logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Lənkəran Penitensiar Kompleksində jurnalistin yaxın qohumlarının məruz qaldıqları qanun pozuntuları

Analiz
Lənkəran Penitensiar Kompleksində jurnalistin yaxın qohumlarının məruz qaldıqları qanun pozuntuları

“Abzas Media” işi çərçivəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2025-ci il tarixli hökmü ilə 9 il azadlıqdan məhrumetmə cəzası alan jurnalist Sevinc Vaqifqızının ailəsi onunla sonuncu görüş zamanı alçaldıcı rəftara məruz qaldıqlarını bildiriblər.

18 oktyabrda Lənkəran Penitensiar Kompleksində keçirilən görüşdən əvvəl müəssisə əməkdaşları Vaqifqızının anası Ofeliya Məhərrəmovanı və bacısını xüsusi otağa salaraq zorla yoxlamağa çalışıblar. Ofeliya Məhərrəmova ürəyində aparat olduğunu bildirərək ehtiyatla davranmalarını xahiş edib, bacısı isə əməliyyatlı ayağına görə ayaqqabılarını çıxara bilməyəcəyini deyib və aparatla yoxlanılmalarını istəyib.

Aparatla yoxlanıldıqdan sonra heç nə tapılmasa da, görüş bitdikdən sonra onları yenidən yoxlayıblar. Bu dəfə S.Vaqifqızının bacısının ayaqqabısı zorla çıxarılıb, içliyi sökülüb. Bacısı bildirib ki, yoxlama zamanı nəzarətçi qadın onlara qarşı çox kobud davranıb.

“Tribunat” baş vermiş hadisənin məhkumların qohumları ilə görüşlərinin təqdim edilməsi və keçirilməsi qaydalarına uyğun olub-olmamasını, olmadığı halda hansı hüquqların pozulduğunu analiz edib.

Bakı Apellyasiya Məhkəməsi Sevinc Vaqifqızı daxil olmaqla “Abzas Media” işində azadlıqdan məhrum edilənlər haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü 9 sentyabrda qüvvədə saxlayıb.

Cəzaların İcrası Məcəlləsinə əsasən məhkumlara cəzaçəkmə müəssisəsinin ərazisində  cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı ilə qohumlarla və başqa şəxslərlə dörd saatadək qısamüddətli görüşlər verilir (81.1 və 81.2-ci maddələr).

Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarında isə bildirilir ki, görüşə gəlmiş şəxslərin məhkumlarda saxlanılması qadağan olunan əşyaları məhkuma verəcəyi və ya məhkumdan alacağı barədə kifayət qədər əsas olduqda, həmin şəxslər görüşdən əvvəl və sonra baxışın keçirilməsinə razılıq verdikləri halda görüşə buraxılırlar.

Görüşə gəlmiş şəxs baxışdan imtina edərsə, ona məhkumla görüşə icazə verilmir. Qadağan olunmuş əşyaların yoxlamadan gizlədilməsi barədə kifayət qədər əsaslar olduqda, görüşə gəlmiş şəxslərin üzərində tam axtarış keçirilə bilər (142-ci bənd).

Bu axtarış müəssisənin müdiriyyətinin iki nümayəndəsinin iştirakı ilə həyata keçirilir (201-ci bənd). Lakin axtarış üzərinə baxış keçirilən şəxslə eyni cinsdən olan şəxs tərəfindən və nəzakətli şəkildə, onun ləyaqətini alçaltmadan keçirilməlidir (205 və 206-cı bəndlər). Eyni vaxtda bir otaqda birdən artıq şəxs üzərində baxış keçirmək isə qadağandır (205-ci bənd).

Cəzaçəkmə müəssisəsinə ötürülməsi qadağan olunan əşyalar dedikdə, müəssisənin təhlükəsizliyinə, daxili qaydalara və məhkumların sağlamlığına zərər yetirə bilən əşyalar nəzərdə tutulur. Bunlara silah və partlayıcı maddələr, narkotik və psixotrop vasitələr, spirtli içkilər, kəsici-deşici alətlər, mobil telefon və digər rabitə qurğuları, eləcə də zorakılığı və nifrəti təbliğ edən və ya pornoqrafik məzmunlu materiallar daxildir.

Tövsiyə xarakterli Avropa Penitensiar Qaydalarında da bildirilir ki, xüsusi təhlükəsizlik tədbirləri yalnız müstəsna hallarda tətbiq olunmalıdır (53.1-ci bənd). Əməkdaşlar axtarışları elə qaydada aparmaq üçün təlim keçməlidirlər ki, həm də axtarışa məruz qalan şəxslərin ləyaqəti qorunsun və onların şəxsi əmlaklarına hörmət edilsin (54.3-cü bənd). Axtarış prosesi zamanı şəxslərin alçaldılmasına yol verilməməlidir (54.4-cü bənd).

Sevinc Vaqifqızının bacısı isə bildirib ki, o, xüsusi aparatla yoxlanılsa da onlardan heç nə tapılmayıb. Üstəlik, hər-hansı qadağan olunmuş əşyaları yoxlamadan gizlətmələri barədə də kifayət qədər əsasın olduğu barədə onlara məlumat verildiyi bildirilmir. Buna baxmayaraq, görüşdən çıxarkən yenidən, həm də zorakı formada yenidən yoxlama aparılması artıq əsassız müdaxilə hesab oluna bilər. Həmçinin jurnalistin yaxın qohumları olan anası və bacısı eyni anda eyni otağa salınaraq şəxsi baxışa məruz qalıb. Bu da Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarının pozulmasıdır.

Azərbaycan Respublikasının Konstitusiyası (maddə 46) və Avropa İnsan Hüquqları Konvensiyası (maddə 3) heç kəsin qeyri-insani rəftara məruz qalmamalı olduğunu bildirir.

3-cü maddə üzrə Təlimatda bildirilir ki, rəftar bir şəxsin ləyaqətinə hörmətsizlik nümayiş etdirirsə, yaxud onda qorxu, iztirab və ya alçaqlıq hissi yaradaraq onun mənəvi və fiziki müqavimətini qıra bilirsə, bu halda belə rəftar “alçaldıcı” hesab olunur. 

Zərərçəkmişin bu vəziyyətdən yalnız öz gözündə alçaldılmış hiss etməsi belə alçaldıcı rəftarın mövcudluğu üçün kifayət edə bilər. Rəftarın məqsədinin zərərçəkmişi alçaltmaq və ya təhqir etmək olub-olmaması nəzərə alınmalı amildir, lakin belə bir məqsədin olmaması AİHK-in 3-cü maddəsinin pozuntusunun olmadığını avtomatik şəkildə göstərmir (19-cu bənd). 

Rizvanov Azərbaycana qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi pis rəftarın 3-cü maddənin əhatə dairəsinə düşməsinin bir sıra şərtlər, misal üçün rəftarın müddəti, onun fiziki və ya psixoloji təsirləri, bəzi hallarda isə zərərçəkmişin cinsi, yaşı və sağlamlıq vəziyyəti də nəzərə alınmaqla həyata keçirildiyini deyib (44-cü bənd).

Hümmətov Azərbaycana qarşı işində isə AİHM bildirib ki, minimal şiddət dərəcəsinə çatan pis rəftar adətən faktiki bədən xəsarətləri və ya güclü fiziki və ya mənəvi iztirablarla müşayiət olunur. Bunlar olmasa belə, bu rəftar insan ləyaqətini alçaldırsa, yaxud qorxu, ümidsizlik və ya aşağılıq hissi doğurmaqla insanın mənəvi və fiziki müqavimətini qıra bilirsə, bu rəftar alçaldıcı xarakter daşıyır və 3-cü maddənin əhatə dairəsinə düşür (105-ci bənd).

Bouyid Belçikaya qarşı işində Məhkəmə vurğulayıb ki, Konvensiyanın 3-cü maddəsindəki “alçaldıcı rəftar və ya cəza” anlayışı ilə “ləyaqətə hörmət” prinsipi arasında çox güclü bir əlaqə mövcuddur (90-cı bənd).

Məhkəmə bəzi hallarda belə nəticəyə gəlib ki, rəftar 3-cü maddədə tələb olunan minimal ağırlıq səviyyəsinə çatmadığı üçün həmin maddənin pozuntusu hesab edilməsə də, 8-ci maddənin (şəxsi və ailə həyatına hörmət hüququnun) pozuntusuna səbəb olub. 

Veynrayt Birləşmiş Krallığa qarşı işində həbsxanada ziyarətçilərin soyundurularaq axtarılması zamanı əməkdaşların nə təhqir, nə də fiziki zorakılıqla müşayiət olunan kobud davranışı baş verib. Buna baxmayaraq, bu davranış 8-ci maddənin pozuntusu kimi qiymətləndirilib (44-49-cu bəndlər). Məhkəmə qərarını əsaslandırarkən onu da vurğulayıb ki, zərərçəkmişlərin qadağan olunan maddə daşımaqlarına birbaşa sübut olmayıb.

Yuxarıda da bildirdiyimiz kimi, daxili qanunvericilik məhkumla görüşə gəlmiş şəxsin yoxlanılmasını məhkuma qadağan edilmiş əşyaların verilməsi və ya ondan götürülməsi ehtimalı ilə şərtləndirir. Üstəlik, bu ehtimalı təsdiq edən kifayət qədər əsas olmalıdır. Kifayət qədər əsas olmadan yoxlamanın baş tutması yerli qanunvericiliyin pozulmasıdır. 

“Tribunat” belə qənaətə gəlir ki, Sevinc Vaqifqızının ailəsinin yoxlanılması, anası və bacısının sağlamlıq vəziyyəti nəzərə alınmadan, “ləyaqətə hörmət” prinsipi pozularaq, hər hansı bir zərurət olmadan baş tutub. Onların zorla yoxlanılması və bu yoxlama zamanı kobud davranılması yerli qanunvericiliyin, AİHK-in 3-cü və 8-ci maddələrinin pozulmasıdır.


 

“Abzas Media” işində hökm - 9 ilə kimi həbs, https://qafqazinfo.az/news/detail/abzas-media-isinde-hokm-9-ile-kimi-hebs-474306

Sevinc Vaqifqızının ailəsi Lənkəran həbsxanasında zorakı və təhqiramiz davranışa məruz qalıb, https://abzas.org/az/2025/10/sevinc-vaqifqznn-ailsi-ln2233d119-9/

"Abzas Media" əməkdaşları ilə bağlı məhkəmədən YENİ QƏRAR, https://bizim.media/az/cemiyyet/269564/quotabzas-mediaquot-emekdaslari-ile-bagli-mehkemeden-yen-qrar/

Cəzaların İcrası Məcəlləsi, https://e-qanun.az/framework/46951

Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları, https://e-qanun.az/version/4140

Avropa Penitensiar Qaydaları, https://rm.coe.int/european-prison-rules-978-92-871-5982-3/16806ab9ae

Azərbaycan Respublikasının Konstitusiyası, https://e-qanun.az/framework/897

Avropa İnsan Hüquqları Konvensiyası, https://www.echr.coe.int/documents/d/echr/convention_aze

AİHK-in 3-cü maddəsi üzrə Təlimat, https://ks.echr.coe.int/documents/d/echr-ks/guide_art_3_eng

Avropa İnsan Hüquqları Məhkəməsi Rizvanov Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-110488

Avropa İnsan Hüquqları Məhkəməsi Hümmətov Azərbaycana qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-83588

Avropa İnsan Hüquqları Məhkəməsi Bouyid Belçikaya qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-157670

Avropa İnsan Hüquqları Məhkəməsi Veynrayt Birləşmiş Krallığa qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-76999

3 Noyabr, 2025