Bugünlərdə motosiklet və moped sürücülərinin kütləvi sürətdə inzibati cərimələnməsinə başlanılıb. Bununla bağlı sosial şəbəkələrdə və yerli informasiya resurslarında sürücülərin narazılıqları yer alıb.
“Tribunat” problemin səbəblərini və cərimələnmənin qanuni olub-olmamasını hüquqi analiz edib.
16 dekabr 2022-ci ildə “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən sözügedən Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndinə “və daha çox,” sözlərindən sonra “yaxud” sözü, IV hissəsinin 4-cü bəndinə və XIV hissəsinə “nömrələri” sözündən sonra “habelə rəngi” sözləri əlavə edilib.
Bu Qanun 16 dekabr 2022-ci ildə dərc edilib və dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minməsi qeyd olunub. Dəyişikliklərin tətbiqi ilə bağlı isə Prezident 1 fevral 2023-cü ildə fərman imzalayıb.
Bəs bu dəyişikliklər və dəyişikliklərin tətbiqi nələri nəzərdə tutur?
“Yol hərəkəti haqqında” Qanuna sözügedən dəyişiklikdən sonra “hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, yaxud konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının” dövlət qeydiyyatı aparılır.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 22 noyabr 1998-ci il tarixli 24 saylı Fərmana və Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə əsasən bu yuxarıda qeyd olunan nəqliyyat vasitələri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində qeydiyyata alınır.
Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndinin əvvəlki mətnində nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan 2 şərtin - mühərikkin işçi həcminin 50 kub/sm və daha çox olması və vasitənin konstruktiv maksimal sürətinin saatda 50 kilometrdən artıq olması - eyni vaxtda mövcudluğu nəzərdə tutulurdu. Həmin bəndə 16 dekabr 2022-ci ildə edilən dəyişiklikdən sonra isə bu iki şərtdən biri mövcud olduğu halda, artıq nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınmalıdır.
Nəqliyyat vasitələrinin qeydiyyata alınması ilə bağlı pozuntulara görə isə inzibati cərimələr nəzərdə tutulur.
Həmin cərimələr Azərbaycan Respublikası İnzibtai Xətalar Məcəlləsinin (İXM) 339-cu maddəsi ilə tənzimlənir. Sözügedən maddənin 1-ci bəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən qanunla müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər isə üç yüz manat məbləğində cərimə edilir.
Qanunun nəqliyyat vasitəsinin dövlət qeydiyyatı ilə bağlı yeni tələbinə əməl edilməməsi İXM-nin 339-cu maddəsinin qeyd olunan bəndi ilə inzibati cərimələnməyə səbəb ola bilər.
“Yol hərəkəti haqqında” Qanunda motosiklet dedikdə, “mühərriki olan ikitəkərli, arabalı və ya arabasız mexaniki nəqliyyat vasitəsi (trisikllər və yüngül kvadrisikllər motosikletlərə bərabər tutulur), moped dedikdə isə “iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsi (asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulur)” başa düşülür.
Kütləvi cərimələnməyə etiraz edən moped və motosiklet sürücüləri isə qeydiyyatla bağlı problemin onların adıçəkilən nəqliyyat vasitələrini aldıqları mağazalardan qaynaqlandığını, qeydiyyat tələblərindən olan gömrük bəyannaməsini mağazalardan əldə edə bilmədiklərini əsas kimi göstərirlər.
Gömrük Məcəlləsinə əsasən gömrük bəyannaməsi sərhəddən keçirilən malların və nəqliyyat vasitələrinin gömrüyə bəyan edildiyini göstərən sənəddir. Məcəlləyə görə bəyanetmə qanunvericilikdə nəzərdə tutulmuş hallarda şifahi, kağız üzərində yazılı formalarda və ya müvafiq malların gömrük proseduru altında yerləşdirilməsinə şərait yaradan digər üsullarla da həyata keçirilə bilər.
“Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə görə, “nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara o cümlədən xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını” təqdim etməlidir.
Həmin Əsasnamənin digər bəndinə əsasən isə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisində uçota alınmış və nəqliyyat vasitələrinin alqı-satqısı üzrə ixtisaslaşmış hüquqi şəxs statuslu müəssisə, təşkilat və firmalar tərəfindən respublikaya satış üçün gətirilmiş təzə nəqliyyat vasitələri, onları almış hüquqi və fiziki şəxslərin adına, həmin nəqliyyat vasitələrinin respublikaya gətirilməsinə dair gömrük sənədləri, alqı-satqı müqaviləsi, tranzit nişanları və digər müvafiq sənədlər əsasında qeydiyyata alınır.
Azərbaycan Respublikası İXM-nin 482-ci maddəsi isə malların bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında inzibati cərimə nəzərdə tutur.
Lakin etirazçı sürücülər bildirirlər ki, sözügedən nəqliyyat vasitələrini satan mağazalar Gömrük Məcəlləsinin məhsulların bəyanı ilə əlaqəli normalarını pozaraq həmin vasitələri ölkəyə keçirib və mağazalar buna görə gömrük bəyannaməsini alıcılara təqdim etməkdən yayınırlar.
Azərbaycanda hazırda nə qədər moped və motosiklet olduğunu müəyyən etmək mümkün deyil. Ancaq rəsmi statistikaya görə, 2023 -cü ilin ilk 5 ayında ölkəyə mühərrik həcmi 50 kub/cm-dən çox olmayan 512 ədəd moped, mühərrik həcmi 50 və daha çox olan isə 794 ədəd motosiklet gətirilib. Eyni göstərici 2022-ci ildə 3369 moped, mühərikk həcmi 50 və daha çox olan 1934 motosiklet kimi qeyd olunub.
Beləliklə, “Tribunat”ın gəldiyi nəticəyə əsasən inzibati cərimələnmələr “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin qüvvədə olan mətninin (16 dekabr 2022-ci il dəyişikliyindən sonra) tələbindən irəli gəlir.
Digər tərəfdən, “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə görə, “nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması … üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədini təqdim etməlidir.”