MTN-in keçmiş əməkdaşının itkin düşməsi ilə bağlı qərar
News
Avropa Məhkəməsi Mahir Abdullayevin yoxa çıxması ilə bağlı araşdırmanın səmərəsiz olduğu qənaətinə gəlib .
12 oktyabr 2023-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi Abdullayev Azərbaycana qarşı işi (Case of Abdullayev v. Azerbaijan (Application no. 24950/14)) üzrə qərarını elan edib.
Həmin qərar keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Mahir Abdullayevin itkin düşməsi ilə əlaqədardır.
Mahir Abdullayevin qardaşı Elşad Abdullayev Məhkəməyə Azərbaycan hüquq mühafizə orqanlarının apardığı istintaqın səmərəsizliyindən şikayət verib.
Elşad Abdullayev ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sahibi və rektoru olub.
O, sonradan Azərbaycandan köçüb və hazırda Fransanın paytaxtı – Parisdə yaşayır.
Mahir Abdullayevin itkin düşməsi Azərbaycanda bu vaxtadək bağlı qalmış, açılmamış cinayətlərdən biri hesab edilir.
“Tribunat” Avropa Məhkəməsinin qərarının qısa tərcüməsini təqdim edir.
Faktlar
1. Şikayət dövlət orqanlarının ərizəçinin qardaşı M.A.-nın itkin düşməsi ilə bağlı səmərəli araşdırma aparmaması ilə əlaqədardır.
2. Aşağıda təsvir edilən hadisələr zamanı ərizəçi Bakıda yerləşən özəl universitetin sahibi və rektoru olub.
3. 13 oktyabr 2003-cü ildə o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı olan M.A. evdən çıxıb və bir daha geri qayıtmayıb.
4. Ərizəçinin qardaşının yeri barədə heç bir məlumatı olmadığından, 14 oktyabr 2003-cü ildə o, M.A.-nin itkin düşməsi faktı ilə bağlı Yasamal Rayon Polis İdarəsinə (YRPİ) müraciət edib.
5. 24 oktyabr 2003-cü ildə, Yasamal Rayon Polis İdarəsi M.A-nın yoxa çıxmasında heç bir cinayət əməlinin olmadığı qənaətinə gələrək cinayət işi başlamaqdan imtina edib.
6. Ərizəçinin həmin qərardan verdiyi apellyasiya şikayəti əsasında 14 noyabr 2003-cü ildə M.A.-nın itkin düşməsi ilə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 144.2.6-cı (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.
7. 17 noyabr 2003-cü ildə Bakıda M.A.-nın sahibsiz avtomobili tapılıb.
8. 24 yanvar 2004-cü ildə ərizəçiyə zərərçəkmiş (qurban) statusu verilib.
9. 6 yanvar 2005-ci ildə cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilib və istintaqın aparılması Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə həvalə edilib.
10. Ərizəçinin qardaşının yüksək səviyyəli dövlət məmurları tərəfindən himayə edilən hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət mütəşəkkil cinayətkar qrup tərəfindən oğurlanması ilə bağlı şübhələrini ifadə etdiyi, davam edən cinayət istintaqı ilə bağlı çoxsaylı məktub və sorğularına cavab olaraq, prokurorluq orqanları müxtəlif tarixlərdə onun təqdim etdiyi sənədlərin iş materiallarına əlavə edildiyini və istintaqın nəticələri barədə ona məlumat veriləcəyini bildiriblər.
11. Ərizəçi 24 sentyabr 2010-cu ildə Azərbaycandan Fransaya mühacirət edib.
12. Ərizəçinin vəkili 17 iyul 2012-ci il tarixli məktubla prokurorluq orqanlarından xahiş edib ki, ərizəçiyə istintaqın gedişi barədə məlumat versinlər. Xüsusilə, vəkil qeyd edib ki, ərizəçi hələ də istintaqın gedişi və ya qəbul edilmiş qərarlar barədə məlumatlandırılmayıb. O, həmçinin istintaq orqanlarından ona müvafiq sənədlərin surətlərinin verilməsini xahiş edib.
13. Müstəntiq 27 iyul 2012-ci il tarixli qərarla vəsatəti təmin etməyib. Xüsusilə, müstəntiq Cinayət-Prosessual Məcəlləsinin (CPM) 87 və 102-ci maddələrinə istinad edərək bildirib ki, zərərçəkmiş və ya onun nümayəndəsi yalnız cinayət işi üzrə istintaq başa çatdıqdan sonra iş materialları və müvafiq sənədlərlə tanış ola bilərlər.
14. Ərizəçi müstəntiqin qərarından Nəsimi Rayon Məhkəməsinə şikayət verərək məhkəmədən xahiş edib ki, müstəntiq ona müvafiq sənədləri təqdim etsin. Şikayət CPM-nin 449-cu maddəsi ilə müəyyən edilmiş, istintaq orqanlarının hərəkətlərindən və ya qərarlarından daxili məhkəmələr qarşısında etiraz etmək imkanını nəzərdə tutan qaydaya əsasən verilib.
15. Nəsimi Rayon Məhkəməsi 23 avqust 2012-ci il tarixli qərarı ilə ərizəçinin şikayətini təmin etməyib. Məhkəmə hesab edib ki, cinayət prosesini həyata keçirən orqanların bu cür qərarından məhkəmələrə şikayət etmək olmaz. Həmin qərarı apellyasiya məhkəməsi də qüvvədə saxlayıb.
16. Belə görünür ki, 2005-ci ilin iyunundan 2009-cu ilin mayına qədər və 2010-cu ilin aprelindən 2012-ci ilin oktyabrına qədər istintaq orqanları tərəfindən heç bir fəal istintaq hərəkətləri aparılmayıb.
17. 4 oktyabr 2012-ci ildə əvvəlki istintaq orqanlarının uzun müddət ərzində M.A.-nın itkin düşməsinin hallarını müəyyən edə bilmədiyini nəzərə alaraq, cinayət təhqiqatını davam etdirmək məqsədi ilə Baş prokurorun rəhbərliyi ilə müstəqil əməliyyat-istintaq qrupu (istintaq qrupu) yaradılıb.
18. İş materiallarında olan sənədlərdən görünür ki, istintaq zamanı müxtəlif vaxtlarda M.A.-nın itkin düşməsi ilə bağlı çoxsaylı şahidlər (bəzi hallarda, bir neçə dəfə) dindiriliblər. Həmin şahidlər arasında M.A.-nın qohumları, dostları və tanışları, eləcə də ünsiyyətdə olduğu və telefon danışıqları apardığı şəxslər olub. Lakin dövlət orqanları sonda M.A.-nın harada olduğunu və onun itkin düşməsi və ya ehtimal edilən oğurlanması və qətlə yetirilməsinin dəqiq səbəblərini müəyyən edə bilməyib.
19. Hökumətin təqdim etdiyi sənədlərə əsasən, M.A.-nın itkin düşməsi ilə bağlı son fəal istintaq hərəkətləri istintaq qrupu tərəfindən 2013-cü ilin iyun ayında həyata keçirilib.
20. Ərizəçi Konvensiyanın 2, 6 və 13-cü maddələri əsasında qardaşının itkin düşməsi ilə bağlı səmərəsiz istintaqın aparılmasından, xüsusən də hakimiyyət orqanlarının qardaşının itkin düşməsinin arxasında kimin dayandığını müəyyənləşdirməməsindən və araşdırmanın gedişi barədə ona məlumat verməməsindən, o cümlədədn istintaqın həddən artıq uzun sürməsindən şikayət edib. O, həmçinin Konvensiyanın 3-cü maddəsinə əsasən qardaşının taleyi ilə bağlı qeyri-müəyyənlik səbəbindən çəkdiyi əzablardan şikayət edib. Hökumətin Müşahidələrinə cavabında ərizəçi əlavə şikayət verib və iddia edib ki, Məhkəmədən məktubların çatdırılmasında gecikmə olduğu və onun Məhkəməyə göndərdiyi məktublar itdiyi üçün Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulmuş fərdi müraciət hüququnun həyata keçirilməsinə maneçilik törədilib.
Məhkəmənin qiymətləndirməsi
Konvensiyanın 2-ci maddəsinin prosedural pozuntusu
21. İşin hallarını nəzərə alaraq, Məhkəmə hesab edib ki, ərizəçinin Konvensiyanın 6 və 13-cü maddələrinə əsasən verdiyi şikayətlər ayrıca məsələ qaldırmır və Konvensiyanın 2-ci maddəsinə uyğun baxılmalıdır.
22. Məhkəmə qeyd edib ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndinin mənasında açıq-aşkar əsassız deyil və ya hər hansı digər əsaslara görə qəbuledilməz sayılmır. Buna görə də o, qəbuledilən elan edilməlidir.
23. Dövlətin şəxsə qarşı cinayətlərin törədilməsinin qarşısını almaq üçün qüvvədə olan cinayət-hüquqi müddəaları tətbiq etmək öhdəliyi ilə bağlı ümumi prinsiplər Mustafa Tunç və Fecire Tunç Türkiyəyə qarşı işində ümumiləşdirilmişdir ([GC], № 24014/05. §§169-82 və 225, 14 aprel 2015-ciil).
24. Bununla əlaqədar Məhkəmə təkrar edib ki, təhqiqat o mənada effektiv olmalıdır ki, o, təqsirkar şəxslərin müəyyən edilməsinə və cəzalandırılmasına gətirib çıxara bilsin (bax: Hanan Almaniyaya qarşı [GC], № 4871/16, § 202, 16 fevral 2021). Eyni zamanda, Konvensiyanın 2-ci maddəsinə uyğun olaraq prosessual öhdəlik nəticə deyil, vəsitələr öhdəliyidir. Bundan əlavə, bu kontekstdə ağlabatan operativlik tələbi nəzərdə tutulsa da, müəyyən vəziyyətdə araşdırmanın gedişatına maneçilik törədən çətinliklərin ola biləcəyini etiraf etmək lazımdır.
25. Hazırkı işin hallarına toxunaraq, Məhkəmə qeyd edib ki, baxmayaraq ki, 14 noyabr 2003-cü il tarixində M.A.-nın itkin düşməsi ilə bağlı cinayət işinin başlanmasından sonrakı on ildən artıq müddət ərzində üç ayrı-ayrı istintaq orqanı tərəfindən bir sıra istintaq hərəkətləri həyata keçirilib, 2018-ci ildə tərəflərlə ən son ünsiyyət zamanı onun yoxa çıxma şəraiti və harada olduğu məlum olmayıb.
26. İş materiallarını nəzərə alaraq, Məhkəmə yerli hakimiyyət orqanları tərəfindən aparılan cinayət araşdırmasında bir sıra çatışmazlıqları qeyd edib.
27. Məhkəmə ilk olaraq qeyd edib ki, ərizəçinin qardaşının itkin düşməsi ilə bağlı 14 oktyabr 2003-cü ildə, qardaşı sonuncu dəfə göründüyü gündən şikayət etməsinə baxmayaraq, istintaq orqanları məsələ ilə bağlı cinayət işi açmaqdan imtina ediblər. Yalnız ərizəçinin növbəti şikayətlərindən sonra, M.A.-nın yoxa çıxmasından bir ay sonra, 14 noyabr 2003-cü ildə cinayət işi başlanılıb. Ərizəçinin ilkin şikayəti ilə cinayət işinin başlanması arasında vaxtın keçməsi hakimiyyət orqanlarının dərhal hərəkətə keçməsinə və hələ də mövcud ola biləcək hər hansı müvafiq sübut toplamasına mane olub.
28. Bundan əlavə, müxtəlif orqanlara verdiyi çoxsaylı təqdimatlarında ərizəçi qardaşının bəzi yüksək vəzifəli dövlət məmurlarının himayəsi altında fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrup tərəfindən oğurlandığını və öldürüldüyünü iddia edib. Bu ciddi iddialara baxmayaraq, istintaq orqanlarının vaxtında bu şikayətləri araşdırmağa cəhd etdiyi görünmür. Onlar həmçinin yuxarıda qeyd olunan iddialarla bağlı ərizəçinin vəsatətlərini nə üçün əsassız hesab etdiklərini əsaslandıra bilməyiblər.
29. Bundan başqa, Məhkəmə qeyd edib ki, ərizəçiyə istintaqda zərərçəkmiş statusu verilsə də, istintaq orqanları onun iş materialları ilə tanış olmasına şərait yaratmayıblar (yuxarıda 13-cü bəndə bax). Baxmayaraq ki, Hökumət öz Müşahidələrində ərizəçinin MTN əməkdaşı olan yaxın qohumunun istintaq qrupunun yaradılmasından sonra cinayət təhqiqatında iştirak etdiyini və bununla da iş materialları ilə tanış ola bildiyini bildirsə də, Məhkəmə qeyd edib ki, zərərçəkmiş statusuna malik olan ərizəçiyə istintaqın gedişi haqqında məlumatı və iş materiallarından müvafiq sənədlərin surətlərini bilavasitə (və ya vəkili vasitəsilə) əldə etməyə maneçilik törədildiyi üçün bu xüsusi əhəmiyyət kəsb etməməlidir. Məhkəmə bir daha qeyd etməyi zəruri sayıb ki, bu cür vəziyyətə haqq qazandırmaq üçün təhqiqat orqanlarının yerli qanunvericiliyə istinadını qəbul edə bilməz. Müvafiq daxili qanunvericiliyə əsasən, ərizəçinin və onun vəkilinin işin materiallarına heç bir çıxışının olmaması, istintaqı mühüm təminatdan - ölmüş və ya itkin düşmüş şəxsin ailəsinin iştirakından məhrum etdiyi üçün qəbuledilməz hesab edilir (bax: Hüseynova Azərbaycana qarşı, № 10653/10, § 113, 13 aprel 2017-ci il, və Tağıyeva Azərbaycana qarşı, № 72611/14, § 73, 7 iyul 2022-ci il).
30. Sonda Məhkəmə cinayət təhqiqatının ümumi müddətini və hakimiyyət orqanlarının uzun müddət ərzində əsasən fəaliyyətsiz qalması faktını nəzərə almaqla, araşdırmanın dərhal həyata keçirilmədiyini hesab edib (yuxarıda 16 və 19-cu bəndlərə bax).
31. Yuxarıdakı mülahizələr Məhkəmənin yerli hakimiyyət orqanlarının ərizəçinin qardaşının itkin düşməsi ilə bağlı hallarla bağlı adekvat və effektiv araşdırma apara bilmədiyi qənaətinə gəlmək üçün kifayət olub.
32. Məhkəmə, Konvensiyanın 2-ci maddəsinin prosessual aspektinin pozuntusunu müəyyən edib.
Beləliklə, Məhkəmə ərizəçinin şikayətini Konvensiyasının 2-ci maddəsi altında qəbul edilən sayıb və 2-ci maddənin prosedural pozuntusunu müəyyən edib. Məhkəmə Konvensiyanın 3 və 34-cü maddələri ilə verilən şikayətləri araşdırma ehtiyacı duymayıb. Ərizəçiyə mənəvi zərərə görə 3 ay ərzində 12000 (on iki min) avro, çəkdiyi xərclərə görə isə 70 (yetmiş) avro ödənməli olduğu qərarını verib.
Məhkəmənin qərarının ingilis dilində olan veriyası ilə bu linkdən tanış olun.
Case of Abdullayev v Azerbaijan. (Application no. 24950/14)