logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Həbs edilmiş şəxsin vəkili ilə telefon danışığına qoyulan qadağa…

Analiz
Həbs edilmiş şəxsin vəkili ilə telefon danışığına qoyulan qadağa…

“Abzas Media” işi üzrə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, siyasi məhbus Məhəmməd Kekalova vəkili ilə telefonla əlaqə saxlanılmasına maneə yaradılır. Ailəsinin yaydığı məlumata əsasən Umbakı Penitensiar Kompleksindən Kekalov vəkilinə zəng etmək istəyərkən müəssisənin əməkdaşları dəstəyi onun əlindən alıb zorla yerinə qoyublar və zəngin yalnız müəssisə rəisinin icazəsi ilə mümkün olacağını bildiriblər.

“Tribunat” həbs edilmiş şəxsin vəkili ilə telefon danışıqlarına müdaxilənin və zəngin penitensiar müəssisə rəisinin razılığı ilə mümkünlüyünün qanunauyğunluğunu araşdırıb.

M.Kekalovla bağlı insident bu il avqust ayının 12-də baş verib. Həmin dövrdə o, həbs olunmuş şəxs hesab olunurdu. Ona görə də analiz həbs edilmiş şəxsin statusuna uyğun aparılır. 

Həm Konstitusiya, həm “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun, həm də İstintaq təcridxanalarının Daxili İntizam Qaydaları həbs edilmiş şəxslərin telefon danışıqlarından istifadə hüququnu tanıyır. Həbs edilmiş şəxslər həftədə iki dəfə 15 dəqiqəyədək müddətdə telefonla danışmaq hüququna malikdirlər. Qanun və Qaydalara əsasən həbs edilmiş şəxslərin telefon danışıqları müəyyən müddətə məhdudlaşdırıla bilər. Bunun üçün isə əsaslar aşağıdakılardır:

  • hazırlanan cinayətlərin qarşısını almaq;
  • cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək;
  • həbs yerində rejimi təmin etmək zərurəti.

Birinci iki halda cinayət prosesini həyata keçirən orqanın, sonuncu halda isə istintaq təcridxanasının müdiriyyətinin əsaslandırılmış qərarı tələb edilir. 

Ancaq istinad edilən məhdudiyyət əsasları həbs edilmiş şəxsin yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə telefon ünsiyyətinə aiddir. Yerli qanunvericilik həbs edilmiş şəxsin vəkili (müdafiəçisi) ilə telefon danışıqlarına məhdudiyyəti istisna edir və belə olan halda sözügedən əsaslar da bu danışıqlara tətbiq edilə bilməz.  

Həbs edilmiş şəxslərin vəkilləri ilə kommunikasiyasının əhəmiyyəti beynəlxalq penitensiar tövsiyə sənədlərində öz əksini tapıb. 

Avropa Penitensiar Qaydalarının 24-cü maddəsinə əsasən, məhbuslara kifayət qədər tez-tez öz ailələri, digər şəxslər və kənar təşkilatların nümayəndələri ilə poçt, telefon və yaxud digər əlaqə vasitələrinin köməyi ilə əlaqə saxlamasına, habelə göstərilən şəxslərin məhbuslara baş çəkməsinə icazə verilir. Cinayət təqibinin davam etdirilməsi, ictimai qaydanın və təhlükəsizliyin saxlanılması, cinayətlərin qarşısının alınması və cinayətdən zərər çəkmiş şəxslərin müdafiəsi zəruri olduqda əlaqə və başçəkmələr məhdudlaşdırıla və yaxud nəzarətə götürülə bilər, lakin belə məhdudiyyətlər, məhkəmə tərəfindən müəyyən olunan xüsusi məhdudiyyətlər daxil olmaqla minimal əlaqə səviyyəsini saxlamalıdır. Qaydaların Kommentariyasına əsasən, məhbusların xarici aləmlə əlaqəyə dair məhdudiyyətləri xüsusi diqqət ayrılmaqla tənzimlənməli və tətbiq edilməlidir. Yerli qanunvericilik üçün hətta məhdudiyyətlərin tətbiq olunması dövründə müəyyən sayda kommunikasiya imkanlarının saxlanılması yaxşı siyasət hesab olunur.

BMT-nin İstənilən Formada Saxlanılan və ya Həbs Edilən Bütün Şəxslərin Müdafiəsi üçün Prinsiplər Məcmusunun 15-ci Prinsipinə əsasən, məhdudiyyətlərə baxmayaraq, həbs olunmuş şəxsin xarici aləmlə, xüsusilə ailəsi və vəkili ilə əlaqələri bir neçə günü keçməmək şərtilə məhdudlaşdırılmamalıdır. 18-ci Prinsipə əsasən, saxlanılan və ya həbs edilən şəxsin müdafiəçisi ilə gecikmədən, sensurasız və tam konfidensial məsləhətləşməsi və ünsiyyəti qanun və ya qaydalarla müəyyən edilmiş müstəsna hallar - məhkəmə və ya digər orqan tərəfindən təhlükəsizliyin və asayişin təmin edilməsi üçün zəruri hesab edildiyi hallar istisna olmaqla, dayandırıla və ya məhdudlaşdırıla bilməz.

Azərbaycanın “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunu və adı yuxarıda çəkilən beynəlxalq sənədlər konfidensiallığı vəkillik fəaliyyətinin əhəmiyyətli prinsiplərindən biri kimi tanıyır və vəkil sirrinin qorunmasını fəaliyyətin təminatı kimi müəyyən edir. Həm yerli qanunvericilik, həm də beynəlxalq tövsiyələr vəkil sirrinin və konfidensiallığın pozulmasını ağır cinayətin və penitensiar rejimin ciddi pozuntusunun qarşısının alınması ilə şərtləndirir. Həbs edilən şəxslərin vəkilləri isə telefon danışıqlarına müdaxilə edilməsi və telefon danışığının müəssisə rəsmisinin icazəsi ilə şərtləndirilməsi təkcə yuxarıda istinad edilən Qanunun və Qaydaların tələblərinin deyil, həm də vəkil sirrinin - konfidensiallığın da pozulmasına səbəb olur. 

Bir qayda olaraq, həbs olunmuş şəxsin xarici aləmlə əlaqələri Avropa İnsan Haqları Konvensiyasının 8-ci maddəsi ilə qorunur (Xoroşenko Rusiyaya qarşı, §106). Bu xüsusda vəkillə kommunikasiyaya həbs olumuş şəxsin hüquq və maraqlarının müdafiəçisi statusuna malik olduğuna görə xüsusi diqqət verilməlidir. Petrov Bolqarıstana qarşı işində Məhkəmə həbs olunmuş şəxslərin ünsiyyətinə kimliyindən asılı olmayaraq monitorinq prosedurunu 8-ci maddənin pozuntusu olaraq tanıyıb (§44).

Məhəmməd Kekalovun vəkili ilə telefon danışıqlarına məhdudiyyət qoyulması yerli qanunvericiliklə nəzərdə tutulmur. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 19.8-ci maddəsi və İstintaq təcridxanalarının daxili intizam Qaydalarının 13.3-cü bəndi bunu istisna edir. 

Bu sənədlərə əsasən həbs edilmiş şəxsin vəkillə telefon danışıqlarını həyata keçirməsi saxlandığı penitensiar müəssissənin rəisi ilə razılaşdırıla da bilməz. Qaydalarda həbs edilmiş şəxslərin telefon danışıqlarının yalnız istintaq təcridxanasının işçi heyətinin nəzarəti altında həyata keçirildiyi qeyd edilib. 

Məhəmməd Kekalovun vəkili ilə telefon danışıqlarına müdaxilə qanunla nəzərdə tutulmadığından,  onun bu hüququna edilən müdaxilənin demokratik cəmiyyətdə zəruri olub-olmamasını və hər hansı legitim məqsəd güdüb-güdməməsini də araşdırmağa ehtiyac qalmır.

Lebois Bolqarıstana qarşı işində Məhkəmə bu testə uyğun olmayan telefon danışıqlarına məhdudiyyəti AİHK-in 8-ci maddəsinin pozuntusu olaraq tanıyıb. 

M. Kekalov konstitusioan hüququna qanunsuz məhduddiyyətdən yuxarı vəzifəli şəxsə və məhkəməyə müraciət edə bilər.

“Tribunat” yekun olararaq bildirir ki, M.Kekalovun timsalında həbs olunmuş şəxslərin vəkili ilə telefon danışıqlarına olan əsassız məhdudiyyət onun Konstitusiya, yerli və beynəlxalq penitensiar qanunvericilik və AİHK ilə müəyyən edilmiş şəxsi və ailə həyatına olan hörmət hüququnun pozuntusudur. Bu cür məhdudiyyət yerli penitensiar qanunvericiliyin imperativ göstərişinin pozuntusu olmasından əlavə, vəkil sirri və konfidensiallıq prinsiplərinə də qəsd edir.


 

"Abzas Media işi": Həqiqəti çatdıranlara 59,5 il həbs cəzası; https://jam-news.net/az/abzas-media-isi-heqiqeti-catdiranlara-59-5-il-hebs-cezasi

Ailəsi: Məhəmməd Kekalova vəkili ilə danışmağa imkan verilməyib; https://toplummedia.tv/mehkeme/pailesi-mehemmed-kekalova-vekili-ile-danismaga-imkan-verilmeyibp

Azərbaycan Respublikasının ““Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunu; https://e-qanun.az/framework/23933

İstintaq təcridxanalarının Daxili İntizam Qaydaları; https://e-qanun.az/framework/33805 

Avropa Penitensiar Qaydaları; https://justice.gov.az/categories/103

Avropa Penitensiar Qaydalarının Kommentariyası; https://rm.coe.int/european-prison-rules-978-92-871-5982-3/16806ab9ae

BMT-nin İstənilən Formada Saxlanılan və ya Həbs Edilən Bütün Şəxslərin Müdafiəsi üçün Prinsiplər Məcmusu; https://www.ohchr.org/en/instruments-mechanisms/instruments/body-principles-protection-all-persons-under-any-form-detention

Azərbaycan Respublikasının “Vəkillər və vəkillik fəaliyyəti” haqqında Qanunu; https://e-qanun.az/framework/257 

Avropa İnsan Hüquqları Konvensiyası; https://www.echr.coe.int/documents/d/echr/convention_aze

Xoroşenko Rusiyaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-156006

 Petrov Bolqarıstana qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-156006

 Lebois Bolqarıstana qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-156006

6 Oktyabr, 2025