logo

Platform for strengthening the rule of law and enlightening citizens in Azerbaijan

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycana qarşı müvəqqəti tədbirlərlə bağlı qərar verdi

News
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycana qarşı müvəqqəti tədbirlərlə bağlı qərar verdi

17 noyabr 2023-cü ildə Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü şikayətlə bağlı müvəqqəti tədbirlərlə bağlı qərarını elan edib.

16 sentyabr 2021-ci il tarixində Məhkəmənin Reyestrinə verilmiş ərizə ilə İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 21 dekabr 1965-ci il tarixli Beynəlxalq Konvensiyanın pozuntuları ilə bağlı Ermənistanın şikayəti üzrə Azərbaycana qarşı icraat başlanıb.

28 sentyabr 2023-cü ildə Ermənistan Nizamnamənin 41-ci maddəsinə və Məhkəmə Reqlamentinin 73-cü maddəsinə istinad edərək, hazırkı işin predmeti olan müvəqqəti tədbirlərin göstərilməsi üçün yeni sorğu (“beşinci sorğu”) qaldırıb.

Ermənistan Məhkəmədən bir sıra müvəqqəti tədbirləri görməyi xahiş edib.

On bənddən ibarət tədbirlərə aşağıdakılar daxil idi:

“1) Azərbaycan  onun İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD) üzrə öhdəlikləri ilə bağlı şərtlərin pozulmasına səbəb ola biləcək hər hansı tədbir görməkdən çəkinəcək”;

2) Azərbaycan bilavasitə və ya dolayısı ilə Dağlıq Qarabağdan qalan etnik ermənilərin köçürülməsinə, yaxud son hərbi əməliyyatlar zamanı Ermənistan və ya üçüncü dövlətə qaçan şəxslərlə daxil olmaqla didərgin salınmış şəxslərin öz evlərinə təhlükəsiz və tez qayıtmasının qarşısını almağa yönəlmiş və ya təsir göstərən hər hansı hərəkətlərdən çəkinməlidir. Həmçinin, Dağlıq Qarabağı tərk etmək istəyənlərə heç bir maneə yaratmadan icazə verməlidir;

3) Azərbaycan 19 sentyabr 2023-cü il tarixində silahlı hücumu nəticəsində işğal olunmuş Dağlıq Qarabağdakı bütün mülki müəssisələrdən bütün hərbi və hüquq-mühafizə orqanlarının şəxsi heyətini çıxarmalıdır;

4) Azərbaycan Birləşmiş Millətlər Təşkilatının və onun ixtisaslaşmış qurumlarının Dağlıq Qarabağın etnik ermənilərinə çıxışını asanlaşdıracaq və onlara hər hansı maneə törətməkdən çəkinəcək və onların fəaliyyətinə heç bir şəkildə müdaxilə etməyəcək;

5) Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinin Dağlıq Qarabağdakı etnik ermənilərə humanitar yardım göstərmək imkanını asanlaşdıracaq və ona hər hansı maneə törətməkdən çəkinəcək və münaqişənin digər nəticələrini həll etmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edəcək;

6) Azərbaycan Dağlıq Qarabağda kommunal xidmətlərin, o cümlədən qaz və elektrik enerjisinin tam bərpasına dərhal kömək edəcək və gələcəkdə onları kəsməkdən çəkinəcək;

7) Azərbaycan Dağlıq Qarabağın indiki və ya keçmiş siyasi nümayəndələrinə və ya hərbi qulluqçularına qarşı cəza tədbirləri görməkdən çəkinəcək;

8) Azərbaycan 1915-ci il erməni soyqırımını xatırladan heç bir abidəni və ya Dağlıq Qarabağda mövcud olan hər hansı digər abidəni və ya erməni mədəni artefaktını və ya obyektini dəyişdirməyəcək və ya məhv etməyəcək”;

9) Azərbaycan vətəndaşlıq qeydlərini, şəxsiyyəti təsdiq edən sənədləri və mülkiyyət hüquqlarını və Dağlıq Qarabağın hakimiyyət orqanları tərəfindən müəyyən edilmiş reyestrləri tanımalı və qüvvədə saxlamalı, belə reyestrləri və sənədləri məhv etməməli və müsadirə etməməlidir;

10) “Azərbaycan bu qərarın qüvvəyə minməsi üçün görülmüş bütün tədbirlər haqqında bu qərarın verildiyi tarixdən bir ay müddətində,  daha sonra isə hər üç aydan bir iş üzrə məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək Məhkəməyə hesabat təqdim etməlidir'”.

17 noyabr 2023-cü ildə Məhkəmə müvəqqəti tədbirlələ bağlı qərarını elan edib.

“Tribunat” qərarın əsas hissəsini tərcümə edib.

 

Məhkəmə aşağıdakı müvəqqəti tədbirləri almağı qərara alıb.

(1) 13-ün 2-yə səslə

Azərbaycan Respublikası İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq,

(i) 19 sentyabr 2023-cü il tarixindən sonra Dağlıq Qarabağı tərk etmiş və Dağlıq Qarabağa qayıtmaq istəyən şəxslərin  təhlükəsiz, maneəsiz və operativ şəkildə geri qayıda bilməsini təmin etsin;

(ii) 19 sentyabr 2023-cü il tarixindən sonra Dağlıq Qarabağda qalan və getmək istəyən şəxslərin təhlükəsiz, maneəsiz və operativ şəkildə bunu edə bilməsini təmin etsin; və

(iii) 19 sentyabr 2023-cü il tarixindən sonra Dağlıq Qarabağda qalan və ya qayıdan və qalmaq istəyən şəxslərin qaçmalarına səbəb ola biləcək güc tətbiqindən və ya hədə-qorxudan azad olmalarını təmin etsin;

(2) 13-ün 2-yə qarşı səslə,

Azərbaycan Respublikası İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyadan irəli gələn öhdəliklərinə uyğun olaraq (1) yarımbəndində müəyyən edilmiş şəxslərə aid olan qeydiyyat, şəxsiyyət və xüsusi mülkiyyət sənədlərini və qeydlərini öz inzibati və qanunvericilik təcrübəsində bu cür sənədlər və qeydlərlə bağlı təcrübəsini nəzərə almaqla qorusun və saxlasın;

(3) 13-ün 2-yə qarşı səslə,

Azərbaycan Respublikası 12 oktyabr 2023-cü il günortadan sonra keçirilən açıq dinləmədə göstərilən müvəqqəti tədbirlərin həyata keçirilməsi üçün atılan addımlar və Azərbaycan Respublikası agentinin öz Hökuməti adından götürdüyü öhdəliklər barədə bu qərənın qüvvəyə mindiyi tarixdən etibarən səkkiz həftə ərzində Məhkəməyə hesabat təqdim edəcək.

12 oktyabr 2023-cü il tarixində keçirilən dinləmədə beşinci sorğu üzrə şifahi müşahidələri Ermənistan adından Yeqişe Kirakosyan, Lourens H. Martin, Linos-Alexandre Sicilianos, Alison Makdonald, Şon Mörfi  və Pierre d'Argent, Azərbaycan tərəfdən isə Elnur Məmmədov, Rodney Dixon, Cənab Samuel Wordsworth və Stefan Talmon təqdim edib.

Şikayətlə bağlı yekun qərarın nə vaxt qəbul ediləcəyi məlum deyil.   

Müvəqqəti tədbirlərlə bağlı qərarın tam mətni ilə bu linkdən tanış olun.

Beynəlxalq Ədalət Məhkəməsi  (International Court of Justice ) BMT-nin ali məhkəmə orqanıdır. 1945-ci ildə yaradılıb.

Məhkəmənin qərargahı Niderlandın Haaqa şəhərində yerləşir.

Beynəlxalq Məhkəmənin səlahiyyətləri ancaq dövlətlər arasındakı mübahisələrə aiddir.

APPLICATION OF THE INTERNATIONAL CONVENTION ON THE ELIMINATION OF ALL FORMS OF RACIAL DISCRIMINATION (ARMENIA v. AZERBAIJAN), https://www.icj-cij.org/sites/default/files/case-related/180/180-20231117-ord-01-00-en.pdf

17 November, 2023