Həbs edilmiş şəxsin notariat xidmətindən istifadəsi problemləri...
Analiz“Toplum TV işi” çərçivəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətinin törədilməsində təqsirləndirilən Ələsgər Məmmədli və Müşfiq Cabarov saxlandıqları Bakı İstintaq Təcridxanasında notarius xidmətlərindən istifadə edə bilmirlər.
Tanınmış hüquqşünas və jurnalist altı aya yaxındır ki, bu hüquqlarını realizə edə bilmirlər.
“Tribunat” mövzunu hüquqi analiz edib.
Təqsirləndirilən şəxsin saxlandığı təcridxanada notariat xidmətindən istifadəsi yerli qanunvericiliklə qorunur.
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun notariusun xidmətlərindən istifadə etməyi tutulmuş və ya həbs edilmiş şəxslərin əsas hüquqlarından biri olaraq təsbit edir (15.1.11-ci maddə). Qanunun 26.2-ci maddəsi də həmin hüququ bir daha təsdiqləyir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixi 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları” da həbs edilmiş şəxslərin mülki hüquq münasibətlərində iştirak və istintaq təcridxanasında notariusun xidmətlərindən istifadə etmək hüququnu elan edir (maddə 8.1.11 və 29.2).
Ancaq bu hüququn praktiki təminatı ilə bağlı problemlərin mövcudluğu vaxtaşırı gündəmə gəlir.
Problemin əsas qaynağı yerli qanunvericiliyin tutulmuş və ya həbs edilmiş şəxslərin mülki hüquq münasibətlərində iştirakını həmin şəxslər barədə cinayət prosesini (təqibini) həyata keçirən orqanın razılığı ilə şərtləndirməsindədir (Daha ətraflı bax, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 26.1 və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 15-1.1-ci maddələri).
Cinayət prosesini həyata keçirən orqanın təcridxanada notariat hərəkətin aparılmasına razılığını və ya imtinasını tənzimləyən normativ aktın olmaması, həmin orqanın subyektiv və qeyri-müəyyən mülahizələrdən çıxış etməsini stimullaşdırır.
Nəticədə həmin razılığın əldə edilməsi imkanları əsaslı dərəcədə çətinləşir və notariat xidmətindən yararlanmaq istəyən həbs edilmiş şəxsin müraciətinin taleyini bir orqanın və ya onun vəzifəli şəxsinin əhval-ruhiyyəsi müəyyən etmiş olur.
Digər daha az əhəmiyyətli səbəb isə həbs edilmiş şəxsin notariat xidmətindən istifadə müraciətinin həbs yerinin müdiriyyəti vasitəsi ilə göndərilməli olmasıdır.
Bu müddəa mövcud reallıq fonunda bir sıra hallarda həmin hüququn reallaşma tezliyinə mənfi təsir edə bilir.
Baxmayaraq ki, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun həbs edilmiş şəxsin notariusun xidmətlərindən istifadə etməsinə şərait yaratmağı həbs yerinin müdiriyyətinin vəzifələri sırasına aid edir.
“Notariat haqqında” Qanun notariat hərəkətlərindən imtina üçün hüquqi əsasları sadalayır və notariat hərəkətlərini aparmaqdan imtina edilməsi hallarından şəxsin məhkəməyə şikayət etmək hüququnu tanıyır (Daha ətraflı bax, 40 və 41-ci maddələr).
Ancaq adıçəkilən qanunda nəzərdə tutulmuş imtina əsasları hazırkı situasiyaya şamil edilə bilməz. Çünki burada söhbət notariat hərəkətlərini aparmaqdan imtina edilməsi hallarından yox, həmin hərəkətlərin istintaq təcrdxanasında saxlanan həbs edilmiş şəxslə aparılmasına cinayət prosesini aparan orqanın razılıq verilməsindən və eləcə də müraciətin həbs yerinin müdiriyyəti tərəfindən göndərilməsindən imtina və yaxud da yayınmadan və s. gedir.
Belə olan halda isə cinayət prosesini həyata keçirən orqanın hərəkətləri və ya qərarı məhkəmə nəzarəti qaydasında, həmçinin notariat xidmətindən istifadə müraciətinin həbs yerinin müdiriyyəti tərəfindən göndərilməsindən yayınma məhkəmə mübahisəsinin predmetinə çevrilə bilər.
İstintaq təcridxanasında Ələsgər Məmmədlinin vəziyyətini sabitləşdirmək mümkün deyil
Həbsdə olan Müşfiq Cabbarın ailə üzvlərinə etibarnamə verilməsinə imkan verilmir
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun
“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat