logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

“QHT işi 2”: Vətəndaş cəmiyyəti fəallarına yeni ittihamlarda köhnə təqib metodları…

Analiz
“QHT işi 2”: Vətəndaş cəmiyyəti fəallarına yeni ittihamlarda köhnə təqib metodları…

2023-cü ilin payızından şiddətlənən repressiya dalğası bu lin martından etibarən müstəqil qeyri-hökumət təşkilatlarının sonuncu nümayəndələrini də əhatə etməyə başlayıb. Bildirilənlərə görə, hazırkı iş Azərbaycan Respublikası Baş Prokurorluğunun 2014-cü ilin aprelində başladığı “QHT işi”nə bənzərliyi ilə seçilir. Həmin cinayət işinə 2023-cü ildə Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə (əməldə cinayət tərkibi olmadıqda) əsasən xitam verilib

Yeni cinayət işi barədə açıq mənbələrdə geniş məlumat mövcud olmasa da, bu iş üzrə təqsirləndirilən, şübhəli, şahid kimi cəlb edilənlərin sayı da kifayət qədərdir.

İstintaqa cəlb edilən şəxslərə Cinayət Məcəlləsinin aşağıdakı maddələri və ağırlaşdırıcı bəndləri ilə ittihamlar irəli sürülüb:

  • Maddə 192: Qanunsuz sahibkarlıq
  • Maddə 213: Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma
  • Maddə 308: Vəzifə səlahiyyətlərindən sui-istifadə
  • Maddə 313: Vəzifə saxtakarlığı

İş barədə uyerli medianın yaydığı məlumatlarda “digər maddələr” ifadəsinin işlədilməsi yekun ittiham aktının daha da geniş olacağı təəssüratını yaradır. 

“Tribunat” “QHT işi 2” şərti adı ilə adlandıra biləcəyimiz iş üzrə ittihamların qanunauyğunluğunu analiz etməyə çalışıb. 

Bu iş çərçivəsində qeyri-hökumət təşkilatlarının təmsilçiləri bir sıra iqtisadi və vəzifə cinayətlərində ittiham olunur. İstintaqa cəlb edilən QHT-lər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) başda olmaqla, digər xarici donorlar və onların podratçılarının maliyyə dəstəyi ilə çalışan ictimai birliklərdir. Həbs dalğası əsasən müstəqil qeyri-hökumət təşkilatlarının təmsilçilərinə toxunsa da, istintaqa cəlb edilənlər arasında hökumətyönlü qeyri-hökumət təşkilatlarının nümayəndələri də var. 

Qeyd etmək lazımdır ki, hədəf kimi əsasən məhz USAID-nin seçilməsi təsadüfi deyil. Bu, uzun müddət Azərbaycan hökuməti tərəfindən aparılan anti kampaniyanın və ABŞ konyukturasının məntiqli nəticəsi hesab edilə bilər. 2024-cü ilin ortalarından etibarən müxtəlif səviyyəli hökumət rəsmiləri USAID-i pozuculuqda və ölkədə fəaliyyəti üçün hüquqi əsasının olmamasında ittiham edirdi. Prezident İlham Əliyev isə bir neçə dəfə USAID-i ABŞ kəşfiyyat idarələrinin maraqlarına xidmət etməkdəAzərbaycanın mənafelərinə zidd fəaliyyətdə ittiham edib. 1992-ci ildən ölkədə fəaliyyət göstərən USAID Azərbaycana 500 milyon dollara yaxın sərmayə edib. Bu yardımlar kənd təsərrüfatından tutmuş idarəetmə sahələrinə qədər hökumət, biznes və qeyri-kommersiya qurumları ilə əməkdaşlığı əhatə edirdi. Təkzib edilməyən iddialar sözügedən məbləğin çox böyük və əhəmiyyətli hissəsinin məhz hökumət qurumları, özəl sektor o cümlədən hakim siyasətin qızğın tərəfdarları tərəfindən alındığını göstərir.

İndi cavab tapılmalı əsas suallar bunlardır: Qrant müqaviləsi xidməti müqavilə kimi rəsmiləşdiriləndə hansı növ məsuliyyət yarana bilər? “Qrant haqqında” Qanuna əsasən, qrant qeyri-kommersiya fəaliyyətlərinin həyata keçirilməsi və konkret məqsəd (məqsədlər) üçün verilən yardımdır. Bu cür yardım qrant müqaviləsi ilə rəsmiləşdirilir. Xidmət müqaviləsi isə daha geniş anlayışdır, mülki-hüquqi münasibətlərin tənzimlənməsi və adından göründüyü kimi, bir tərəfin digərinə münasibətdə xidmət (xidmətlərin) göstərilməsini təmin edən müqavilədir. Mülki Məcəllənin mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı prinsiplərini əsas götürərək, iddia etmək olar ki, qeyri-kommersiya subyektləri öz münasibətlərini xidmət müqaviləsi ilə rəsmiləşdirə bilər. “Qrant haqqında” Qanunun 4-cü maddəsi qrant vermək üçün qanuni əsas kimi donorla (qrant verən) resipiyent (qrant alan) əsasında yazılı müqaviləni və ya qrant verilməsi haqqında donorun yazılı qərarını əsas kimi götürür. Resipiyent kimi Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslər, müvafiq icra hakimiyyəti orqanı qismində Azərbaycan dövləti, bələdiyyələr, publik hüquqi şəxslər və s. çıxış edə bilər. Müqavilənin formasına gəlincə, “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”, o cümlədən, qrant müqaviləsinin xidmət müqaviləsi kimi qeydiyyata alınmasını nəzərdə tutur, o şərtlə ki, qrant müqaviləsinin (qərarının) mahiyyəti (predmeti) xidmətlərin göstərilməsi və ya işlərin görülməsi məqsədi daşısın. Nəticə etibarilə, qrant müqaviləsinin mahiyyətini xidmət müqaviləsindən birbaşa ayırd edən və ya hansısa formada qadağan edən müddəa mövcud deyil.

İstintaqın yanaşmasında qanun pozuntusu hesab edilən əsas məqam qrant müqavilələrinin qeydə alınmamasıdır. Qeydiyyat məsələləri Nazirlər Kabinetinin “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası” ilə tənzimlənir. Qayda müqavilənin imzalanmasından 30 gün ərzində Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsini tələb edir. Bunun  resipiyent tərəfindən yerinə yetirilməməsi İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə səbəb olur. Məsuliyyətə səbəb olacaq qanun pozuntuları müqavilənin qeydiyyatdan keçirilməməsi, müqavilə olmadan yardımın qəbul edilməsi və qeydiyyata alınmamış müqavilə əsasında bank və ya digər əməliyyatların həyata keçirilməsidir.

Bu kontekstdə yaranan sual belədir: təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi nə dərəcədə əsaslıdır? Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıqdan bəhs edən 192-ci maddəsini analiz edəndə ağla gələn ilk uyğunsuzluq maddənin sanksiyalaşdırdığı kommersiya (sahibkarlıq) fəaliyyəti ilə təqsirləndirilən şəxslərin məşğul olduğu qeyri-kommersiya fəaliyyətinin bir-birini inkar etməsidir. 

Sahibkarlıq fəaliyyətini səciyyələndirən əsas əlamət həm, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanun, həm Mülki Məcəllə, həm də Vergi Məcəlləsinə əsasən, hüquqi şəxslər üçün mənfəət, fiziki şəxslər üçün gəlirin əldə edilməsinən ibarətdir. Hər hansı sahibkarlığı qanunsuz edən isə aşağıdakı elementlərdir:

  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmama;
  • Xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almama;
  • Lisenziyalaşdırılma şərtlərinin pozulması;
  • Xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etmək.

Burdan belə bir nəticə hasil etmək mümkündür ki, qanunsuz sahibkarlıq faktının baş verməsini, Cinayət Prosessual Məcəlləsinin sübutetmə standartına dair tələblərini nəzərə alaraq, sübut etmək vəzifəsi ittiham tərəfinin üstünə düşür. Qrant kimi ayrılmış vəsaitin donor və resipiyent arasında müqavilənin əksinə və kommersiya məqsədi ilə istifadə olunduğu öz təsdiqini tapacağı halda cinayət işinin 192-ci maddə ilə tövsif edilməsi ağlabatandır. Əks halda, bu cür ittihamlar qanunauyğun hesab edilə bilməz.

Belə absurd hüquqi situasiya, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatının qaydalarından qaynaqlanır. Qeydiyyat qaydalarının ildən-ilə çətinləşdirilməsi və nəticədə qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına düşməsinin faktiki qeyri-mümkün edilməsi vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti üçün “boz sahə”nin yaranmasına səbəb olur. Bu nəticəyə müvafiq qanunvericiliyə dəyişikliklərin edilməsi zamanı Qanundan demokratiyaya doğru Avropa Komissiyası (Venesiya Komissiyası), beynəlxalq insan haqları təşkilatlarıAvropa İnsan Hüquqları Məhkəməsənin qət etdiyi qərarlarda gəlmək mümkündür. QHT-lərin qeydiyyatına dair Avropa İnsan Hüquqlarının Konvensiyasının 11-ci maddəsinin (birləşmək azadlığının) pozuntularının aşkar edildiyi işlərin icraatı ilə bağlı yerli insan haqları təşkilatları sistematik problemlərin öz həllini tapmadığını və qeydiyyatsız fəaliyyət göstərməyə birbaşa qadağa olmadığı halda hüquqlarından yararlanan vətəndaşların inzibati müdaxilələrlə qarşılaşdığını bildirirlər.

Vətəndaş cəmiyyəti nümayəndələrinin qanunsuz sahibkarlıq və bu qəbildən olan iqtisadi sahədə olan cinayət əməlləri ilə ittiham edilməsi ilk hal deyil. Müstəqil QHT təmsilçilərinə qarşı 2014-cü ildə başlayan birinci təqib dalğasında da bir neçə vətəndaş cəmiyyəti nümayəndəsi  digər cinayət əməlləri ilə birlikdə qanunsuz sahibkarlıqda ittiham edilib. Bu baxımdan Cəfərov Azərbaycana qarşı Əliyev Azərbaycana qarşı qərarlarını nəzərdən keçirmək yerinə düşər. Məhkəmənin hər iki işdə gəldiyə nəticə oxşar olsa da, işin halları bir-birindən fərqlənir, Cəfərov işində Əliyev işindən fərqli olaraq QHT-nin dövlət qeydiyyatı mövcud deyildi. Buna baxmayaraq, Məhkəmə bildirir ki, qeyri-kommersiya fəaliyyətinin dövlət qeydiyyatının mövcud olmaması, fəaliyyətin kommersiya kimi kvalifikasiya edilməsinə əsas vermir. Qeydiyyatdan keçirilməməyin inzibati xəta olduğu halda cinayət əməli kimi tövsif kimi edilməsi qeyri-qanuni və ixtiyaridir. Digər ittihamlar da təqsirləndirilən şəxslərin fəaliyyətlərinin kommersiya xarakterli olduğunundan irəli gələrək əsaslandırıldığına görə Məhkəmə hər iki işdə ərizəçilərin saxlanılmasını və həbs edilməsini Konvensiyanın 5§1-ci maddəsinin pozuntusu kimi tanıyıb. Habelə, Məhkəmə qeyd edilən işlərdə Konvensiyanın 18-ci maddəsinin pozuntusunu da tanıyıb. Pozuntu onu ehtiva edirdi ki, Hökumət hər iki halda ərizəçilərin Konvensiyada qeyd edilmiş hüquq və azadlıqlarını Konvensiyada qeyd edilmiş əsaslardan qeyrisi – yəni, insan hüquqları müdafiəçisi və hökumət tənqidçisi kimi onları susdurmaq və cəzalandırmaq üçün məhdudlaşırıb.

Beləliklə, vətəndaş cəmiyyəti sektoruna 2014-cü ildə baş verən birinci hücum dalğasındakı keysləri analiz edəndə məlum olur ki, iqtisadi cinayətlər adı altında müstəqil və müxalif QHT-lərə qarşı bu ittihamlar yeni trend deyil. Bir tərəfdən, QHT fəaliyyətinə sərt qanuni əngəllər vətəndaş cəmiyyəti təmsilçiləri üçün “boz sahə” yaradır, digər tərəfdən isə hüquq-mühafizə orqanlarının mütəmadi təqib və cəzalandırma siyasəti, bu cür fəaliyyətləri arzuedilməz hesab etməklə faktiki qadağan etməyə hesablanıb. Halbuki, ölkənin yerli və beynəlxalq öhdəliklərindən irəli gələrək bu cür qanunsuz və ixtiyari təqiblər dayandırılmalı, ictimai fəaliyyət üçün hüquqi mühit optimallaşdırılmalıdır.

 

Bakıda təqiblər davam edir: 4 hüquq müdafiəçisi saxlanılıb, 2-si həbs olunub; https://abzas.org/az/2025/3/bakda-tqiblr-davam-edir-408222dce-d/ 

Azərbaycanda bir sıra QHT-lərə qarşı 2014-cü ildə başlanmış cinayət işi bağlanır; https://jam-news.net/az/azərbaycanda-bir-sira-qht-lərə-qarsi-2014-cu-ildə-baslanmis-cinayət-isi-baglanir/ 

1 milyona yaxın pul necə leqallaşdırılıb? - Gizli fəaliyyət göstərən QHT; https://www.youtube.com/watch?v=IuYIryOsraU 

Günel Səfərova da istintaqa cəlb olundu; https://baku.ws/politics/gunel-seferova-da-istintaqa-celb-olundu 

Prezidentin köməkçisi: Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur; https://report.az/xarici-siyaset/prezidentin-komekcisi-azerbaycanda-usaid-in-fealiyyetine-yer-yoxdur/ 

Rəsmi Bakı: USAİD-in Azərbaycanda fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib; https://report.az/xarici-siyaset/azerbaycan-2023-cu-ilde-oz-suverenliyini-berpa-etdiyine-gore-abs-terefinden-907-ci-duzelisin-dayandirilmamasi-ile-cezalandirildi/ 

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib; https://president.az/az/articles/view/67537 

ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib; https://azertag.az/xeber/ada_universitetinde_prezident_ilham_eliyevin_istiraki_ile__quotyeni_dunya_nizamina_dogru_quot_movzusunda_beynelxalq_forum_kechirilib_yenilenib__video-3494387 

Trampın gözlənilən addımı: Azərbaycan hökuməti USAİD-i ölkədən əslində niyə çıxardı?; https://www.youtube.com/watch?v=8dYosHzAIGk 

USAID Azərbaycanın rəsmi internet səhifəsinin arxivi; https://2017-2020.usaid.gov/az/azerbaijan 

Azərbaycan Respublikasının “Qrant haqqında” Qanunu; https://e-qanun.az/framework/3527 

 ABŞ-ın Azərbaycanda hansı layihələri var? Hansı hökumət məmurları ABŞ-da oxuyub? 9 suala cavabda, https://www.bbc.com/azeri/articles/c132m537k3ko 

Azərbaycan Respublikasının Mülki Məcəlləsi; https://e-qanun.az/framework/46944 

“Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı; https://e-qanun.az/framework/30212 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi; https://e-qanun.az/framework/46960 

Azərbaycan Respublikasının “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunu; https://e-qanun.az/framework/7920 

Azərbaycan Respublikasının Vergi Məcəlləsi; https://e-qanun.az/framework/46948 

Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi; https://e-qanun.az/framework/46950 

European Commission For Democracy Through Law (Venice Commission), Opinion no. 636 / 2011, CDL (2011) 089, https://www.coe.int/en/web/venice-commission/-/CDL(2011)089-e 

Human Rights Watch, Azerbaijan, 2025, Country Page; https://www.hrw.org/europe/central-asia/azerbaijan 

European Court of Human Rights, Ramazanova and Others v. Azerbaijan, 44363/02; https://hudoc.echr.coe.int/fre?i=001-79301 

1468th meeting (June 2023) (DH) - Rule 9.2 - Communication from NGOs (European Human Rights Advocacy Centre, Election Monitoring and Democracy Studies Center, Human Rights House Foundation, Independent Lawyers Network, Legal Education Society) (04/05/2023) in the case of RAMAZANOVA AND OTHERS v. Azerbaijan (Application No. 44363/02); https://hudoc.exec.coe.int/eng?i=DH-DD(2023)616E 

European Court of Human Rights, Rasul Jafarov v. Azerbaijan, 69981/14: https://hudoc.echr.coe.int/eng?i=001-161416

European Court of Human Rights, Intigam Aliyev v. Azerbaijan, 68762/14, 71200/14; https://hudoc.echr.coe.int/fre?i=001-186126

28 Aprel, 2025