Şahid məhkəmənin hökmündən apellyasiya şikayəti verə bilərmi?
Xəbərlər
Konstitusiya Məhkəməsinin Plenumunun yeni qərarında bu məsələyə aydınlıq gətirilib
6 oktyabr 2023-cü ildə Konstitusiya Məhkəməsinin Plenumu E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair qərarını elan edib.
Faktlar
Ali Məhkəmənin Mülki Kollegiyasının 2 iyul 2016-cı il tarixli qərarı çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələri üzərində i E.Axundovun mülkiyyət hüququnu tanıyıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmü ilə isə həmin qeyri-yaşayış sahələrinin Q.İbrahimovun sahibliyinə və istifadə verilməsi qət edilib. Bu hökmə görə, həmçinin Yiğitdöl Hikmət Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib və 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilib.
Cinayət işi üzrə şahid Axundov həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə vəsatət verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərarı ilə vəsatət təmin edilməyib.
Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə E.Axundovun apellyasiya şikayəti təmin edilməyib.
Ali Məhkəmənin Cinayət Kollegiyasının 12 noyabr 2021-ci il tarixli qərarı ilə də Axundovun kassasiya şikayəti təmin edilməyib.
Ərizəçi E.Axundov Plenumdan Ali Məhkəmənin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasını xahiş edib.
Məhkəmənin qiymətləndirməsi
Konstitusiya Məhkəməsinin Plenumu bildirib ki, apellyasiya icraatı qaydasında məhkəmə qərarlarına yenidən baxılması yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin olduğu halda mümkündür. Belə şikayətlə müraciət etmək hüququ olan şəxslərin dairəsi isə Cinayət-Prosessual Məcəlləsinin 383-cü maddəsi ilə müəyyən edilib. Yəni, qanunverici apellyasiya şikayəti vermək hüququ olan şəxsləri yalnız cinayət prosesinin tərəfləri, yəni cinayət prosesinin iştirakçıları ilə məhdudlaşdırıb. Bu isə birinci instansiya məhkəməsinin hökmü ilə hüquq və qanuni maraqlarına toxunulmuş cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) pozulmuş hüquqlarının müdafiəsi imkanından kənar qalması ilə nəticələnir.
Məhkəmə qeyd edib ki, cinayət prosesi iştirakçısının hüquqlarına və qanuni maraqlarına toxunulan hərəkətlərdən və qərarlardan məhkəməyə şikayət vermək hüququnun tanınmasında məhkəmələr müvafiq şəxsin formal hüquqi vəziyyətindən başqa, həmçinin onun faktiki vəziyyətini və belə vəziyyətdə onun hansı hüquqlara malik olması məsələsini də nəzərə almalıdırlar.
Konstitusiya Məhkəməsi qərara alıb ki, Cinayət-Prosessual Məcəllənin 383-cü maddəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun nəzərdə tutulmaması Konstitusiyasının 26-cı maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə uyğun deyil.
Həmin Məcəllənin 384-cü maddəsində müəyyən edilən apellyasiya şikayətinin verilmə müddətlərinin başlanğıcının müəyyənləşdirilməsi də həlledici əhəmiyyət kəsb edir.
Şəxs bir qayda olaraq hüquq pozuntusunun baş verdiyi vaxtdan öz hüququnun pozulmasını bilir və yaxud bilməlidir. Bu səbəbdən Cinayət-Prosessual Məcəlləsinin 384-cü maddəsində müəyyən edilən müddətlərin başlanğıcı birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) öz hüquqlarının pozulmasını bildiyi və yaxud bilməli olduğu gün ilə əlaqələndirilməlidir.
Məhkəmə Milli Məclisə tövsiyə edib ki, Cinayət-Prosessual Məcəlləsinin 383 və 384-cü maddələrində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun və məhkəməyə müraciət edilməsi üçün müddətlərin axımının hesablanması qaydalarının müəyyən edilməsinə dair müvafiq dəyişiklikləri həyata keçirsin.
Həmçinin, məsələ qanunvericilik qaydasında həll edilənədək birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququ təmin edilməlidir.
Qərarın tam mətni ilə buradan tanış olun
Konstitusiya Məhkəməsi Plenumunun E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair qərarı, https://constcourt.gov.az/az/decision/1379