Cəza siyasətində ikili standartlar
AnalizDövlət büdcəsindən milyonlarla manat məbləğində pul vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq məmurlar haqda şərti cəzaların və həbsə alternativ qətimkan tədbirlərinin təyin edilməsi praktikası ölkədə geniş yayılıb. Paralel olaraq da, siyasi məhbus hesab edilən şəxslər qaçaqmalçılıq, qanunsuz sahibkarlıq və s. kimi iqtisadi cinayətləri törətməkdə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Həmçinin qəsdən sağlamlığa müxtəlif növ zərər vurma cinayətlərində ittiham edilən tanınmış şəxslərlə siyasi məhbus hesab edilən şəxslərin keyslərinə yanaşmada da fərqli standartlara rast gəlmək olur.
Lakin sabiq məmurlardan və məşhur simalardan fərqli olaraq siyasi məhbus hesab edilən şəxslər barəsində qətimkan tədbiri kimi yalnız həbs seçilir və azadlıqdan məhrumetmə növündə real cəzalar təyin edilir.
“Tribunat” məhkəmə-hüquq sistemində təşəkkül tapmış bu praktikanı hər kəsin qanun və məhkəmə qarşısında bərabərlik hüququ kontekstində analiz edib.
2022-ci ilin noyabr-dekabr aylarında Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev 15 mln. manat və Naxçıvan Gömrük Komitəsinin sabiq şöbə rəisi Mənsur Əsgərov və Dövlət Gömrük Komitəsinin sədri Səhhət Həbibbəyli 132 mln. manat, Arxitektura Komitəsinin keçmiş rəhbəri Hicran Rüstəmov 212 mln. manat vəsaiti mənimsəməklə ittiham olunaraq həbs olunub. 2023-cü ilin mart ayında bu şəxslər barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığına keçirilib, Həbibbəyli isə əvvəlcədən ev dustaqlığında olub. Bugünlərdə isə R.Əliyev və M.Əsgərov haqda hökm oxunub və onlara 12 il müddətində şərti cəza verilib.
Bundan başqa, keçən ilin dekabr ayında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (mənimsəmə- xüsusilə külli miqdarda) ittihamı ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Sabiq məmurlar 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir. Lakin məhkəmə onlar barəsində də istintaq dövründə həbsə alternativ qətimkan tədbiri seçib. Eləcə də, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham olunan xalq artisti Ağadadaş Ağayev barəsində istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Ancaq oxşar cinayətləri törətməkdə təqsirləndirilən keçmiş siyasi məhbuslar - jurnalist Xədicə İsmayıl, hüquq müdafiəçisi İntiqam Əliyev və onlar kimi xeyli sayda jurnalistlər, hüquq müdafiəçiləri, siyasətçilər və ictimai-siyasi fəallar sabiq dövlət məmurlarından çox-çox az məbləğdə iqtisadi cinayətlər törətməkdə ittiham olunsalar da, məhkəmə onlar barəsində azadlıqdan məhrumetmə cəzası təyin etmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsi son günlər siyasi məhbuslar Bəxtiyar Hacıyevi qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmada təqsirli bilərək 10 il, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovu isə qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq və qanunsuz silah gəzdirmə ittihamları ilə 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
Eləcə də, barələrində ibtidai istintaq və məhkəmə icraatı davam edən qaçaqmalçılıqda təqsirləndirilən müstəqil media nümayəndələri, qəsdən sağlamlığa az ağır zərər vurma və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov heç bir istintaq hərəkətinin aparılmamasına baxmayaraq, aylardır İstintaq Təcridxanasında saxlanılırlar.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə görə, məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, müəyyən şərtlər əsasında cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin şərtlərə daxildir:
1) məhkum barəsində islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş olması;
2) törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar.
Sabiq məmurlar dövlət büdcəsindən milyonlarla manat məbləğində pul vəsaitinin mənimsənilməsində, siyasi məhbus hesab edilən şəxslər isə hətta onlara irəli sürülən ittihamı qanuni hesab etsək belə cəmi məbləği yüz min ətrafında dəyişən miqdarda pul vəsaitini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirəmədə və s. ittiham olunurlar. Yuxarıda adı çəkilən məmurlar arasında minimum məbləğlə ittiham olunan şəxs 1 milyon manat vəsaiti mənimsəməkdə təqsirləndirilib. Siyasi məhbus kimi tanının “Toplum TV” işi üzrə təqsirləndirilən 9 nəfər isə ümumilikdə təxminən 123 min manat məbləğində, “Abzas Media”nın 6 əməkdaşı ümumilikdə 40 min avro (təqribi 70 min) manat məbləğində pulu ölkəyə qaçaqmalçılıq yolu ilə gətirməkdə ittiham olunurlar və milyonlarla manat mənimsəmədə ittiham olunan şəxslərdən fərqli olaraq məhkəməyəqədərki icraatda onlar haqda həbs qətimkan tədbiri seçilib və uzun müddətdir ki həbsdə saxlanılırlar.
Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsi hər kəsin qanun və məhkəmə qarşısında bərabər olmasını təsbit edir. Cinayət Məcəlləsinin 6-cı maddəsi cinayət törətmiş şəxslərin qanun qarşısında bərabər olduğunu, Cinayət Prosessual Məcəllənin 11-ci maddəsi isə cinayət prosesinin hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirildiyini müəyyən edir. İrqi, milli, dini, siyasi, cinsi və s. əlamətlərə görə heç kəs cinayət məsuliyyətinə cəlb edilə və ya cəzalandırıla bilməz, yaxud cəzadan və ya cinayət məsuliyyətindən azad edilə bilməz. Cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən şəxslərdən hər hansı birinə sözügedən əlamətlərdən asılı olmayaraq və qanunla əsaslandırılmamış digər mülahizələrə görə üstünlük vermir.
Həmçinin ölkənin tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsi hər kəsin hüquq və azadlıqlarının təmin edilməsi zamanı ayrı-seçkiliyin qadağan olunduğunu bəyan edir. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Karson və başqaları Birləşmiş Krallığa qarşı işində (bənd 61) müəyyən xüsusiyyətlərə və ya statusa əsaslanan fərqli rəftarların ayrı-seçkiliyə səbəb ola biləcəyini, lakin bu fərqliliklərin yalnız obyektiv və ağlabatan səbəblərlə əsaslandırılmasının mümkün olduğunu vurğulayıb. Məhkəmə, eyni vəziyyətdə olan şəxslərə qarşı fərqli yanaşmanın yalnız qanuni məqsəd güdməklə və məqsədlə istifadə olunan vasitələr arasında ağlabatan mütənasiblik olduğunda qəbul edilə biləcəyini müəyyən edib.
Bu prinsipləri hazırkı vəziyyətə tətbiq etdikdə, siyasi məhbuslarla sabiq məmurlar arasında tətbiq olunan fərqli mühakimə və cəza qərarları, özlüyündə ayrı-seçkiliyə səbəb olur. Azərbaycan məhkəmələri, hər iki qrupun təmsilçiləri (sabiq məmurlar və siyasi məhbuslar) eyni və ya oxşar ittihamlarla təqsirləndirildiyi halda, onlara qarşı fərqli yanaşma nümayiş etdirir. Məsələn, sabiq dövlət qulluqçularına qarşı “yumşaq” cəza tədbirlərinin tətbiqi, bu şəxslərin törətməkdə ittiham olunduqları cinayətlərin ağırlığına uyğun olmur və beləliklə, cəmiyyətdə ədalət mühakiməsinin ədalətli şəkildə həyata keçirilməsinə inam azalır.
Məhkəmə tərəfindən sabiq məmurlara tətbiq edilən “yumşaq” cəzaların əsaslarına, onların əməlllərində hansı yüngülləşdirici halların olmasına dair heç bir açıqlama verilmir. Cəzaların nə ilə əsaslandırıldığı barədə heç bir aydın məlumatın təqdim edilməməsi istifadə olunan vasitələrin (cəzanın) məqsədinə çatmaqda ağlabatan mütənasiblik göstərmədiyini və məqsədin qanuni olmadığını nümayiş etdirir. Hökmlərdə şərti məhkum etmə institutunun əsas sütunu olan - məhkəmənin hansı səbəblərdən məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayması aydın izah olunmur və əsaslandırılmır.
Halbuki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
Bu isə, Karson və başqaları işində vurğulandığı kimi, "qanuni məqsəd" və "ağlabatan mütənasiblik" prinsiplərinə uyğun gəlmir.
Məhkəmənin D.H və digərləri Çex Respublikası işində (bənd 177) göstərdiyi kimi, siyasi məhbuslarla rəftarda fərqlilik nümayiş etdirdikdən sonra bu fərqliliyin əsaslı olduğunu göstərmək yükü Məhkəmənin üzərinə düşür. Məhkəmə tərəfindən sabiq məmurlara verilən “yumşaq” cəzaların, siyasi məhbusların çəkdiyi ağır cəzalarla müqayisədə hansı qanuni məqsədə xidmət etdiyini və bu fərqliliyin məqbul olduğunu sübuta yetirməsi lazımdır. Lakin, bu sübutun təqdim edilməməsi və səbəblərin izah edilməməsi, ayrı-seçkiliyin mövcudluğunu göstərir və 14-cü maddənin pozulmasına səbəb olur.
“Tribunat”ın gəldiyi qənaətə əsasən Azərbaycan məhkəmələrinin sabiq məmurlara münasibətdə tətbiq etdiyi daha yüngül cəzalarla siyasi məhbus hesab edilən şəxslərə verilən sərt cəzalar arasında ağlabatan bir əlaqə olmadığı üçün, bu ikili yanaşma AİHM-in 14-cü maddəsinin pozuntusu kimi qiymətləndirilə bilər. Məhkəmələrin bu cəza tədbirlərinə dair qanuni məqsəd təqdim etməməsi, mühakimənin ədalətli şəkildə həyata keçirilmədiyini və ayrı-seçkiliyin mövcud olduğunu göstərir. Dövlətin öz hüquq sistemində hər kəsə bərabər və ədalətli yanaşmaq öhdəliyini pozaraq öz vətəndaşlarına siyasi mənsubiyyətinə görə fərqli davranış nümayiş etdirməsi onun neytrallıq və qərəzsizlik vəzifəsi ilə ziddiyyət təşkil edir. Bu hal dövlət tərəfindən hüquqların bərabərliyi və ədalətliliyi prinsiplərini pozulmasına və hüquq sisteminin etibarının zədələnməsinə səbəb olur.
“Turan. Az”, Dövlət məmurları yüz milyonlarla manatın mənimsənilməsinə görə şərti cəza alıblar
“Qafqazİnfo.az”, Sabiq məmurlar 1 milyon manatlıq mənimsəmədə ittiham edilirlər
“yenilik.az”, Ağadadaş Ağayevin istintaqı yekunlaşdı
“musavat.com”, Xədicə İsmayıla hökm oxundu
“Oxu.az”, İntiqam Əliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
“turan.az”, Bəxtiyar Hacıyev 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib
“amerikaninsesi.org”, Afiəddin Məmmədov səkkiz il müddətinə azadlıqdan məhrum edildi
“amerikaninsesi.org”, Məhkəmə Rüfət Səfərovu həbsdə saxlayıb
“E-qanun”, Azərbaycan Respublikası Cinayət Məcəlləsi
“E-qanun”, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi
“E-qanun”, Azərbaycan Respublikasının Konstitusiyası
“echr.ceo” , Avropa İnsan Hüquqları Konvensiyası
“Hudoc”, Karson və başqaları Birləşmiş Krallığa qarşı işi
“Hudoc”, D.H və digərləri Çex Respublikasına qarşı işi