Tribunat Konstitusiya Məhkəməsi Plenumunun 12 sentyabr 2023-cü ildə ov hüququ olmayan şəxslə bağlı verdiyi şərhi qısa versiyada hazırlayıb.
T.Şükürlü icazəsi olmadan “Qızılağac Milli Parkı”nda ov edib. Bununla əlaqədər 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 28 noyabr 2022-ci ildə inzibati xəta haqqında protokol tərtib edib və baxılması üçün məhkəməyə göndərib.
Lənkəran Rayon Məhkəməsi 25 yanvar 2023-cü ildə qəbul etdiyi qərarla T.Şükürlünü inzibati xəta törətməkdə təqsirli bilib, onun ov silahı müsadirə edilməklə 6 ay müddətinə ov hüququna məhdudiyyət qoyub.
Lakin qərarın əsas inzibati tənbehə dair hissəsindən 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilib.
Şirvan Apelyasiya Məhkəməsi xüsusi hüquq (ov hüququ) verilməmiş fiziki şəxslərlə bağlı praktikanın müxtəlif olduğunu əsas gətirərək Konstitusiya Məhkəməsindən İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqədər şərh etməsini xahiş edib.
İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə görə ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.
Həmin Məcəllənin 27.1-ci maddəsində isə qeyd olunub ki, fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır.
Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 152 və 153-cü maddələri fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərarın icrası və xüsusi hüququn məhdudlaşdırılması müddətinin hesablanması qaydalarını tənzimləyir.
Belə ki, Məcəllənin 152.4-cü maddəsinə əsasən ov hüququnun məhdudlaşdırılması ilə bağlı qərarı müvafiq icra hakimiyyəti həyata keçirir. Həmçinin 153.2 və 153.3-cü maddələrində qeyd olunur ki, bu hüququn məhdudlaşdırılması ilə bağlı qərar qanuni qüvvəyə minəndən sonra fiziki şəxs onun ov etmə hüququnu təsdiq edən müvafiq sənədi aiddiyyatı orqana təqdim etməlidir. Əgər həmin sənədi itirərsə yenə də 3 gün ərzində müvafiq icra hakimiyyətinə ərizə ilə müraciət etməlidir. Fiziki şəxs həmin sənədi təqdim etmədikdə xüsusi hüququn məhdudlaşdırılması ilə bağlı nəzərdə tutulan vaxtın axımı dayanır.
Müraciətedən qeyd edib ki, xüsusi hüququn məhdudlaşdırılması növündə inzibati tənbehin yalnız xüsusi hüququ olan şəxslərə tətbiq edilməsi qanun qarşısında bərabərlik prinsipini təsbit edən İnzibati Xətalar Məcəlləsinin 7.1-ci maddəsinin pozulması ilə nəticələnə bilər. Məsələn, ov hüququ olmayan şəxs ov qaydalarının kobud şəkildə pozulmasına görə həmin Məcəllənin 272.3-cü maddəsi ilə yalnız cərimə edildiyi halda, belə hüququ olan şəxs cərimə olunur, yaxud iki ilədək müddətə ov hüququnun məhdudlaşdırılmasına məruz qalır. Eyni zamanda, ovçuluq bileti olan şəxsin ov hüququ ən azı altı ay müddətinə məhdudlaşdırıldığı halda, ovçuluq bileti olmayan şəxs cərimə olunduqdan sonra, qanunla müəyyən edilmiş halda ov hüququ əldə edərək ovçuluğa daha tez müddətdə başlaya bilər.
Konstitusiya Məhkəməsi Plenumu yerli qanunvericilikdən İnzibati Xətalar Məcəlləsi ilə yanaşı “Ovçuluq haqqında” və “Dövlət rüsumu haqqında” Qanunlara, “Azərbaycan Respublikası ərazisində ovçuluğun aparılması Qaydalarına” nəzər salıb və belə nəticəyə gəlib ki, ov etmək hüququnun xüsusi hüquq kimi yaranması üçün ovçuluq bileti, üzvlük bileti və ov etmək üçün icazə kimi sənədlərin (hüquqi faktların) mövcud olması şərtdir.
Yekunda isə Məhkəmə qeyd edib ki, 272.3-cü maddənin tətbiqi yalnız "verilmiş xüsusi hüquq" olduğu halda, yəni "Ovçuluq haqqında" Qanunun müvafiq maddələrində müəyyən edilmiş ovçuluq bileti, üzvlük bileti və ov etmək üçün icazəsi olan şəxslərə münasibətdə tətbiq edilməlidir.
Həmin hüququ olmayan şəxslər ov qaydalarını kobud şəkildə pozduqda isə İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş digər tənbeh tədbiri - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər.
Qərarda qeyd edilib ki, inzibati tənbeh tədbiri olaraq xüsusi hüququ olan şəxsin ov hüququnun ən azı altı ay müddətinə məhdudlaşdırıldığı halda, bu hüquqa malik olmayan şəxsin törətmiş olduğu xətaya görə cərimə olunmasından sonra ov hüququ əldə edərək ovçuluğa daha tez müddətdə başlaya bilməsi imkanı Konstitusiyanın 25-ci maddəsində təsbit olunan bərabərlik hüququnun pozulması anlamına gəlmir.
Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 27.1-ci maddəsinin tətbiqinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkün olduğunu vurğulayıb.
Qərarla daha ətraflı bu linkdən tanış olmaq olar.