Qaradağ rayonunun Umbakı qəsəbəsində yeni inşa olunmuş qarışıq rejimli müasir penitensiar kompleks istifadəyə verilib.
Bu haqda Ədliyyə Nazirliyinin saytı məlumat yayıb.
Umbakı penitensiar kompleksi qarışıq rejimli olmaqla iki zonadan - cəzaçəkmə müəssisəsi və istintaq təcridxanasından ibarətdir.
Müəssisədə ağır və digər cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş məhkumlar, təcridxanada isə təqsirləndirilən şəxslər saxlanılacaq.
Ümumi saxlanma limiti 1.300 nəfər olan kompleksdə 19 müxtəlif rejimli kamera tipli korpuslar inşa olunub.
Nazirliyin sytı məlumat verir ki, kameralarda hər cür şərait yaradılıb, o cümlədən ayrıca sanitar qovşağı, gəzinti yerləri ayrılıb.
Azərbaycanda hazırda 3 istintaq təcridxanası, 16 cəzaçəkmə müəssisəsi, 1 həbsxana, 1 tərbiyə müəssisəsi, 1 müalicə müəssisəsi və 1 ixtisaslaşdırılmış müalicə müəssisəsi, 1 penitensiar müəssisə (Şəki Penitensiar Müəssisəsi) və 14 məntəqə tipli cəzaçəkmə müəssisəsi mövcuddur.
Bu müəssisələrin böyük əksəriyyəti paytaxt Bakı şəhərində yerləşir və əsasən Sovet dövründə inşa edilmiş müəssisələrdir.