Bu il iyunun 23-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan “Meydan TV”-nin jurnalisti Aytac Əhmədovanın (Tapdıq) və onun nikaha daxil olmaq istədiyi heyvan haqları fəalı Kamran Məmmədlinin birgə apellyasiya şikayətinə baxılıb.
Xətai Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərarı ilə A.Tapdıq və K.Məmmədlinin nikaha daxil olmasına Bakı Şəhər Baş Polis İdarəsinin maneçilik törədən hərəkətlərindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət icraata qəbul edilməyib və geri qaytarılıb.
Hər iki şəxs sözügedən qərardan apellyasiya şikayəti verib.
Ailəsinin bildirdiyinə görə, A.Tapdıq apellyasiya məhkəməsində çıxış etdiyi zaman məhkəmə zalından zor tətbiq olunaraq çıxarılıb. Bu iş üzrə digər ərizəçi olan Kamran Məmmədli də zaldan uzaqlaşdırılıb və məhkəmə yekunda onların şikayətini təmin etməyib.
“Tribunat” mövzunu analiz edib.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 310-cu maddəsi məhkəmə iclasında qaydanın təmin edilməsini müəyyən edir. Həmin maddədə məhkəmə iclasında olan şəxslərin vəzifələri göstərilib. Normaya əsasən məhkəmə iclasında qaydanı kobud surətdə pozan şəxslər barəsində əvvəlcə edilmiş xəbərdarlıqdan sonra məhkəmənin qərarı əsasında məhkəmə baxışının bütün müddətinə və ya bu müddətin bir hissəsinə məhkəmənin iclas zalından xaric edilə bilər.
Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2025-ci il tarixli qərarında Məmmədli və Əhmədovanın “dəfələrlə məhkəmə iclas qaydasını pozduqları, sədrlik edən tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymadıqları və məhkəmə iclasının davam etdirilməsi mümkün olmadığından onların məhkəmə iclasından kənarlaşdırıldığı” qeyd edilir. Ancaq qərarda jurnalist və heyvan haqları fəalının məhkəmə iclasında qaydanı pozan davranışlarının nədən ibarət olması, yəni məzmunu barədə hər hansı bir məlumat verilmir.
CPM-in kommentarsiyasına əsasən məhkəmə iclasında qaydanın kobud surətdə pozulması məhkəmə iclasının normal gedişinə mane olmada, sədrlik edənin və məhkəmə nəzarətçilərinin göstərişlərinə tabe olmamada, məhkəməyə cinayət məsuliyyətinə səbəb olmayan hörmətsizlik göstərilməsində və başqa bu kimi hüquqazidd əməllərdə ifadə olunur.
Apellyasiya məhkəməsinin sözügedən qərarında isə nikaha daxil olmaq şəxslərin məhkəmə iclasında qaydanı pozan hüquqazidd əməlləri barədə heç nə qeyd edilmir.
Bunun əksinə isə ailəsinin bildirdiyinə görə, Aytac Tapdıq zor tətbiq edilməklə məhkəmə zalından xaric edilib. Həmçinin Kamran Məmmədli də zaldan uzaqlaşdırılıb.
Jurnalistin yaxınları bildirir ki, bundan əvvəl keçirilən prosesdə Aytac məhkəmə iclas zalındakı şüşə kabinəyə salınıb, onun Kamranla yan-yana gəlməsinə və söhbət etməsinə maneələr yaradılıb.
Bakı Apellyasiya Məhkəməsinin 23 iyun 2025-ci il tarixli qərarında bu, dolayısı ilə təsdiq edilir. Apellyasiya məhkəməsi qeyd edir ki, “Kamran Məmmədli və Aytac Əhmədova sonuncunun barəsində cinayət işi üzrə müxtəlif prosessual statuslarda (biri təqsirləndirilən, digəri isə şahid) olmaları səbəbindən onların nikahla bağlı birgə maraqları olsa da, Aytac Əhmədovanın barəsində olan cinayət işinə obyektiv baxılması və cinayət prosessual qanunvericiliyin digər prinsipləri baxımından onların birgə şikayət etmələri əsaslı hesab edilə bilməz”.
Ancaq məhkəmənin bu mövqeyi mübahisəlidir və müzakirəyə açıqdır.
Əvvəla, “Meydan TV” işində jurnalistin təqsirləndirilən, heyvan haqları fəalının isə şahid statusunda olması onların konstitusion hüququnun (nikah hüququnun) bərpası ilə bağlı birgə şikayət verməsinə mane ola bilməz.
Digər tərəfdən, “Meydan TV” işi ötən ilin dekabrın əvvəlində başlayıb və ötən müddətdə bu iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar hesab edilən şəxs kimi Kamran Məmmədlinin şahid qismində ifadəsinin alınmaması inandırıcı deyil. Belə olan halda isə jurnalistin hətta nəzəri baxımdan şahid ifadəsinin məzmununa hər hansı müdaxilə etmək imkanı da yoxdur.
Üçüncüsü isə hər iki şəxs məhkəməyə nikaha daxil olmaq hüquqları pozulan birgə ərizəçi kimi müraciət edib və onların şikayətə baxışda iştirakı, şikayətin obyektiv araşdırılmasına xidmət edir.
CPM-də eyni mənafedən çıxış edən, ancaq bir cinayət işi üzrə fərqli statuslara malik olan proses iştirakçılarının məhkəmə zalında birlikdə iştirakının qadağan edilməsi nəzərdə tutulmayıb. Nəzərə alsaq ki, bu şikayət onların nikaha daxil olmaq hüquqlarına cinayət prosesini həyata keçirən orqanın qanunla nəzərdə tutulmayan hərəkətlərindən ibarət idi, belədə onların məhkəmə iclas zalından kənarlaşdırılması bu tədbirin müstəsna hallarda tətbiq edilməsi barədə tələbi pozub və eləcə də şikayətin obyektiv və hərtərəfli araşdırılmasına xələl gətirilməsi ilə nəticələnib.
Digər tərəfdən, məhkəmə iclasında qaydanı kobud surətdə pozan şəxslərin zaldan çıxarılması yalnız onun barəsində əvvəlcədən edilmiş xəbərdarlıqdan sonra mümkündür. Bakı Apellyasiya Məhkəməsinin qərarında isə sədrlik edən tərəfindən Aytac Tapdıq və Kamran Məmmədliyə edilən xəbərdarlıq və bunun nəticələrinin izahı barədə də hər hansı məlumat yoxdur.
Ümumiyyətlə isə, CPM-in 310-cu maddəsi məhkəmə iştirakçılarının zor tətbiq edilməklə zaldan çıxarılmasını nəzərdə tutmur.
“Tribunat” belə nəticəyə gəlir ki, jurnalist Aytac Tapdığın və heyvan haqları fəalı Kamran Məmmədlinin eyni mənafedən çıxış etdikləri məhkəmə prosesində birgə iştirakının və məhkəmə iclas zalında ünsiyyət imkanlarının məhdudlaşdırılması nə milli qanunvericilikdə, nə də beynəlxalq hüquq normalarında nəzərdə tutulub. Jurnalistin zor tətbiq edilməklə məhkəmə zalından kənarlaşdırılması qanun pozuntusudur və pis rəftarla bağlı məsələ qaldırır. Hər iki şəxsin məhkəmə zalından çıxarılması onların apellyasiya şikayətinin obyektiv və hərtərəfli araşdırılmasına xələl gətirib və çəkişmə prinsipini pozub. Bu isə Avropa İnsan Hüquqları Konvensiyasınıln 6-cı maddəsi ilə qorunan ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradır.