Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 35-ci maddəsinin VI hissəsi baxımından Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndinin həmin Məcəllənin 208-ci maddəsi ilə və İnzibati Xətalar Məcəlləsinin 43.4, 128.2.3 və 129.1.4-cü maddələri əlaqəli şərhinə dair qərar qəbul edib.
Bu maddələrin şərhi üçün müraciət edən Şəki Rayon Məhkəməsi olub.
Müraciətə əsasən, Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin zabitinin hərbi hissənin ərazisində yerləşən idman şəhərciyində təlim-idman qurğusunun taxtasının yenilənməsi ilə bağlı işlərin görülməsi ilə əlaqədar verdiyi göstərişin icrası zamanı əsgər E.Əliyev dərəcəsi təyin edilməyən xəsarət alıb. Əməldə Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib.
Bundan sonra Zaqatala hərbi prokuroru tərəfindən İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması əsası ilə inzibati xəta haqqında iş üzrə icraat başlayıb və qərar müvafiq materiallarla birlikdə baxılması üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala Regional Şöbəsinə göndərilib.
Regional Şöbə isə 15 mart 2023-cü il tarixli qərarı ilə Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndi əsas götürülməklə İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verib.
Zaqatala rayon prokuroru həmin qərardan Şəki Rayon Məhkəməsinə protest verib.
Prokurorun müraciəti göstərilən normalar arasında ziddiyyətə görə təcrübədə qeyri-müəyyənliyin yaranması ilə bağlı olub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 43.4-cü maddəsi ilə hərbi qulluqçular tərəfindən törədilmiş inzibati xətaya dair işlərə hərbi məhkəmələr tərəfindən baxılması müəyyən olunub. Lakin həmin Məcəllənin 129.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından verilən şikayət və ya protestin rayon (şəhər) məhkəmələrinə verilməli olması təsbit edilib.
Həmçinin müraciətdə qeyd olunub ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndi ilə həmin Məcəllənin hərbi qulluqçulara şamil edilmədiyi təsbit olunub. Lakin Məcəllənin 208-ci maddəsinə görə, əməyin mühafizəsi normaları və qaydaları müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuların çalışdıqları bütün iş yerlərində tətbiq edilməlidir.
Müraciətedən hesab edib ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndi həmin Məcəllənin 208-ci maddəsi və Konstitusiyanın 35-ci maddəsinin V hissəsi ilə ziddiyyət təşkil etdiyindən, qeyd olunan maddələrin əlaqəli şəkildə şərh edilməsinə zərurət yaranıb.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, Əmək Məcəlləsinin hərbi qulluqçulara şamil olunmaması hərbi xidmətin dövlət qulluğunun xüsusi növü olmaqla əmək fəaliyyətinin digər növlərindən əhəmiyyətli dərəcədə fərqlənməsindən, hərbi qulluqçuların xidməti fəaliyyəti ilə əlaqədar müvafiq dövlət orqanı ilə onlar arasında əmək müqaviləsinin bağlanmamasından, Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş əmək (işçi-işəgötürən) münasibətlərinin yaranmamasından irəli gəlir.
Plenum bildirib ki, hərbi qulluqçular qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, hərbi xidmətdə nəzərdə tutulmayan işlərə, vəzifələrin icrasına cəlb edilərkən onlar cəlb olunduqları iş yerlərində (müəssisələrdə) faktiki olaraq müəssisənin işçiləri ilə eyni status əldə etmiş olurlar. Məhz buna görə də qanunverici Əmək Məcəlləsinin 208-ci maddəsi ilə əməyin mühafizəsi normaları və qaydalarının tətbiq edildiyi iş yerlərinin dairəsini müəyyən edərkən müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuların çalışdıqları bütün iş yerlərində bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əməyin mühafizəsi normaları və qaydalarının hökmən tətbiq edilməli olduğunu təsbit edib.
Sonda Məhkəmə aşağıdakı nəticəyə gəlib.
- Konstitusiyanın 35-ci maddəsinin VI hissəsinin tələbləri baxımından Əmək Məcəlləsinin 208-ci maddəsinə əsasən həmin Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əməyin mühafizəsi normaları və qaydalarının hərbi qulluqçulara münasibətdə onların məhz müəssisələrdə işə cəlb edildiyi halda tətbiq olunması Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndi ilə ziddiyyət təşkil etmir;
- İnzibati Xətalar Məcəlləsinin 128.2.3 və 129.1.4-cü maddələrinin tələbinə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barəsində inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir.
Qərarın tam mətni ilə buradan tanış olun.