logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Vəkil penitensiar müəssisələrə girişdə və çıxışda yoxlanıla bilərmi?

Analiz
Vəkil penitensiar müəssisələrə girişdə və çıxışda yoxlanıla bilərmi?


Siyasi məhbus Tofiq Yaqublunun vəkili Nemət Kərimli müvəkkilinin saxlandığı Penitensiar Xidmətin Müalicə Müəssisəsində onunla görüşməkdən imtina edib. İmtinanın səbəblərini “Facebook” sosial şəbəkəsindəki səhifəsindən açıqlayan N.Kərimli müəssisəyə girişdə sənədlərində axtarışın aparıldığını bildirib. Kərimli qeyd edib ki, Penitensiar Xidmətin əməkdaşları T.Yaqubluya aid sənədlərin yoxlanılacağını, uyğun olmadığı təqdirdə alınacağını bildirib.

Bu, insan haqları vəkillərinin müdafiə etdikləri siyasi məhbus hesab edilən şəxslərlə penitensiar müəssisələrdə görüşərkən qarşılaşdığı müntəzəm vəziyyətlərdən birinə çevrilib. Bu yoxlanışlar hər hansı qanun pozuntusuna şübhə olmadığı halda və yalnız siyasi məhbus hesab edilən şəxslərin vəkillərinə münasibətdə həyata keçirilir. 

Bir neçə il əvvəl eyni halla qarşılaşan vəkil Nemət Kərimlinin Penitensiar Xidmətdən şikayətini dilə gətirməsi Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən ona xəbərdarlıqla nəticələnmişdi.

“Tribunat” penitensiar müəssisələrdə vəkilin üzərində baxışın aparılmasının qanunauyğunluğunu araşdırıb.

Konstitusiyanın 32-ci maddəsi hər kəsin şəxsi toxunulmazlıq hüququnu tanıyır. Sənədə əsasən, dövlət hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna təminat verir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun isə vəkillik fəaliyyətinin təminatı kimi vəkil sirrini nəzərdə tutur. Qanunun 7-ci maddəsinə əsasən, tutulan, həbs edilən və ya məhkum edilən şəxslərə hüquqi yardımın göstərilməsi üçün vəkil ilə təklikdə görüşlər və məsləhətləşmələr üçün lazımi şərait yaradılmalı, konfidensiallıq təmin olunmalıdır. Buradan belə bir nəticə çıxarmaq mümkündür ki, əksi nəzərdə tutulmadığı halda vəkillə məhkum arasında kommunikasiya vəkil sirri ilə qorunur. 

Qanunun 1-ci maddəsində digər prinsiplərlə bərabər konfidensiallıq da vəkilliyin əsaslarından biri kimi qeyd edilib. Sənədin 7-ci maddəsinə əsasən isə, vəkil peşə borcunu həyata keçirməklə əlaqədar ona məlum olan hallar barədə dindirilə bilməz, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkillər tərəfindən toplanılan sənədlər və digər sübutlar, vəkillik icraatları (dosye) istintaq və məhkəmə orqanları tərəfindən tələb edilə və götürülə bilməz. Vəkillərə və onların təşkilatlarına edilən bütün müraciətlər vəkillər tərəfindən sirr kimi qorunur. Peşə sirrinin qorunması vəkil andında qeyd edilir və qanunvericilik tərəfindən vəkilin öhdəliyi kimi tanınır.

Bəs bu məsələ ilə bağlı penitensiar qanunvericilik nə deyir? 

Cəzaların İcrası Məcəlləsinin (bundan sonra CİM) 75-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisəsinin müdiriyyəti bu müəssisəyə daxil olan və çıxan şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələrinə baxış keçirmək hüququna malikdir. Bu tədbirlərin keçirilməsi qaydaları Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir. CİM-in 81-ci maddəsinə əsasən isə, hüquqi yardım almaq üçün məhkumların özlərinin, yaxın qohumlarının və ya onların qanuni nümayəndələrinin ərizəsinə əsasən məhkumlara vəkillərlə görüş verilir. Görüşlərin sayı və müddəti məhdudlaşdırılmır və cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına riayət edilməklə həyata keçirilir. Belə görüşlər bu Məcəllə ilə müəyyən edilmiş görüşlərin sayına daxil edilmir. Vəkil cəzaçəkmə müəssisəsinə onun şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etdikdə buraxılır. Belə görüşlər tərəflərin arzusu ilə təklikdə keçirilir.

Həbs yerlərinin daxili intizam Qaydaları isə penitensiar müəssisələrdə görüşə gələn şəxslərin üzərində baxışın keçirilməsinə tənzimləyir. Qaydalara əsasən, görüşə gəlmiş şəxsin (şəxslərin) istintaq təcridxanalarında həbs edilmiş şəxslərdə saxlanılması qadağan olunan əşyaları həbs edilmiş şəxsə verəcəyi və ya həbs edilmiş şəxsdən hər hansı əşyanı alacağı barədə kifayət qədər əsas olduqda, istintaq təcridxanasının rəisi görüşə gəlmiş şəxsə, onun üst-başına və əşyalarına görüşdən əvvəl və sonra baxışın keçirilməsinə razılıq verəcəyi təqdirdə görüşün təqdim ediləcəyini elan edir. Penitensiar müəssisələrə daxil olan vəkilin üzərində baxışın keçirilməsi qadağan olunan əşyanın verilməsi və ya alınması barədə kifayət qədər əsas olduqda mümkündür.

Vəkil N.Kərimlinin “Facebook” sosial şəbəkəsində paylaşdığı statusundan məlum olur ki, müalicə müəssisəsinə girişdə onun üzərində baxış yalnız sənədlərin təftişini əhatə edib. Halbuki, penitensiar qanunvericiliyə əsasən baxışın məqsədi penitensiar müəssisəyə daxil olmaq istəyən şəxsin üzərində saxlanılması qadağan olunan əşyaların məhkum edilən şəxslərə ötürülməsinin qarşısının alınmasıdır. Bu cür əşyaların siyahısı Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir və məhkuma aid hüquqi sənədlər bu əşyaların siyahısına daxil deyil. Buradan belə bir nəticə çıxarmaq mümkündür ki, penitensiar əməkdaşlarının əsas məqsədi qadağan olunan əşyaların aşkar edilməsi deyil, məhkumun və vəkilinin sənədlərində axtarışın həyata keçirilməsidir. Bu məqam isə vəkil sirrinin kobud pozuntusudur.

Vəkil sirrini mühafizəsi öz əksini bir neçə beynəlxalq sənədlərdə də tapıb. Beynəlxalq Vəkillər Kollegiyasının Vəkillər üçün Əsas Prinsiplərinin 4-cü maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmayıbsa və ya müvəkkili tərəfindən əksinə razılıq verilməyibsə, vəkil hər zaman hazırkı və ya keçmiş müştərilərinin işləri ilə bağlı məxfiliyi qorumalı və ona təminat verilməlidir. BMT-nin İstənilən Formada Saxlanılan və ya Həbs Edilən Bütün Şəxslərin Müdafiəsi üçün Prinsiplər Məcmusunun 18-ci Prinspinə əsasən, saxlanılan və ya həbs edilən şəxsin müdafiəçisi ilə gecikmədən, sensurasız və tam konfidensial məsləhətləşməsi və ünsiyyəti qanun və ya qaydalarla müəyyən edilmiş müstəsna hallar istisna olmaqla, məhkəmə və ya digər orqan tərəfindən təhlükəsizliyin və asayişin təmin edilməsi üçün zəruri hesab edildiyi hallar istisna olmaqla, dayandırıla və ya məhdudlaşdırıla bilməz. Avropa Şurasının Nazirlər Komitəsinin R(2000)21 saylı Vəkil peşəsinin müstəqilliyinə dair Tövsiyələrinə əsasən isə, vəkillər öz peşəkar standartlarına əsasən fəaliyyət göstərdikdə heç bir təzyiq və sanksiyaya məruz qalmamalıdırlar. Habelə, vəkil sirrinin təmin edilməsi istiqamətində bütün lazımi tədbirlər atılmalıdır, bu prinsipə istisna yalnız hüququn aliliyi çərçivəsində mümkündür.

Vəkil sirrinə, o cümlədən, beynəlxalq penitensiar tənzimləmələrdə də yer ayrılıb. Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarının hazırlanmasında istifadə olunan Avropa Penitensiar Qaydalarının 23-cü bəndinə əsasən, məsləhətləşmələr və ünsiyyət, o cümlədən hüquqi məsələlərlə bağlı yazışmalar məhbuslar və müdafiəçiləri arasında konfidensial qalmalıdır. Məhkəmə müstəsna hallarda ağır cinayətlərin və ya təhlükəsizliyə qarşı ciddi təhdidin qarşısını almaq üçün belə konfidensiallığa məhdudiyyətlər qoya bilər. Avropa Penitensiar Qaydalarının Kommentariyasında qeyd edilir ki, bu cür məhdudiyyət əsaslı səbəbdən irəli gəlməli və nəzərdən keçirilə bilinməlidir. Müstəsna olaraq, məhkəmə ayrı-ayrı işlər üzrə vəkili ilə ünsiyyətin məxfiliyinə məhdudiyyətlər qoyduqda, bunun konkret səbəblərini bildirməli və məhkuma yazılı şəkildə təqdim etməlidir. Təhlükəsizlik və asayişin qorunması üçün məhkumlara sənədləri öz kameralarında saxlamasına icazə verilmədiyi hallarda, onların normal iş saatlarında sənədlərlə tanış olmaları üçün tədbirlər görülməlidir.

Vəkil sirrinin pozulması Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin (Şəxsi həyata və ailə həyatına hörmət hüququ) pozuntusuna gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) bir sıra qərarlarında qeyd edir ki, vəkil sirri 8-ci maddənin tətbiq sahəsinə daxil olan münasibətlər siyahısına daxildir. Denysyuk və digərləri Ukraynaya qarşı işinə əsasən, 8-ci maddə vəkil sirrini gücləndirilmiş mühafizə ilə təmin edir (§101). Klaus Müller Almaniyaya qarşı işində isə qeyd edilir ki, bu mühafizə hər cür kommunikasiyanı, məktubları, telefon danışıqlarını, şifahi ünsiyyəti və elektron yazışmaları əhatə edir (§37). Vəkil sirri ədalətin bərqərar olması üçün fundamental prinsip olsa da, mütləq statusa malik deyil və məhdudiyyətə məruz qala bilər (Mişo Fransaya qarşı; §123).

Bu cür müdaxilənin qanunauyğunluğunun araşdırılmasını, faktların oxşarlığını nəzərə alaraq Namazlı Azərbaycana qarşı işinin prizmasından həyata keçirmək mümkündür. İşin faktlarına əsasən, vəkil Fariz Namazlı Qobustan həbsxanasında azadlıqdan məhrum edilmiş müvəkilli A.H. ilə görüşü zamanı müəsissəsinin giriş və çıxışında penitensiar müəssisənin işçiləri tərəfindən baxışa məruz qalıb. Vəkil müvafiq məsələyə dair yerli məhkəmə instansiyalarına müraciət etsə də, şikayəti təmin olunmayıb.

Məhkəmə ərizəçinin müraciətini nəzərdən keçirərək ərizənin mahiyyətinin vəkilin sənədlərinə həbsxana işçiləri tərəfindən qanun pozuntusuna dair şübhə olmadığı halda baxışın keçirilməsinin olduğunu vurğulayıb (§39). Bu cür müdaxilənin əsaslı olub-olmadığını yoxlamaq üçün AİHM yerli penitensiar qanunvericiliyi nəzərdən keçirib. Məhkəmə CİM-in yuxarıda qeyd edilən maddəsinin mövcudluğunu qəbul etsə də, bu maddənin məhz vəkilin sənədlərinə baxışın keçirilməsinə əsas yaratması barədə Hökumətin iddiası ilə razılaşmayıb (§45). AİHM bildirib ki, yerli qanunvericilik vəkilə penitensiar müəssisəyə şəxsiyyət vəsiqəsi və vəkil statusunu təsdiq edən sənədlə daxil olmağa hüquq tanıyıb. CİM-in penitensiar müəssisəyə daxil olan şəxslərin üzərində baxışın keçirilməsinə imkan yaradan maddəsinə baxmayaraq, bu prosedurun vəkil üzərində həyata keçirilməsi üçün Məhkəmə vəkillərə dair xüsusi qeydin mövcud olmasının zəruriliyini vurğulayıb (§48-49).

AİHM yerli qanunvericiliyi təhlil edərək penitensiar işçilərinə müəssisəyə daxil olan şəxslər üzərində baxış keçirməsinə imkan yaradan göstərişləri AİHK-in 8-ci maddəsinin “qanunun keyfiyyəti” standartına cavab vermədiyini bildirib (§49). Məhkəmənin qənaətinə əsasən, qanunvericilyin bu göstərişi hüquqdan sui-istifadə və özbaşınalıq hallarına qarşı aydın və ətraflı hüquqi baza və ya təminat ehtiva etmir. Qanunvericilik məhkumun yaxınları və vəkilləri arasında fərq qoymayaraq, vəkillərin ədliyyə sistemindəki xüsusi statusunu nəzərə almır. Bununla da, penitensiar işçiləri heç bir səbəb və ya əsaslandırma təqdim etmədən vəkilin sənədlərinə baxış keçirərək konfidensiallığı poza bilərlər (§51). Bu müddəalara əsasən, həbsxana işçiləri həbsxanada müvəkkilini ziyarət edən vəkilin sənədlərini yoxlamaq üçün praktiki olaraq sərbəst mülahizədən istifadə edə bilər ki, onların qərarları üçün hər hansı səbəb və ya əsaslandırma da tələb olunmur. 

Yerli qanunvericiliyin birmənalı olmayan göstərişlərinə dair Məhkəmənin mövqeyinə baxmayaraq, bu dövrə qədər müvafiq normativ-hüquqi aktın dəyişdirilməsinə dair Hökumət tərəfindən addım atılmayıb. 20 iyun 2024-cü il tarixində qəbul edilmiş Qərarda CİM-in 75.5-ci maddəsinin problematik olduğu vurğulansa da, bu maddənin dəyişdirilməsinə dair heç bir təşəbbüs həyata keçirilməyib.

AİHM-in qənaətinə görə, Hökumətin penitensiar qanunvericiliyi bu cür formada təfsir və icra etməsi vəkil sirrini pozmuş olur. Vəkil sirrinin gücləndirilmiş mühafizəsini vurğulayaraq, Məhkəmə bu cür müdaxilənin “qanunauyğun olmadığı” nəticəsinə gəlib və 8-ci maddənin pozuntusunu tanıyıb (§51-52).

“Tribunat” bu qənaətə gəlir ki, vəkil Nemət Kərimlinin penitensiar müəssisənin girişində sənədlərinə baxışın həyata keçirilməsi onun yerli və beynəlxalq qanunvericilikə qorunan vəkil sirrinin pozuntusu hesab edilməlidir. Qüvvədə olan qanunvericilik penitensiar müəssisəyə daxil olan şəxslərin üzərində baxışın həyata keçirilməsinə hüquq tanısa da, səlahiyyətli şəxslər bu cür proseduru yalnız qanun pozuntusuna dair əsaslı şübhə olduqda həyata keçirmək hüququna malikdirlər. Əsasən insan hüquqları vəkillərinə münasibətdə həyata keçirilən bu prosedurun, əsaslı şübhə olmadıqda tətbiq olunması, vəkil sirrinin pozuntusuna gətirib çıxarır. Penitensiar qanunvericilik və praktika arasında kolliziyanı aradan qaldıran AİHM-in qərarına (Namazlı Azərbaycana qarşı) baxmayaraq, Nemət Kərimlinin üzləşdiyi münasibət vəkillərin konfidensiallığın pozuntusu ilə müntəzəm şəkildə qarşılaşdığının davam etdiyinin bariz nümunəsidir.


 

Sülh və Demokratiya İnstitutunun 2025-ci il üçün siyasi məhbus hesab edilən şəxslərin siyahısı; https://www.ipd-az.org/ru/political-prisoners-for-9-jun-2025  

Nemət Kərimlinin sosial şəbəkə hesabından çıxarış; https://www.facebook.com/story.php?story_fbid=23948731314826745&id=100003496330180&rdid=n0mf7wL2yHIs6uJu  

Vəkilləri həbsxanada niyə və necə yoxlayırlar?; https://musavat.com/news/vekilleri-hebsxanada-niye-ve-nece-yoxlayirlar_499148.html  

Vəkillər Kollegiyası vəkil Nemət Kərimliyə xəbərdarlıq edib; https://abzas.info/az/2019/10/vəkillər-kollegiyasi-vəkil-nemət-kərimliyə-xəbərdarliq-edib

Azərbaycan Respublikasının Konstitusiyası; https://e-qanun.az/framework/897  

Azərbaycan Respublikasının “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunu; https://e-qanun.az/framework/257  

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi; https://e-qanun.az/framework/46951  

Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları https://e-qanun.az/version/4140

Həbs yerlərinin daxili intizam Qaydaları; https://e-qanun.az/framework/33805

Beynəlxalq Vəkillər Kollegiyasının Vəkillər üçün Əsas Prinsipləri; https://www.ibanet.org/MediaHandler?id=e067863f-8f42-41d8-9f48-d813f25f793c

Birləşmiş Millətlər Təşkilatının İstənilən Formada Saxlanılan və ya Həbs Edilən Bütün Şəxslərin Müdafiəsi üçün Prinsiplər Məcmusu; https://www.ohchr.org/en/instruments-mechanisms/instruments/body-principles-protection-all-persons-under-any-form-detention

Avropa Şurasının Nazirlər Komitəsinin R(2000)21 saylı Vəkil peşəsinin müstəqilliyinə dair Tövsiyələri; https://www.icj.org/wp-content/uploads/2014/10/CoE-rec200021-freedom-exercise-profession-lawyer.pdf  

 Avropa Penitensiar Qaydaları; https://elearning.icrc.org/detention/en/story_content/external_files/European%20Prison%20Rules%20(1987).pdf

 Avropa Penitensiar Qaydalarının Kommentariyası; https://rm.coe.int/european-prison-rules-978-92-871-5982-3/16806ab9ae

 Avropa İnsan Hüquqları Konvensiyası; https://www.echr.coe.int/documents/d/echr/convention_aze

Denysyuk və digərləri Ukraynaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-241747  

 Klaus Müller Almaniyaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-206165

  Mişo Fransaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-115377

 Namazlı Azərbaycana qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-234266


 

22 Sentyabr, 2025