Qurbanov Azərbaycana qarşı işi
7 sentyabr 2023-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi “Qurbanov Azərbaycana qarşı” işi (Case of Gurbanov v. Azerbaijan (Application no. 10616/17)) üzrə qərarını elan edib.
“Tribunat” bu işin qısa icmalının tərcüməsini təqdim edir.
İşin halları
Ərizəçi İlqar Şixəli oğlu Qurbanov Azərbaycan vətəndaşıdır. 1959-cu ildə anadan olub və Bakıda yaşayır. Ərizəçi iddiaçı olduğu inzibati iş üzrə yekun kassasiya iclası barədə ona gec məlumat verildiyi iddiası ilə 6-cı maddə altında Məhkəməyə şikayət edib.
Ərizəçi Xarici İşlər Nazirliyindən işdən azad edilməsi ilə bağlı məhkəmə iddiası qaldırıb.
Ali Məhkəmədə 25 may və 24 iyun 2016-cı il tarixlərində keçirilməli olan dinləmələr təxirə salınıb və 5 iyul 2016-cı il tarixli sonuncu iclasda ərizəçinin kassasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarılıb. Nə ərizəçi, nə də onun nümayəndəsi bu proseslərdə iştirak edib. Ərizəçinin təqdim etdiyi zərfin surəti təsdiq edir ki, 5 iyul 2016-cı il tarixli yekun dinləmə iclası ilə bağlı 24 iyun 2016-cı il tarixli çağırış vərəqəsi prosesdən 7 gün sonra - 12 iyul 2016-cı il tarixində ona çatdırılıb.
Məhkəmənin qərarı
Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğu iddiası
Ərizəçi şikayət edib ki, ona gec məlumat verildiyi üçün Ali Məhkəmənin yekun iclasında iştirak edə bilməyib və buna görə də onun Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ pozulub.
Hökumət bildirib ki, Ali Məhkəmə üç iclas keçirsə də, onlardan ikisi təxirə salınıb və ərizəçi yalnız yekun dinləmə ilə bağlı gecikmiş bildirişdən şikayət edib. Hökumətin fikrincə, bu, ərizəçinin dinləmələr barədə lazımi qaydada məlumatlandırıldığını, lakin bilərəkdən iclaslarda iştirak etmədiyini nümayiş etdirir. Hökumət iddia edib ki, ərizəçi və onun vəkili birinci və apellyasiya məhkəmələrindəki proseslərdə iştirak ediblər. Ali Məhkəmə işin faktlarını araşdırmayıb və yalnız hüquqi qiymətləndirmə aparıb, buna görə də Ali Məhkəmədəki proseslər hətta onların iştirakı olmadan da ədalətli aparılıb. Daha sonra Hökumət qeyd edib ki, ərizəçinin təqdim etdiyi zərfin surətindəki poçt markası onun həqiqiliyinə dair ciddi şübhələr yaradır. Nəhayət, Hökumət bildirib ki, ərizəçinin yekun dinləmədə iştirak etməməsi onun vəziyyətinə təsir göstərə biləcək əlverişsizliyə səbəb olmayıb, çünki cavabdeh də həmin iclasda iştirak etməyib.
Ərizəçi Hökumətin dəlilləriniı qəbul etməyib və şikayətini müdafiə edib.
Məhkəmə qeyd edib ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinin mənasında açıq-aşkar əsassız və ya hər hansı digər əsaslara görə qəbuledilməz deyil. Buna görə də o, qəbuledilən elan edilməlidir.
Qərarda yazılır ki, İnzibati Prosessual Məcəllənin (İPM) həmin vaxt qüvvədə olan 96.4-cü maddəsi kassasiya şikayəti qəbulolunan elan ediləndə Ali Məhkəmədən bütün işlərdə şifahi dinləmə keçirməyi tələb edirdi.
İPM-nin 62-ci maddəsinə əsasən, yerli məhkəmələr şifahi dinləmənin keçiriləcəyi tarixdən ən azı 10 təqvim günü əvvəl tərəflərə çağırış vərəqələri göndərmək öhdəliyi daşıyırlar.
Doğrudur ki, kassasiya icraatında Ali Məhkəmə sübutları araşdırmır və işin faktlarını qiymətləndirmir, hüquqi qiymətləndirmə aparır.
Bununla belə, müvafiq vaxtda İPM proses tərəflərinin öz arqumentlərini şifahi şəkildə təqdim etmək hüququnu təsbit edib. Bunu nəzərə alaraq, Hökumət iddia edə bilməz ki, kassasiya instansiyası məhkəməsi yalnız hüquq məsələləri ilə məşğul olduğu üçün məhkəmə iclası barədə ərizəçini və onun vəkilini məlumatlandırmaq öhdəliyi yox idi.
Ali Məhkəmənin işə baxılmasını nə üçün iki dəfə təxirə salması iş materiallarından tam aydın deyil. Tərəflər dinləmə protokollarının surətlərini təqdim etməyiblər və ərizəçi bununla bağlı heç bir təqdimat etməyib.
Məhkəmə bildirir ki, 5 iyul 2016-cı il tarixli qərarında Ali Məhkəmə qeyd edib ki, həmin gün keçirilən məhkəmə iclası barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəməyə gəlməyiblər. Bununla belə, ərizəçinin təqdim etdiyi zərfin nüsxəsindən görünür ki, Ali Məhkəmənin yekun iclasına çağırış vərəqəsi artıq dinləmə baş tutandan sonra onun vəkilinə çatdırılıb.
Hökumət bildiriş məktubunun gec çatdırılmasını göstərən zərfin həqiqiliyinə şübhə ilə yanaşsa da və 24 iyun 2016-cı ildə verilmiş çağırış vərəqəsinin surətini təqdim etsə də, Məhkəmə qeyd edib ki, sonuncunun poçt möhürü vurulmayıb və faktiki olaraq ərizəçiyə və ya onun vəkilinə vaxtında çatıdrıldığına dair başqa sübut da yoxdur.
Bildirişlə bağlı hər hansı sübut olmadığından, Məhkəmə ərizəçinin yekun kassasiya iclasının tarixi və yeri barədə məlumatlı olmadığı və bunun onun prosesdə iştirak etmək və öz hüquqlarını müdafiə etməsinə mane olması barədə iddialarını qəbul edib.
Məhkəmə, Ali Məhkəmədəki icraatın ədalətlilik tələbinə cavab vermədiyini və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusunu yaratdığını tanıyıb.
Konvensiyanin 41-ci maddəsinin tətbiqi
Ərizəçi mənəvi ziyana görə 20.000 (iyirmi min) avro tələb edib. Hökumət isə ərizəçinin iddiasının əsassız və həddindən artıq olduğunu bildirib.
Məhkəmə hesab edib ki, ərizəçi mənəvi zərərlə üzləşib və bu zərəri yalnız pozuntunun müəyyən edilməsi ilə kompensasiya etmək mümkün deyil. Buna görə də kompensasiya təyin edilməlidir. Bununla belə, tələb olunan məbləğ həddindən artıqdır. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli əsaslarla qiymətləndirmə apararaq, Məhkəmə ərizəçiyə 1.000 (min) avro məbləğində, üstəgəl həmin məbləğdən tutula biləcək istənilən vergi üçün məbləğ təyin edib.
Ərizəçi xərclər və məsrəflərlə bağlı iddia irəli sürməyib.
Qərarla daha ətraflı bu linkdən tanış ola bilərsiniz: