logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Baş Prokurorluğun amalı

Analiz
Baş Prokurorluğun amalı

İyulun 24-də Baş Prokurorluqda bu ilin birinci yarısında görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə dair geniş kollegiya iclası keçirilib. İclasın əhəmiyyətli hissəsi hakimiyyətin şəninə təriflərin səsləndirilməsi ilə müşayiət edilib və hətta məlumatın sonunda prokurorluq əməkdaşlarının “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin uğurla davam etdirilməsi amalında xalqımızın və dövlətimizin maraq və mənafeyinə təhdid doğuran bütün neqativ hal və ünsürlərə münasibətdə qətiyyətli mövqe tutacaqlarına” əminlik ifadə olunub.

“Tribunat”, məhkəmə hakimiyyəti sisteminə daxil olan bir qurumun -  prokurorluğun digər hakimiyyət qolunun - icra hakimiyyətinin başçısına bitib-tükənməyən tərifləri fonunda hakimiyyətlərin bölünməsi konstitusion prinsipinin pozuntusunun baş verib-verməməsini təhlil edib, çıxışların qanunauyğunluğunu araşdırıb.

Konstitusiyaya əsasən, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Bu bölünmə qanunvericilik, icra və məhkəmə hakimiyyətindən ibarətdir (7-ci maddə).

Yuxarıda da qeyd edildiyi kimi prokurorluq məhkəmə hakimiyyəti sisteminə daxildir (“Prokurorluq haqqında” Qanun, 2-ci maddə). Qanunun 5-ci maddəsində prokurorluğun fəaliyyətinin əsas prinsipləri sırasında obyektivlik, qərəzsizlik və siyasi bitərəflik göstərilir. İlham Əliyev isə siyasətçi, həm də hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının rəhbəridir və onun şəninə deyilən təriflər siyasi bitərəflik prinsipinin pozulmasıdır.

“Prokurorluq haqqında” Qanunun 7-ci maddəsində bildirilir ki, hər hansı şəxs tərəfindən, hər hansı səbəbdən bilavasitə, yaxud dolayı yolla prokurorluğun qanuni fəaliyyətinə təsir göstərilməsi yolverilməzdir. Baş Prokurorluğun kollegiya iclasında isə əsas fəaliyyət amalı kimi bir siyasətçinin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin uğurla davam etdirilməsi göstərilir.

Prokurorluq işçilərinin etik davranış kodeksi”nə əsasən prokurorluq işçisinin mediada işıqlandırılmış rəsmi çıxışları prokurorluğun rəsmi mövqeyi hesab olunduğundan etibarlı və balanslaşdırılmış olmalı, müzakirələr hüquq normalarına xələl gətirmədən aparılmalıdır (24.2-ci bənd). Prokurorluq işçisi mediada çıxış edərkən maraqların toqquşmasına səbəb olacaq, siyasi ayrı-seçkilik, xidməti vəzifələrin qərəzli icra edilməsi təəssüratı yaradan ifadə və reaksiyalara yol verməməlidir (24.3 və 24.3.2-ci bəndlər). 

Analiz edilən mətn Baş Prokurorluqda keçirilən kollegiya iclasının press-relizidir. Birbaşa hansısa jurnalistə verilməsə də, bu məlumatlar ictimaiyyətə açıq şəkildə prokurorluğun adından yayılıb deyə mediada yayılmış çıxış hesab edilə bilər.

Eyni zamanda prokurorluq işçisi siyasi partiyalara maddi və ya digər hər hansı şəkildə dəstək verməməli, qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla təşviqatla məşğul olmamalıdır (7.2-ci bənd).

BMT-nin “Prokurorların rolu haqqında Təlimat”da qeyd edilir ki, prokurorlar digər vətəndaşlar kimi söz, vicdan, birləşmək və toplaşmaq azadlıqlarından istifadə edə bilərlər. Lakin bu hüquqlardan istifadə edərkən həmişə qanuna, qəbul olunmuş peşə standartlarına və etikasına uyğun davranmalıdırlar (8-ci bənd).

Avropa Prokurorlarının Məşvərətçi Şurası tərəfindən hazırlanan Roma Xartiyasında prokurorların hakimiyyətin bölünməsi prinsipini də nəzərə alaraq öz vəzifələrini kənar təzyiqlərdən və ya müdaxilələrdən azad şəkildə yerinə yetirməli olduqları bildirilir (5-ci bənd). Onlar müstəqil və qərəzsiz olmağa çalışmalı, qərəzsizlik prinsipi ilə bir araya sığmayan siyasi fəaliyyətlərdən çəkinməli, şəxsi maraqlarının və ya işdə maraqlı şəxslərlə münasibətlərinin onların tam qərəzsizliyinə mane ola biləcəyi hallarda hərəkət etməməlidirlər (6-cı bənd).

6-cı maddə üzrə Təlimatda qeyd olunur ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmənin hakimiyyətin digər qollarından, yəni icra və qanunvericilikdən asılı olmamasını tələb edir (55-ci bənd).

Baş Prokurorluqda baş tutan kollegiya iclasında səslənən təriflər prokurorluğun siyasi qurumlara hər hansı şəkildə dəstək verməməsi, siyasi təşviqatla məşğul olmaması, qərəzsiz, obyektiv olması kimi bir sıra fundamental prinsiplərin pozulmasıdır. Prokurorluq məhkəmə hakimiyyətinə daxil orqan kimi ifadə azadlığından istifadə edərkən də müstəqil və qərəzsiz olmalı, heç bir digər hakimiyyət qolundan asılılıq göstərməməli, siyasi təşviqat aparmamalıdır.

Qərəzsizlik və siyasi bitərəflik prinsipləri həm də ədalət mühakiməsinin legitimliyinin əsas təminatıdır.

“Tribunat” bu qənaətə gəlir ki, Baş prokurorun və prokurorluq işçilərinin digər hakimiyyət qolunun - icra hakimiyyətinin rəhbəri və siyasətçi haqqında tərif dolu nitqləri və onun rəhbərliyi altında həyata keçirilən siyasətin uğurla davam etdirilməsi amalında fəaliyyət göstərəcəklərini bildirmələri Konstitusiyada nəzərdə tutulan hakimiyyətlərin bölünməsi prinsipinə, yerli qanunvericiliyə, etik davranış kodeksinə və bir sıra beynəlxalq aktların tələbinə ziddir.


 

Baş Prokurorluqda cari ilin birinci yarısında görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə dair Geniş Kollegiya iclası keçirilib, https://genprosecutor.gov.az/az/post/8741

“Prokurorluq haqqında” Qanun, https://e-qanun.az/framework/5229

Prokurorluq İşçilərinin Etik Davranış Kodeksi, https://genprosecutor.gov.az/az/page/prokurorluq/senedler/etik-davranis-kodeksi

Prokurorların rolu haqqında Təlimat, https://www.ohchr.org/en/instruments-mechanisms/instruments/guidelines-role-prosecutors

Roma Xartiyası, https://rm.coe.int/168074738b

AİHK 6-cı maddə üzrə (cinayət işlərinə dair) Təlimat, https://rm.coe.int/1680304c4e

30 Oktyabr, 2025