logo

Platform for strengthening the rule of law and enlightening citizens in Azerbaijan

Alimentin bir hissəsinin uşağın bank hesabına köçürülməsinə hansı icraatda baxılır?

News
Alimentin bir hissəsinin uşağın bank hesabına köçürülməsinə hansı icraatda baxılır?

8 dekabr 2023-cü ildə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyaları Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi ilə bağlı qərardad qəbul edib.

“Tribunat” həmin qərardadın qısa məzmununu təqdim edir.

Mübahisəli hüquqi məsələnin məzmununa iddiaçının cavabdehə qarşı nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi daxildir. Həmin işdə cavabdeh birinci instansiya məhkəməsində iddianı qismən etiraf etməklə bərabər, məhkəmə qətnaməsi ilə müəyyən ediləcək aliment məbləğinin 50 faizinin uşaqların qidalanması, məişət qayğılarının çəkilməsi, tərbiyəsi və təhsili üçün tam kifayət edəcəyini əsas gətirib və alimentin qalan hissəsinin uşaqların adına açılmış bank hesabına köçürülməsi barədə qətnamənin qəbul edilməsini xahiş edib.

İşə baxan birinci və apellyasiya instansiyası məhkəmələri uşaqlar yetkinlik yaşına çatanadək tutulacaq aliment məbləğinin 50 faizinin uşaqların adına açılmış bank hesablarına köçürülməsinə dair cavabdehin tələbini təmin etməyib.

Apellyasiya instansiya məhkəməsi mövqeyini, xüsusən, belə əsaslandırıb ki, işdə iddiaçının alimenti təyinatından kənar məqsədlər üçün xərclədiyini təsdiq edən sübut yoxdur. Gələcəkdə alimentin təyinatı üzrə xərclənmədiyi müəyyən olunarsa, cavabdeh qətnamənin icrası qaydasının dəyişdirilməsi, yəni alimentin 50 faizdən çox olmayan hissəsinin uşaqların adına açılmış bank hesabına köçürülməsi üçün MPM-in 231-ci maddəsində müəyyən edilmiş icra icraatı qaydasında məhkəməyə müraciət edə bilər.

Cavabdehin kassasiya şikayətinə baxılarkən müəyyən edilib ki, işə baxan məhkəmə tərkibindən fərqli olaraq alimentin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada ödənilməsi ilə bağlı tələbə əvvəllər Ali Məhkəmənin Mülki Kollegiyasında həm alimentin tutulması ilə eyni vaxtda, həm də alimentin tutulması barədə məhkəmə qətnaməsinin qəbulundan sonra aliment ödəyən şəxsin müstəqil iddia tələbi əsasında iddia icraatı qaydasında baxılıb.

Ali Məhkəmə bildirib ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar qəbul edə bilər. Həmçinin, məhkəmə qeyd edib ki,  istinad edilən maddənin məzmununda aliment məbləğinin bir hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi məsələsinə hansı prosessual icraat çərçivəsində baxılmalı olması qeyd edilməyib.

Məhkəmə alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra aliment ödəyən şəxsin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələbinə baxıldıqda, alimentin yenidən tutulmadığını və ya onun məbləği müəyyən edilmədiyi üçün yalnız alimentin bir hissəsinin hansı qaydada ödəniləcəyinin müəyyənləşdirilməsinin nəzərə alınmalı olduğunu bildirib.  Buna görə də, bu müraciətə iddia icraatı qaydasında deyil, MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılmaqla, müvafiq qərardad qəbul edilməli olduğunu müəyyənləşdirib.

Həmçinin, Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.9-cu bəndində müəyyən edilib ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır.

Məhkəmə vurğulayıb ki,  ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır.

Sonda Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət məhkəmə tərkibi  aşağıdakıları müəyyənləşdirib:

1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir.

2. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmişmüraciət Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsində nəzərdə tutulanqaydada həll edilir.

3. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir.

4. Alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır.

5. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli, hər iki halda iddiaçıya 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

6. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada  uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır.

Qərardadın tam mətni ilə bu linkdən tanış ola bilərsiniz.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə QƏRARDAD No 04/2023, https://supremecourt.gov.az/storage/pages/1988/qerardad-alimentin-50-faizi-yekun-variant.pdf 

27 December, 2023