Sülhə çağırış qadağan edilən informasiyadır? Analiz

Sülhə çağırış qadağan edilən informasiyadır?

28 Sentyabr, 2023
170 baxış
Sentyabrın 19-da Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra Azərbaycanda sülh çağırışı edən ictimai fəalların həbsi başlayıb. Əmrah Təhməzov, Nemət Abbasov və Emin İbrahimov 30 sutka həbs cəzası alıblar. Jurnalist Nurlan Qəhrəmanlı (Libre) da 30 gün müddətinə azadlıqdan məhrum edilib. Həbs olunan şəxslərin “Facebook” postlarında Azərbaycanın Qarabağda apardığı əməliyyatların tənqidi əks olunub və sülh çağırışları yer alıb. Nurlan Qəhrəmanlının yazdığı və prokurorluğa həmin səbəblə çağırıldığı iddia olunan post isə silinib. Saxlanılan şəxslərdən üçünün İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi (İnformasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) əsasında, Nemət Abbasovun isə həmin Məcəllənin 535.1-ci maddəsi (Polis işçisinin və ya hərbi...

Sentyabrın 19-da Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra Azərbaycanda sülh çağırışı edən ictimai fəalların həbsi başlayıb. Əmrah Təhməzov, Nemət AbbasovEmin İbrahimov 30 sutka həbs cəzası alıblar. Jurnalist Nurlan Qəhrəmanlı (Libre) da 30 gün müddətinə azadlıqdan məhrum edilib.

Həbs olunan şəxslərin “Facebook” postlarında Azərbaycanın Qarabağda apardığı əməliyyatların tənqidi əks olunub və sülh çağırışları yer alıb. Nurlan Qəhrəmanlının yazdığı və prokurorluğa həmin səbəblə çağırıldığı iddia olunan post isə silinib.

Saxlanılan şəxslərdən üçünün İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi (İnformasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) əsasında, Nemət Abbasovun isə həmin Məcəllənin 535.1-ci maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə həbs olunduğu deyilir.

19 sentyabr əməliyyatlarının başlandığı gün Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və media nümayəndələri üçün məlumat yayıb,  terrorçuluğa qarşı mübarizə ilə bağlı məlumatların verilməsi qaydası ilə əlaqədar paylaşım edib. Orada  terrorçuluğa bəraət qazandıran və ya onların təbliğinə xidmət edən məlumatlar haqqında paylaşımlara yol verilmədiyi, belə hallar baş verərsə, cərimələnmə və inzibati həbs nəzərdə tutulduğunu qeyd edib.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13.2-ci bəndinə əsasən internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. Lakin bəzi məlumatların yayılması qadağan hesab olunur. Bura terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar; zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; dövlət sirri təşkil edən məlumatlar; odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar; pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar; qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar; intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar; təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar; əqli mülkiyyət hüquqlarını pozan məlumatlar; Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiyalar aiddir. 

Yuxarıda adları sadalanan şəxslərin “Facebook” hesablarında isə paylaşılanlar daha çox Azərbaycan hökumətinin apardığı hərbi əməliyyatların tənqidinə, bu əməliyyatların Rusiya-Ukrayna müharibəsi ilə müqayisəsinə və əməliyyatlarda rəsmi Moskvanın müdaxiləsinin olmasına, müharibənin pislənilməsinə və sülhə çağırışa yönəlik informasiyalar yer alır. Yəni, terrorçuluğun təbliğinə aid informasiyalar həmin statuslarda öz əksini tapmayıb. 

Konstitusiyanın 50-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var.

Azərbaycanın imzaladığı və ratifikasiya etdiyi Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinə əsasən hər kəsin öz fikrini ifadə etmə azadlığı var. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.

Avropa İnsan Haqları Məhkəməsinin Fətullayev Azərbaycana qarşı işində ifadə azadlığı ilə bağlı qərarında elan edir ki, 10-cu maddənin 2-ci bəndinə uyğun olaraq, fikri ifadə etmək azadlığı yalnız müsbət qarşılanan və ya ziyansız, biganəlik əks etdirən “məlumat” və ya “ideya”lara deyil, həmçinin Dövləti və ya əhalinin hər hansı hissəsini təhqir edən, şoka salan və ya narahat edən “məlumat” və ya “ideya”lara da şamil edilir. 

Plüralizm, dözümlülük və geniş fikirlilik bunu tələb edir və bunlarsız “demokratik cəmiyyət” olmur (bax Handyside v. the United Kingdom, 7 dekabr 1976, § 49, Series A no. 24).

Ehtimal olunan inzibati həbslərin səbəbi olan sosial şəbəkə statusları aşağıdakılardır: 

1) Dövlətin trollarından başqa, bir də Həbib kimi qanla qidalanan ograşlardan savayı heç kim bu əməliyyatı dəstəkləmir, paylaşmır, kasıb balalarının ölümünü istəmir. Xalq sülh istəyir, birgəyaşayış və adam balası kimi yaşamaqƏmrah Təhməzov;

2) Dövlətimizin və ordumuzun yanındayıq popilizmininin əmələ gətirdiyi pis niyyət və əxlaqsız təbliğat kampaniyası haqqında: İnsan ölümlərini legitimləşdirən istənilən cür zehniyyət axmaq və yaramazdır. Onların niyyəti nə olursa olsun, kinə, nifrətə, ölümə və qəbildən olan istənilən cür anlayışa xidmət edən düşüncələr rədd edilməlidir. Çıxış yolu yoxdur, suverenliyimiz, ərazi bütövlüyümüz hekayələri də həmçinin. Çünki mövcud hakimiyyətin digər suveren ərazilərdə hansı amansızlıqlarla yadda qaldığı hər birimizə məlumdur. Beynəlxalq hüquq və konstitusiya hekayələri də populizm və boş pafoslardan ibarətdir. İddia edilən xunta, separatçı rejiminin alternativ kimi də avtoritarizm və diktaturadır. Çünki Azərbaycan dövlətini idarə edən hakimiyyət belədir. Uzun sözün qısası mövcud şərtləri və standartları nəzərə almaqla bütün bunların cəmində bizim tələbimiz və mövqeyimiz sülh, əmin-amanlıq, dayanıqlı və davamlı təhlükəsizlik şəraitində birgəyaşayış olmalıdır.“#NoWarYesPeace Nemət Abbasov;

3) “Bu dəfə “Bu əməliyyat Rusiyanın maraqlarına ziddir”, “Rusiyanın nüfuzuna zərbədir” filan deyən olmayıb hələ? Laçın yolundakı eko-tamaşalar da, Laçın postunun qoyulması da, bu əməliyyat da hamısı eyni xətdir. Hamısında Rusiyanın razılığı olub. İndi bir az aşkardır, deyirlər istifadə edirik və s. O birilərdə isə ümumiyyətlə inkar edirdilər. 

Mahiyyət odur ki, kölə oldunsa, həmişə ağanı haqlı çıxarmağa məcbursan. Əks halda, azad olmağa çalışmalısan. Kölələr isə həmişə azadlıqdan qorxurlar. Onlara daim öz köləliklərinə don geydirmək lazımdır…İndi də hə, Rusiya Qarabağı bizə verib, özü çıxıb gedəcək. Ölmüşdü xan kişi”. Emin İbrahimov;

 

Jurnalist Nurlan Qəhrəmanlı isə sosial şəbəkə hesabından Azərbaycan Respublikasının parçalanmış xəritəsini paylaşıb:  

 

4) Изображение выглядит как текст, карта, снимок экрана, атлас

Автоматически созданное описание

 

Bu mətnlərin heç birində (ilk 3 yazılı postda) “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2-ci maddədə sadalanan yayılması qadağan edilən informasiya növünə aid məlumatlar yer almayıb. 

Eyni zamanda, fəalları həbs edən məhkəmə bu postlarda qadağan edilən informasiya növünə aid olan məlumatların olub-olmamasının müəyyən edilməsi üçün heç bir halda  ekspertiza təyin etməyib. İnzibati Xətalar Məcəlləsinin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin qərardadı ilə ekspertiza təyin edilir.

 

Yuxarıdakı bütün hallarda isə bu mətnlərin yayılması qadağan olunan informasiya növünə aid olmasını məhkəmə özü müstəqil müəyyənləşdirib və nəticədə ekspertin rolunu öz üzərinə götürmüş olub. 

 

“Tribunat”ın gəldiyi nəticəyə əsasən inzibati həbsə səbəb olan statuslar terrorizmin təbliğinə yox, daha çox aparılan hərbi əməliyyatların pislənilməsinə yönəlib. Yəni, həmin şərhlərdə qanunla qadağan olunan informasiya kateqoriyasına aid ediləcək hansısa məzmun yoxdur (Əmrah Təhməzovun statusundakı təhqir elementləri istisna olmaqla), orada ictimai təhlükəsizliyə səbəb olacaq, dövlət sirri təşkil edən və ya əməliyyatların gedişatına zərər vuracaq informasiyalar yer almır. 

Nurlan Qəhrəmanlının ərazi parçalanması ilə bağlı postu isə şəxsin ictimai proseslərə təsir gücü nəzərə alınaraq qiymətləndirilməlidir. Bu halda tətbiq olunan sanksiya proporsional deyil. Qəhrəmanlının ictimai fiqur kimi təsir gücü və paylaşdığı statusun real təhlükə təşkil edib-etməməsi qiymətləndirilmədiyi üçün tətbiq olunan cəza adekvat hesab oluna bilməz. 

Yekun olaraq, bu ifadələrə görə inzibati həbslər demokratik cəmiyyətdə zəruri hesab oluna bilməz.


 


Məqaləni paylaş