Polisin tənqidi şərhlər yazan istifadəçilərə dair məlumatları toplaması
Analysis
İctimai fəal Cavid Əsədov öz “Facebook” hesabında Daxili İşlər Nazirliyinin (DİN) blogger Mehman Hüseynovun videoroliklərinin şərhlər bölümündə tənqidi fikirlərini bölüşən istifadəçilərin məlumat bazasının toplandığı barədə paylaşım yayıb. Paylaşımda iddia edilir ki, hüquq-mühafizə orqanlarının bu cür məlumatları toplaması vətəndaşlara qarşı hədə-qorxu məqəsədilə istifadə edilir. Nazirlik qeyd edilən ittihamlara dair ictimaiyyətə bugünədək heç bir açıqlama verməyib.
“Tribunat” bu praktikanın qanunauyğunluğunu araşdırııb.
“Fərdi məlumatlar haqqında” Qanunun 2-ci maddəsinə əsasən, şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat fərdi məlumat hesab edilir. Eyni maddənin göstərişi bəlli edir ki, fiziki şəxsin irqi və ya milli mənsubiyyətinə, ailə həyatına, dini etiqadına və əqidəsinə, səhhətinə və ya məhkumluğuna aid olan məlumatlar xüsusi kateqoriyalı fərdi məlumatlar hesab edilir.
Blogger M.Hüseynovun videoroliklərinə yazılan şərhlərin istifadəçilərin siyasi fikirlərini ehtiva etdiyini nəzərə alsaq, onları xüsusi kateqoriyalı fərdi məlumat kimi səciyyələndirmək mümkündür.
Bu cür şərhlərin sosial şəbəkə resurslarındakı videoroliklərə münasibətdə yazılması qanunvericiliyin fərdi məlumatlara münasibətdə olan mühafizə standartlarını istisna etmir. Çünki, iddialara əsasən, hüquq-mühafizə orqanları bu cür şərhləri, onun müəllifləri və müəlliflərinə dair məlumatlar olmaqla klassifikasiya edir - yəni qanunvericiliyin dili ilə, fərdi məlumatların toplanılması və işlənilməsi ilə məşğul olurlar. Qanuna əsasən, toplanılma və işlənilmə fərdi məlumatların sənədləşdirilmiş qaydada qanuna uyğun olaraq əldə edilməsi və üzərində aparılan əməliyyatları (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi) nəzərdə tutur.
Eyni Qanunun 9-cu maddəsinə əsasən, xüsusi kateqoriyalı fərdi məlumatların toplanılması və işlənilməsinə aşağıdakılar istisna olmaqla yol verilmir:
- xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi qanunla müəyyən olunmuş hallarda məcburi xarakter daşıdıqda;
- subyektin yazılı (o cümlədən Elektron Hökumət İnformasiya Sistemi üzərindən) razılığı olduqda;
- xüsusi kateqoriyalı məlumatlar açıq məlumatlar kateqoriyasına aid olduqda;
- xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi subyektin, digər şəxsin və ya müvafiq şəxslər qrupunun həyat və sağlamlığının qorunması üçün zəruri olduqda və belə məlumatların əldə olunması üçün subyektin razılığının alınması mümkün olmadıqda;
- ictimai birliklərin və digər qeyri-kommersiya təşkilatlarının üzvlərinə aid olan xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi həmin təşkilatlar tərəfindən öz qanuni məqsədlərinə nail olmaq məqsədi ilə və üçüncü şəxsə subyektin razılığı olmadan verilməmək şərti ilə aparıldıqda.
Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydalarının 2.10-cu maddəsinə əsasən, fərdi məlumatların toplanılması və işlənilməsini ehtiva edən informasiya sistemləri Reyestrdən qeydiyyatdan keçirilməlidir və istisnaları nəzərə almaqla, toplanılma və işlənilməyə yalnız bundan sonra yol verilir. Bu istisnlara milli təhlükəsizliyin, habelə qanunçuluğun təmin edilməsi məqsədi ilə, kəşfiyyat və əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar fərdi məlumatların toplanılması və işlənilməsi, dövlət sirrinə aid edilən və milli arxiv fondunda toplanılan fərdi məlumatların mühafizəsi aiddir. Bu isə onu deməyə əsas verir ki, fərdi məlumatlar qeyri-qanuni fəaliyyətləri əhatə etdikdə hüquq-mühafizə orqanları onların toplanılması və işlənilməsini həyata keçirə bilərlər. Bu halda prosedurlar “Polis haqqında” və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunlarla tənzimlənəcək.
Azərbaycanda sosial şəbəkə resurslarında istifadəçilərin paylaşımlarına əsasən təqib olunması ölkədə müvafiq resursların geniş ictimaiyyət bazası tərəfindən istifadə olunması ilə eyni zamanda təşəkkül tapıb. Bu, bugünlərdə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanın pozuntu törətdiyini qət edən Qəhrəman Azərbaycana qarşı işinin predmeti olmuş ictimai fəal Elgiz Qəhrəmanın prezidentin oğlu barədə yazdığı rəydən tutmuş, sosial şəbəkələrdə istifadəçiləri terrorçuluğa və dövlət əleyhinə açıq çağırışlarda ittiham etməkdə, seçki pozuntularını ictimailəşdirən fəalları cəzalandırmaqda və s. ifadə olunur. Müxtəlif illərin siyasi məhbuslarının siyahısında sosial şəbəkələrdə paylaşımlarına görə təqib olunanların adlarını görmək mümkündür. 2015-ci il üçün bu cür təqiblərə məruz qalan şəxslər arasında jurnalistlər Əbdül Əbilovu və Rəşad Ramazanovu, 2019-cu il üçün partiya funksionerləri Mirfeyzulla Seyidovu, Məhəmmədəli Axundzadəni, Əhsən Nuruzadəni, 2024-cü il üçün ictimai fəallar Ruslan Vahabovu, İsfəndiyar Məmmədovu və digərlərini misal göstərmək olar. “Freedom House” təşkilatının 2025-ci il üçün “İnternetdə Azadlıq” hesabatında Azərbaycan mümkün olan 100 xaldan 34 xalı toplayaraq “qeyri-azad ölkə” kimi səciyyələndirilib. Təşkilat, xüsusi olaraq, Azərbaycanda paylaşılan kontentə qarşı məhdudiyyətlərin mövcud olduğunu və istifadəçilərinin hüquqlarının mütəmadi pozulduğunu vurğulayıb.
İldən-ilə dövlət orqanları tərəfindən internet resuslarında ifadə azadlığına məhdudiyyətlərin tətbiq edilməsinə dair çərçivə genişlənir. İlk dəfə 2017-ci ildə İnzibati Xətalar Məcəlləsinə 388-1-ci maddə (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddə əlavə edilib. Bu cür qadağan edilən informasiya siyahısına ən sonuncu dəyişiklik də təzəlikcə həyata keçirilib - bundan sonra, formulirovkası sual doğuran, “kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar” qadağan edilən məlumat hesab olunacaq. Dəyişikliyin dispozisiyasında qeyd olunan əməllər qeyri-müəyyən olmaqla geniş şərhə məruz qala bilər; bu isə tənqidçi fəallar da daxil olmaqla sosial şəbəkə istifadəçilərinin daha geniş inzibati təqibinə yol aça bilər. Qeyd etmək lazımdır ki, bu maddədən hüquq-mühafizə orqanları həm siyasi, həm də qeyri-siyasi ritorikanı cəzalandırmaq üçün istifadə edirlər.
Sosial media istifadəçilərinin siyasi əqidələrini ehtiva edən fikirlərinə görə təqib olunması onların fundamental hüquqlarını pozur. Konstitusiyanın 47-ci maddəsi hər kəsin fikir və söz azadlığını tanıyır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. 25-ci maddə isə əqidəsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını siyasi mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Avropa İnsan Hüquqları Konvensiyasının şəxsi həyata və ailə həyatına hörmət hüququnu mühafizə edən 8-ci maddəsinin təminatları, o cümlədən, fərdi məlumatlara da şamil edilir.
Konvensiyanın təminatlarının spesifik keysdə tənzimlənməsini nümayiş etdirmək üçün AİHM-in 2019-cu ildə qəbul etdiyi Katt Birləşmiş Krallığa qarşı işinə nəzər yetirmək mümkündür. İşin hallarına əsasən Birləşmiş Krallıq vətəndaşı Con Oldroyd Katt müxtəlif ictimai nümayişlərdə iştirak etdiyi üçün hüquq-mühafizə orqanları tərəfindən fərdi məlumatlarının toplanılması və işlənilməsinə məruz qaldığını aşkar edib. Ərizəçi Məhkəməyə müraciət edərək Konvensiyanın 8-ci maddəsi ilə qorunan hüquqlarının pozulmasını iddia edib. AİHM bu kontekstdə fərdi məlumatlarının toplanılması və işlənilməsinin qanunuyğun olub-olmamasının demokratik cəmiyyətdə zəruriyyətlə sıx bağlı olduğunu bildirib (§106). Təhlükəsizlik səbəblərindən irəli gələrək xüsusi kateqoriyalı fərdi məlumatların toplanılmasını əsaslandırmaq mümkün olsa da, onların qeyri-məhdud müddətdə saxlanılması və işlənilməsinə əhəmiyyətli ictimai ehtiyacın olmadığı vurğulanıb (§119). Xüsusi kateqoriyalı fərdi məlumatların əhəmiyyətli ictimai ehtiyacın olmadığı halda qeyri-məhdud müddətdə toplanılması və işlənilməsi cəmiyyətdə demokratik iştirakçılığa münasibətdə çəkindirici effekt yarada bilər (§123). Xüsusi kateqoriyaları fərdi məlumatların toplanılması və işlənilməsinin mütəmadi icmalının həyata keçirilməməsi və texniki səbəblərin əsas gətirilməsi ilə bu cür fərdi məlumatların silinməməsi pozuntunu daha da ağırlaşdıran hallara çevrilir (§§124-127). Nəticədə, Məhkəmə Hökumətin 8-ci maddənin tələblərinin pozduğu qənaətinə gəlib.
AİHM-in mövqeyini hazırkı keysə tətbiq etdikdə yerli hüquq-mühafizə orqanlarının 8-ci maddənin tələblərini pozması nəticəsinə gəlmək mümkündür. Hüquq-mühafizə orqanları tərəfindən xüsusi kateqoriyaları fərdi məlumatların toplanılması və işlənilməsi yalnız istisna hallarda mümkündür. Bu cür istisna hallar özündə hüquq pozuntuları ehtiva edən məsələləri əhatə edir və istifadəçilərin tənqidi fikirlərini sosial şəbəkə resurslarında paylaşması onların ifadə azadlığının tərkib hissəsi olaraq məhdudlaşdırıla və ya sanksiyalaşdırıla bilməz.
“Tribunat” yekun olaraq bildirir ki, bu praktika yerli səviyyədə internet resuslarında ifadə azadlığının məhdudlaşdırılması və sanksiyalaşdırılmasına yönələn daha bir tədbir olaraq vətəndaşların fundamental hüquq və azadlıqlarının pozulmasını təşkil edir. Hüquq-mühafizə orqanlarının özbaşına fəaliyyəti, fərdi məlumatlar qanunvericiliyi bazasının zəif olması və ona əməl edilməməsi, ifadə azadlığının cəzalandırılması üçün əsaslarının artırılması internet resurslarında fundamental hüquq və azadlıqlarının bugünkü dözülməz səviyyəsinə gətirib çıxarıb.
Cavid Əsədovun “Facebook” hesabından paylaşımın linki; https://www.facebook.com/story.php?story_fbid=3480182718787722&id=100003880845615
Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanunu; https://e-qanun.az/framework/19675
Azərbaycan Respublikası Prezidentinin “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydalarının təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Fərmanı https://e-qanun.az/framework/40020
Azərbaycan Respublikasının “Polis haqqında” Qanunu; https://e-qanun.az/framework/2937
Azərbaycan Respublikasının “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunu; https://e-qanun.az/framework/2938
Qəhrəman Azərbaycana qarşı; https://hudoc.echr.coe.int/?i=001-247822
"Al, sənə siyasi məhbus, ancaq siyasətdən xəbəri yoxdur"; https://www.bbc.com/azeri/articles/c20g8ep4337o
Tənqidi videolar yayan kənd müəllimi həbs olunub; https://www.meydan.tv/az/article/tenqidi-videolar-yayan-kend-muellimi-hebs-olunub/
Netherlands Helsinki Committee, The List of Political Prisoners in Azerbaijan (Last updated on May 2015) https://www.nhc.nl/assets/uploads/2017/07/ListofpoliticalprisonersinAZMay2015.pdf
Working Group on a Unified List of Political Prisoners in Azerbaijan, A UNIFIED LIST OF POLITICAL PRISONERS IN AZERBAIJAN (Covering the period up to 25 November 2019); https://smdtaz.org/wp-content/uploads/2019/11/Political-Prisoners-Report-25.11.2019-WG-eng.pdf
LIST OF POLITICAL PRISONERS Union for the Freedom for Political Prisoners of Azerbaijan On 18 March 2024 ; https://www.ipd-az.org/wp-content/uploads/2024/03/List-of-political-prisoners-in-Azerb-18-03-24.pdf
“Freedom House” təşkilatının 2025-ci il üçün “İnternetdə Azadlıq” hesabatı; https://freedomhouse.org/country/azerbaijan/freedom-net/2025
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi; https://e-qanun.az/framework/46960#_ednref513
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu; https://president.az/az/articles/view/71302 \
Azərbaycanda baş redaktor və polkovnik həbs edilib; https://toplummedia.tv/siyaset/pazerbaycanda-bas-redaktor-ve-polkovnik-hebs-edilibp
Əxlaqsızlığı təbliğ edən tiktoker yenidən həbs olundu; https://pravda.az/news/194441
Azərbaycan Respublikasının Konstitusiyası; https://e-qanun.az/framework/897
Avropa İnsan Hüquqları Konvensiyası; https://www.echr.coe.int/documents/d/echr/convention_aze
Katt Birləşmiş Krallığa qarşı; https://hudoc.echr.coe.int/fre?i=001-189424