İnzibati işlərdə kassasiya şikayəti hansı hallarda mümkün sayılmır?
Xəbərlər
Ali Məhkəmənin İnzibati Kollegiyası İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair Qərardad (No 01/2023) qəbul edib.
“Tribunat” həmin qərardadın qısa məzmununu təqdim edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qaradağ rayon şöbəsinin 2016-cı il 26 dekabr tarixli qərarı ilə Abdullayev Novruzəli Məhərrəm oğluna 2016-cı il 1 iyul tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib.
2020-ci ilin 1 dekabrından adıçəkilən vətəndaşa pensiya ödənişi dayandırılıb. N.Abdullayevin pensiya ödənişinin bərpasına dair müraciəti “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə istinadla təmin edilməyib.
İmtina ona əsaslanıb ki, sonradan aparılmış araşdırmalar nəticəsində vətəndaşa əvvəllər pensiyanın qanunvericiliyin tələblərinə riayət edilmədən təyin edildiyi müəyyən olunub.
Bundan sonra, Abdullayev Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1 dekabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən ödənilməsi və həmin dövrdən indiyə kimi ödənilməmiş qalıq məbləğin birdəfəlik verilməsi öhdəliyinin cavabdeh dövlət orqanına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.
Digər tərəfdən, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, N.Abdullayevə artıq ödənilmiş 14225.68 manat pensiya məbləğinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib
Bakı İnzibati Məhkəməsinin 2021-ci il 3 sentyabr tarixli qərardadı ilə sözügedən işlərə birgə baxılması və vahid qərarın qəbul edilməsi məqsədə müvafiq hesab edilib, hər iki iş bir icraatda birləşdirilib.
Bakı İnzibati Məhkəməsinin 2022-ci il 17 may tarixli qərarı ilə birinci iş üzrə iddiaçı Abdullayev Novruzəli Məhərrəm oğlunun iddiası təmin edilib.
Cavabdeh dövlət qurumu apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, onların vətəndaşa qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” iddiasının təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş edib.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 12 yanvar tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Cavabdeh inzibati orqan kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş edib.
Kassasiya icraatı zamanı mübahisəli hüquqi məsələyə dair kassasiya şikayətinin mümkünlüyü məsələsinə əvvəlki hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməli olduğu ilə bağlı təşəbbüslə çıxış edən işə baxan məhkəmə tərkibi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə Ali Məhkəmənin sədrinə təqdimatla müraciət edib.
Təqdimatın dəlillərinə görə, hazırkı iş üzrə mübahisənin predmetini bir-biri ilə əlaqəli iki məsələ təşkil edir - şəxsə ödənilən pensiyanın inzibati orqan tərəfindən dayandırılmasının qanuniliyi və artıq ödənilmiş pensiya məbləğinin qaytarılmasının yolverilənliyi və əsaslılığı.
Məhkəmə məsələ ilə bağlı belə qərara gəlib ki, Konstitusiyanın 131 və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, eləcə də mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər.
Qərardad 2024-cü il 1 yanvar tarixindən sonra verilmiş kassasiya şikayətlərinə münasibətdə tətbiq olunacaq.
Qərardadla daha ətraflı bu linkdən tanış olun.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Q Ə R AR D AD (No 01/2023) İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair, https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu-06112023-yenilenmis-son-1.pdf