiq edilməsi barədə Prezidentin 14 iyun 1996-cı il tarixli, 493 saylı Fərmanına əsasən şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (pasport-qeydiyyat qurumları) tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”  Qanunun tətbiqi haqqında Əsasnaməyə əsasən isə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmağa borcludurlar.

Beləliklə, yaşayış yerinin olmamasına görə qeydiyyata alınmama səbəbindən şəxsə vətəndaş vəsiqəsinin verilməməsi qanunsuzdur və bu, vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusional hüquqların məhdudlaşdırılması kimi qəbul olunmalıdır.

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunda vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi üçün heç bir əsas göstərilməyib. 

Nazirlər Kabineti polisin inzibati binalarında qeydiyyatın dayandırılması və belə şəxslərin qeydiyyatdan çıxarılması fonunda Konstitusiya Məhkəməsinin 2003-cü il tarixli Qərarına uyğun olaraq yaşayış yeri olmayan vətəndaşların xüsusi yerlər üzrə qeydiyyatdan keçirilməsinin digər səmərəli nümunələrini işləyib hazırlamalı və həyata keçirilməsini təmin etməlidir.  

Qanunun tətbiqi haqqında 14 iyun 1996-cı il tarixli Fərmanda Nazirlər Kabinetinə öz səlahiyyətləri daxilində “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərindən irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bunun üçün başqa nümunələr də var. Məsələn, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”  Qanunun tətbiqi haqqında Əsasnaməyə görə, yaşayış yeri olmayan qaçqın statusu almış şəxslər yaşayış yeri əldə edənədək qanunsuz miqrantların saxlanılması mərkəzlərinin yerləşdiyi yer üzrə qeydiyyata alınırlar.

Konstitusiya Məhkəməsinin sözügedən qərarında yaşayış yeri olmayan şəxslərin qeydiyyatı ilə bağlı keçmiş postsovet ölkələrinin təcrübəsi də nümunə çəkilib. Eyni problemlə rastlaşan Ukrayna və Belarusda bu məsələnin həlli üçün yaşayış yeri olmayan şəxslərin regional Qeydiyyat Mərkəzləri yaradılıb.

Beləliklə, gəlinən nəticə bundan ibarətdir ki, qanunvericilik yaşayış yeri üzrə qeydiyyatın aparılmasını insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına deyil, onların reallaşdırılmasına yönəldir. 

Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında qeyd olunduğu kimi “Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi barədə qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər”. 

Bu yerdə onu da xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasına görə təkcə vətəndaşların xəbərdar və ya cərimə edilməsini deyil (563.1-ci maddə), həm də vəzifəli şəxslərin qeydiyyata alınmada süni əngəllər yaratmasına görə cərimə oluna biləcəyini nəzərdə tutur (563.2-ci maddə).

1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, https://www.e-qanun.az/framework/46960 

2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi, https://www.e-qanun.az/framework/46944 

3. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanunuhttps://www.e-qanun.az/framework/3988 

4. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiq edilməsi barədə Prezidentin 14 iyun 1996-cı il tarixli, 493 saylı Fərmanı ,https://e-qanun.az/framework/3989 

5. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”  Qanunun tətbiqi haqqında Əsasnamə, https://e-qanun.az/framework/252 

 

6. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2003-cü il  tarixli Qərarı https://constcourt.gov.az/az/decision/73 

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli 55c saylı Sərəncamı https://e-qanun.az/framework/27558

8 Avqust, 2023