logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Şahidin ölkədən çıxışına qadağa qoyula bilərmi?

Analiz
Şahidin ölkədən çıxışına qadağa qoyula bilərmi?

“Turan” İnformasiya Agentliyinin yaydığı xəbərdə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həbsdə olan icraçı direktoru Rüfət Səfərovun anası Tahirə Tahirqızının ölkədən çıxışına Daxili İşlər Nazirliyi (DİN) tərəfindən qadağa qoyulduğu bildirilib. 

Tahirə xanım oğluna açılmış cinayət işi çərçivəsində 7 yanvarda şahid qismində ifadə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Ancaq o ifadə verməkdən imtina edib. Tahirə xanım istintaq orqanından ölkədən çıxmasının niyə qadağan olunması ilə bağlı sualına cavab ala bilməyib.

Son illər Azərbaycanın hüquq mühafizə orqanlarının istintaq praktikasında cinayət prosesinin iştirakçıları olmayan şəxslərin, xüsusən şahidin ölkədən çıxışına məhdudiyyət qoyulması geniş təşəkkül tapıb. 

“Tribunat” şahidin ölkədən çıxışına qadağa qoyulmasının qanuniliyini araşdırıb.

Cinayət Prosessual Məcəllədə şahid cinayət işi üzrə əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs hesab olunur və cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına aiddir (maddə 7.0.29 və 95). O, ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə yalnız məhkəmə baxışı zamanı çağırılıb dindirilə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndi və ölkənin tərəfdar olduğu Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı protokolunun 2-ci maddəsi hər kəsin ölkəni sərbəst tərk etmək azadlığına təminat verir. Lakin bu hüquq müəyyən hallarda məhdudlaşdırıla bilər. Şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırıla biləcəyi halların konkret əsasları Miqarasiya Məcəlləsinin 9-cu maddəsi ilə müəyyən olunub və göstərilib ki, həmin hallardan başqa əsasla şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması yolverilməzdir.

Qeyd olunan normada cinayət prosesinin həyata keçirilməsi ilə əlaqədar olaraq kimlərin və hansı hallarda ölkədən çıxışına məhdudiyyət qoyula biləcəyinə dair aşağıdakı bəndlər göstərilib:

I- Cinayəti törətməkdə şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda - azad edilənədək,  barəsində qətimkan tədbiri seçildikdə - qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək (maddə 9.3.1).

II- Məhkum edilmiş şəxslərə – cəzasını çəkib qurtaranadək və ya cəzadan azad edilənədək (maddə 9.3.2);

III- Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək (maddə 9.3.3);

IV- Şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək (maddə 9.3.4);

V- hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək (maddə 9.3.4-1).

Göründüyü kimi, qanunvericilikdə ölkədən çıxışa məhdudiyyət qoyulması hallarının siyahısı konkret tənzimlənib və cinayət işi üzrə şahid qismində cəlb edilmiş şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı hər hansı əsas müəyyən olunmayıb. 

Cinayət prosesini həyata keçirən orqanlar tərəfindən şəxsin ölkədən getmək hüququna məhdudiyyət prosesduru “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Əsasnamə  və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili”Qaydalarına uyğun olaraq, elektron hökümət portalı vasitəsi ilə həyata keçirilir. Əsasnamədə "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS-ın)  altsistemiləri arasında “Sərhədkeçməyə məhdudiyyət” alt sistemi nəzərədə tutulub. Həmin altsistem çərçivəsində hüquq mühafizə orqanları axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən, Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılan şəxslər haqqında məlumatları “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi vəzifəsini daşıyırlar. Hüququ məhdudlaşdırılan şəxslər barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” İAMAS-ın məhdudiyyət siyahılarına daxil edilir və məhdudlaşdırmanın əsasları aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilərək, ölkədən çıxma hüququna qoyulan məhdudiyyət aradan qaldırılır. 

Həm Əsasnamədə və həm də Qaydalarda hər hansı cinayət işi üzrə şahidin “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi nəzərdə tutulmayıb. 

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Mürsəliyev və başqaları Azərbaycana qarşı” işində qeyd edib ki, Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək hüququnu tənzimləyən Miqrasiya Məcəlləsinin müvafiq müddəaları bu hüququn müvəqqəti olaraq məhdudlaşdırıla biləcəyi halların müfəssəl siyahısını əks etdirir. Lakin ölkə qanunvericiliyinin yuxarıda qeyd edilən müddəalarının mətnindən göründüyü kimi, Miqrasiya Məcəlləsində sadalanan halların heç biri cinayət mühakiməsi icraatında sadəcə şahid qismində çıxış edən şəxsin vəziyyətinə uyğun gəlmir.  Məhkəmə həmçinin qeyd edib ki, istintaq orqanları Ərizəçilər üzərinə ölkədən çıxış qadağasını hər hansı məhkəmə qərarı olmadan qoymuşlar və ölkədaxili məhkəmələr də Ərizəçilərə qarşı ölkədən çıxış qadağasının təyin edilməsi üçün hüquqi əsası göstərməmişdir. Ölkədaxili məhkəmələrn qanunvericiliyin hər hansı müddəasına istinad etmədən Ərizəçinin ölkədən çıxış hüququnun məhdudlaşdırılmasını əsaslı hesab etmişlər. Bu şərtlərdə Məhkəmə Ərizəçilərin ölkədən getmək hüququna müdaxilənin “qanuna uyğun olduğu” qənaətinə gələ bilməz. Bu qənaət müdaxilənin qanuni məqsədə xidmət edib-etmədiyini, demokratik cəmiyyətdə zəruri olub-olmadığını müəyyən etmək zərurətini aradan qaldırır (bax, qərarın 33-35-ci bəndləri).

Bundan başqa, AİHM “İntiqam Əliyev Azərbaycana qarşı”, “Səadət Cahangir Azərbaycana qarşı”, “Mahmudov Azərbaycana qarşı”, “Qənbərova və başqaları Azərbaycana qarşı”, “Demokratiya və İnsan Haqları Resurs Mərkəzi və Mustafayev Azərbaycan qarşı”, “Kərimli Azərbaycana qarşı” qərarlarında da sözügedən halı Konvensiyanın 4 saylı protokolunun 2-ci maddəsinin pozuntusu kimi qiymətləndirib.

Beləliklə, “Tribunat”ın gəldiyi qənaətə görə, şahidin ölkədən getmə hüququnun məhdudlaşdırılması üçün Azərbaycan Respublikası qanunvericiliyində maddi və prosessual əsaslar mövcud deyil və bu hala yol verilməsi sərbəst hərəkət azadlığı hüququnun pozuntusudur.

Qeyd: 7 yanvar 2025-ci ildə DİN tərəfindən hüquq müdafiəçisinin anasının ölkədən çıxışına qoyulan qadağa ləğv edilib.

  1. “Turan.az”, “Rüfət Səfərovun anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir”
  2. “Turan.az”, “Hüquq müdafiəçisinin anasının ölkədən çıxışına qadağa qoyulmasının səbəblərini açıqlamayıblar”
  3. “E-qanun”, Cinayət Prosessual Məcəllə
  4. “E-qanun”, Azərbaycan Respublikasının Konstitusiyasının
  5. “E-qanun”, Miqarasiya Məcəlləsi
  6. “E-qanun”, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili” NK qərar
  7. “E-qanun”, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında əsasnamə
  8. “Hudoc”, “Mürsəliyev və başqaları Azərbyacana qarşı” işi
  9. “Hudoc”, Azərbaycana qarşı çıxarılan digər qərarların siyahısı
8 Yanvar, 2025