Vəkillik haqqında Qanuna yeni dəyişikliklər: Vəkillik institutunun müstəqilliyinin gücləndirilməsi yoxsa sonu?
Analiz
Oktyabrın 10-dan etibarən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna və bəzi məcəllələrə dəyişiklikləri əhatə edən qanun layihəsinin parlamentdə müzakirəsi başladı. Oktyabrın 31-də layihə Milli Məclisdə 3-cü və yekun oxunuşunda qəbul olundu. Bu isə o deməkdir ki, bir müddət sonra, dəyişikliklər prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
“Tribunat” vəkillərə dair yeni qanunvericilik dəyişikliklərinin təsirlərini araşdırıb.
Əvvəla, dəyişikliklər birmənalı qarşılanmayıb. Əgər Milli Məclisdə layihənin qanunvericiliyi təkmilləşdirəcəyi qeyd edilirdisə, tənqidçilər dəyişikliklərin vəkillik institutunu zəiflədəcəyini bildirirdi.
Qanunvericiliyə dəyişikliklərə nəzər yetirdikdə, dəyişilməsi təklif olunan maddələrin sayının çox olmasına baxmayaraq, müəyyən hissəsinin texniki dəyişiklik olduğunu sezmək mümkündür (məsələn, “qanunvericilk” sözünün “normativ hüquqi aktlar” sözü ilə əvəz edilməsi və ya məna dəyişməsinə məruz qalmayaraq maddənin adının dəyişdirilməsi).
Qanun layihəsinin əhatə etdiyi vacib dəyişiklikləri isə aşağıdakı kimi sıralamaq mümkündür:
-
Vəkillər özlərini, müstəqil şəkildə, kassasiya məhkəməsində təmsil edə biləcəklər;
-
Vəkillərin dövlət qurumlarına da xidmət göstərə biləcəkləri ilk dəfə Qanunda öz əksini tapır;
-
Vəkil olmaq istəyən şəxslərə dair 3 il praktika tələbi 1 ilə endirilir, ölkə vətəndaşı olmayan şəxslər vəkil kimi fəaliyyət göstərə bilməyəcəklər, elm və təhsil müəssisələrində hüquq sahəsində 1 il fəaliyyət göstərənlər, hüquq sahəsində fəxri ad verilmiş şəxslər də vəkil ola biləcəklər, keçmiş hakim və vəkillərin vəkil olmaq proseduru asanlaşacaq.
-
Vəkil adından qanunsuz istifadə qaydaları sərtləşir - özünə və təşkilata münasibətdə “vəkil” sözündən və başqa dillərə tərcüməsindən istifadə qadağan ediləcək;
-
Vəkil köməkçilərinə dair məlumatlar da reyestrə əlavə ediləcək;
-
Vəkillərə icbari tədris tədbirləri təyin olunacaq - bu tədbirlər Kollegiya tərəfindən müəyyən olunaraq, iştirakdan yayınma vəkillik fəaliyyətinə xitam ilə nəticələnəcək;
-
Kollegiyanın səlahiyyətləri artırılır - bundan sonra qurum üzvlərin üzvlük haqqını ödəməkdən azad edə, regional və tədris mərəkəzləri yarada biləcək;
-
Kollegiyanın Rəyasət Heyətinin sədri iki dəfədən artıq seçilə biləcək;
-
Vəkillərin həvəsləndirmə tədbirləri həyata keçiriləcək;
-
Rəyasət Heyətinin qərarları açıq səsvermə yolu ilə keçiriləcək;
-
Rəyasət Heyəti Kollegiyanın orqanlarını və vəkilləri monitorinq etmək səlahiyyətinə malik olacaq;
-
Vəkilin xidməti vəsiqəsi, vəkil orderi və sorğusu məfhumu qanunda öz əksini tapır;
-
Vəkil sirrinin sərhədləri müəyyənləşdirilir;
-
İntizam tənbehin tətbiq edilmə müddətləri uzadılır;
-
İntizam tənbehlərinin siyahısı genişləndirilir: üzvlük haqqının 10 misli həcmində cərimə və Kollegiyanın üzvlüyündən xaric edilmə əlavə edilir;
-
Vəkilin Kollegiyadan xaric edilməsi üçün məhkəmə qərarına ehtiyac olmayacaq;
-
Vəkil köməkçisi ola bilməyən şəxslərin siyahısı genişləndirilir, hazırda əgər yalnız Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər vəkil köməkçisi ola bilmirdilərsə, indi isə vəkil ola bilməyən şəxslər də vəkil köməkçisi kimi fəaliyyət göstərə bilməyəcəklər;
-
Fəaliyyəti müvəqqəti dayandırılmış vəkillərin xidməti vəsiqələri geri alınacaq;
-
Vəkillərin İxtisas Komissiyasının üzvlərinin sayı 11-dən 13-ə artırılır; əvvəl vəkil üzvlərinin sayı 5 idisə, indi artıq 7 olacaq;
-
Vəkillərin üzərinə yeni öhdəlik qoyulur; bundan sonra vəkillər “Vəkillər Kollegiyası orqanlarının bu Qanuna əsasən müəyyən etdiyi qaydalara əməl etməli və həmin orqanların qəbul etdiyi qərarları icra etməlidir”.
Əhəmiyyətli dəyişiklikləri sadaladıqdan sonra onları, şərti olaraq, 2 istiqamətdə qruplaşdırıb, potensial təsirlərini təhlil etmək etmək ehtiyac yaranır:
-
Vəkillik institutunun peşəkarlığını və müstəqilliyini möhkəmləndirən dəyişikliklər;
-
Vəkillik institutunun peşəkarlığını və müstəqilliyini təhdid edən dəyişikliklər.
Müsbət dəyişikliklər
Müsbət dəyişikliklərə vəkillərin özlərini kassasiya məhkəməsində təmsil etmək imkanını, vəkil ola biləcək şəxslərin siyahısının genişləndirilməsini, vəkil adından qanunsuz istifadə qaydalarının sərtləşdirilməsini, vəkil köməkçilərinə dair məlumatların açıqlığının təmin edilməsini, vəkil sirrinin sərhədlərinin genişləndirilməsini aid etmək olar.
Mülki-Prosessual və Cinayət-Prosessual Məcəllələri kassasiya instansiyası məhkəməsində vəkillərin məcburi iştirakı qaydalarını müəyyən edir. Bu cür imperativ normanın məqsədi kassasiya instansiyasına müraciət edən şəxslərin keyfiyyətli hüquqi yardıma çatımlılığının təmin edilməsidir. Lakin tərəflərin özlərini təmsil etməkdə müstəqilliyini nəzərə alaraq, hüquqi yardım üzrə mütəxəssis olan vəkillərə də bu cür imperativ normanın tətbiq edilməsi lüzumsuz görünürdü. Yeni dəyişiklik bu uyğunsuzluğu aradan qaldırmış olur.
Digər əhəmiyyətli məsələ vəkil adından qanunsuz istifadə qaydalarının müəyyən edilməsidir. Əgər hazırda qüvvədə olan redaksiya vəkil olmayan şəxslərin vəkil adından qanunsuz istifadəsini qadağan edirdisə, yeni redaksiya “vəkil” sözündən və başqa dillərə tərcüməsindən istifadəni sanksiyalaşdırır. Vəkil olmayan şəxslər tərəfindən dələduzluq hallarının yayıldığını nəzərə alaraq, bu dəyişikliyi də müsbət qiymətləndirmək olar. Bu cür halların qarşısını almaq vəkillik institutundan şəffaflığın olmasını da tələb edir. Vəkil köməkçilərinə dair məlumatların reyestrdə yerləşdirilməsini də bu baxımdan dəyərləndirmək mümkündür.
Hazırda qüvvədə olan redaksiyadan fərqli olaraq yeni dəyişiklik vəkil sirlərinin bəlli sərhədlərini genişləndirir, bundan sonra “peşə vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər, hazırladığı hüquqi sənədlər, rəylər və arayışlar, habelə hüquqi yardım üçün müraciət faktı, hüquqi yardım haqqında bağladığı müqavilənin mətni və müqavilənin bağlanılması faktı, müraciətin mahiyyəti” vəkil sirri hesab ediləcək. Vəkil sirrinin pozulması faktları həm vəkillər, həm də Kollegiya tərəfindən paylaşılan hallardır.
Sadalananlar arasında isə bəlkə də ən əhəmiyyətli dəyişiklik vəkilliyə imtahan üçün uyğun ola biləcək şəxslərə dair əsas tələbin yenilənməsidir. Yeni dəyişikliklər hüquq ixtisası üzrə iş stajını üç ildən bir ilə endirir. O cümlədən, artıq elm və təhsil müəssisələrində də hüquqşünaslıq ixtisası üzrə bir ildən az olmayaraq çalışan şəxslər də vəkillik üçün müraciət edə biləcəklər. Hazırkı dövrə görə yerli vəkillik institutunun önəmli problemlərindən biri fərdlərin hüquqi yardıma çatımlılıq məsələsi olaraq qalmaqda davam edir. Ədliyyə Məhkəməsənin Səmərəliliyi üzrə Avropa Komissiyasının statistikasına əsasən, Avropa Komitəsinə daxil olan ölkələr sırasında adambaşına ən az vəkil düşən ölkə məhz Azərbaycanadır; ortalama rəqəmin 100 min sakinə 180 olduğu halda, Azərbaycanda bu rəqəm 23-ə bərabərdir. Çatışmazlıq probleminin həllərindən biri kimi müddətin azadılması uzun müddətdir tövsiyə edilsə də, bu yenilik yalnız indi reallaşır. Lakin ortalama göstəricilərdən sezilən axsamanı nəzərə alaraq, müddətin azaldılmasının nə qədər təsirli olacağı sual altındadır.
Problematik məqamlar
Yeni dəyişikliklər özündə bəzi müsbət məsələləri ethiva etsə də, mətndə potensial olaraq vəkillik institutunun peşəkarlığını və müstəqilliyini təhdid edəcək dəyişikliklər də kifayət qədərdir
Bəzi dəyişikliklər vəkilliyin insitutisional cəhətdən mövcud olan problemlərini daha da genişləndirə bilər. Bu cür dəyişikliklərə Rəyasət Heyətinin (RH) sədrinin iki dəfə seçilmə limitinin aradan qaldırılmasını, RH-nın qərarlarının açıq səsvermə yolu ilə qəbul edilməsini, RH-nə vəkillərin və Kollegiyanın orqanlarını monitorinq etmək səlahiyyətinin verilməsini, intizam tənbehin tətbiq edilmə müddətlərinin uzadılmasını, intizam tənbehlərinin siyahısının genişləndirilməsini, məhkəmə qərarı olmadan vəkilin Kollegiyadan xaric edilməsinin mümkünlüyünü, vəkil orderinin qanunvericiliyə əlavə edilməsini, vəkillərin dövlət orqanlarının mənafelərini müdafiə etəsini və s. misal çəkmək olar.
Bu məqamlar yalnız sadalanan dəyişikliklərin birmənalı olmayan mahiyyətindən deyil, həm də VK-nın institusional problemlərindən qaynaqlanır. 2004-cü ildə Kollegiyanın təşkil olunmasından başlayaraq, insan hüquqları müdafiəçiləri Ənnağı Hacıbəyli və İntiqam Əliyevin tənqidi fikirlərinə görə VK-ya qəbul edilmədikləri faktını pozuntu kimi tanıyan Hacıbəyli və Əliyev Azərbaycana qarşı işindən bu günə qədər yerli və beynəlxalq aktorların vurğuladığı problem VK-nın institusional zəifliyi və arzuedilən dərəcədə müstəqil olmaması ilə bağlıdır. İddia etmək olar ki, bu cür dəyişikliklər VK-nın hazırkı institusional zəifliyini qabarda, təşkilat daxilində hakimiyyət balansının pozulmasına və güc konsolidasiyasına gətirib çıxara bilər.
Bu istiqamətdə ən çox müzakirə olan dəyişikliklər RH sədrinin iki dəfə seçilmə limitinin aradan qaldırılmasıdır. Hazırkı sədr Anar Bağırov ilk dəfə 2017-ci ildə bu vəzifəyə seçilib. Qüvvədə olan qanunvericiliyə əsasən, onun səlahiyyətləri 2027-ci ildə yekunlaşır və bundan sonra o daha sədr üçün namizədliyini irəli sürə bilməyəcəkdi. A.Bağırov sədr olduğu dövrdən media və vəkillər onu müstəqil vəkillərə təzyiqdə, vəkillərin azadlıqlarının məhdudlaşdırılmasında, dövlət orqanlarının xeyrinə favoritizmdə, despotik taktikalarda ittiham edib. Səlahiyyət müddətinin yekunlaşmasına az qalmış qanunvericiliyə belə dəyişikliyin qəbul edilməsi maraq toqquşması barədə əsaslı şübhələr yaradır. Bu cür praktikanı müdafiə edənlər olsa da, Dünya Bankının vəkillərə dair qabaqcıl Avropa ölkələrinin tənzimlənməsi təhlilinə əsasən, sədr vəzifəsində olan şəxslərin seçilmə limitinin mövcud olması yayğın praktikadır. Bu cür yanaşma, hüquqşünas və hakimlərin müstəqilliyinə dair Xüsusi Məruzəçinin icmalına əsasən də kollegiyaların peşə ittifaqları kimi idarəolunmasında demokratiklik və plüralizm prinsipindən irəli gəlir. Seçilmə limitinin aradan qaldırılmasını 2009-cu ildə Konstitusiya referendumuna əsasən dövlət başçısının seçilməsinə olan limitin ləğv edilməsi ilə səsləşdiyini də qeyd etmək olar.
VK-nın institusional vəziyyətinə mənfi təsir göstərə biləcək dəyişikliklər siyahısına Vəkillərin İxtisas Komissiyasında vəkil üzvlərinin sayının artırılması və Kollegiyanın hüquq peşəsi üzrə monopoliyasının gücləndirilməsini də qeyd etmək olar. İlk baxışda adıçəkilən qurumda vəkil üzvlərin artması müsbət dəyişiklik kimi görünsə də, VK-da güc konsolidasiyasını və avtoritar idarəetmə tendensiyanı nəzərə alsaq, vəkillik fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ixtiyari maneələrin artırılması halları güclənə bilər.
Digər bir məqam isə VK-nın qanunvericilikdə qeyri-kommersiya hüquqi şəxs olaraq statusunun istənilən şübhədən kənar qaydada bəlli edilməsidir. VK yarandığı dövrdən, nümayəndəlik institutunun tənqid edilən ləğv edilməsi ilə müşayiət edilərək ölkədə hüquqi təmsilçilik üzrə monopoliyaya malikdir. Bu monopoliya yerli və beynəlxalq qurumlar tərəfindən, habelə, adı yuxarıda çəkilən Hacıbəyli və Əliyev işində də tənqidə məruz qalıb. Hüquqi kolliziya yaradacaq situasiya yaranır, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna əsasən, qeyri-kommersiya təşkilatında üzvlük məcburi olmasa da, hüquqi təmsilçilik funksiyalarının yerinə yetirilməsi üçün vəkil mütləq şəkildə qeyri-kommersiya təşkilatı olan Kollegiyaya üzv olmalıdır. Qanunvericilikdən bu kolliziyanın və tənqid edilən monopoliyanın aradan qaldırılması əvəzinə dəyişikliklər (VK-nın bütün vəkillərin daxil olduğu vahid qurum kimi fəaliyyət göstərməsinin müəyyən edilməsi) status-kvonu daha da gücləndirir.
Kollegiya daxilində güc konsolidasiyasına təsir edən dəyişikliklər siyahısına RH-nın qərarlarının açıq səsvermə yolu ilə qəbul edilməsi, RH-ya vəkillərin və Kollegiyanın orqanlarını monitorinq etmək səlahiyyətinin verilməsini də aid etmək olar. Qanunvericiliyə əsasən, RH VK-nın icraedici orqanı olaraq geniş miqyaslı səlahiyyətləri yerinə yetirir. RH daxilində açıq səsvermənin həyata keçirilməsi orqanın kollegial mahiyyətini təhlükəyə ataraq təkbaşçı orqana çevirə bilər. Venesiya Komissiyasının Seçki Məsələlərində Yaxşı Praktikalara dair Təlimatı seçkilərin açıq yox məhz gizli səsvermə prinsipinə əsasən keçirilməsini məsləhət bilir. Komissiyanın mövqeyinə əsasən, gizli səsvermə seçici azadlığı və individuallığını mühafizə etməyə yönəlib.
Monitorinqə gəlincə, qanunvericilik monitorinqin necə apararılacağını, hansı məsələləri əhatə edəcəyini bəlli etmir. Birləmiş Milllətlər Təşkilatının Hüquqşünasların Roluna dair Əsas Prinsipləri, Avropa Şurasının Nazirlər Komitəsinin Hüquşünasların Müstəqiliyyinə dair Tövsiyələri, Avropa Vəkillər Kollegiyaları Şurasının Əsas Prinsiplərə dair Nizamnaməsi kimi vəkillərin fəaliyyətinə dair regional və beynəlxalq sənədlərdə vəkillərin fəaliyyətinin müstəqilliyi fundamental prinsip kimi ehtiva edilir. Monitorinq prosedurunun qanunvericiliyə daxil edilməsi və tənzimlənməsində boşluqların mövcud olması vəkillərin müstəqilliyinə müdaxilələrin baş verəcəyi təhlükəsinə yol açır.
Vəkillərin müstəqilliyinə əngəl yaradacaq daha bir dəyişiklik vəkil qurumlarının təsis edilməsi qaydalarının çətinləşdirilməsidir. Qüvvədə olan qanunvericiliyə əsasən, təsis edilmiş qurumun fəaliyyəti təşkilati-hüquqi forma üzrə qurumun dövlət qeydiyyatından keçməsindən sonra başlanır. Dəyişikliyə əsasən isə, dövlət qeydiyyatından əlavə təsis edilmiş qurumun VK üzvlərinin ümumi yığıncağının (konfransının) müəyyən etdiyi qaydalara əsasən təsis edilməsi, qaydalara uyğunluğun isə VK RH tərəfindən yoxlanılmasıdır. Qaydaların müəyyən edilmədiyini və VK RH-nın verə biləcəyi qərarın subyektivliyə açıq olmasını nəzərə alsaq, vəkil qurumlarının təsis edilməsi və fəaliyyəti çətinləşə bilər.
Vəkillərin müstəqilliyinə potensial olaraq, ən böyük zərbə vura biləcək addımlardan biri qanunvericilikdə “peşə fəaliyyəti” anlayışının “vəkillik fəaliyyəti” anlayışı ilə əvəz edilməsidir. Bu dəyişikliyin müsbət olmayan mahiyyəti bundan ibarətdir ki, vəkilin fəaliyyəti onun peşəsindən irəli gələn hüquqların yerinə yetirilməsi ilə deyil, konkret fiziki və hüquqi şəxsi müdafiə etməyə yönəlmiş müqavilə ilə məhdudlaşdırıla bilər. Bu cür məhdudlaşdırılma tendensiyasını dəyişikliklərə əlavə edilmiş “vəkil sorğusu” məfhumu vasitəsilə nümunə göstərmək olar; dəyişikliyə əsasən vəkil bu cür sorğunu “vəkillik fəaliyyəti” ilə əlaqədar verə bilər. Yeni redaksiyada vəkillərin fəaliyyəti formal təmsilçilik və müdafiəyə daha həssas olmaq təhlükəsindədir.
Digər bir dəyişiklik intizam tənbehləri ilə əlaqədardır. Bu istiqamətdə ən diqqətəlayiq dəyişiklik vəkilin Kollegiyadan xaric edilməsinə dair məhkəmə qərarı tələbinin ləğv edilməsidir. Vəkilin Kollegiyadan xaric edilməsi ona tətbiq edilə bilən ən sərt intizam tənbehidir. Yuxarıda qeyd edildiyi kimi, uzun illərdir müxtəlif səbəblərə görə vəkillər Kollegiyadan xaric olunma halları və təhlükəsi ilə üzləşməli olurlar. Venesiya Komissiyasının Slovakiya Respublikasına dair verdiyi Rəyə əsasən, bu cür intizam tənbehinin icra edilməsi zamanı məhkəmə instansiyasının səlahiyyətli olması arzuolunandır, çünki ixtiyari qərarlara qarşı məhkəmə qarantiya mexanizmi kimi çıxış edir. İntizam tənbehlərinin və Kollegiyadan xaric edilmələrin insan hüquqları üzrə vəkillərə qarşı sui-istifadə presedentlərini nəzərə alsaq, bu dəyişiklik təhlükəli praktikaya yol aça bilər.
Başqa bir problematik dəyişiklik Vəkillərin İntizam Komissiyası ilə əlaqədardır. Əgər hazırda qüvvədə olan redaksiyada Komissiyanın fəaliyyəti “vəkillər tərəfindən peşə vəzifələrinin həyata keçirilməsi ilə bağlı yol verilən intizam pozuntularına dair” məsələlərin həll edilməsi ilə başlayırdısa, indi bu fəaliyyət daha geniş təfsir edilə bilən “vəkillər barəsində verilən” istənilən şikayət və müraciətləri əhatə edəcək. Bu isə, ehtimal olaraq, o anlama gəlir ki, Komissiya artıq intizam icraatına konkret olaraq peşə fəaliyyəti pozuntuları əsasında deyil, daxil olmuş istənilən məzmunlu hər bir şikayət və müraciətlə bağlı başlaya bilər. VK-nın intizam icraatına dair qeyri-şəffaf və ixtiyari yanaşmasını nəzərə alaraq, dəyişiklik sui-istifadə hallarına yol aça bilər.
Azərbaycanda vəkillərin Kollegiyadan xaric edilməsi praktikası yerli və beynəlxalq insan hüquqları təsisatları tərəfindən davamlı olaraq tənqidə məruz qalıb. Yaxın günlərdə Avropa İnsan Hüquqları Məhkəməsinin İmanov Azərbaycana qarşı işində qət etdiyi qərar bu problemin, əsasən də, siyasi cəhətdən həssas olan işlərdə vəkillik edən şəxslərə qarşı nə qədər yayğın olduğunu növbəti dəfə təsdiq edir. Əsassız olaraq vəkillikdən xaric edilmə işləri hazırda AİHM-in icra mexanizmləri tərəfindən Namazov qrupu işi olaraq tanınır və özündə qanunvericiliyin təkmilləşdirilməsinə dair tövsiyələri ehtiva edir. Bu tövsiyələr çərçivəsində Hökumətə intizam tənbehlərinə dair geniş tətbiq edilmə əsaslarının konkretləşdirilməsi, tənbeh tətbiq edilən şəxslərin intizam icraatı ilə bağlı məlumatlandırılması və iştiraklarının təmin edilməsinə dair məsələlərin qanunvericiliyə əlavə edilməsi tövsiyə edilsə də, dəyişikliklər bu prinsipləri təqdim etmək əvəzində ixtiyari qərarlara yol açan yeniliyi qanunvericiliyə əlavə edir.
Bu istiqamətdə intizam tənbehləri ilə əlaqədar dəyişikliklər vəkillərin fəaliyyəti üçün çəkindirici xarakter daşıya bilər. Onlardan biri də üzvlük haqqının 10 misli həcmində cərimədir.
Hazırda üzvlük haqqı regionlarda fəaliyyət göstərən vəkillər üçün 50 manat, Kollegiyaya yeni qəbul olunmuş vəkillər üçün fəaliyyətlərinin ilk ilində 40 manat və Bakı şəhərində fəaliyyət göstərən vəkillər üçün isə 60 manat olaraq müəyyən edilib. Bu isə vəkillərə tətbiq edilən cərimənin 500-600 manat civarında olacağı deməkdir. Digər tərəfdən, dəyişikliklərlə intizam icraatı ilə bağlı araşdırma müddətinin 1 aydan 3 aya qaldırılması, bu müddətin əlavə daha 3 ay artırılması imkanının verilməsi, intizam icraatının proseduru ilə yuxarıda vurğulanan problemləri nəzərə alaraq, potensial olaraq, vəkilə peşə fəaliyyəti ilə məşğul olmaq əvəzinə qeyri-şəffaf və ləng icraatda iştirak etməsi məcburiyyəti yaradacaq. Ümumilikdə, dəyişikliklərdə intizam tənbehlərinin sərtləşdiyini müşahidə etmək mümkündür. Dəyişikliklə hazırda qüvvədə olan redaksiyadan daha yumşaq “irad tutma” tənbeh növü çıxarılaraq, daha sərt “xəbərdarlıq”la əvəz edilir, əvvəl mövcud olmayan cərimə tənbeh növü əlavə edilir, vəkil etikasına dair tələblərin üç dəfədən artıq pozulmasına görə fəaliyyətin dayandırılması səlahiyyəti qeyd edilir, üzvlükdən xaric edilmə mümkün sayılır.
Azərbaycanda vəkillik praktikasına dair mütəmadi vurğulanan problemlərdən biri keyfiyyətli hüquqi yardıma çatımlılıqla bağlıdır. Bu cür əngəlin yaranmasına əsas səbəblərdən biri xidmətlərin bahalığı ilə əlaqədardır. Dəyişikliklər, daha konkret olaraq, vəkil orderi anlayışının qanunvericiliyə əlavə edilməsi bu problemi həll etmək əvəzinə daha da aktuallaşdırır. Kollegiyanın 20 ildən çox mövcud olmasına baxmayaraq vəkil orderi yalnız bu dəyişikliklər vasitəsilə qanunvericiliyə əlavə edilir. Vəkil orderi anlayışı təmsilçilik səlahiyyətlərinin təsdiq edilməsindən irəli gəlsə də, praktikada bu cür səlahiyyətləri ayrıca təsdiq edən etibarnamə də mövcuddur. 2016-cı ildən başlayaraq orderlərə görə tətbiq olunan ödənişlər illərlə vəkil xidmətlərinin qiymətinin artmasına və əlçatanlığının azalmasına səbəb olub; order, habelə, Kollegiyaya vəkil xidmətlərinin qiymətlərini artırmağa imkan yaradır. Hazırda bir vəkil orderinin qiyməti 325-350 manat arasında dəyişir, ölkədə minimum əmək haqqının 400 manat olduğunu nəzərə alsaq, orderin qiymətinin vəkil xidmətlərinin bahalığına təsir etməsi məntiqlidir. Vəkil orderi məfhumunun institusionallaşması habelə Konstitusiyanın ödənişsiz hüquqi yardım almaq hüququnu müəyyən edən 61-ci maddəsi ilə də ziddiyət təşkil edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci və Mülki-Prosessual Məcəllənin 67-1-ci maddələri ödənişsiz hüquqi yardım almaq hüququ olan şəxslərin siyahısını, Nazirlər Kabinetinin qərarı bu cür ödənişlərin ödənilməsi üsulunu tənzimləyir. Ödəniş vəkilin göstərdiyi xidmətlərin saatbaşı hesablanmasını nəzərdə tutur, yəni orderin ödənişi bu xidmətlərə daxil deyil. Nəticə etibarilə, ödəniş imkanları məhdud şəxslər üçün nəzərdə tutulmuş “pulsuz” hüquqi yardım üçün minimum əmək haqqına yaxın məbləğdə ödəniş etməli olurlar.
Dəyişikliklərə əsasən vəkillərin öhdəliklərinə dövlət orqanlarının mənafelərinin müdafiə edilməsi müddəası əlavə edilir. Bu redaktənin mahiyyətini anlamaq və qəbul etmək müəyyən çətinlik yaradır. Dəyişikliyə qədər də vəkillər dövlət orqanlarının mənafelərini müxtəlif instansiyalarda müdafiə edirdilər. Dövlət orqanlarının bu cür yardıma ehtiyac olması vacib sual doğurur, çünki adətən hər dövlət strukturunun özünün ayrıca hüquqşünas ştatları və müvafiq şöbələri mövcud olur. Bu hallarda vəkillərin cəlb edilməsi korrupsiya xarakterli sövdələşmələrin və büdcə israfçılığının mövcudluğu haqda əsaslı şübhələr yaradır. Digər tərəfdən, bu cür ifadələrin qanunvericiliyə əlavə edilməsi vəkilliyin dövlət maraqlarını müdafiə edən qurum olmasına dair ictimai ismarıcı da nümayiş etdirir.
Yekun olaraq vurğulanmalı məsələ qanunvericiliyə dəyişikliklərin hazırlanması və təqdim edilməsi proseduruna dairdir. Bu layihənin hazırlanması çərçivəsində açıq mənbələrdə vəkillərin iştirakı ilə hansısa formada konsultasiyaların keçirilməsinə dair məlumat mövcud deyil. Qanunvericiliyə dəyişiklik layihəsi oktyabrın 10-da Milli Məclisə təqdim edilib, cəmi 21 gün ərzində isə üç oxunuşdan heç bir geniş müzakirə olmadan keçirilib. 2018-ci ildən fərqli olaraq qanun layihəsinin icmal üçün hüquqşünas və hakimlərin müstəqilliyinə dair Xüsusi Məruzəçiyə və ya bir neçə dəfə digər ölkələrin bu cür qanunvericilik təşəbbüslərinə münasibət bildirmiş Venesiya Komissiyasına göndərilməsi ilə bağlı da heç bir məlumat yoxdur. Vəkillərin fəaliyyətinin hüququn aliliyi ilə əlaqəsini nəzərə alsaq, yeni qanunvericilik layihəsində yerli və beynəlxalq praktikanın əhatə edilməsi, çatışmazlıqların aradan qaldırılması üçün iştirakçılıq və konsultasiya elementlərinin mövcudluğu məqsədəuyğun olardı.
“Tribunat” yekun olaraq bildirir ki, “Vəkillər və vəkillik fəıaliyyəti haqqında” Qanuna yeni dəyişikliklərdə bəzi pozitiv məqamlar mövcud olsa da, ümumilikdə, bir çox dəyişikliklər vəkillik institutunun müstəqilliyinə və peşəkarlığına xələl gətirmək potensialına malikdir. Azərbaycanda vəkilliyin zəif institusional təməllərini nəzərə alsaq, bir çox dəyişikliklərin çatımazlıqları aradan qaldırmaq əvəzinə problemi daha da qabarda və kəskinləşdirə biləcəyi ehtimal ediləndir. Dəyişikliklər Kollegiyada güc konsolidasiyasına, vəkillərin müstəqilliyinin azalmasına, vəkillərin intizam tənbehi tədbirlərinin sərtləşməsinə, vəkil xidmətlərinin isə stabil olaraq yüksək qalmasına və s. gətirib çıxara bilər.
Vəkillər Kollegiyasının fəaliyyətinin əsasları təkmilləşdirilir; https://azertag.az/xeber/vekiller_kollegiyasinin_fealiyyetinin_esaslari_tekmillesdirilir-3797339
Vəkillər Kollegiyası sədrinin təkrar seçilməsinə qoyulan məhdudiyyət ləğv edilib; https://abzas.org/en/2025/10/vkillr-kollegiyas-sdrininbfac0af6-d
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında; https://www.meclis.gov.az/news.php?id=6302&lang=az
The final nail in the coffin for human rights lawyers in Azerbaijan?; https://oc-media.org/the-final-nail-in-the-coffin-for-human-rights-lawyers-in-azerbaijan
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə; https://meclis.gov.az/news-layihe.php?id=2522
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi; https://e-qanun.az/framework/46945#_edn105
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi; https://e-qanun.az/framework/46950
VəkillərKollegiyası: “Özünü vəkil kimi təqdim edən qadın Kollegiyanın üzvü deyil”; https://pravda.az/news/134313
Vəkilə etibar olunmuş sirlər. Onlar necə qorunur?; https://www.meydan.tv/az/article/vekile-etibar-olunmus-sirler/?tztc=1
Anar Bağırovdan MÜRACİƏT; https://pravda.az/news/112142
Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının 2024-cü il üçün Qiymətləndirmə Hesabatı; https://rm.coe.int/cepej-evaluation-report-2024-general-analyses/1680b1e91d
Commissioner for Human Rights of the Council of Europe, Dunja Mijatović, Report Followıng Her Visit to Azerbaıjan, From 8 to 12 July 2019; https://rm.coe.int/report-on-the-visit-to-azerbaijan-from-8-to-12-july-2019-by-dunja-mija/168098e108
OSCE Office in Baku, ABA-CEELI,Report on the Situation of the Lawyers in Azerbaijan; https://legislationline.org/sites/default/files/documents/d8/OSCE_Azerbaijan_Report_Situation_Lawyers_2005_en.pdf
Hacıbəyli və Əliyev Azərbaycana qarşı; https://hudoc.echr.coe.int/fre?i=001-182173
The Bar and Lawyers in Azerbaijan, International Bar Association Human Rights Institute; https://www.ibanet.org/document?id=IBAHRI-The-Bar-and-Lawyers-in-Azerbaijan-English
Defenceless Defenders: Systemic Problems in the Legal Profession of Azerbaijan; ICJ MissionReport 2016; https://www.icj.org/wp-content/uploads/2016/11/Azerbaijan-Systemic-problems-Legal-Prof-Publications-Reports-Mission-reports-2016-ENG.pdf
Vəkillər Kollegiyasına yeni sədr seçildi; https://www.meydan.tv/az/article/vekiller-kollegiyasina-yeni-sedr-secildi
Zabil Qəhrəmanovun fəaliyyəti dayandırıldı, sonra saxlanıldı: Vəkillərə qarşı təzyiqlərin yeni mərhələsi?; https://www.meydan.tv/az/article/zabil-qəhrəmanovun-fəaliyyəti-dayandirildi-sonra-saxlanildi-vəkillərə-qarsi-təzyiqlərin-yeni-mərhələsi
Anar Bağırovun cəza xəbərdarlığı vəkillərin ifadə azadlığı kontekstində; https://www.meydan.tv/az/article/anar-bagirovun-cəza-xəbərdarligi-vəkillərin-ifadə-azadligi-kontekstində
Anar Bağırov: Hər hansı vəkil prokurorluğun gördüyü işdən çox iş görə bilməz; https://www.meydan.tv/az/article/anar-bagirov-her-hansi-vekil-prokurorlugun-gorduyu-isden-cox-gore-bilmez
Vəkillər Kollegiyası beynəlxalq aksiyaya görə vəkillərdən imza tələb edib?; https://www.meydan.tv/az/article/vekiller-kollegiyasi-beynelxalq-aksiyaya-gore-vekillerden-imza-teleb-edib
Comparative Analysis of Bar Associations and Law Societies in Select European Jurisdictions; https://documents1.worldbank.org/curated/en/512071511257170449/pdf/Comparative-analysis-of-bar-associations-and-law-societies-in-select-European-jurisdictions.pdf
Item 74 (b) of the provisional agenda* Promotion and protection of human rights: human rights questions, including alternative approaches for improving the effective enjoyment of human rights and fundamental freedoms; Report of the Special Rapporteur on the independence of judges and lawyers; https://docs.un.org/en/A/73/365
2009-cu il martın 18-də keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və yekunların elan edilməsi barədə Mərkəzi Seçk (Referendum) Komissiyasının Qərarı; https://e-qanun.az/framework/16448
“Nümayəndəlik institutunun ləğvi 8 minədək insanı işsiz qoyacaq, məhkəmələrdə xaos yaradacaq” - DEPUTAT; https://modern.az/az/news/147643
Venesiya Komissiyasının Seçki Məsələlərində Yaxşı Praktikalara dair Təlimatı; https://www.venice.coe.int/files/Code%20de%20conduite_GBR%202025_WEB_A5.pdf
Birləmiş Milllətlər Təşkilatının Hüquqşünasların Roluna dair Əsas Prinsipləri; https://www.ohchr.org/en/instruments-mechanisms/instruments/basic-principles-role-lawyers
Avropa Şurasının Nazirlər Komitəsinin Hüquşünasların Müstəqiliyyinə dair Tövsiyələri; https://www.icj.org/wp-content/uploads/2014/10/CoE-rec200021-freedom-exercise-profession-lawyer.pdf
Avropa Vəkillər Kollegiyaları Şurasının Əsas Prinsiplərə dair Nizamnaməsi; https://www.ccbe.eu/fileadmin/speciality_distribution/public/documents/DEONTOLOGY/DEON_CoC/EN_DEON_CoC.pdf
European Commission for Democracy Through Law; Slovak Republic; Opinion on Two Questions Regarding the Organisation of The Legal Profession and The Role of The Supreme Administrative Court in The Disciplinary Proceedings Against Lawyers; https://www.venice.coe.int/webforms/documents/default.aspx?pdffile=CDL-AD(2021)042-e
İmanov Azərbaycana qarşı; https://hudoc.echr.coe.int/fre?i=001-245077
Namazov qrupu işləri; https://hudoc.exec.coe.int/?i=004-55353
Rule 9(2) submission to the Committee of Ministers of the Council of Europe concerning the implementation of the Namazov v Azerbaijan group of cases (Appl. No. 74354/13); https://iphronline.org/wp-content/uploads/2024/05/rule-92-submission-namazov-v-azerbaijan-group.pdf
Prokurorluğa və vəkilliyə qəbulun qanunda izahı; https://qanunlar.az/prokurorluga-ve-vekilliye-qebulun-qanunda-izahi/#7vəkil-maasi
Vəkil tutmaq istəyənlərin xərci artacaq; https://www.meydan.tv/az/article/vekil-tutmaq-isteyenlerin-xerci-artacaq
Vəkillərə '300 manatdan az olmaz' tapşırığı verilibmi...; https://www.azadliq.org/a/vekil-muqavile-qiymet/32797931.html
İşçilərin minimum əməkhaqqı 2025-ci il yanvarın 1-dən 400 manatdan az ola bilməz; https://sosial.gov.az/media/xeberler/iscilerin-minimum-emekhaqqi-2025-ci-il-yanvarin-1-den-400-manatdan-az-ola-bilmez
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi; https://e-qanun.az/framework/46945
Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı; https://e-qanun.az/framework/2641
Sahil Babayevin ƏƏSMN-nin 39 saylı vəkil bürosunda ŞOK CİNAYƏT- Konstitusiyaya zidd olan əmr, verilən 2 saxta etibarnaməni NAZİR MÜAVİ ANAR KƏRİMOV necə imzalayıb?!; https://paytaxt.org/manshet/2986-sahil-babayevin-eesmn-nin-39-sayli-vekil-burosunda-shok-cinayet-konstitusiyaya-zidd-olan-emr-verilen-2-saxta-etibarnameni-nazir-muavi-anar-kerimov-nece-imzalayib.html
Osman Gündüzün “Feysbuk” sosial şəbəkə hesabından çıxarış; https://www.facebook.com/multimediaosman/posts/borca-görə-iki-dövlət-qurumu-məhkəmədə-çəkişir-xərci-isə-vətəndaş-ödəyir-ağlasığ/1323606939326396
12 January 2018 – Amendments to the Act on Bar of 27 January 2000 and other laws undermining access to justice and the independence of the legal profession; https://www.ohchr.org/sites/default/files/Documents/Issues/IJudiciary/Communications/OL-AZE-1-2018.pdf