Bu gün Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbulunun 75 ili tamam olur.
10 dekabr 1948-ci ildə qəbul edilən bu sənədlə irqindən, rəngindən, dinindən, cinsindən, dilindən, siyasi və ya digər əqidəsindən, milli və ya sosial mənşəyindən, mülkiyyətindən, doğumundan və ya digər vəziyyətindən asılı olmayaraq hər kəsin bir insan kimi sahib olduğu ayrılmaz hüquqları tanındı.
1950-ci ildən etibarən hər il dekabrın 10-u dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan insan hüquqları və demokratiyaya sadiq qalacağını bəyan edib.
Azərbaycan 13 avqust 1992-ci ildə Mülki və Siyasi Hüquqlar üzrə Pakta, 16 avqust 1996-cı ildə isə İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Pakta qoşulub.
12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyası əsas insan hüquq və azadlıqlarını tanıyır.
Həmçinin, 25 dekabr 2001-ci ildə Azərbaycan “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasını təsdiqləyib.
15 aprel 2002-ci ildə sözügedən Konvensiya və onun Protokolları Azərbaycana münasibətdə qüvvəyə minib.
Həmin tarixdən Azərbaycan Respublikası Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyası altındadır.
Ümumilikdə Azərbaycan insan hüquqları ilə bağlı 20-yə yaxın beynəlxalq sənədi ratifikasiya edib.
Bəs Azərbaycanda insan hüquqlarının vəziyyəti necədir?
2022-ci ilə olan məlumata görə, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı 263 işdə ən azı bir hüququn pozuntusunu tanıyıb.
2023-cü ilin birinci yarısında isə AİHM Azərbaycanla bağlı 60 qərar və qərardad qəbul edib.
Həmçinin, Məhkəmə bir sıra işlərdə Azərbaycanın Konvensiyanın 18-ci, yəni hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədlərini pozduğunu da müəyyənləşdirib. Məhkəmə müəyyən edib ki, dövlət orqanları hökumətə müxalif olan və ya başqa formada onu tənqid edən fərdləri hədəfə alıb. Bəzi qərarlar daha da qəti olaraq, hakimiyyətin siyasətçiləri (İlqar Məmmədov), jurnalistləri (Xədicə İsmayılova) və hüquq müdafiəçilərini (İntiqam Əliyev, Anar Məmmədli, Leyla Yunus və Arif Yunus) susdurmaq və cəzalandırmaq niyyəti ilə tədbirlər gördüyünü açıq şəkildə müəyyən edir.
Vaşinqtonda mənzillənmiş “Freedom House” beynəlxalq insan haqları təşkilatının 2023-cü il üçün hesabatında Azərbaycan siyasi və mülki hüquqlarla bağlı “azad olmayan ölkələr” sırasında yer alır.
Azərbaycan mətbuat azadlığının vəziyyətinə görə dünyada 180 ölkə arasında 151-ci yerdə qərarlaşıb.
Demokratiya İndeksinə görə isə 2.7 balla 137-ci pillədə yerləşir. Ölkə “avtoritar rejim” kateqoriyasına daxildir. Azərbaycanın Demokratiya İndeksi siyasi iştirak, hökumətin fəaliyyəti və vətəndaş azadlıqları kimi müxtəlif sahələrdə əhəmiyyətli problemləri əks etdirir. O, siyasi müxalifətə, mediaya və vətəndaş cəmiyyətinə qoyulan məhdudiyyətləri, ölkədə azad və ədalətli seçkilərin keçirilmədiyini vurğulayır. Nəhayət, korrupsiya və insan hüquqlarının pozulması ilə bağlı bəzi narahatlıqlar da var.
“Transperancy International” təşkilatının 2022-cü il üçün hazırladığı hesabata görə Azərbaycan Korrupsiya indeksində 180 ölkə arasında 157-ci yerdə qərarlaşıb.
Həmçinin, “Human Rights Watch”, “Amnesty International” kimi nüfuzlu beynəlxalq təşkilatlar öz hesabatlarında Azərbaycanda insan hüquqlarına dair pozuntuları müəyyənləşdiriblər.
1 dekabr 2023-cü ilə olan məlumata görə, hazırda Azərbaycanda 254 siyasi məhbus var. Bunlardan 13-ü müxalif partiya və hərəkatın üzvləri, 183 inanclılar, 11-i jurnalist və blogger, 2-si hüquq müdafiəçisi, 5-i Almaniyadan deportasiya olunmuş siyasi mühacir, 7-i “Tərtər işi”, 22-i “Gəncə işi” üzrə mühakimə olunmuş, 11-i isə ömürlük həbs olunmuş şəxslərdir.