DTX-ya tabeli istintaq təcridxanası: Əlahiddə hüquqi status və qulaqardına vurulan beynəlxalq çağırışlar
Analiz
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli noyabrın 29-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (Konstitusiyaya zidd hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) ilə şübhəli şəxs qismində saxlanılıb. O, daha sonra sözügedən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və Səbail Rayon Məhkəməsinin 1 dekabr 2025-ci il tarixli qərarı ilə istintaq dövründə 2 ay 15 gün müddətinə həbs edilib. Kərimli saxlandığı vaxtdan təqsirli hesab edildiyi cinayət işinin istintaqını aparan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılır.
“Tribunat” DTX-ya tabeli təcridxananın mövcudluğunun qanunauyğunluğu və bu saxlanma yerinin bütövlükdə həmin qurumda aparılan cinayət təqiblərinin obyektivliyinə təsirlərini analiz edib.
9 oktyabr 1999-cu ildən prezidentin Fərmanı ilə Daxili İşlər Nazirliyinin istintaq təcridxanaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibinə verilib. Fərmanda buna səbəb kimi vahid islah-əmək siyasətinin həyata keçirilməsi və istintaq təcridxanalarının fəaliyyətinin Avropa Şurasının standartlarına uyğunlaşdırılması qeyd edilib.
Ədliyyə Nazirliyi haqqında Əsasnamədə isə bildirilir ki, penitensiar xidmətin fəaliyyətini təşkil etmək, penitensiar müəssisələrin idarə olunması və barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərin saxlanılması Nazirliyin vəzifələri siyahısına aiddir (9.24 və 9.26-cı bəndlər). Əsasnamədə həmçinin penitensiar müəssisələrin fəaliyyətini təşkil etmək və buna nəzarət etmək Nazirliyin fəaliyyət istiqaməti kimi göstərilib (8.11-ci bənd). Ölkədəki bütün istintaq təcridxanaları Ədliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir və bu, istintaq orqanları ilə saxlanma yerləri arasında institusional ayrılığı təmin etmək üçündür. Bu ayrılıq istintaqın obyektivliyinin qorunması, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi və istənilən sui-istifadə risklərinin azaldılması baxımından fundamental əhəmiyyət daşıyır. Lakin DTX-ya tabe olan istintaq təcridxanası bu ümumi hüquqi rejimdən istisna təşkil edir və onun hüquqi statusu, nəzarət mexanizmləri və müstəqillik dərəcəsi baxımından normativ qeyri-müəyyənliyə mövcuddur.
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 4-cü maddəsində də tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanıldığı yerlərin təsnifatı müəyyən edilərkən yalnız üç növ yer tanınır: müvəqqəti saxlama yerləri, hauptvaxtlar və istintaq təcridxanaları. Qanunda hər hansı əlavə və ya qarışıq saxlanma formasının yaradılması nəzərdə tutulmayıb. Bu baxımdan, DTX-nın nəzdində eyni vaxtda həm müvəqqəti saxlama yeri, həm də istintaq təcridxanası funksiyalarını icra edən yerin mövcudluğu qanunvericilikdə müəyyən edilmiş təsnifata uyğun gəlmir. Belə bir qarışıq həbs yerinin hüquqi statusu qanunvericilikdə müəyyən edilmədiyindən, həbs yerinin legitimliyi baxımından suallar yaradır və hüquqi müəyyənlik prinsipini zədələyir.
DTX-ya tabeli bu saxlanma yerinin hüquqi statusunun qeyri-müəyyənliyi burada tətbiq olunan daxili intizam qaydalarının hansı normativ rejimə əsaslandığının da məlum olmamasını şərtləndirir. Qanunvericilik müvəqqəti saxlama yerləri və istintaq təcridxanaları üçün fərqli daxili intizam qaydaları nəzərdə tutsa da, sözügedən təcridxanada saxlanmanın istintaq təcridxanalarının, yoxsa müvəqqəti saxlama yerlərinin qaydalarına uyğun həyata keçirildiyi aydın deyil. Bu qeyri-müəyyənlik orada saxlanılan şəxslərin hansı hüquq və təminatlardan istifadə etdiyini əvvəlcədən müəyyən etməyə də imkan vermir.
İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzaların qarşısının alınması üzrə Avropa Komitəsi 2016-cı il üzrə Azərbaycana həyata keçirdiyi səfərə dair hesabatının 62-ci bəndində, eləcə də 2017-ci il üzrə hesabatının 47-ci bəndində açıq şəkildə qeyd edib ki, DTX təcridxanası uzunmüddətli saxlanma üçün, yəni bir neçə həftədən artıq müddət ərzində heç bir halda istifadə edilməməlidir. Komitə Azərbaycan hakimiyyətinə tövsiyə edib ki, istintaq dövründə saxlanmanın bu müddətdən artıq davam etdirilməsi zəruridirsə, həmin şəxs müvafiq istintaq təcridxanasına köçürülsün.
Bununla yanaşı, təcridxananın faktiki olaraq istintaq təcridxanası kimi fəaliyyət göstərməsi Avropa penitensiar qaydalarına, xüsusilə də Qayda 10.2-yə uyğunluq baxımından şübhə doğurur. Qaydaların sözügedən bəndində bildirilir ki, məhkəmə orqanının qərarı ilə haqlarında həbs qətimkan tədbiri seçilmiş, eləcə də məhkum olunaraq azadlıqdan məhrum edilmiş şəxslər yalnız bu iki kateqoriyaya aid şəxslər üçün nəzərdə tutulmuş müəssisələrdə saxlanılmalıdırlar.
Bu səbəbdən, eləcə də saxlanma müəssisəsi ilə DTX-nın istintaq strukturları arasında hazırda mövcud olan adekvat institusional ayrılığın olmaması nəzərə alınaraq, Komitə təcridxana ilə əlaqədar məsuliyyətin Ədliyyə Nazirliyinə verilməsini zəruri hesab edir.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi 2009-cu ildə həmin vaxtkı Milli Təhlükəsizlik Nazirliyinin tabeliyində olan istintaq təcridxanasının mövcudluğu ilə bağlı narahatlığını bildirib, bu təcridxananın bağlanması və yaxud da onun Ədliyyə Nazirliyinin tabeliyinə verilməli olduğunu qeyd edib (10-cu bənd).
İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin formalaşdırdığı ümumi standartlar istintaq və saxlanma funksiyalarının institusional baxımdan ayrılmasının pis rəftarın qarşısının alınmasında əsas təminatlardan biri olduğunu açıq şəkildə vurğulayır. Komitənin 6-cı Ümumi Hesabatında bildirilir ki, azadlıqdan məhrumetmənin dərhal sonrakı mərhələsi işgəncə və təzyiq riskinin ən yüksək olduğu dövrdür və bu mərhələdə müstəqil vəkilə çıxış və institusional nəzarət əsas təminat hesab olunur. Saxlanma yerlərinin istintaq aparan orqanlara tabe olması bu təminatların real tətbiqini struktur olaraq zəiflədir (15-ci bənd). Qurum həmçinin 12-ci ümumi hesabatında bəzi ölkələrdə polis qurumları daxilində hər bir əməliyyat şöbəsinin (narkotiklərlə, mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizə və s.), həmin şöbənin əməkdaşları tərəfindən idarə olunan və təmin edilən öz saxlanma yerinə malik olması praktikasına dair ciddi narahatlığını ifadə edib (49-cu bənd). Komitənin mövqeyinə görə, istintaq aparan əməliyyat qurumlarının eyni zamanda saxlanma funksiyasını da həyata keçirməsi struktur xarakterli risklər yaradır və pis rəftar ehtimalını artırır. Bu səbəbdən Komitə belə yanaşmadan imtina edilərək, saxlanma yerlərinin istintaq aparan orqanlardan institusional cəhətdən müstəqil, mərkəzləşdirilmiş saxlanma müəssisələri şəklində təşkil edilməsini tövsiyə edir. Həmin müəssisələr xüsusi olaraq saxlanma funksiyası üçün hazırlanmış, ayrı heyət tərəfindən idarə olunmalıdır.
Azərbaycanın Cinayət-Prosessual Məcəlləsində də cinayət mühakimə icraatının əsas vəzifələri sırasında şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə hallarından qorunması, habelə cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması vurğulanır (maddə 8.0.2, 8.0.3). Lakin istintaqı aparan qurumla təqsirləndirilən şəxsin saxlandığı həbs yerinin eyni təşkilati tabeliyə malik olması bu vəzifələrin icrasını struktur baxımından zəiflədir. Belə bir model istintaq orqanına faktiki nəzarət alətləri verərək təqsirləndirilən şəxsə münasibətdə təzyiq, sui-istifadə və müdafiə hüquqlarının dolayısı məhdudlaşdırılması riskini artırır.
Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 6-cı maddəsi məhkəməyəqədərki icraatı da əhatə edir (“İmbrioscia İsveçrəyə qarşı” işi, 36-cı bənd).
Avropa Məhkəməsinin presedent hüququna əsasən, təqsirləndirilən şəxsin subyektiv narahatlığı həlledici olmasa da, həmin narahatlığın obyektiv müşahidəçi üçün əsaslandırıla bilib-bilməməsi əsas meyar hesab olunur (“Padovani İtaliyaya qarşı” işi, 27-ci bənd). İstintaq orqanının eyni zamanda saxlanma şəraitinə nəzarət etməsi, müdafiə tərəfinin psixoloji və institusional baxımdan zəiflədilməsi riski yaradır və bu vəziyyət təqsirləndirilən şəxsin məhkəmənin və istintaqın müstəqilliyinə dair şübhələrinin obyektiv əsaslara malik olduğu qənaətinə gətirə bilər.
Avropa penitensiar qaydalarına əsasən, həbsxanalar hərbi, polis və ya cinayət təhqiqatı aparan orqanlardan ayrı olan dövlət orqanlarının məsuliyyəti altında olmalıdır (71-ci bənd).
Cinayət mühakiməsində funksiyaların aydın şəkildə ayrılması zəruridir: polis və istintaq orqanları cinayətin açılması və təqib funksiyasını, penitensiar orqanlar isə məhkəmə hökmünün icrası və məhkumun islahı funksiyasını həyata keçirir. Bu funksiyaların eyni struktur daxilində cəmləşdirilməsi dövlətin repressiv səlahiyyətlərinin güclənməsinə, məhkumun hüquqi statusunun zəifləməsinə və səlahiyyətlərin sui-istifadəsi riskinin artmasına səbəb ola bilər. Ayrı idarəetmə modeli isə hüquqi tarazlığı təmin edir və azadlıqdan məhrumetmənin məhkəmə hökmü ilə məhdudlaşmasını təmin edən institusional zəmanət rolunu oynayır.
Nəticə etibarilə, DTX-nın istintaqını apardığı cinayət işləri üzrə həbs edilmiş şəxslərin bu quruma tabeli təcridxanada saxlanılması, AİHK-in 6-cı maddəsi üzrə ədalətli məhkəmə araşdırması hüququnun əsas komponentlərindən olan müstəqillik, qərəzsizlik və obyektiv etimad prinsipləri baxımından, habelə yerli cinayət-prosessual qanunvericiliyin tələbləri fonunda ciddi risklər yaradır. DTX-ya tabe olan sözügedən təcridxananın hələ də mövcudluğu, həmçinin İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin tövsiyələrinin qulaqardına vurulmasıdır.
Əli Kərimli saxlanıldı, https://www.qanunla.az/eli-kerimli-saxlanildi/
Cinayət Məcəlləsi, https://e-qanun.az/framework/46947
Əli Kərimli və Məmməd İbrahim haqda həbs qətimkan tədbiri seçildi, https://qafqazinfo.az/news/detail/eli-kerimli-haqda-hebs-qetimkan-tedbiri-secildi-490670
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında” Əsasnamə, https://e-qanun.az/framework/11614
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun, https://e-qanun.az/framework/23933
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin istintaq təcridxanalarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi haqqında” Fərman, https://e-qanun.az/framework/3058
Avropa İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftar və Cəzaların Qarşısının Alınması Komitəsinin (CPT) 29 mart – 8 aprel 2016-cı il tarixlərində Azərbaycana həyata keçirdiyi səfər üzrə Azərbaycan Hökumətinə hesabat, https://rm.coe.int/16808c5e43
İQK-nin 23-30 oktyabr 2017-ci il tarixlərində Azərbaycana həyata keçirdiyi səfər üzrə Azərbaycan Hökumətinə hesabat, https://rm.coe.int/16808c5e46
BMT İnsan Hüquqları Komitəsinin Azərbaycan üzrə Yekun Qeydləri, 2009, https://www.refworld.org/policy/polrec/hrc/2009/en/69347
İQK-nin fəaliyyəti haqqında 6-cı Ümumi Hesabat, https://rm.coe.int/1680696a70
İQK-nin fəaliyyəti haqqında 12-ci Ümumi Hesabat, https://rm.coe.int/1680696a76
Cinayət-Prosessual Məcəllə, https://e-qanun.az/framework/46950
Avropa İnsan Hüquqları Konvensiyası, https://www.echr.coe.int/documents/d/echr/convention_aze
Avropa İnsan Hüquqları Məhkəməsi İmbrioscia İsveçrəyə qarşı, https://hudoc.echr.coe.int/eng?i=001-57852
Avropa İnsan Hüquqları Məhkəməsi Padovani İtaliyaya qarşı, https://hudoc.echr.coe.int/eng?i=001-57812
Avropa penitensiar qaydaları, https://rm.coe.int/european-prison-rules-978-92-871-5982-3/16806ab9ae