Cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəzləndikdə, məhkumluğun ödənilməsi müddəti necə hesablanır?
Xəbərlər
Konstitusiya Məhkəməsi Plenumunun yeni Qərarı məhz bu məsələyə aydınlıq gətirir.
“...Məhkəmə hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi cəza təyin etmə kimi qəbul edilməsə də, bu cür qərarın doğurduğu hüquqi nəticələrə müvafiq olaraq törətdiyi konkret cinayətə görə məhkum olunmuş şəxs cəzasının çəkilməmiş hissəsindən daha yüngül cəzanı çəkməkdə davam edir. Bu halda məhkumluğun ödənilməsi müddəti şəxsin törətdiyi konkret kateqoriyadan olan cinayətə görə müəyyən edilməklə, əvəz edən cəzanın çəkilib qurtardığı gündən hesablanmalıdır”.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 28 və 71-ci maddələrinin II hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə münasibətdə şərh edilməsinə dair” 1 sentyabr 2023-cü il tarixli Qərarında belə deyilir.
Bakı Apellyasiya Məhkəməsi icraatında olan işlə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edərək Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə münasibətdə şərh edilməsini xahiş edib.
Apellyasiya məhkəməsi işə baxarkən Cinayət Məcəlləsinin 83.4-cü maddəsində nəzərdə tutulmuş cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddətinin təyin edilmiş cəzanın əvəz edildiyi və ya yekun cəzanın çəkilib qurtardığı vaxtdan hesablanması ilə bağlı təcrübədə müxtəlif yanaşmalar olduğunu müəyyən edib.
Müraciətedən hesab edib ki, şəxs məhkəmə hökmü ilə təyin edilmiş cəzanı deyil əvəz edən cəzanı çəkdiyi halda, yenidən çəkmədiyi və artıq əvəz edilmiş (olmayan) cəzanın (təyin edilmiş) hüquqi nəticələrinə məruz qalması ədalət və humanizm prinsipi ilə uzlaşmır.
Apellyasiya məhkəməsinin müraciətində həmçinin qeyd olunub ki, Cinayət Məcəlləsinin 83.4-cü maddəsi cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edildiyi halda, məhkumluğun ödənilməsi müddətinin şəxsin əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanmasını təsbit etsə də, əsas cəza dedikdə təyin edilmiş və ya əvəz edən cəzanın nəzərdə tutulması müəyyən deyil.
Müraciətə baxan Konstitusiya Məhkəməsi məhkumluğa dair əvvəlki bir sıra qərarlarına istinad edərək hesab edib ki, şəxsin cinayət-hüquqi statusunu səciyyələndirən cəhət olaraq məhkumluq şəxs barəsində məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən başlayır, bütün cəzaçəkmə müddətini əhatə etməklə cinayətin ağırlığından asılı olaraq qanunla müəyyən edilmiş müddət ərzində davam edir və bu müddətin bitməsi ilə ödənilmiş hesab olunur.
“Məhkumluğun səbəb olduğu cinayət-hüquqi xarakterli ağır nəticələrdən biri isə həmin şəxs tərəfindən yeni cinayətin törədilməsi zamanı residivin yaranmasıdır. Cinayətin residivi zamanı, bir qayda olaraq, şəxs ona qarşı tətbiq olunmuş cinayət-prosessual, cinayət-hüquqi və cəza icra tədbirlərinə və vasitələrinə etinasız yanaşdığını, onlara məhəl qoymadığını göstərir ki, bu da onun yüksək sosial risk daşıyıcısı olduğuna və ictimai təhlükəliliyinə dəlalət edir”,- deyə Qərarda vurğulanır.
Məhkəmənin möqeyinə görə, qanunverici məhkumluğun ödənilməsi müddətinin başlanğıcı olaraq şəxsin törətdiyi konkret cinayətə görə ona təyin olunmuş cəzanın deyil, şəxsin faktiki olaraq çəkdiyi cəzanın bitmə anını görür: “Beləliklə, məhkumluğun ödənilməsi təyin olunmuş cəzaya münasibətdə deyil, faktiki çəkilən cəzaya münasibətdə hesablanır və real cəzanın çəkilib qurtardığı gündən başlayır”.
Plenumun formalaşdırdığı hüquqi mövqeyə görə, şəxs təyin olunmuş cəzalardan birini çəkməkdə davam etdiyi vəziyyətdə (nə qədər ki bu cəza qəti cəzanın tərkib elementidir) o, hökmlə müəyyən edilmiş cəzanı çəkib qurtarmış hesab edilə bilməz və bu səbəbdən ayrıca olaraq çəkilib qurtarmış cəzaya görə məhkumluğun ödənilməsi müddətinin axımının başlanması istisna edilir.
Əks yanaşma, vahid hökmlə təyin olunmuş hər bir cəzanın müstəqil hesablanan bir neçə məhkumluq yaratması, həmçinin eyni bir hökmlə müxtəlif cəzalara məhkum olunmuş şəxsin həm məhkumluğu ödənilən, həm ödənilməyən, hətta cəza çəkən şəxs statusunda ola bilməsi kimi yanlış nəticəyə gətirib çıxarar.
Plenum bu nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin mənasına görə, məhkum edilmiş şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti cəzanın çəkilməmiş hissəsini əvəz edən cəzanın çəkilib qurtardığı gündən hesablanmalıdır.
Digər tərəfdən isə Cəzaların İcrası Məcəlləsinin 167.0.4-cü maddəsində cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi cəzanın çəkilməmiş hissəsindən azad etmənin cəzaların icrası qaydasında tənzimlənməsini nəzərdə tutur.
Qərarla daha ətraflı bu linkdən tanış ola bilərsiniz.
Konstitusiya Məhkəməsi Plenum Qərarı, https://constcourt.gov.az/az/decision/1376