Konstitusiya Məhkəməsinin məhkəmə aidiyyəti ilə bağlı qərarı Xəbərlər

Konstitusiya Məhkəməsinin məhkəmə aidiyyəti ilə bağlı qərarı

30 Sentyabr, 2023
25 sentyabr 2023-cü ildə Konstitusiya Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrini əlaqəli şəkildə şərh edib. Bu maddələrin şərh edilməsi üçün müraciət edən Azərbaycan Respublikası Prokurorluğu olub.    Prokurorluq şərhə ehtiyacı cinayət işlərinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı müxtəlif yanaşmaların mövcudluğu ilə əlaqələndirib. Həmçinin, qeyd edib ki, Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət prosesi prinsip və ya şərtlərinin təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Məhkəmənin qərarı Qanunvericiliyə əsasən məhkəmə aidiyyəti üç prinsip - ərazi üzrə məhkəmə aidiyyəti, predmet üzrə...

25 sentyabr 2023-cü ildə Konstitusiya Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrini əlaqəli şəkildə şərh edib.

Bu maddələrin şərh edilməsi üçün müraciət edən Azərbaycan Respublikası Prokurorluğu olub. 

 

Prokurorluq şərhə ehtiyacı cinayət işlərinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı müxtəlif yanaşmaların mövcudluğu ilə əlaqələndirib. Həmçinin, qeyd edib ki, Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət prosesi prinsip və ya şərtlərinin təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər.

Məhkəmənin qərarı

Qanunvericiliyə əsasən məhkəmə aidiyyəti üç prinsip - ərazi üzrə məhkəmə aidiyyəti, predmet üzrə məhkəmə aidiyyəti, həmçinin şəxsi aidiyyət prinsipləri əsasında müəyyən edilir. Bu prinsiplər müstəsna və ya elektiv (seçimli) qaydada tətbiq olunur.

Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsində təsbit olunmuş ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır.

Azərbaycan Respublikasının cinayət qanunvericiliyi uzanan cinayətləri digər cinayətlərdən fərqləndirmir, onların anlayışını vermir və bu cinayətlər üzrə müddətin hesablanmasına dair xüsusi müddəalar nəzərdə tutmur. Lakin qanunvericilik bu cinayətlərin mövcudluğunu tanıyır və Cinayət-Prosessual Məcəlləsinin 74.2-ci maddəsində həmin cinayətlərə istinad olunur.

Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşdırdığı hüquqi mövqeyə görə, uzanan cinayət - konkret cinayətdir və bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Uzanan cinayət əməlin törədilməsi ilə bitmir. Bu cinayət əməlləri yalnız başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, uzanan cinayət bir məhkəmənin yurisdiksiyasına aid olan yerdə başlayıb, başqa məhkəmənin yurisdiksiyası daxilində bitibsə, cinayət işinə cinayətin bitdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır.

Alternativ tərkibli uzanan cinayətlərə gəldikdə isə, belə tərkibli cinayətlərin obyektiv cəhətini təşkil edən alternativ hərəkətlərdən hər hansı birinə yol verildiyi anda hüquqi cəhətdən cinayət baş vermiş hesab edilsə də, məhkəmə aidiyyəti məsələsinə münasibətdə cinayətə son qoyulma yeri faktiki cəhətdən cinayətin başa çatdığı yer hesab olunmalı və cinayət işinə həmin yerin məhkəməsi tərəfindən baxılmalıdır.

 

Konstitusiya Məhkəməsinin Plenumu birləşdirilmiş cinayət işlərinin yurisdiksiya baxımından hansı ağır cinayətlər məhkəməsinə aid olması ilə bağlı məsələyə dair qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə əsasən, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. 

Bu maddə ağır cinayət kateqoriyasına aid olmayan cinayət işi ilə ağır cinayət işini fərqləndirir. Belə ki, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digər isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinin ixtisaslı baxışdan keçməsini təmin etmək məqsədilə, predmet məhkəmə aidiyyəti prinsipinə uyğun olaraq ağır cinayətlər məhkəməsində baxışına üstünlük verilir.

 

Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hər bir ağır cinayətlər məhkəməsinə onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir.

 

Əgər bir icraatda birləşdirilmiş müxtəlif yurisdiksiyalarda baş vermiş cinayətlərə dair işlər eyni səviyyəli birinci instansiya məhkəmələrinə, məsələn hər biri ağır cinayətlər məhkəməsinə aiddirsə, məhkəmə aidiyyəti məsələsi Cinayət-Prosessual Məcəlləsinin 74.8-ci maddəsində təsbit edilmiş qaydaya müvafiq surətdə həll edilməli, yəni cinayət işinə məhkəməyədək icraatın başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Həmin maddəyə əsasən, eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır.

 

Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 62-ci maddəsinin tələblərini rəhbər tutaraq aşağıdakı nəticələrə gəlib:

- Cinayət-Prosessual Məcəlləsinin 74.2.1-ci maddəsinə uyğun olaraq, alternativ tərkibli uzanan cinayətlərə dair işə cinayətə son qoyulduğu yerin yurisdiksiyasına aid olan məhkəmələr tərəfindən baxılmalıdır;

- Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə müvafiq olaraq, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsində baxılmalıdır; 

- ərazi yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisini və ya bir neçə inzibati ərazi vahidini əhatə edən istintaq qurumlarında məhkəməyədək icraatı tamamlanan cinayət işlərinin məhkəmə aidiyyəti Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinin hüquqi mahiyyətinə əsasən müvafiq cinayətlərdən ən çoxunun və ya ən ağırının törədildiyi yer üzrə müəyyən edilməlidir.

Qərarla daha ətraflı bu linkdən tanış ola bilərsiniz.

Konstitusiya Məhkəməsi Plenumun qərarı   Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair https://constcourt.gov.az/az/decision/1378 


Məqaləni paylaş