“Əqrəb mövsümü”ndə bədii yaradıcılıqla peşə nüfuzunun toqquşması
Analiz
Bir müddət əvvəl “İctimai TV”-də nümayiş etdirilən “Əqrəb mövsümü” serialında vəkillik peşəsini təhqir edən ifadələr cəmiyyətdə və xüsusilə də hüquq ictimaiyyətində fikir ayrılığına səbəb olmuşdu. Mövzu aktuallığını itirsə də, bədii yaradıcılıqla peşə nüfuzunun toqquşduğu hallarda ifadə azadlığının sərhədlərini müzakirə etməyə ehtiyac hələ də var.
“Tribunat” serialda vəkillərin ünvanına səsləndirilən fikirlərin ifadə azadlığına uyğun olub-olmamasını analiz edib.
Serialın birinci bölümündə prokurorluq əməkdaşları arasında söhbət əsnasında onlardan birinin prokurorluqda çalışan ictimai köməkçinin vəzifəsini dəyişməklə bağlı təklifinə digər əməkdaş “göndər vəkildən zaddan işləsin, kargüzarlığa işçi lazım deyil” deyərək cavab verir. Növbəti bölümdə isə peşə fəaliyyətini yerinə yetirən vəkilin ünvanına aşkar şəkildə qeyri-etik ifadə (“oğraş”) səsləndirilir.
Azərbaycan Respublikası Konstitusiyası (maddə 47), ölkənin tərəfdar olduğu İnsan hüquqları haqqında Avropa Konvensiyası (maddə 8) və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (maddə 19) ifadə azadlığının istənilən formasını qoruyur və legitim hesab edir. Lakin ifadə azadlığı mütləq hüquq deyil və müəyyən hallarda məhdudlaşdırıla bilər. Bu məhdudiyyətlər qanunla müəyyən edilən formada və demokratik cəmiyyətdə zəruri olan məqsədlər üçün tətbiq olunur. Belə məqsədlərə daxildir: milli təhlükəsizlik (1), ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə (2), iğtişaşın və ya cinayətin qarşısını almaq üçün (3), sağlamlığın və mənəviyyatın qorunması üçün (4), digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün (5), gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün (6) və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək (7).
Bundan başqa, “Media haqqında” Qanunun 14-cü maddəsi mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair bir sıra tələbləri müəyyən edir. Həmin tələblər arasında göstərilib ki, əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə (maddə 14.1.6) və şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir (maddə 14.1.7). Bu tələblər audiovizual yayımçıya və audiovizual yayıma da aid edilir (maddə 39.1.3).
Avropa Məhkəməsi öz qərarlarında vurğulayır ki, bədii yaradıcılıqda ifadə azadlığı demokratik cəmiyyətin ayrılmaz hissəsidir. Amma məhkəmə “Vizual rəssamlar Avstriyaya qarşı” işində bədii ifadə formaları ilə ifadə azadlığı arasında sərhəd çəkib. Məhkəmə göstərib ki, bədii ifadə formaları və satira tənqidi yanaşmanı təşviq edə bilər (bənd 33). Lakin bədii təqdimatın məqsədi yalnız təhqir və alçaltma olarsa, bu artıq ifadə azadlığı çərçivəsindən kənara çıxır və burada sərhəd çəkilməlidir. Əsas məsələ sadəcə sərt və vulqar dilin işlədilməsi yox, həmin ifadələrin hansı kontekstdə işlədilməsi və hansı məqsədə xidmət etməsidir. Qeyri-etik və əxalqdankənar ifadələr ümumi bədii mətnin daxilində fərqli qiymətləndirilə və ifadə azadlığı ilə qoruna bilər.
Əgər ifadə azadlığı çərçivəsində səsləndirilən fikirlər, yalnız alçaltmaq və təhqir etmək məqsədi güdürsə, artıq bu ifadələr hüquqi müdafiə dairəsindən kənara çıxır (Müller İsveçrəyə qarşı, bənd 48). Bu isə o deməkdir ki, bədii təqdimat olsa belə, əgər oradakı ifadələr sırf bir peşəni və ya qrupu gözdən salmağa yönəlibsə, bu artıq ifadə azadlığı çərçivəsində qorunmur. Üstəlik, Avropa Məhkəməsi Morice Fransaya qarşə işində göstərib ki, vəkillərin effektiv fəaliyyət göstərə bilməsi üçün cəmiyyətin onlara inamı olmalıdır. Əgər kütləvi informasiya vasitələrində bu peşənin imici davamlı şəkildə zəif və qeyri-ciddi təqdim olunarsa, bu, vəkilin hüquqi proseslərdə tərəfsiz və peşəkar çıxış etmək qabiliyyətinə ictimai etimadı sarsıda bilər.
Belə olan halda “Əqrəb mövsümü”ndə istinad edilən epizodların ifadə azadlığı çərçivəsində olub-olmamasını müəyyən etmək üçün serialın ümumi məzmununa və mübahisə doğuran ifadələrin təqdimat formasına baxmaq lazımdır.
“Əqrəb mövsümü” serialı dram, dedektiv və triller janrlarında çəkilmiş ciddi bir layihədir və əyləncəni yox, real və aktual ictimai məsələlərin təqdimatını hədəfləyir.
Serialın mübahisələrə səbəb olmuş birinci epizodunda ictimai köməkçini kargüzarlığa işçi lazım olmadığı üçün “vəkildən zaddan” işləmək üçün göndərmək məsləhət görülür. “Zad” ifadəsi Azərbaycan dilində çox vaxt əhəmiyyətsizləşdirmə, qeyri-ciddilik, sosial statusun aşağılanması mənasında işlədilir. Yəni, bu formada danışan şəxs “vəkil” peşəsinin özünü də ciddi qəbul etmir, onu peşə yox, ikinci dərəcəli bir məşğuliyyət kimi təqdim edərək, prokurorluqda kargüzar işləməyi daha üstün hesab edir. Kargüzarlıqda işçi lazım olmadığı üçün onu “vəkildən zaddan” işləməyə göndərməyi məsləhət görür.
Belədə həmin epizodun ifadə azadlığını pozub-pozmamasını müəyyən etmək üçün epizodun məqsədini müəyyən etmək lazımdır.
Azərbaycanda vaxtaşırı vəkilliyin problemləri ilə bağlı məlumatlar ictimailəşir. Bir sıra hallarda həmin məlumatları vəkillər özləri publik şəkildə bölüşürlər. Məsələn, yaxın dövrlərdə müdafiə fəaliyyətini həyata keçirən vəkillər onlara qarşı istintaq orqanları tərəfindən yol verilən qanunsuz əməllər barəsində sosial media hesablarında yazıblar. Həmin paylaşım və şərhlərdə bu cür qanunsuzluqlara məruz qalan digər vəkillərin də olduğu, hətta bu səbəbdən cinayət işlərində müdafiəçi qismində işlərə çıxmaqdan imtina edənlərin də mövcudluğu görünür.
Bundan əlavə, ölkədə bəraət hökmlərinin ümumi ittiham hökmlərinə nisbəti təxminən 1 faiz səviyyəsində dəyişir. Məsələn, 2020-ci ildə bu göstərici 1,06 faiz, 2022-ci ildə isə 1,21 faiz təşkil edib. Bu rəqəmlər onu göstərir ki, ən yaxşı halda, məhkəmələrdə təqsirləndirilən hər 100 nəfərdən yalnız biri barəsində bəraət hökmü çıxarılır.
Beləliklə, yayılan məlumatları ümumiləşdirsək, mənzərə belə alınır: polis rahat şəkildə vəkilə “dur bas bayıra” deyib bölmənin qapısını bağlayır, vəkili döyür, peşə fəaliyyətində üzləşdiyi çətinliklərə görə vəkil özünü Vəkillər Kollegiyasının inzibati binasının qarşısında yandırır, cinayət işlərində bəraət hökmləri həddindən ziyadə azlıq təşkil edir və s. Bu isə reallıqda vəkillik institutunun zəif olmasını göstərir. Serialın yaradıcı personalı da məzmunun reallığa yaxın və inandırıcı olması üçün dialoqları bu cür qurduqlarını iddia edirlər. Belə olan halda isə serialın məqsədi peşə icmasının nüfuzunu zədələmək yox, reallığı, mövcud vəziyyəti (prokurorluğun kargüzarlığında işləməyi vəkil işləməkdən üstün tutmağı) izləyiciyə çatdırmaqdır. Bu hal isə ifadə azadlığını pozmur.
İkinci epizodda isə prokurorluq əməkdaşı təqsirləndirilən şəxsdən ifadə almaq üçün, vəkilin verdiyi hüquqi məsləhəti yalan kimi təqdim edir və təqsirləndirilən şəxs ona yalan məlumat verdiyi üçün həmin vəkilin barəsində “hanı o oğraş vəkil” ifadəsini səsləndirir.
“Oğraş” sözü “oğurluq yol ilə görüşmək üçün aradüzəldən şəxs”, yəni, bir növ “fahişəliyi təhrik edən” mənasına gəlir və jarqon hesab edilir. Bu ifadənin televiziyada açıq səsləndirilməsi “Media haqqında” Qanunun 14.1.6-cı maddəsində əxlaqdankənar leksikanın (söyüş, nalayiq ifadə və jestlərin) istifadəsinə qoyulmuş qadağanın pozulması hesab olunur.
Prokurorluq əməkdaşlarının təqsirləndirilən şəxsi vəkilin iştirakı olmadan dindirməsi, təqsirləndirilən şəxsdən ifadə almaq üçün ona yalan məlumat verməsi ayrıca prosessual pozuntu olsa da, “oğraş” sözü həmin epizodda bütövlükdə vəkillik peşəsinə deyil, konkret bir vəkilin şəxsiyyətinə yönəlib. Bu isə həmin ifadənin digər şəxsin nüfuzunu zədələdiyini, qanunla nəzərdə tutulmuş qaydada müdaxiləyə məruz qala biləcəyini, bu müdaxilənin legitim məqsəd daşıdığını göstərir və demokratik cəmiyyətdə zəruri olub-olmaması ilə bağlı məsələ qaldırır.
“Tribunat”ın gəldiyi qənaətə əsasən “Əqrəb mövsümü" serialının bir hissəsində konkret bir vəkilə qarşı işlədilən “oğraş” ifadəsi qeyri-etik və təhqiramiz xarakter daşıyır və “Media haqqında” Qanunun əxlaqdankənar leksikaya dair tələblərini pozaraq ifadə azadlığı ilə şəxsi həyata hörmət hüququ arasında kolliziyaya dair məsələ qaldırır. İkinci ifadədə isə – “vəkildən zaddan işləsin, kargüzarlığa işçi lazım deyil” – məsələ daha dərin struktur problemə toxunur. Burada vəkillik peşəsinə aşağılayıcı yanaşma əslində təsadüfi deyil və reallıqdakı mövcud vəziyyəti əks etdirir. Azərbaycanda vəkillərin ədalət mühakiməsi sistemindəki rolu uzun müddətdir ki, sistemli şəkildə zəiflədilib və bu, hüquqi praktika və məhkəmə statistikasında da əks olunur. Bütün bu faktlar fonunda serialda vəkillik peşəsinin “ikinci dərəcəli” peşə kimi təqdim olunması tənqid yox, sadəcə sərt bir mövcudluğun – cəmiyyətin qəbul etdiyi və real həyatda təkrarlanan münasibətin – əksi olduğu üçün ifadə azadlığı ilə qorunur.
Əgər bu vəziyyətin dəyişməsi və vəkillik peşəsinin nüfuzunun artırılması istənilirsə, məsuliyyət medianın və serialı ərsəyə gətirən yaradıcı heyətin deyil, bu reallığı yaradan və onu dəyişməyə maraqlı olmayan sistemin üzərinə düşür.
“facebook.com”, “Əqrəb mövsümü adlı serialda “vəkil zad”, “oğraş vəkil” ifadələri vəkilliyin günü gündən yüksələn nüfuzuna qarşı sanki kimlərinsə eqosudur. ”
“YouTube.com”, “Əqrəb Mövsümü" serialında vəkillik peşəsi ilə bağlı səslənən fikir etiraza səbəb olub”
“E-qanun”, “Azərbaycan Respublikası Konstitusiyası,”
“migration.gov.az”, “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt”
“E-qanun”, “Media haqqında” Qanunun
“hudoc.echr.ceo.int”, “Vizual rəssamlar Austriyaya qarşı” işində ”
“hudoc.echr.ceo.int”, “Müller İsveçrəyə qarşı qərar
“hudoc.echr.ceo.int”, “Morice Fransaya qarşə qərar”
“publika.az”, “İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV kanalı) efirində yayımlanan “Əqrəb mövsümü (İki dünya bir olsa da)” serialında vəkillik peşəsinə qarşı kəskin ifadələr işlədilməsi etirazlara səbəb olub.”
“modern.az”, “Bakıda vəkil polis bölməsində döyüldü”
“cebheinfo.az”, “Məhkəmələrdə bəraət hökmləri”
“facebook.com”, post
“facebook.com”, post