logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Strasburq Məhkəməsinin təhsil hüququyla bağlı Azərbaycana qarşı qərarı

Xəbərlər
Strasburq Məhkəməsinin təhsil hüququyla bağlı Azərbaycana qarşı qərarı

Hərbi biletin vaxtında verilməməsi kişi abituriyentin təhsil hüququna müdaxilə təşkil edə bilərmi?

“Tribunat” 31 avqust 2023-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı verdiyi qərarlardan “Nəsimi Musayev Azərbaycan qarşı” işinin (Case of Nasimi Musayev v. Azerbaijan, Application no.54567/13 ) qısa tərcüməsini hazırlayıb. Qərar təhsil və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu ilə bağlıdır. 

 

Əsas faktlar

Ərizəçi Nəsimi Musayev Azərbaycan vətəndaşıdır. O, 1993-cü ildə anadan olub və Lerik rayonunda yaşayır. Onun Avropa İnsan Hüquqları Məhkəməsinə şikayəti ali məktəbə qəbul imtahanında iştirak etmək üçün hərbi biletinin dövlət orqanları tərəfindən vaxtında verilməməsi ilə əlaqədardır. Ərizəçinin iddiasına görə, ona hərbi bilet verilmədiyi üçün ali məktəbə qəbul imtahanında iştirakdan məhrum olub.

Musayev 29 iyun 2010-cu ildə tam orta təhsilini bitirib və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən hər il keçirilən ali məktəbə qəbul imtahanlarında iştirak etmək hüququ qazanıb. Ancaq həmin il ali məktəbə qəbul imtahanında iştirak etmək üçün TQDK-ya müraciət etməyib.

15 aprel 2011-ci ildə ərizəçinin 18 yaşı tamam olduğuna görə məcburi hərbi xidmətə çağırılıb. 20 aprel 2011-ci ildə Lerik rayon Hərbi Xidmətə Çağırış Komissiyasının (Komissiya) qərarı ilə şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini nəzərə alaraq, ərizəçi dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə qismən yararlı hesab edilib.

TQDK qeyri-müəyyən tarixdə 2011-ci il üçün ali məktəblərə qəbul imtahanında iştirak etmək üçün ərizələrin qəbulu üçün son müddətin həmin ilin iyunun 1-də başa çatacağını elan edib. İmtahanda iştirak etmək üçün ərizəçi digər sənədlərlə yanaşı hərbi biletini də təqdim etməli idi. Müvafiq qanunvericilikdə hərbi vəsiqələrin verilməsi müddəti müəyyən edilməsə də, ərizəçinin fikrincə, Komissiya onun hərbi xidmətə yararsızlığı ilə bağlı qərarını qəbul etdiyi tarixdən hərbi bilet almaq hüququna malik idi.

Belə görünür ki, ərizəçi heç vaxt Lerik rayon Hərbi Xidmətə Çağırış Xidmətinə və ya TQDK-ya universitetə qəbul imtahanında iştirak etmək niyyəti barədə məlumat verməyib.

23 may 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavininin göstərişi ilə TQDK-ya təqdim olunacaq hərbi biletlərin müvafiq şəxslərə yalnız Silahlı Qüvvələrin Baş Klinik Hospitalı (Hospital) ilkin diaqnozu ikinci tibbi müayinədən sonra təsdiqlədikdən sonra verilməsi barədə göstəriş verib.

Lerik rayon Hərbi Xidmətə Çağırış Xidməti tərəfindən xəstəxanaya getmək göstərişi almasına baxmayaraq, ərizəçi bunu etməkdən imtina edib və iddia edib ki, 10 iyun 1992-ci il tarixli “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanuna əsasən (həmin vaxt qüvvədə olan) , Xəstəxananın Komissiyanın qərarını təsdiq etmək səlahiyyəti yoxdur.

Buna baxmayaraq, Rayon Hərbi Xidmətə Çağırış Xidməti ərizəçiyə hərbi bileti 4 iyul 2011-ci ildə verib.

Məhkəmənin qiymətləndirməsi

Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən şikayət

 

26 iyul 2019-cu ildə Hökumət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən şikayətin qaldırdığı məsələlərin həlli məqsədilə birtərəfli bəyannamə təqdim edib.

Hökumət ərizəçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi altında, ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu etiraf edib.   

O, ərizəçiyə mənəvi zərərə və Məhkəmə qarşısında çəkilmiş xərc və məsrəflərə görə 1000 (min) avro ödəməyi təklif edib və Məhkəməni Konvensiyanın 37-ci maddəsinin c) bəndinə əsasən ərizəni işlərin siyahısından çıxarmağı xahiş edib.

Ərizəçi isə birtərəfli bəyannamənin şərtlərini rədd edərək, Məhkəmədən onun ərizəsinə baxmağı davam etdirməyi xahiş edib.

N.Musayev xüsusilə, Hökumətin birtərəfli bəyannamədə Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsinə əsasən onun təhsil hüququnun pozulduğunu etiraf etməməsinə və buna görə ona kompensasiya ödəməməsinə etiraz edib.

Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsinə (Təhsil hüququ) əsasən heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir.

Məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1-ci hissəsinin c) bəndini (Məhkəmənin müəyyənləşdirdiyi istənilən digər səbəbə görə, şikayətə baxışı davam etdirməyə lüzum yoxdursa) əsas tutaraq Hökumətin birtərəfli bəyanatı əsasında ərizəni siyahıdan çıxarıb və ərizənin bu hissəsinin araşdırılmasını davam etdirməyə lüzum görməyib.

Məhkəmə həmçinin vurğulayıb ki, Hökumət birtərəfli bəyannaməsinin şərtlərinə əməl etməzsə, Konvensiyanın 37-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq şikayətin baxılmalı işlər siyahısına bərpa edilməsi haqqında qərar qəbul edə bilər.

Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsinə əsasən şikayət

Məhkəmə bildirib ki, ərizəçinin şikayətinin mahiyyəti ondan ibarətdir ki, hərbi biletin verilməsi üçün vaxt məhdudiyyəti olmadığına görə, hakimiyyət orqanları onun hərbi biletini gecikdirilmiş qaydada, universitetə qəbul imtahanında iştirak etmək üçün TQDK-ya müraciətin son tarixindən sonra veriblər.

Hərbi vəsiqələrin yalnız ali məktəblərə qəbul imtahanında iştirak etmək istəyənlərə deyil, bütün kişi vətəndaşlara verildiyini nəzərə alaraq, Məhkəmə əvvəlcə qeyd edir ki, hərbi biletin verilməsi üçün vaxt məhdudiyyətinin olmaması özlüyündə Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsinin mənasında mütləq məhdudiyyət təşkil etmir.

Üstəlik, rəsmi sənədin verilməsinin yetmiş beş gün çəkməsi (ərizəçinin iddiasına görə) özlüyündə hazırkı işdə əsassız uzun müddət hesab edilə bilməz.

Məhkəmə qeyd edir ki, ərizəçi 20 aprel 2011-ci ildə, TQDK tərəfindən ali məktəbə qəbul imtahanı üçün müəyyən edilmiş son tarixdən bir aydan çox əvvəl, sülh dövründə hərbi xidmətə yararsız və müharibə dövründə qismən yararlı elan edilib.

Bununla belə, görünür ki, ərizəçi heç vaxt imtahanda iştirak etmək niyyəti barədə Lerik rayon Hərbi Xidmətə və TQDK-ya məlumat verməyib və bu müddət ərzində heç vaxt vəsiqənin tezliklə verilməsini tələb etməyə cəhd göstərməyib. Bundan əlavə, görünür ki, hərbi biletin verilməsində iddia edilən gecikmənin ən azı bir hissəsi ərizəçinin öz davranışı ilə bağlı ola bilər.

Nəhayət, abituriyentin 2011-ci ildə ali məktəbə qəbul imtahanında iştirak etməməsi onun sonrakı illərdə imtahan vermək üçün müraciət etməsinə mane olmur.

Bütün bunları nəzərə alarq Məhkəmə hesab edib ki, hazırkı işin xüsusi hallarında mahiyyətinə xələl gətirəcək və səmərəliliyindən məhrum edəcək dərəcədə ərizəçinin təhsil hüququna hər hansı əsassız və ya gözlənilməz məhdudiyyətin qoyulduğu göstərilməyib.

Bundan başqa, ərizəçi öz arqumentlərində ölkədə bununla bağlı hər hansı sistem probleminin olduğunu nümayiş etdirməyib.

Belə çıxır ki, ərizənin bu hissəsi açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.

Beləliklə, Məhkəmə şikayəti bu hissədə qəbuledilməz hesab edib.

Case of Nasimi Musayev v. Azerbaijan, (Application no.54567/13)

4 Sentyabr, 2023