Metal qəfəsdə saxlanma ilə bağlı Avropa Məhkəməsinə şikayət nə vaxt verilməldir?
News
“Sirac Kərimli Azərbaycana qarşı” işində Məhkəmə bu suala aydınlıq gətirib.
Avropa İnsan Hüquqları Məhkəməsi 28 sentyabr 2023-cü ildə Azərbaycana qarşı 2 qərarını elan edib. Hər iki qərar qəbuledilməzliklə bağlıdır.
Qərarlardan biri “xeber44.com” saytının baş redaktoru Araz Quliyevin, digəri isə müxalif Müsavat Partiyasının funksioneri Siurac Kərimlinin şikayəti ilə bağlıdır.
“Tribunat” “Sirac Kərimli Azərbaycana qarşı” işinin (Case of Siraj Ragif oğlu Karimli v. Azerbaijan (Application no. 69148/16)) marağını nəzərə alıb, həmin işlə bağlı qərarın qısa tərcüməsini təqdim edir.
İşin halları
Şikayət Konvensiyanın 3-cü maddəsi altında ərizəçinin məhkəmə araşdırması zamanı metal qəfəsdə saxlanması ilə bağlıdır.
Ərizəçi narkotik satışında ittiham olunub.
16 mart 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ərizəçini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (narkotik vasitələrin külli miqdarda qanunsuz dövriyyəsi) ilə təqsirli bilib və 6 (altı) il müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsinin 29 may 2015-ci il tarixli və Ali Məhkəmənin 24 may 2016-cı il tarixli qərarları ilə onun şikayətləri təmin edilməyib və ittiham hökmü qüvvədə saxlanıb.
Ərizəçi Məhkəməyə şikayətində iddia edib ki, birinci instansiya məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesləri zamanı metal qəfəsə salındığı üçün o, pis rəftara məruz qalıb.
Məhkəmənin qiymətləndirməsi
Hökumət Məhkəməyə təqdim etdiyi müşahidələrində bildirib ki, ərizəçi yalnız birinci instansiya məhkəməsindəki icraat zamanı metal qəfəsdə saxlanılıb. Həmçinin, iddia edib ki, ərizəçi qurban statusunda olmayıb, çünki şikayət edilən rəftar minimum şiddət səviyyəsinə çatmayıb və o, daxili müdafiə vasitələrini tükəndirməyib.
Məhkəmə ərizəçinin şikayətini qəbuledilməz saydığından, Hökumətin irəli sürdüyü etirazları araşdırmağa ehtiyac duymayıb.
Məhkəmə bildirib ki, bir qayda olaraq, altı aylıq müddət (hazırda dörd aylıq) ölkə daxili müdafiə vasitələrinin tükənməsi prosesində yekun qərarın qəbul edildiyi tarixdən başlayır.
İddia edilən pozuntu heç bir daxili hüquqi müdafiə vasitələrinin mövcud olmadığı davamlı bir vəziyyət təşkil etdikdə, altı aylıq müddət davam edən vəziyyətin sonundan başlayır.
Məhkəmə əvvəllər müəyyən edib ki, ərizəçilərin işinə baxılarkən məhkəmə zalında müntəzəm olaraq metal qəfəsdə saxlandıqları bütün dövr Məhkəmənin yurisdiksiyasına daxil edilən “davamedən vəziyyət” alternativini yaradıb.
Məhkəmə həmçinin qeyd edib ki, Azərbaycan qanunvericiliyində bu cür iddia edilən pozuntunun baş verməsinin və ya onun davam etməsinin qarşısını almağa və ya adekvat kompensasiya təmin etməyə qadir olan daxili müdafiə vasitələri yoxdur. Həmçinin mövcud təcrübə qəfəsdən azad olmaq istəyən şəxsin həyata keçirəcəyi xüsusi proseduru nəzərdə tutmur.
Məhkəmə qeyd edib ki, (i) ərizəçinin şikayət etdiyi iddia edilən pis rəftar, yəni onun məhkəmə zalında metal qəfəsə salınması 16 mart 2015-ci ildə başa çatan məhkəmə prosesi zamanı baş verib və (ii) 29 may 2015-ci ildə Bakı Apellyasiya Məhkəməsində başa çatmış icraat zamanı ərizəçinin eyni şəraitdə saxlanılıb-saxlanılmaması ilə bağlı tərəflər arasında mübahisə var.
Məhkəmə hesab edib ki, sonuncu faktiki halın müəyyən edilməsinə ehtiyac yoxdur, çünki istənilən halda ərizəçi pis rəftarın Ali Məhkəmədəki icraat zamanı davam etdiyini iddia etməyib.
Hətta birinci instansiya və apellyasiya məhkəməsi zamanı ərizəçinin metal qəfəsdə saxlandığını fərz etsək belə, bununla bağlı hər hansı effektiv daxili hüquqi müdafiə vasitəsi olmadığı halda, Məhkəməyə şikayətin göndərilməsi üçün altı aylıq müddətin başlanma tarixi 29 may 2015-ci il, yəni apellyasiya məhkəməsində icraatın başa çatdığı tarix olacaqdır.
Bununla belə, ərizəçi Məhkəməyə şikayətini 23 noyabr 2016-cı ildə verib və bu səbəbdən o, altı aylıq müddətə əməl etməyib.
Nəticədə ərizə vaxtında veriilmədiyi üçün Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
Bu səbəblərə görə Məhkəmə yekdilliklə ərizəni qəbuledilməz elan edib.
Məhkəmənin qərarı haqda daha ətraflı bu linkdən tanış ola bilərsiniz.
Karimli v. Azerbaijan (Application no. 69148/16)