logo

Platform for strengthening the rule of law and enlightening citizens in Azerbaijan

Konstitusiya Məhkəməsi mirasın qəbulu müddətini nəzərdə tutan maddəni qüvvədən salıb

News
Konstitusiya Məhkəməsi mirasın qəbulu müddətini nəzərdə tutan maddəni qüvvədən salıb

26 dekabr 2023-cü ildə Konstitusiya Məhkəməsi Plenumu Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair qərarını elan edib.

“Tribunat” həmin qərarın qısa məzmununu təqdim edir.

Ali Məhkəmə Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək Mülki Məcəllənin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsini xahiş edib.

Sorğuda göstərilib ki, Ali Məhkəmənin Mülki kollegiyasının icraatında iddiaçı Nadir Səfərovun qardaşı Nəriman Səfərova qarşı analarından miras qalan əmlaka özünün və bacısının məcburi paylarının müəyyən edilməsi, həmin payın dövlət reyestrində qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair mülki iş vardır.

İşin hallarına görə, miras qoyan S.Səfərova 2014-cü il 18 noyabr tarixində vəfat edib. O, 12 iyul 2013-cü il tarixli vəsiyyətnamə ilə Astara şəhəri Qum küçəsi ev 41 ünvanında yerləşən fərdi yaşayış evini, bank əmanətlərini, həmçinin harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün əmlakını övladı Nəriman Səfərova vəsiyyət edib.

İddiaçı tələbini belə əsaslandırıb ki, anasının dəfn mərasiminin təşkilində iştirak etməklə mirası qəbul etdiyini nümayiş etdirib, bu səbəbdən miras əmlakda məcburi payı olsa da, cavabdeh miras qalmış əmlakın bölünməsindən imtina edib.

Cavabdeh iddiaya etiraz edərək anasının dəfn mərasimi ilə bağlı bütün xərcləri təkbaşına ödədiyini, iddiaçının dəfn mərasimində iştirak etmədiyini, anasının ona vəsiyyətnamə qoyduğunu, mirasın yalnız onun tərəfindən qəbul edildiyini bildirməklə, iddiaçının mirası qəbul etmədiyini vurğulayıb.

Astara Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilib.

Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə istinad edərək belə nəticəyə gəlib ki, iddiaçı mirası nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul edib.

Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilib, miras əmlaka N.Səfərovun 1/22 hissədə payının müəyyən edilməsi qət edilib.

Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 oktyabr tarixli Qərarına istinadən mövqeyini onunla əsaslandırıb ki, iddiaçı məcburi payından imtina etmədiyi üçün miras qoyanın 11 nəfər vərəsəsinin olması nəzərə alınmaqla iddiaçının miras kütləsi üzərində 1/22 payı müəyyən edilməlidir.

Cavabdeh N.Səfərov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

İşə baxan kassasiya instansiyası məhkəməsi hesab edib ki, Mülki Məcəllənin mirasın qəbulu və ondan imtina ilə bağlı normaları arasında ziddiyyətli məqamlar olsa da, bu normaların təhlili mirasın qəbulunu və bunun müəyyən müddət ərzində həyata keçirilməli olmasını nəzərdə tutan qaydaların üstünlüyünü deməyə əsas verir. Lakin Mülki Məcəllənin 1301-ci maddəsi yerində olmayan vərəsənin payının ayrılmasını nəzərdə tutmaqla, mirasdan imtina etməyən vərəsənin sanki mirası qəbul etmiş hesab edildiyini ehtiva edir.

Həmçinin, Mülki Məcəllənin “Vərəsənin susması” adlanan 1273-1-ci maddəsi vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədiyi halda, susan vərəsənin payının digər vərəsələrə, əgər susan vərəsə həmin növbənin yeganə vərəsəsi olarsa, mirasın sonrakı növbənin vərəsələrinə keçməsini nəzərdə tutur.

Göstərilənlərə əsasən sorğuverən belə qənaətə gəlib ki, qanunvericilik bir tərəfdən susan vərəsənin payının ayrılmasını nəzərdə tutsa da, digər tərəfdən susan vərəsənin payının digər vərəsələrə, hətta yeganə vərəsə olduğu halda sonrakı növbə vərəsəyə keçməsini müəyyən etməklə ziddiyyətli məqamlara yol açıb.

Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyri-müəyyən olduğundan, bu qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilib. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır.

Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.

Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

Məhkəmə xüsusilə vurğulayıb ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən edib. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunur.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə uyğun olmayan hesab edilməlidir.

Konstitusiya Məhkəməsi aşağıdakıları qərara alıb:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

 

Qərarın tam mətni ilə bu linkdən tanış ola bilərsiniz.

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumu Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair qərarı, https://www.constcourt.gov.az/az/decision/1407

29 December, 2023