Məhkumun cəza çəkmək üçün Bakıdan 300 km. məsafəyə köçürülməsi: Problem nədən qaynaqlanır?
Analiz
Sentyabrın 25-də yayılmış xəbərə əsasən, “Abzas Media” işi üzrə azadlıqdan məhrum edilmiş, siyasi məhbus hesab edilən jurnalistlər, nəşrin baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova Lənkəranın Qurumba kəndində yerləşən Penitensiar kmpleksə köçürülüblər.
“Tribunat” jurnalistlərin Lənkəran Penitensiar kompleksinə köçürülməsinin qanunauyğunluğunu araşdırıb.
Cəzaların İcrası Məcəlləsinin (bundan sonra, CİM) 65-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzalarını bir qayda olaraq yaşayış yerinə yaxın ərazidə yerləşən cəzaçəkmə müəssisələrində çəkirlər. Bu standart qaydadan kənarlaşmalar aşağıdakı hallarda mümkündür:
- Sağlamlıq vəziyyətinə görə;
- Şəxsi təhlükəsizliyini təmin etmək məqsədi ilə;
- Digər müstəsna hallara görə.
Bu halda məhkum cəzasını çəkmək üçün başqa ərazidə yerləşən cəzaçəkmə müəssisələrinə göndərilə bilər.
Digər tənzimləmə isə məhkumların yaşadıqları yerdən asılı olmayaraq, müvafiq cəzaçəkmə müəssisələrinə göndərilməsinə aiddir və aşağıdakı hallarda olur:
- Cinayətlərin xüsusi təhlükəli residivinə görə;
- Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunanlar;
- Cəzalarının bir hissəsini həbsxanada çəkməyə məhkum olunanlar;
- Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cəzasını çəkmək üçün.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamənin hazırlanmasında istifadə edilən Birləşmiş Millətlər Təşkilatının Məhbuslarla davranışın minimal standart qaydalarının (Nelson Mandela Qaydaları) 59-cu maddəsinə əsasən, imkan daxilində, məhkumlar evlərinə və ya sosial reabilitasiyası məkanlarına yaxın yerləşdirilməlidirlər. Avropa Penitensiar Qaydalarının 17-ci maddəsinə əsasən isə, imkan daxilində məhbuslar cəza çəkmək üçün yaşayış və ya sosial reabilitasiya yerlərinin yaxınlığında yerləşən penitensiar müəssisələrə göndərilməlidirlər. Göndərilmə zamanı cinayət təqibinin davam etdirilməsi və təhlükəsizliyin təmin olunması, habelə bütün məhbuslar üçün müvafiq rejimin müəyyən edilməsi tələblərini də nəzərə almaq lazımdır. İmkan daxilində cəzanın çəkilməsi üzrə ilkin yer barədə və sonradan bir penitensiar müəssisədən digərinə hər bir keçirilmə zamanı məhbusun rəyi öyrənilməlidir.
Avropa Penitensiar Qaydalarının Kommentariyasına əsasən, yerləşmə ilə bağlı qərarlar ümumiyyətlə elə qəbul edilməlidir ki, məhbuslar və ya onların ailələri, o cümlədən məhbusların övladları ilə əlaqəyə ehtiyacı olanlar üçün lazımsız çətinliklər yaratmasın. Eynilə, bütün məhbuslar xarici aləm ilə ünsiyyəti asanlaşdırmaq üçün mümkün qədər evlərinə və ya cəmiyyətə ən yaxşı şəkildə inteqrasiya oluna biləcəkləri yerə yaxın saxlanılmalıdırlar.
Nəzərə almaq lazımdır ki, məhbusların onların təyinatı ilə bağlı qərarlarda birbaşa marağı var. Buna görə də, mümkün qədər onlarla məsləhətləşmələr aparılmalı və ağlabatan sorğular qəbul edilməlidir, baxmayaraq ki, yekun qərar mütləq hakimiyyət orqanlarına məxsusdır. Bu cür məsləhətləşmələr məhbuslar peniteniar müəssisələrə köçürülməmişdən əvvəl həyata keçirilməlidir. Halbuki məhbusların ilkin yerləşdirilməsi üçün ya yaxın müəssisə, ya da davam edən cinayət təqibinin ehtiyaclarının təmin etmək üçün uyğun olan müəssisə seçilir.
Əgər müstəsna hallarda təhlükəsizlik tələbləri məhbuslarla məsləhətləşmədən əvvəl onların yerləşdirilməsi və ya köçürülməsini zəruri edirsə, məsləhətləşmə sonradan keçirilməlidir. Belə hallarda, məhbusların başqa həbsxanaya yerləşdirilmələri üçün üzrlü səbəbləri varsa, qərarın ləğvi üçün real imkan olmalıdır. Məhbuslar müvafiq orqanlardan onların müəyyən həbsxanaya ayrılmasını və ya köçürülməsini tələb edə bilərlər. Onlar həmçinin, yerləşmə və ya köçürmə ilə bağlı qərarı ləğv etmək üçün eyni prosedurlardan istifadə edə bilərlər.
Yerli qanunvericilik və beynəlxalq sənədlər məhkumların yerləşməsini, bir qayda olaraq, yaşayış yerinə yaxın ərazidəki cəzaçəkmə müəssisələrində müəyyən edirlər. Bu qaydaya istisnalar qapalı siyahıda mövcuddur.
Bu konteksdə şərh edilməsinə ehtiyac duyulan əsas məsələ CİM-in 65.1-ci maddəsində nəzərdə tutulan “yaşayış yeri” anlayışıdır. Bu anlayışla yerli qanunvericilikdə bir neçə hallarda qarşılaşmaq mümkündür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən, yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Cinayət-Prosessual Məcəlləsinə əsasən isə, yaşayış yeri bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər tərkib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutası və ya uzaq səfərdə olan qatarın kupesidir. Mülki Məcəllə isə, yaşayış yerini daha lakonik ifadə edir, şəxsin adətən yaşadığı yeri onun yaşayış yer sayır və şəxsin bir neçə yaşayış yeri ola bilər.
“Yaşayış yeri” ifadəsinin təfsiri bir neçə hallarda mübahisəli məqamlara səbəb olduğundan əlaqəli işlərdə Konstitusiya Məhkəməsi (bundan sonra, KM) tərəfindən verilən qərarlarda anlayışın izahı öz əksini tapıb. KM-in 31 yanvar 2003-cü il tarixli Qərarına əsasən, “yaşayış yeri” anlayışının məqsədlərindən biri insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həm bu, həm 12 iyul 2000-ci il tarixli, həm 24 sentyabr 2020-ci il tarixli qərarlara əsasən KM yaşayış yerinə dair formalistik yanaşmanın müvafiq qanunvericiliyə uyğun olmadığını və bu yanaşmaya əsaslanaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılması praktikasının qanunsuz olduğu qənaətinə gəlib. Adı yuxarıda çəkilən Qanunda yaşayış yerinə əsasən vətəndaşın müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zəruriyyəti ona başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdırmaq üçün əsas kimi nəzərdə tutula bilməz.
“Abzas Media”-nın Lənkərana göndırilən jurnalistləri uzun müddət Bakıda yaşayib və fəaliyyət göstəriblər, sözügedən nəşrin ofisi paytaxtda yerləşib, belədə onların yaşayış yeri məhz Bakı şəhəri qəbul edilməlidir. Jurnalistlərin hüquqi qeydiyyat ünvanının başqa şəhər və ya rayon olmasının məsələyə aidiyyatı yoxdur, çünki penitensiar qanunvericilik məhz “yaşayış yeri” məfhumundan istifadə edir.
“Abzas Media” işinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin elektron məhkəmə sistemində yerləşdirilmiş anonimləşdirilmiş hökmündən də görmək mümkündür ki, jurnalistlərin müxtəlif hüquqi qeydiyyat ünvanları qeyd edilsə də, onların yaşayış yeri olaraq Bakı, Xırdalan və Sumqayıt şəhərləri göstərilib. Hər bir halda, Penitensiar Xidmət tərəfindən nə mediaya, nə də jurnalistlərin yaxınlarına hansı səbəbdən - üç jurnalistin Lənkəran Penitensiar kompleksinə köçürülməsinə dair heç bir açıqlama və ya əsaslandırma təqdim edilməyib.
Dövlət qurumları nə jurnalistin özlərinə, nə vəkillərinə və ya ictimaiyyətə onların sağlamlıq vəziyyəti və şəxsi təhlükəsizliyi ilə bağlı bu vaxtadək hər hansı ciddi narahatlıq ifadə etməyib. “Digər müstəsna hallar” isə dedikdə nə CİM-də, nə də yerli digər penitensiar qanunvericilik aktlarında hansı halların müstəsna hallar hesab edildiyi ilə bağlı hər hansı açıqlama və şərh mövcud deyil.
Cəzaçəkmə müəssisəsinin məhkumun yaşadığı yerdən asılı olmayaraq təyin edilməsini tənzimləyən istisna hallar (CİM-in 65.2-ci maddəsi) isə jurnalistlər üçün keçərli deyil.
Beynəlxalq standartlar və yerli qanunvericilik arasında uzlaşmayan məqam məhbusların yerləşdirilməsinə dair məsləhətləşmələrin aparılmamasıdır. Yerli penitensiar qanunvericiliyə istiqamət verən Avropa Penitensiar və Nelson Mandela qaydaları məsləhətləşmələrin məhbusların köçürülməsindən əvvəl və sonra aparılmasının məqsədəuyğun olduğunu qeyd edib. Halbuki, bu cür proseduru yerli qanunvericilikdə əks etdirən göstəriş mövcud deyil.
Bəs hazırkı vəziyyətdə araşdırmaçı nəşrin əməkdaşlarının hansı hüquqları pozulmuş olur? Oxşar məsələlərə dair ərizələri nəzərdən keçirmiş Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra, AİHM yaxud Məhkəmə) yanaşmasına əsasən, bu cür hallarda Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin (Şəxsi həyat və ailə həyatına hörmət hüququ) pozuntusu baş verə bilər.
AİHM penitensiar qanunvericiliyinə görə oxşar olan Rusiya Federasiyasına qarşı qərarlarda bu məsələyə aydınlıq gətirib. Xoroşenko Rusiyaya qarşı işində qeyd edilib ki, məhbusların şəxsi və ailə həyatına hörmət hüququnun əsası dövlət qurumları tərəfindən onların yaxın qohumları ilə ünsiyyət saxlanılmasına şərait və imkanların yaradılmasıdır (§106). Məhkəmənin praktikasına əsasən, məhbusun spesifik cəzaçəkmə müəssisəsində yerləşdirilməsi məhkumluq anlayışını ehtiva edən “normal” çətinliklərdən və məhdudiyyətlərdən artıq şəxsi və ailə həyatına təsir etdikdə 8-ci maddəsinin pozuntusuna səbəb ola bilər (Xodorkovski və Lebedev Rusiyaya qarşı, §837)
Polyakova və digərləri Rusiyaya qarşı və Voynov Rusiyaya qarşı işlərində Məhkəmə oxşar hallarda Hökumətin ərizəçilərin 8-ci maddə ilə qorunan hüquqlarının pozuntusunun qənaətinə gəlib. Bu cəhətdən Polyakova işində Məhkəmənin təhlilini qeyd etmək əhəmiyyətlidir. Əvvəldə vurğulandığı kimi, Azərbaycanla oxşar vəziyyətdə olan Rusiyada da müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının icrasında məhbusun yaşadığı yer nəzərə alınır. Azərbaycanda olduğu kimi, “digər müstəsna hallarda” Rusiyadakı müvafiq qurumlar məhbusu yaşayış yerinə yaxın olmayan cəzaçəkmə müəssisəsinə yerləşdirə bilərlər.
Məhkəmə bildirir ki, bu cür geniş diskresion səlahiyyət məhbusların hüquqlarına ixtiyari məhdudiyyətin tətbiq edilməsinə qarşı qarantiya təqdim etmir. Hökumətin məhbus və ya yaxınları ilə rəsmi və ya qeyri-rəsmi məsləhətləşməməsi, cəzaçəkmə müəssisəsinə yerləşdirmə qərarını əsaslandırmaması, məhbusun şəxsi situasiyasını nəzərə alınmaması “keyfiyyətli qanunvericilik” standartını pozaraq tətbiq edilən məhdudiyyəti qanunauyğun olmayan edir (§§99-107).
Bakı ilə Lənkəran arasında təqribən 236 kilometr məsafə mövcuddur. Xodorkovski və Lebedev qərarında Məhkəmə 8-ci maddənin pozuntusu qənaətinə gəldikdə ölkənin coğrafi situasiyasını və nəqliyyat reallıqlarını da nəzərə alıb (§838). Rusiya Federasiyasının ərazisi Azərbaycan Respublikasından təqribən 436 dəfə böyükdür. Bu isə hazırkı keysdə məsafələrin müqayisəli fərqi üçün müəyyən imkanlar yaradır. Bakı Avtovağzalının məlumatına əsasən, Bakıdan Lənkərana səfər 3 saat 20 dəqiqə çəkir. Bu məqamlar jurnalistlərin yaxınlarına “normal” çətinliklərdən və məhdudiyyətlərdən artıq şəxsi və ailə həyatına təsir etmiş olur.
“Tribunat” bu qənaətə gəlir ki, “Abzas Media”nın əməkdaşlarının Lənkəran Penitensiar kompleksinə yerləşdirilmələri onların yerli və beynəlxalq qanunvericiliklə qorunan şəxsi və ailə həyatına hörmət hüququnu pozur. Bu cür uzaq məsafəyə köçürülmə yerli penitensiar qanunvericliklə əsaslandırılmayıb və beynəlxalq tövsiyə sənədləri ilə ziddiyət təşkil edir. Uzaq məsafəyə köçürülmənin səbəbi kimi Penitensiar Xidmətin jurnalistlərin “yaşayış yeri” anlayışı ilə hüquqi qeydiyyat ünvanını qarışdırmasını və nəticədə yanlış nəticəyə gəlməsini ehtimal etmək olar. Yerli qanunvericilik “yaşayış yeri” anlayışını geniş ifadə etsə də, KM təcrübəsindən sezilir ki, bəzi hallarda bu anlayışa formalist yanaşma və onu qeydiyyat ünvanı ilə eyniləşdirmə vətəndaşların hüquq və mənafelərinin pozulmasına gətirib çıxarır. AİHM-in praktikasından göründüyü kimi, yerli qanunvericilikdə oxşar hallarda ixtiyari məhdudiyyətlərin tətbiq edilməsinin qarşısını alan qarantiyaların mövcud olmaması pozuntunun miqyasını daha da artırmış olur.
“Abzas Media”nın jurnalistləri Lənkərandakı cəzaçəkmə müəssisəsinə köçürülür https://www.facebook.com/Arqument/photos/sentyabr%C4%B1n-25-d%C9%99-abzasmedian%C4%B1n-h%C9%99bsd%C9%99-olan-ba%C5%9F-redaktoru-sevinc-vaqifq%C4%B1z%C4%B1-v%C9%99-%C9%99m%C9%99/1376962377724334/
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi; https://e-qanun.az/framework/46951
Avropa Penitensiar Qaydaları; https://justice.gov.az/categories/103
Avropa Penitensiar Qaydalarının Kommentariyası; https://rm.coe.int/european-prison-rules-978-92-871-5982-3/16806ab9ae
Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunu; https://e-qanun.az/framework/3988
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi; https://e-qanun.az/framework/46950
Azərbaycan Respublikasının Mülki Məcəlləsi; https://e-qanun.az/framework/46944
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 yanvar, 2003-cü il tarixli, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müdəalarının şərh olunması barədə Qərarı; https://www.constcourt.gov.az/ru/decision/73
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 iyul, 2000-ci il tarixli, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin üçüncü bəndinin şərh edilməsinə dair Qərarı; https://constcourt.gov.az/az/decision/39
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 sentyabr, 2020-ci il tarixli, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarı; https://e-qanun.az/framework/47162
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə; https://e-qanun.az/framework/43691;
Birləşmiş Millətlər Təşkilatının Məhbuslarla davranışın minimal standart qaydaları (Nelson Mandela Qaydaları); https://www.unodc.org/documents/justice-and-prison-reform/Nelson_Mandela_Rules-E-ebook.pdf
Avropa İnsan Hüquqları Konvensiyası; https://www.echr.coe.int/documents/d/echr/convention_aze
Xoroşenko Rusiyaya qarşı; https://hudoc.echr.coe.int/fre?i=001-156006
Xodorkovski və Lebedev Rusiyaya qarşı; https://hudoc.echr.coe.int/fre?i=001-122697
Polyakova və digərləri Rusiyaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-171774
Voynov Rusiyaya qarşı; https://hudoc.echr.coe.int/fre?i=001-184276
Bakı Avtovağzalının internet resursu; https://biletim.az/TripsPlan