Azərbaycanda qiyabi icraat: bu institutun effektivliyi nədən asılıdır?
Analiz
Qiyabi icraat təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəməyədək və məhkəmə icraatı prosesinin keçirilməsini nəzərdə tutur. Cinayət icraatında ədalət mühakiməsi yerli və beynəlxalq qanunvericiliyə əsasən çəkişmə prinsipinə əsaslanır. Azərbaycan Konstitusiyasının 127-ci maddəsi bu prinsipi məhkəmə icraatı üçün fundament olaraq qəbul edir. Təqsirləndirilən şəxsin məhkəmədə iştirak etməməsi çəkişmə prinsipinin birbaşa pozuntusu olmasa da, detallı tənzimləmə tələb edir.
“Tribunat” Azərbaycan qanunvericiliyində cinayət təqibində qiyabi icraat mövzusunu araşdırıb.
Yerli qanunvericiliyə qiyabi icraat proseduru 2023-cü ildə əlavə edilib. Cinayət təqibi üzrə qiyabi icraatı Cinayət-Prosessual Məcəlləsinin (CPM) LIV-II fəsili tənzimləyir. Məcəllə qiyabi icraatın aparılmasını aşağıdakılar ilə şərtləndirir:
- Qiyabi icraat CPM-in 467-13.1-ci maddəsinin müəyyən etdiyi Cinayət Məcəlləsinin maddələri və həmin maddələrlə yanaşı eyni bir cinayət işi çərçivəsində cinayətlərin məcmusu üzrə aparıla bilər;
- Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizləndiyi və ya çağırışa gəlməkdən qəsdən boyun qaçırdığı üçün cinayət prosesində şəxsən iştirakının təmin edilməsi mümkün olmadıqda qiyabi icraat aparıla bilər;
- Qiyabi icraatın açılması barədə qərar məhkəmə tərəfindən müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun yuxarı prokurorla razılaşdırılmış təqdimatı əsasında açıla bilər;
- Qiyabi icraat barədə qərar yalnız təqsirləndirilən şəxs barəsində axtarış elan olunduğu vaxtdan 3 ay keçdikdən sonra qəbul edilə bilər.
Qiyabi icraatın yayğınlığına dair obyektiv fikir yürütmək qəlizdir. Yalnız keçən il, 2024-cü ilin mayında Dövlət Statistika Komitəsi istintaq işinə dair dərc etdiyi məlumatlarda qiyabi icraata dair statistikanın daxil edilməsinə dair qərar qəbul edib. Bu statistik məlumatların təsnifatında qiyabi icraat üzrə nə qədər işin açıldığı, nə qədərinə xitam verildiyi, neçəsi barədə vəsatət, prokurorluq tərəfindən təqdimat verildiyi, neçəsini məhkəmənin təmin etdiyi və bunun kimi qiyabi icraat işinin açılmasından yekunlaşmasına qədər göstəricilər daxildir.
Mediada qiyabi icraatın açılması halları, əsasən mövcud iqtidara qarşı müxalif mövqeyi ilə seçilən şəxslərə və tənqidçi blogerlərə münasibətdə müşahidə etmək mümkündür.
Qiyabi icraat dövründə cinayət təqibini həyata keçirən orqan çağırış vərəqəsini CPM-in 54-1.6-cı maddəsinə əsasən, diplomatik nümayəndəlik, konsulluq və ya cinayət işlərinə dair hüquqi yardım göstərilməsi qaydasında həmin ölkənin müvafiq səlahiyyətli orqanı vasitəsilə göndərir. Bu addım uğurlu olmadıqda orqan ittiham elan etmək üçün şəxsi tutmaq və ekstradisiya istiqamətində tədbirlər görür. Bu addım da nəticəsiz olduqda çağırış vərəqəsində olan məlumatlar, təqsirsizlik prezumpsiyasını pozmamaq şərtilə, ictimai televiziya və radio vasitəsilə yayımlanır və rəsmi internet səhifəsində dərc edilir. Geniş ictimaiyyət bu prosedur barədə ölkə xaricində yaşayan tənqidçi blogerlərin istintaqa çağırışı zamanı agah oldu.
Hüquqi sistemlərin və yanaşma fərqlərini nəzərə alaraq, qəbul edilmiş prinsip bundan ibarətdir ki, Hökumətlər öz qanunvericiliyinə qiyabi icraatın daxil edilməsi ilə bağlı geniş diskresion səlahiyyətə malikdir (s.4). Buna görə ölkələrin yurisdiksiyasında qiyabi icraatın tənzimlənməsi də müxtəlif formada baş verir. Məsələn, Gürcüstan qanunvericiliyi qiyabi məhkəmə icraatının keçirilməsinə icazə versə də, qiyabi məhkəməyədək icraat barədə əhatəli tənzimləmə nəzərdə tutmur. Və yaxud Almaniya qanunvericiliyi qiyabi məhkəmə icraatlarına yalnız kiçik cinayətlər hallarında imkan yaradır (s.9-10).
Ancaq Almaniya qanunvericiliyindən fərqli olaraq, Azərbaycan cinayət-prosessual qanunvericiliyi qiyabi icraatı ağır və xüsusilə ağır cinayətlərin təqibində həyata keçirilməsi imkanını tanıyır. Belə ki, bu siyahıya həyat və sağlamlıq əleyhinə, şəxsiyyətin azadlıq və ləyaqəti əleyhinə, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, ictimai təhlükəsizlik əleyhinə, konstitusion quruluş və təhlükəsizlik əleyhinə, korrupsiya, idarəetmə qaydası əleyhinə olan ağır və xüsusilə ağır cinayətlər daxildir. Qiyabi icraatın açıla biləcəyi cinayətlər arasında yerli hüquq-mühafizə orqanları tərəfindən siyasi motivli işlərdə istifadə edilən iqtisadi fəaliyyət sahəsində cinayətlər (qaçaqmalçılıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), dövlətə xəyanət, terrorçuluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər cinayətlərin yer alması qiyabi icraatın sui-istifadə hallarına yol açacağını güman etməyə əsas verir. Bu situasiya, xüsusilə, təqsirləndirilən şəxslərin hüquqi təmsilçiliyinin və müdafiəsinin qənaətbəxş olmaması halında prossessual pozuntulara yol aça bilər.
Lakin qiyabi icraatın mümkünlüyü yerli cinayət-prosessual qanunvericilikdə təsbit edildiyi halda təqsirləndirilən şəxslərə dair bir neçə qarantiyanı ehtiva etməlidir:
- Təqsirləndirilən şəxs qiyabi icraat barədə əhatəli şəkildə və miqyasda məlumatlandırılmalıdır;
- Təqsirləndirilən şəxsin məhkəmə qarşısına çıxmaq hüququndan imtinası birmənalı şəkildə ifadə olunmalı və hüquq-mühafizə orqanı üçün aydın olmalıdır;
- Təqsirləndirilən şəxsin müdafiə imkanları mövcud olmalıdır və hüquqi təmsilçiliyi adekvat şəkildə həyata keçirilməlidir;
- Təqsirləndirilən şəxsin qiyabi hökm çıxarılan iş üzrə yeni məhkəmə baxışının keçirilməsinə dair hüquq və qarantiyaları olmalıdır.
Bu prizmadan qüvvədə olan cinayət-prosessual qanunvericiliyin qiyabi icraatın tənzimlənməsinə dair normalarına nəzər yetirdikdə yuxarıda qeyd edilən məqamların, ümumi olaraq öz əksini tapmasını bildirmək olar. CPM-ə əsasən qiyabi icraat barədə mövcud vasitələrlə məlumat çatdırılır, icraatın açılması müstəntiqin vəsatəti və prokurorun təqdimatı ilə həyata keçirilir, təqsirləndirilən şəxsin yeni məhkəmə baxışı üçün müraciət etməyə hüququ var.
Lakin bu kontekstdə yarana biləcək problemlərdən biri təqsirləndirilən şəxsin müdafiə ilə təmin edilməsi məsələsi ola bilər. “Tribunat” bundan əvvəl ölkədə müdafiəçi tərəfindən formal təmsilçiliyin yayılması barədə yazıb. Keyfiyyətli hüquqi yardım cinayət-prosessual qanunvericiliyin əhəmiyyəli hissəsi olaraq Avropa İnsan Hüquqları Konvensiyasının 6(3)(c) maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci, CPM-in 19-cu maddəsi ilə təsbit edilir.
CPM-in qiyabi icraatı tənzimləyən maddələrindən belə təəssürat yaranır ki, bir qayda olaraq, təqsirləndirilən şəxsin hüquqi təmsilçiliyi dövlət tərəfindən təmin edilən təyinatlı vəkillik vasitəsilə həyata keçirilir. Belə ki, 467-13.3-cü maddəyə əsasən, təqsirləndirilən şəxs özünün seçimi əsasında müdafiəçisi barədə məlumatı cinayət prosesini həyata keçirən orqana göndərməlidir. Əks halda, müdafiəçi dövlət tərəfindən təmin edilir. Habelə, qiyabi icraat işinin açılması üçün hüquqi təmsilçilik məsələsi vacib rol oynayır, çünki bu məsələyə baxan məhkəmənin nəzərə almalı olduğu üç haldan biri “təqsirləndirilən şəxsin hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi”dir.
Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasında qiyabi icraatların 6-cı maddənin birbaşa pozuntusu olmasa da (Seydoviç İtaliyaya qarşı, §82) təqsirləndirilən şəxsin hüquqi yardıma çatımlılığın təmin edilməməsi onun ədalətli məhkəmə araşdırımasına olan hüququnun pozulmasına səbəb ola bilər. Təqsirləndirilən şəxsin icraatda iştirak etməməsi səbəbindən qiyabi icraatın açılması onun hüquqlarından imtina etməsi anlamına gələ bilməz (Karatas və Sari Fransaya qarşı, §62). Qiyabi icraatda təqsirləndirilən şəxsin hüquqi yardıma çatımlılığı bir çox məsələləri, o cümlədən, müdafiəçinin təyin olunmasını əhatə edir. Lobjanidze və Peradze Gürcüstana qarşı işində dövlət tərəfindən təmin edilmiş müdafiəçinin qiyabi icraatda təqsirləndirilən şəxslərin mənafelərini keyfiyyətli şəkildə müdafiə etməməsi faktını Məhkəmə 6-cı maddənin pozuntusu olaraq tanıyıb (§90).
Qiyabi icraat açılmış cinayət işləri üzrə təqsirləndirilən şəxslərin hüquqi təmsilçiliyi və müdafiəsi barəsində geniş məlumatın mövcud olmaması səbəbindən ehtimal etmək mümkündür ki, bu şəxslər dövlət hesabına vəkillər tərəfindən təmsil olunurlar. Vəkillər Kollegiyasının hesabatına əsasən, yalnız 2024-cü ildə, dövlət hesabına hüquqi yardım fəaliyyətinə görə 979 vəkilə ödəniş təmin edilib. Lakin bu vəkillərin neçəsinin qiyabi icraatda iştirak etməsi ilə bağlı statistika mövcud deyil. Dövlət tərəfindən təmin edilən vəkillərin siyasi işlərdə formal hüquq müdafiəsi həyata keçirməsi faktları təqsirləndirilən şəxslərin ədalətli məhkəmə araşdırması hüququnun pozulması halına gətirib çıxara bilər (nümunə kimi, Qafqaz Məmmədov Azərbaycana qarşı, §93) .
“Tribunat” bu qənaətə gəlir ki, Azərbaycanda qiyabi icraat institutunun yerli qanunvericiliyə daxil edilməsinə baxmayaraq, qısa müddət səbəbindən bu institutunun effektivliyi barədə yekdil qərar vermək çətindir. Qanunvericilikdə qiyabi icraatın açılması zamanı təqsirləndirilən şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün qarantiyalar mövcud olsa da, xüsusən də, dövlət hesabına təmin edilən vəkillərin formal vəkillik praktikası cinayət-prosessual qanunvericiliyi baxımından suallar doğurur. Bu halda təqsirləndirilən şəxslərin ədalətli məhkəmə araşdırmasına olan hüquqları pozulmuş olur. Effektiv qiyabi icraatın təmin edilməsi üçün formal vəkilliklə daha fəal mübarizə məqsədəuyğun olardı.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi; https://e-qanun.az/framework/46950#_ednref4
Azərbaycan Respublikası Cinayət Məcəlləsi; https://e-qanun.az/framework/46947#_Toc89058510
Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1061-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında Qərarı; https://e-qanun.az/framework/57012
İlqar Hacıyev 17 milyonluq dələduzluqda ittiham olunur - Bu tarixdə prokurorluğa çağırılır; https://qafqazinfo.az/news/detail/ilqar-haciyev-17-milyonluq-deleduzluqda-ittiham-olunur-bu-tarixde-prokurorluga-cagirilir-464914
Blogerlər və jurnalistlər barədə qiyabi həbs qərarı çıxarılıb; https://www.meydan.tv/az/article/blogerlər-və-jurnalistlər-barədə-qiyabi-həbs-qərari-cixarilib/
Xaricdəki blogerlər Baş Prokurorluğa çağırılıb; https://www.meydan.tv/az/article/azərbaycanin-bas-prokurorlugu-olkədən-muhacir-etmis-bir-necə-vətəndasini-istintaqa-cagirib/
Criminal proceedings in absentia, Comparative study of legislation and practices in selected member states of the Council of Europe; https://rm.coe.int/in-absentia-comparative-study/1680b29972
“Abzas Media” işində hökm - 9 ilə kimi həbs; https://qafqazinfo.az/news/detail/abzas-media-isinde-hokm-9-ile-kimi-hebs-474306
Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədova hökm oxunub; https://report.az/daxili-siyaset/dovlete-xeyanetde-ittiham-olunan-sexse-hokm-oxunub/
Taleh Bağırzadəyə 20 il hökm oxundu - Yenilənib; https://musavat.com/news/taleh-bagirzadeye-20-il-hokm-oxundu-yenilenib_410476.html
Anar Məmmədli "seçki saxtakarlığında" ittiham olunur; https://www.bbc.com/azeri/azerbaijan/2013/12/131216_anar_mammadli_arrest
Criminal proceedings in absentia, Overview of the European standards regarding criminal proceedings held in absentia; https://rm.coe.int/overview-of-the-european-standards-regarding-criminal-proceedings-held/1680b2d095
Dövlətə xəyanətdə ittiham olunan tarixçinin dövlət hesabına vəkili…; https://tribunat.info/analiz/dovlete-xeyanetde-ittiham-olunan-tarixcinin-dovlet-hesabina-vekili
Avropa İnsan Hüquqları Konvensiyası; https://www.echr.coe.int/documents/d/echr/convention_aze
Azərbaycan Respublikasının Konstitusiyası; https://e-qanun.az/framework/897
Seydoviç İtaliyaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-72629
Karatas və Sari Fransaya qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-65019
Lobjanidze və Peradze Gürcüstana qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-201336
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT; https://barassociation.az/en/news/1582
“Ortaya bircə video, şəkil qoysunlar, deyim, cinayətkaram”; https://musavat.com/news/son-xeber/Ortaya-birce-video-sekil-qoysunlar-deyim-cinayetkaram_178000.html
Qafqaz Məmmədov Azərbaycana qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-157705