Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin I və II hissələrinin və 71-ci maddəsinin X hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.2, 159.1, 159.3, 159.3-1, 159.8-1, 163.2 və 163.4-cü maddələrinin həmin Məcəllənin 84.5.11, 84.5.16, 151.2, 172.2, 290.5.2 və 290.5.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərar qəbul edib.
Qərar 4 noyabr 2023-cü ildə qəbul edilib.
13 noyabr 2023-cü ildə qərarın mətni məhkəmənin saytında yerləşdirilib.
Bu iş üzrə sorğuçu Azərbaycan Respublikasının Prokurorluğu olub.
Sorğuda göstərilib ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə, cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbs və vəzifədən kənarlaşdırma prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üçün müstəntiqin vəsatəti əsasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə təqdimatla müraciət edir.
Ev dustaqlığı qətimkan tədbirinə münasibətdə də eyni prosessual tələb nəzərdə tutulub.
Eyni zamanda, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin həbsdə və ya ev dustaqlığında saxlanılması müddəti müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə tərəfindən uzadıla bilər.
Sorğuverənin qənaətinə görə, göstərilən məsələlərlə bağlı müstəntiqin vəsatəti olmadan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən məhkəməyə təqdimat verilməsinin məhdudlaşdırılması prokurorun prosessual rəhbər funksiyaları ilə uzlaşmır.
Belə ki, qanunla ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora cinayət işi üzrə mümkün olan bütün qərarları qəbul etməklə cinayət işinin taleyini həll etmək səlahiyyəti verilib.
Həmçinin, məhkəmə tərəfindən prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi barədə qərarın müstəntiqin əsaslandırılmış vəsatəti və prokurorun təqdimatı əsasında qəbul edilməsi göstərilsə də, Cinayət-Prosessual Məcəlləsinin 151.2, 157.7, 172.2 və 290.5-ci maddələri ilə prokuror tərəfindən müstəntiqin vəsatəti olmadan da təqdimat verilməsi müəyyən edilib.
Sorğuda məqsəd prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üçün müstəntiqin vəsatəti olmadan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təqdimat verilməsinin mümkün olub-olmaması məsələsinə aydınlıq gətirilməsi və bununla da vahid təcrübənin formalaşdırılmasıdır.
Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, müstəntiqin icraatında olan cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi və uzadılması həmin Məcəllənin 156.2, 159.1, 159.3, 159.3-1, 159.8-1, 163.2 və 163.4-cü maddələrinin tələblərinə uyğun olaraq müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həyata keçirilir.
Təqsirləndirilən şəxs barəsində göstərilən qətimkan tədbirlərinin müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında seçilməsinə dair qanunvericinin tələbi cinayət işi üzrə ittiham tərəfinin vahid mövqeyinin formalaşmasının təmin edilməsinə xidmət edir.
Həmçinin cinayət işi başlamış və bu halda müstəntiqin səlahiyyətlərindən istifadə edərək həmin işin ibtidai istintaqını aparan prokuror Cinayət-Prosessual Məcəlləsinin 156, 159 və 163-cü maddələrində göstərilən hallarda şübhəli və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməsi və uzadılması barədə təqdimatla məhkəməyə müraciət edə bilər.
Qərarla daha ətraflı buradan tanış olun.