Həbs yerləri və cəzaçəkmə müəssisələrində qida təminatı problemi: Keyfiyyətsiz qanunvericilik yoxsa qüsurlu praktika?
Analiz2025-ci ilin yanvar ayının əvvəllərində siyasi məhbus kimi tanınan bloqer Rəşad Ramazanov saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində şəraitin ağır olmasından danışıb. Məhbus ictimaiyyətə çıxışında bildirib ki, sözügedən müəssisədə sanitariya-qaydaları pozulur, məhkumların saxlanma qaydalarına əməl edilmir və onların qidalanması ilə bağlı çoxsaylı problemlər mövcuddur.
Bu iddiaların geniş hüquqi analiz tələb etdiyini nəzərə alaraq, “Tribunat” platforması iki fərqli yazı təqdim edəcək. Birinci – hazırda mütaliə etdiyiniz – yazı məhbuslara verilən qidaların qanunvericiliklə tənzimlənməsi və praktiki implementasiyası ilə bağlı çətinliklərin şərhindən bəhs edir.
Ramazanov şikayətində cəzaçəkmə müəssisəsində məhkumlara verilən yeməklərin keyfiyyətsiz olduğunu bildirir. Onun iddialarına əsasən, alternativ variant kimi məhbuslara evdən gətirilən sovqatların onlara çatmasına məhdudiyyətlər qoyulur, müəssisə daxilində fəaliyyət göstərən mağazada isə qidaların qiyməti bahadır.
Oxşar iddialar həm həbs yerləri (müvəqqəti saxlanma yerləri və istintaq təcridxanaları), həm də cəzaçəkmə müəssisəsində saxlanılan başqa şəxslər tərəfindən həm mətbuatda, həm də yerli və beynəlxalq hüquqi müdafiə mexanizmlərinin qarşısında davamlı olaraq səsləndirilir.
Azərbaycan Respublikası qanunvericiliyində həm həbs yerləri, həm də cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin gündə üç dəfə keyfiyyətli yemək təminatı hüququ tanınır. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 20, “Müvəqqəti saxlanma yerlərinin daxili intizam Qaydaları”nın 10.8 və “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın 11-ci maddələrinə əsasən, istintaq təcridxanaları və müvəqqəti saxlanma yerlərində saxlanılan şəxslər gündə üç dəfə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş yemək və maddi-məişət normalarına uyğun, keyfiyyət baxımından müasir gigiyena tələblərinə və qida normalarına cavab verən pulsuz, isti yeməklə təmin edilirlər. Oxşar müddəa Cəzaların İcra Məcəlləsinin 91.4 və “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nın 338-ci maddəsinə müvafiq olaraq, ümumi, ciddi, xüsusi rejimli cəzaçəkmə müəssisələrində və həbsxanada cəzasını çəkən məhkumlara da şamil edilir.
Bu normalar özlüyündə proqressiv xarakter daşıyır, onlar nəinki şəxslərin keyfiyyətli qida qəbuluna təminat verir, hətta həbs yerlərinə münasibətdə fərdin yaşının, sağlamlıq vəziyyətinin və dini ənənələrin yemək hazırlanarkən nəzərə alınmasını da şərtləndirir. Bu isə Avropa Penitensiar Qaydalarının qidalanma məsələlərini tənzimləyən 22-ci maddəsi ilə birbaşa uyumludur (sözügedən maddə məhbusun yaşı, səhhəti, dini, mədəniyyəti və işin xarakteri nəzərə alınmaqla sanitar-gigiyenik tələblərə uyğun hazırlanan yeməyin gün ərzində 3 dəfə təşkilini müəyyən edir).
Bu qanun və qaydaların praktiki icrasını təmin etmək üçün qəbul edilən qərarlar (həbs yerlərində saxlanılanlara münasibətdə Nazirlər Kabinetinin “Tutulmuş və ya həbs edilmiş şəxslərin yemək və maddi-məişət normalarının təsdiq edilməsi haqqında” 18 fevral 2013-cü il tarixli 22 saylı qərarı, cəzaçəkmə müəssisələrinə münasibətdə “Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi barədə” 2001-ci il 25 sentyabr tarixli 154 nömrəli qərarı) yemək təminatını daha spesifik tənzimləyir və şəxslərin istehlak etməli olduğu gündəlik ərzaq normasını müəyyənləşdirir.
Bu müddəaların isə yuxarıda qeyd olunmuş normalar qədər proqressiv olduğunu demək bir qədər çətindir.
Belə ki, qaydalar məhkum və həbs edilmiş şəxslərə ət, balıq, yumurta, makaron məmulatları, kartof, tərəvəz, meyvə kimi məhsulların hansı miqdarda verilməsini nəzərdə tutsa da, yeməklər çeşidliklə müşayiət olunmur (bu isə məhbuslara hər gün oxşar yemək verilməsi deməkdir), qidaların bəzilərinin miqdarı azdır (məsələn, həftədə məhbusa yalnız iki ədəd yumurta verilir) və ya şəxsin zəruri qidalanma ehtiyacını təmin edəcək bəzi məhsullar, ümumiyyətlə, nəzərdə tutulmur (məsələn, bu qaydalar məhbusların süd məhsulları ilə təminini əhatə etmir). Qaydalar cəzaçəkmə müəssisələrində daha ağırdır, burada ərzaq məhsullarının kilokalorisi həbs yerlərinə münasibətdə daha azdır və məhkumlara zəruri qidalardan əlavə lazımi vitamin verə biləcək meyvə, meyvə şirəsi kimi məhsulları əhatə etmir. Həmçinin qaydaların heç biri özlüyündə seçim müxtəlifliyini əks etdirmir və demək olar, hər gün məhkumlar tərəfindən eyni qidaların qəbulunu şərtləndirir.
Alternativ olaraq, həbs edilmiş və azadlıqdan məhrum edilmiş şəxslərə nağdsız hesablaşma yolu ilə şəxsi hesablarında olan vəsaitlə ticarət köşklərindən ərzaq məhsulları əldə etməyə icazə verilir. İddialar isə onu deməyə əsas verir ki, ticarət köşklərində qiymətlər olduqca yüksəkdir. Baxmayaraq ki, qanun ticarət köşkündə satıla biləcək məhsulların siyahısını nəzərdə tutur, ancaq onların qiymət həddi heç bir norma ilə tənzimlənmir. Bu isə qiymət müəyyənləşdirilməsində sözügedən köşklərin inhisarçılığına gətirib çıxarır.
Başqa bir problem isə məhkumların qida məhsulları və ən zəruri mallar əldə etmək üçün maksimum xərcləyə biləcəyi pul limitinin müəyyənləşdirilməsidir (istintaq təcridxanaları və müvəqqi saxlama yerlərində saxlanan şəxslərə münasibətdə bu hədd müəyyən edilməyib). Cəzaların İcra Məcəlləsinə əsasən, məhkumlar, cəzaçəkmə müəssisəsinin növündən asılı olaraq, yalnız müəyyən pul həddinə qədər bu malları ala bilər. Məsələn, ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən az ağır cinayətlərə görə məhkum olunmuş şəxs qida məhsulları və ən zəruri mallar əldə etmək üçün aylıq 50 manata qədər pul xərcləyə bilir, əgər o, həbsxanalarda ümumi saxlanma şəraitində saxlanılırsa, bu məbləğ yalnız 25 manatdır. Göründüyü kimi, bu məbləğlər olduqca azdır və çörəyin bir manata satıldığı ticarət köşkündən yalnız az sayda məhsul alışına icazə verə bilər.
Məhkumların “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nın 6, “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın 2 və “Cəzaçəkmə müəssisələrinin daxili intizam Qaydalarının” 9 saylı əlavələrinə uyğun olaraq, əlavə bağlama, sovqat və ya banderol almaq hüququ var. Lakin qanun bu hüquqla bağlı da bir çox məhdudiyyətlər müəyyən edir. Əvvəla, qanunla sovqatların gətirilmə dövriliyi nəzərdə tutulur. Belə ki, həbs edilmiş şəxs həftədə bir dəfə, tutulmuş şəxs isə hər gün bağlama, sovqat və banderol ala bilər. Cəzaçəkmə müəssisələrində isə, müəssisənin növündən asılı olaraq, məhkum ən yaxşı halda il ərzində 48 bağlama, sovqat və ya banderol ala bilər, digər hallarda isə bu rəqəm 24-ü keçmir. Həbsxanalarda ümumi saxlanma şəraitində saxlanan məhkumlar isə il ərzində yalnız 6, ciddi saxlanma şəraitində isə altı ayda 1 bağlama, sovqat və ya banderol qəbul edə bilər.
Həmçinin gətirilə biləcək sovqatların əhatə dairəsi də məhduddur. Həbs olunan və azadlıqdan məhrum edilən şəxslərə ailələri tərəfindən yalnız 9 növ məhsul gətirmək mümkündür, burada bir çox məhsul, o cümlədən bişməmiş ət, balıq, makaron və makaron məmulatları, düyü, qarğıdalı, noxud və digər paxla növləri istisna edilir.
Avropa Şurasının 2023-cü il statistikasına əsasən, Azərbaycan Avropa Şurasında həbs olunan şəxslərin nisbətinə görə Türkiyə və Gürcüstandan sonra 3-cü ölkədir, ölkədə hər yüz min nəfərə 235 məhbus düşür. Lakin Azərbaycan məhz adambaşına məhbuslara ən az vəsait xərcləyən ölkədir. Avropa Şurasının İllik Penal Statistikasına əsasən, 2023-cü ildə Azərbaycanda həbs edilən bir şəxs üçün ayrılan büdcə 8.24 avro olub. Müqayisə üçün deyək ki, bu rəqəm qonşu ölkə Ermənistanda 29, Avstriyada 167.57, İrlandiyada 230, Gürcüstanda 15.30, Türkiyə üçün isə 12.45 avrodur.
Göründüyü kimi, qanunvericilikdə bu sahədə müxtəlif boşluqlar mövcuddur. Lakin digər problem qanunvericiliyin praktiki tətbiqilə bağlıdır. Bu iddialardan ən önəmlisi məhbusların qəbul etdiyi yeməyin keyfiyyəti ilə əlaqədardır. “AbzasMedia”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı ictimaiyyətə müraciətində bildirib ki, təcridxana yeməyi keyfiyyətsiz olduğundan 27 kameranın yalnız 8-i onu qəbul edir. Onun yazısına əsasən, Bakı İstintaq Təcridxanasında 14 nəfərlik kameraya yalnız 4 tikə ət verilib. Maraqlısı budur ki, oxşar vəziyyəti yalnız siyasi məhbusların özü və ailələri yox, həm də İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) da müəyyən edib. Ombudsmanın İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizminin Fəaliyyətinə dair 2022-ci il tarixli Hesabatında bəzi ərzaqların keyfiyyətsiz olduğu, sovqatların təcridxanaya buraxılmadığı, köşklərdə ərzaqların baha qiymətə satıldığı öz əksini tapıb. Ombudsman, həmçinin yuxarıda qeyd etdiyimiz məsələdən - yeməkxana menyusunun uzun müddət dəyişmədiyindən bəhs edir və müəssisələrə menyuda çeşidin artırılmasını tövsiyə edir.
Məhbusların həm istintaq təcridxanası, həm də cəzaçəkmə müəssisələrində yaşadığı qida problemləri Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə verilən üç müxtəlif şikayətdə (İnsanov Azərbaycana qarşı, Əliyev Azərbaycana qarşı və Yunusova və Yunusov Azərbaycana qarşı işləri) öz əksini tapıb. İnsanov Azərbaycana qarşı işində ərizəçi sağlamlığına müvafiq qidalarla təmin edilmədiyindən şikayət edib. Əliyev Azərbaycana qarşı işində isə ərizəçi qeyd edib ki, istintaq təcridxanasında verilən yeməklər keyfiyyətsizdir və o, qida təminatı üçün tamamilə ailəsinə arxalanıb (Əliyev Azərbaycana qarşı, bənd 47). Təcridxanada soyuducu yoxdur və ailəsi tərəfindən həftədə yalnız bir dəfə ərzaq bağlaması qəbul edə bilib. Yunusova və Yunusov işində də ərizəçi onun sağlamlıq vəziyyətinə uyğun qida verilmədiyindən şikayət edib. İnsanov işində bu məsələyə şərh verməyən Məhkəmə (çox güman, bu digər daha önəmli məsələləri nizamlamasından irəli gəlir), Yunusova və Yunusov Azərbaycana qarşı işində bildirir ki, əizəçilərin xəstəliklərinin xarakterini nəzərə alaraq onların pəhrizə riayət etmələri aydın olsa da, Hökumət həbsdə olan ərizəçilərin hansı qida ilə təmin olunduğunu dəqiqləşdirməyib. Ümumiyyətlə, ərizəçilərin saxlanma şəraitinin onların sağlamlıq vəziyyətinə uyğunlaşdırıldığına dair işdə heç bir əlamət yoxdur. Əliyev Azərbaycana qarşı işində məhkəmə açıq-aydın bildirir ki, işdə saxlanma şəraiti ilə bağlı çox iddia var və müxtəsərlik naminə o, yalnız sıxlıq məsələsini təhqiq edəcək (Əliyev Azərbaycana qarşı, bənd 123). Hər bir halda bu üç işdə Strasburq Məhkəməsi kumulyativ (məcmu) saxlanma şəraitini nəzərə alaraq, Ərizəçilərin Konvensiyanın 3-cü maddəsi ilə nəzərdə tutulmuş işgəncələrin qadağan olunması hüququnun pozulduğunu bildirib və onların qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qaldığı nəticəsinə gəlib.
Beləliklə, həbs yerləri və cəzaçəkmə müəssisələrində qida təminatı ilə bağlı mövcud vəziyyət həm qanunvericilikdəki boşluqlardan, həm də praktiki problemlərdən qaynaqlanır. Qanunvericilik geniş mənada Avropa Penitensiar Qaydalarının 22-ci maddəsinə uyğun olaraq məhkumların qida hüququnu təmin etməyi hədəfləsə də, bəzi normalar müasir tələblərə və sağlam insanın qida rasionuna cavab vermir və alternativ qida qəbuluna məhdudiyyətlər yaradır. Burada qidalanmanın çeşidliyi şərti tələb olunmur, gündəlik təlabat məhsulu olan yumurta kimi bəzi qidaların miqdarı azlıq təşkil edir və ya insan sağlamlığı üçün önəmli olan meyvə və süd məhsullarının təminini nəzərdə tutmur, ticarət köşklərində satılan malların yuxarı qiymət həddi qanunla müəyyənləşmir, məhkumların xərcləyə biləcəyi məbləğə münasibətdə pul hədləri qoyulur və sair. Bununla yanaşı, mövcud qaydaların tətbiqində ciddi problemlər və pozuntular müşahidə edilir ki, bu da məhbusların saxlanma şəraitini daha da çətinləşdirir.
Qida ilə bağlı problemlər saxlanma şəraitinin ümumi keyfiyyəti ilə birgə məhbusların hüquqlarını ciddi şəkildə pozur və onların qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qaldığını deməyə əsas verir. Bu səbəbdən mövcud vəziyyəti yaxşılaşdırmaq üçün həm qanunvericilikdəki boşluqların aradan qaldırılması, həm də qanunların praktiki tətbiqinin gücləndirilməsi əhəmiyyət kəsb edir.
Freedom House, 'Azerbaijan: Freedom on the Net 2024' (Freedom House, 2024) https://freedomhouse.org/country/azerbaijan/freedom-net/2024
Council of Europe Annual Penal Statistics: Space I 2023 (the Council of Europe), https://wp.unil.ch/space/files/2024/11/SPACE_I_2023_Report.pdf
‘Prison overcrowding remains a problem in Europe: Council of Europe’s annual penal statistics for 2023’ (the Council of Europe), https://www.coe.int/en/web/portal/-/prison-overcrowding-remains-a-problem-in-europe-council-of-europe-s-annual-penal-statistics-for-2023
Insanov v. Azerbaijan (Application no. 16133/08) Judgment (Chamber, European Court of Human Rights, 14 March 2013), https://hudoc.echr.coe.int/eng#{%22itemid%22:[%22001-117132%22]}
Aliyev v Azerbaijan (Applications Nos 68762/14 and 71200/14) ECHR 20 September 2018, final 4 February 2019, https://hudoc.echr.coe.int/eng#{%22itemid%22:[%22001-186126%22]}
Yunusova and Yunusov v Azerbaijan (Application no. 59620/14) ECHR 17 December 2016, https://hudoc.echr.coe.int/rus#{%22itemid%22:[%22001-163330%22]}
Rəşad Ramazanov, 'Bloqer Rəşad Ramazanov həbsdəki şəraitindən şikayətlənib' (Azərbaycan xəbərləri, 3 Yanvar 2025) https://www.azadliq.org/a/resad-ramazanov/33262004.html
AzadlıqRadiosu, 'Təcridxana menyusu haqda: "300-400 qramlıq çörəyin 1/6-i…”' (AzadlıqRadiosu, 5 Yanvar 2023) https://www.azadliq.org/a/hebsxana-yemek/32210775.html
Aygül Mehman, 'DİN təcridxanasında "keyfiyyətsiz yemək" iddiaları: "Gündüz şorbası, axşam qurusu - makaron, arada mərci, nadirən "qreçka"'' (BBC News Azərbaycanca) https://www.bbc.com/azeri/azerbaijan-64188981
Azərbaycanda həbsxana qiymətləri' (Meydan.TV, 20 Noyabr 2017) https://www.meydan.tv/az/article/azerbaycanda-hebsxana-qiymetleri/?tztc=1
‘ Həbsxanalarda karantin elan olunub’ (AbzasMedia), https://www.facebook.com/photo.php?fbid=2876425235729244&id=1105365056168613&set=a.1157319640973154
Sevinc Vaqifqızı, Nərgiz Absalamova, and Elnarə Qasımova, 'Geyim, mələfə, dəsmal, gigiyenik vasitələr, ərzaq… Qadın dustaqlara çatmayan mallar hara yox olur?' (Abzas.net, 28 Noyabr 2024), https://abzas.info/az/2024/11/geyim-mlf-dsmal-gigiyenb0aabe85-d/?fbclid=IwY2xjawG2aPFleHRuA2FlbQIxMAABHQ83QNiPdwXsK_VsrhQOsz1i2KskBwqCPsJlMwWyXz2JFtTwvnpOfvTMNw_aem_Wm9ZY33KB4M1b9YWF_ZbBw