9 iyun 2023-cü ildə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra MPM) yeni - 67-1-ci maddə əlavə edilib. 26 iyul 2023-cü ildə qüvvəyə minən bu norma mülki işlər üzrə birinci və apellyasiya məhkəmələrində hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxslərin dövlət hesabına vəkillə təmin olunması qaydasını və şərtlərini nəzərdə tutur.
Bu norma Azərbaycan qanunvericiliyində yenidir və indiyə qədər mülki işlər üzrə birinci və apellyasiya məhkəmələrində dövlət hesabına vəkillə təmin olunma nəzərdə tutulmamışdı.
“Tribunat” MPM-ə yeni əlavə edilmiş 67-1-ci maddəni hüquqi analiz edib.
Yeni normaya əsasən, mülki işlərdə birinci və apellyasiya məhkəmələrində dövlət hesabına vəkillə təmin olunma üçün bir neçə şərt eyni vaxtda olmalıdır:
1. şəxsin peşəkar hüquqi yardıma ehtiyacı olmalı;
2. bunun üçün isə kifayət qədər vəsaiti olmamalıdır.
MPM-in 67-1-ci maddəsi dövlət hesabına vəkillə təmin olunma qaydasını belə tənzimləyir:
1. Məhkəmə icraatına başlamamışdan əvvəl;
2. Məhkəmə icraatı zamanı.
Birinci halda - şəxsin məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı varsa, o, ərazi üzrə vəkil qurumuna, həmin qurum isə ərizə ilə öz yerləşdiyi yerin rayon (şəhər) məhkəməsinə müraciət edir.
İkinci, yəni məhkəmə icraatı zamanı isə şəxs birbaşa özü məhkəməyə yazılı müraciət edərək dövlət hesabına vəkillə təmin olunmasını xahiş edə bilər.
Qanunverici dövlət hesabına vəkillə təmin oluna biləcək şəxslərin dəqiq dairəsini də müəyyən edib. Belə ki;
- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
- insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər;
- valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar;
- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
- müvafiq icra hakimiyyəti orqanında (Dövlət Məşğulluq Agentliyi) işsiz kimi qeydiyyatda olan şəxslər;
- maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər
məhkəmədə dövlət hesabına vəkillə təmsil oluna bilər.
Həmçinin, şərh olunan normanın 3-cü bəndində qeyd olunur ki, bu siyahıda qeyd olunan şəxslərdən əlavə, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin də vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi hüququ var.
Qanunvericiliyə bu normanın əlavə olunması kifayət qədər vəsaiti olmayan şəxslərin məhkəmədə öz hüquqlarını daha peşəkar şəkildə müdafiə edə bilməsi, mülki işlər üzrə birinci və apellyasiya instansiyası məhkəmələrində hüquqi yardımla təmin olunması baxımdan olduqca müsbət addımdır.
Lakin yeni maddədə kifayət qədər aydın olmayan və bir sıra hallarda sui-istifadəyə əsas verən məqamlar da var. Məsələn, peşəkar hüquqi yardıma ehtiyacı olan və yetərli vəsaiti olmayan şəxsin dövlət hesabına vəkillə təmin olunması üçün ilkin şərt "iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu”dur. Bu təbii ki, subyektiv mülahizələrə yol açan, fərdi qiymətləndirmələrə gətirib çıxaran bir yanaşmadır ki, gələcəkdə müəyyən problemlər yarada bilər.
Eynilə ”maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən şəxslər” kateqoriyası da subyektiv mülahizələrə açıqdır. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün isə 220 manat müəyyən edilib. Bəs “maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması” dedikdə hansı hədd nəzərdə tutulur? Təhlil edilən normadan göründüyü kimi bu, anlayış qeyri-müəyyəndir və məhkəmələrə bu məsələdə geniş mülahizə sərbəstliyi verilir. Bu isə təbii ki sui-istifadə hallarına yol aça bilər.
Bundan başqa, Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyata alınan şəxslərin sayı ölkədə faktiki işsiz olan şəxslərin sayından qat-qat azdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin 1 iyulu üçün Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyatda olan işsiz şəxslərin sayı 247,4 min (iki yüz qırx yeddi min dörd yüz) nəfərdir.
Dünya Bankının məlumatına əsasən, 2023-cü ilin 1 yanvarına olan bilgilərə görə ölkədə işsizlik göstəricisi 5.5%-dir (559.626 nəfər). Göründüyü kimi, Dövlət Statistika Komitəsinin paylaşdığı məlumatla bu rəqəm arasında ciddi fərq var. Ancaq bununla belə, “World Bank in Azerbaijan”-ın statistikasının da reallığa uyğunluğu ciddi şübhə doğurur, bir sıra hallarda isə tənqidlə qarşılanır. Aydın məsələdir ki, ölkə əhalisinin işsiz olan kəsiminin, yoxsul təbəqəsinin sayı bu rəqəmdən dəfələrlə çoxdur. Sadəcə, müxtəlif səbəblərdən həmin şəxslərin qeydiyyatı aparılmayıb.
Dövlət hesabına hüquqi yardımla təmin oluna biləcək şəxslərin digər bir kateqoriyası ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edən aztəminatlı ailələrin heç də hər biri ünvanlı sosial yardımla təmin olunmur. Çünki bu yardımın verilməsi üçün müəyyən olunan şərtlərin dairəsi konkretdir və bu səbəbdən aztəminatlı olmasına baxmayaraq nazirlikdən imtina cavabı alan ailələrin sayı da kifayət qədərdir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2023-cü il yanvarın 1-i üçün olan statistikaya əsasən, ölkədə cəmi 65,5 min aztəminatlı ailənin 290,8 min üzvü ünvanlı dövlət sosial yardımı alır. Ölkədə faktiki olaraq aztəminatlı statusunda olan ailələrin sayı isə bu statistikadan əhəmiyyətli dərəcədə artıqdır.
Bundan əlavə, “Əlilliyin müəyyən olunması meyarları” əsasında orqanizmin funksiyalarının pozulmasının 3 qrup (I dərəcə 31-60, II dərəcə 61-80, III dərəcə 81-100) faizi müəyyən edilsə də, dövlət hesabına hüquqi yardımla təmin oluna biləcək şəxslər kateqoriyasına orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər daxil edilməyib.
Bir sözlə, 67-1.4-cü bənddə sadalanan şəxslərin yalnız uyğun dövlət qurumlarında qeydiyyata alınmış hissəsi mülki işlərdə birinci və apellyasiya məhkəmələrində peşəkar hüquqi yardımdan yararlana biləcək. Faktiki həmin kriteriyalara cavab verən, ancaq belə deyək, müvafiq qeydiyyatı olmayan şəxslər isə hüquqi yardım almaqda çətinlik çəkməkdə davam edəcək.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67 və 423-cü maddələrinə dair Konstitusiya Məhkəməsinin 11 iyun 2002-ci il Qərarında qeyd edilir ki, "Qanunla nəzərdə tutulmuş hallarda ödənişsiz hüquqi yardım almaq hüququ hər şeydən əvvəl ədalət mühakiməsinin maraqları ilə əlaqələndirilməlidir ki, bu da əsasən tərəflərin imkanlarının bərabərliyi prinsipinin təmin edilməsinə aiddir. Ədalət mühakiməsinin maraqları tələb etdikdə, aztəminatlı şəxslərin ödənişsiz hüquqi yardım almaq hüququ öz mövqeyini müdafiə etmək hüququna alternativ olmayan müstəqil hüquqdur. Hər hansı bir iş üzrə müəyyən peşə bilikləri tələb edən hüquqi problemlər qaldırıldıqda, dövlət nəinki keyfiyyətli hüquqi yardım almaq konstitusiya hüququnu, həmçinin belə hüququ real şəraitdə aztəminatlı şəxslərə də təmin etməlidir".
Məhz bu səbəbdəndir ki, Konstitusiyanın 61-ci maddəsinin I bəndi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun olduğunu nərəzdə tutur.
Şərh edilən norma ilə birbaşa bağlı olmasa da, digər bir məsələ dövlət hesabına həyata keçirilən vəkil xidmətinin keyfiyyətinin tələblərə cavab verən həddə olmamasıdır. Dövlət hesabına hüquqi yardım üçün vəkilə ödənilən məbləğin aşağı (saatbaşı 6 manat) olması, vəkillərin bu işdə maraqlı olmaq, öz üzərinə düşən peşə öhdəliklərini tam şəkildə həyata keçirmək cəhdlərini şübhə altına almış olur.
Şəxsin müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, pulsuz hüquqi yardımdan istifadə etmək hüququ Avropa İnsan Hüquqları Konvensiyası ilə də tanınır (6-cı maddə). Avropa İnsan Hüquqları Məhkəməsi öz presedent qərarlarında göstərib ki, şəxsin pulsuz hüquqi yardımdan istifadə etməsi üçün iki şərt zəruridir. Birincisi, şəxs ödənişli hüquqi yardım almaq üçün yetərli vəsaitə malik olmamalıdır. Bunun üçün isə sadəcə əksini (şəxsin qeyd olunan vəsaitə malik olduğunu) göstərən əlamətlərin olmaması kifayətdir (Pakelli Almaniyaya qarşı işi, §34).
İkinci şərt odur ki, şəxs "ədalət mühakiməsinin maraqları tələb etdikdə" hüquqi yardımla təmin oluna bilər. Bunu müəyyən edən zaman məhkəmə işin hallarını nəzərə alır və qarşısına “vəkilin yardımı "işin xüsusi hallarında məqsədəuyğun" idimi?” sualını qoyur (Artiko İtaliyaya qarşı işi, § 34-35).
Beləliklə, "Tribunat"ın gəldiyi qənaətə görə, MPM-ə əlavə edilmiş yeni norma mülki işlər üzrə birinci və apellyasiya məhkəmələrində peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxslərin hüquqi yardımla təmin olunması yolunda mühüm addımdır. Ancaq normada bəzi anlayışların qeyri-müəyyən olması subyektiv mülahizələrə və fərqli məhkəmə praktikasının mövcudluğuna yol aça bilər. Eyni zamanda, qanunvericiliyin şəxsin kifayət qədər vəsaiti olmamasının sübutu kimi onun uyğun dövlət qurumlarında işsiz, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvü olması və s. şərtləri faktiki bu təbəqəyə aid olan, ancaq həmin formal tələblərə cavab verməyən şəxsləri dövlət hesabına hüquqi yardımdan məhrum edir.