İslam Partiyasının sədr əvəzinin və ruhaninin məhkəməyə qədər həbsində pozuntu Xəbərlər

İslam Partiyasının sədr əvəzinin və ruhaninin məhkəməyə qədər həbsində pozuntu

22 Sentyabr, 2023
21 sentyabr 2023-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı növbəti qərarlarını elan edib. “Tribunat” bu qərarlardan biri olan “Əliyev və Babayev Azərbayana qarşı” işinin (Case of Aliyev and Babayev v. Azerbaijan (Applications nos. 10084/21 and 19549/22)) qısa tərcüməsini təqdim edir.  Ərizəçilər həbsdə saxlanmaları üçün əsasların olmamasından şikayət ediblər. Hər iki ərizəçi şikayət edib ki, daxili məhkəmələr onların işlərində həbs qətimkan tədbirinin tətbiqinin zəruriliyini əsaslandırmayıb. Buna görə də hüquqlarının Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi altında pozulduğunu iddia ediblər. Ərizələrin oxşar predmetini nəzərə alaraq, Məhkəmə şikayətlərə birgə baxmağı məqsədəuyğun hesab edib. Məhkəmə bundan əvvəl Fərhad Əliyev Azərbaycana, İsayeva Azərbaycana və Zayidov...

21 sentyabr 2023-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı növbəti qərarlarını elan edib. “Tribunat” bu qərarlardan biri olan “Əliyev və Babayev Azərbayana qarşı” işinin (Case of Aliyev and Babayev v. Azerbaijan (Applications nos. 10084/21 and 19549/22)) qısa tərcüməsini təqdim edir. 

Ərizəçilər həbsdə saxlanmaları üçün əsasların olmamasından şikayət ediblər.

Hər iki ərizəçi şikayət edib ki, daxili məhkəmələr onların işlərində həbs qətimkan tədbirinin tətbiqinin zəruriliyini əsaslandırmayıb. Buna görə də hüquqlarının Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi altında pozulduğunu iddia ediblər.

Ərizələrin oxşar predmetini nəzərə alaraq, Məhkəmə şikayətlərə birgə baxmağı məqsədəuyğun hesab edib.

Məhkəmə bundan əvvəl Fərhad Əliyev Azərbaycana, İsayeva Azərbaycana və Zayidov Azərbaycana qarşı işlərində eyni məsələ ilə bağlı pozuntunu tapdığını vurğulayıb.

Məhkəmə ona təqdim edilmiş bütün materialları araşdıraraq, onu bu şikayətlərin məqbulluğu və mahiyyəti ilə bağlı fərqli nəticəyə gəlməyə inandıra biləcək hər hansı fakt və ya arqument aşkar etməyib. Geniş presedent hüququnu nəzərə alaraq, Məhkəmə hesab edib ki, hazırkı işdə daxili məhkəmələr ərizəçilərin məhkəməyəqədər həbsinin zəruriliyini əsaslandıra bilməyiblər.

Buna görə də bu şikayətləri qəbuledilən hesab edib və Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozuntusunu tanıyıb.

Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi tutulmuş və ya həbsə alınmış hər kəsin dərhal hakimin qarşısına gətirilməsini və ağlabatan müddətdə məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malik olduğunu bəyan edir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər. 

Məhkəmə İlham Əliyevə mənəvi zərərə görə 3000 ( üç min) avro, xərclərə görə isə 500 avro təyin edib. Sərdar Babayevə isə mənəvi zərərə görə 4500 ( dörd min beş yüz) avro, xərclərə görə 500 avro təyin edib.

Qeydiyyata alınmamış Azərbaycan İslam Partiyasının sədr əvəzi İlham Əliyev 2020-ci il fevralın 29-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təqsirləndirilən şəxs qismində saxlanılıb. O, Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və 193-cü (yalançı sahibkarlıq) maddələri ilə təqsirli hesab edilib. 6 may 2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə çıxarılan hökmlə İlham Əliyev 16 il müddətinə azadlıqdan məhrum edilib. 

Ruhani Sərdar Babayev də dövlətə xəyanət ittihamı ilə 2021-ci ilin oktyabrında saxlanılıb və istintaq dövürndə 4 ay müddətinə həbs edilib. Hazırda bu ittiham üzrə məhkəmə baxışı davam edir.  
Avropa Məhkəməsinin qərarı ilə bu linkdən tanış ola bilərsiniz.

Case of Aliyev and Babayev v. Azerbaijan (Applications nos. 10084/21 and 19549/22)

İlahiyyatçı Sərdar Babayev dövlətə xəyanət ittihamı ilə həbs edildi, https://qafqazinfo.az/news/detail/ilahiyyatci-serdar-babayev-dovlete-xeyanet-ittihami-ile-hebs-edildi-340377 

İslam Partiyasının sədr əvəzi 16 il həbsə məhkum edilib, https://www.turan.az/ext/news/2021/5/free/Social/az/3825.htm


Məqaləni paylaş