Ali Məhkəmənin Plenumu xarici elementli kommersiya mübahisələri ilə bağlı qərar qəbul edib
NewsAli Məhkəmənin Plenumu “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərar qəbul edib.
“Tribunat” Qərarın qısa məzmununu təqdim edir.
Xarici elementli kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici fiziki və hüquqi şəxslərin iştirak etdikləri kommersiya muübahisələri nəzərdə tutulur. Bu tərz işlərə baxılarkən həm yerli qanunvericiliyin, həm də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin nəzərə alınması maddi və prosessual hüquqi məsələlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.
Qərarda qeyd edilir ki, xarici şəxslərin prosessual hüquq və vəzifələri Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin prosessual hüquq və vəzifələri ilə eynilik təşkil edir. Bununla belə, Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin prosessual hüquqları üzrə xüsusi məhdudiyyətlərə yol verən dövlətlərdən olan xarici şəxslərə münasibətdə Azərbaycan Respublikası tərəfindən cavab məhdudiyyətləri (retorsiya-xüsusi məhdudiyyət) müəyyən edilə bilər.
Xarici fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici fərdi sahibkar hesab edilməsi üçün həmin şəxsin müvafiq dövlətdə fərdi sahibkar kimi qeydə alınması zəruridir. Bu baxımdan məhkəmələr xarici fərdi sahibkarın iştirakı ilə mübahisəyə baxarkən ilk növbədə həmin şəxsin müvafiq xarici ölkədə fərdi sahibkar kimi qeydə alınmasını və həmin qeydin qüvvədə olmasını təsdiqedici sənəd(lər)lə müəyyən etməlidirlər.
Qərara əsasən məhkəmələrin beynəlxalq səlahiyyəti, xarici elementli mübahisələrin konkret dövlətin milli məhkəmələrinə olan aidiyyətidir. Əgər hər hansı dövlətin milli məhkəməsi xarici şəxslərin iştirakı ilə olan müvafiq iş üzrə beynəlxalq səlahiyyətə malik deyilsə, həmin işə baxa bilməz. Azərbaycan Respublikasının kommersiya məhkəmələri də xarici şəxslərin iştirakı ilə olan mübahisələrə yalnız o zaman baxa bilərlər ki, həmin mübahisələr üzrə beynəlxalq səlahiyyətə malik olsunlar
Məhkəmələrin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa riayət edilməli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada əsaslandırılmalıdır:
- tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu;
- əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu;
- əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPM-də belə beynəlxalq səlahiyyət nəzərdə tutulmuşdurmu.
Xarici elementli mübahisələrə baxılarkən ilk öncə xarici elementin olub- olmaması müəyyən edilməlidir. Mülki dövriyyədəki “xarici element” müəyyən edilərkən nəzərə alınmalıdır ki, “xarici element” aşağıdakı kateqoriyalar baxımından fərqləndirlir:
- Hüquq münasibətinin subyektində ifadə olunan xarici element. Münasibətin iştirakçısı kimi müxtəlif dövlətlərin hüquqi və ya fiziki şəxsləri, yaxud beynəlxalq təşkilat çıxış edir.
- Hüquq münasibətinin obyektində ifadə olunan xarici element. Münasibətin iştirakçıları (subyektləri) Azərbaycan Respublikasının vətəndaşları olan hüquq münasibətinin obyekti xaricdə yerləşdiyinə görə bu münasibət beynəlxalq xarakterli hesab edilir. Digər bir halda Azərbaycan Respublikasında yerləşən xarici şəxslərin əmlakları ilə bağlı xarici şəxslər arasında baş verən münasibət də obyektinə görə beynəlxalq xarakterli hesab edilir.
Qərarda qeyd edilir ki, iddia ərizəsinin icraata qəbulu mərhələsində məhkəmənin mübahisə üzrə beynəlxalq səlahiyyətə malik olmadığı müəyyən edilərsə, MPM-in 153.2.1-ci maddəsinə əsasən, həmin ərizənin qəbul edilməsindən imtina edilməli və bununla əlaqədar MPM-in 153.3-cü maddəsinə uyğun olaraq, əsaslandırılmış qərardad qəbul edilməli, eyni zamanda tərəflərə xarici ölkənin məhkəməsınə müraciət hüququ izah edilməlidir.
Əgər işin icraatı başlandıqdan sonra həmin iş üzrə məhkəmənin beynəlxalq səlahiyyətə malik olmadığı aşkar edilərsə, MPM-in 261.0.1, 262.1 və 262.3-cü maddələrinə uyğun olaraq icraata xitam verilməsinə dair qərardad qəbul edilməli, eyni zamanda tərəflərə xarici ölkənin məhkəməsınə müraciət hüququ izah edilməlidir.
Konkret mübahisənin arbitrajda (münsiflər məhkəməsində) baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, verilmiş iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü MPM-in 152 və 153-cü maddələrinin tələbləri qaydasında yoxlanılmalıdır. Qeyd olunan prosessual əsaslar olmadığı təqdirdə işə mahiyyəti uüzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, iddia ərizəsinə MPM-in 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilməli və ərizə baxılmamış saxlanmalıdır.
Qərara əsasən beynəlxalq hüququn ümumi prinsiplərinə görə, hər hansı ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Belə rəsmiləşdirmənin iki növü mövcuddur: 1) sənədlərin apostil edilməsi; 2) konsul leqallaşdırılması.
Qərarda qeyd edilir ki, xarici elementli mübahisəyə hansı dövlətin maddi hüququnun tətbiq edilməli olduğu müəyyənləşdirilərkən aşağıdakı ardıcıllığa əməl edilməlidir:
- mübahisəyə hansı ölkənin maddi hüququnun tətbiqi ilə bağlı tərəflər arasında bağlanmış ayrıca yazılı razılaşmanın (müqavilə, saziş və s.) və ya razılaşma şərtinin, yaxud Azərbaycan Respublikası qanununun tətbiqi barədə məhkəməyə ünvanlanan aydın iradə ifadəsinin mövcudluğu;
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilənin, yaxud uzun illər ərzində formalaşmış beynəlxalq adətlərin mövcudluğu;
- Azərbaycan Respublikasının mübahisəli münasibətləri tənzimləyən və hansı ölkənin qanununun tətbiq edilməli olmasını müəyyən edən sahəvi qanunlarının mövcudluğu;
- “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş kolliziya hüquq normalarının mövcudluğu.
Tətbiq edilməli olan xarici hüququn məzmununun müəyyən edilməsi xidməti vəzifəsinə görə (ex officio) məhkəməyə aiddir. Xarici elementli mübahisələrdə tətbiq edilməli xarici hüququn məzmunu məhz müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən edilməlidir. Xarici hüququn məzmununun müəyyən edilə bilmədiyi aşağıdakı hallarda məhkəmə dövlətdaxili hüququ (lex fori) tətbiq edir: a) xarici qanunun məzmununun müəyyən edilməsi ilə bağlı görülmüş tədbirlər nəticə verməsin; b) yaxud bu tədbirlər həddən çox xərc tələb etsin; c) mübahisə tərəflərindən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquq normalarını təsdiqləyən sənədləri təqdim edə bilməsin.
Qərarla daha ətraflı bu linkdən tanış olun.
Ali Məhkəmənin Plenumu xarici elementli kommersiya mübahisələri ilə bağlı qərarı, 14 deekabr, 2023 https://supremecourt.gov.az/storage/pages/1995/xarici-elementli-kommersiya-mubahiseleri.pdf