Məhbusun həkimi əvəz etdiyi cəzaçəkmə müəssisəsi
Analiz
Siyasi məhbus Nazim Bəydəmirlinin səhhətinin saxlandığı cəzaçəkmə müəssisəsində kəskin pisləşdiyi bildirilir. Xanımının sözlərinə görə, Bəydəmirli onunla telefon danışığında nəfəsinin kəsildiyini, boğulma halı keçirdiyini bildirib. “Məhbus yoldaşlarının kömək çağırışı ilə növbətçi hissə onu tibb məntəqəsinə aparıb. Orada hərarəti 37.7 dərəcə olub. Lakin ona tibbi yardımı göstərmək istəyən şəxsin həkim yox, məhkum olduğunu görən Nazim vena daxili müalicədən imtina edib”, - Fəridə Bəydəmirli qeyd edib.
“Tribunat” bu hadisənin nümunəsində penitensiar müəssisələrdə məhkumların tibbi təminatının səhiyyə standartlarına uyğun olub-olmamasını araşdırıb.
Nazim Bəydəmirli 30 sentyabr 2025-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətində azadlıqdan məhrum edilib. O, cəzasını hazırda paytaxtdakı 13 saylı cəzaçəkmə müəssisəsində çəkir.
Konstitusiyasının 41-ci maddəsi hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququnu müəyyən edir. Maddə dövlətin hər kəsin sağlamlığının qorunması və tibbi yardıma çıxışının təmin edilməsi öhdəliyini nəzərdə tutur. Bu norma həm profilaktik tədbirləri (xəstəliklərin qarşısının alınması), həm də müalicəvi xidmətləri (ixtisaslaşmış tibbi yardım, təcili yardım və s.) əhatə edir. Norma dövlətin üzərinə vətəndaşların sağlamlıq hüququnu təmin etmək üçün səhiyyə infrastrukturunu, kadr təminatını düzgün təşkil etmək öhdəliyini qoyur.
“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə”nin 3-cü maddəsinə əsasən həbs edilmiş şəxslərin və məhkumların ümumi və şəxsi sanitariya-gigiyena tələblərinə əməl etmələri ilə bağlı tədbirlər görmək, həbs edilmiş şəxslərin və məhkumların sağlamlıqlarının qorunması, tibbi-sanitariya təminatının həyata keçirilməsi üçün zəruri şərait yaratmaq penitensiar xidmətin vəzifələrindəndir. Bu müddəa penitensiar müəssisələrdə yalnız saxlanma şəraitinin təmin edilməsini yox, həm də məhkumların şəxsi gigiyena və sanitariya tələblərinə uyğun davranmasını təmin etməyi nəzərdə tutur. Penitensiar xidmət bu vəzifənin icrası üçün kifayət qədər avadanlıq təmin etməli, həkim və sanitariya personalını lazımi sayda saxlamalıdır. Bu vəzifələrin təmin edilməməsi məhkumların sağlamlığına risklər yarada bilər.
İnsan Hüquqları üzrə Müvəkkilin 2024-cü il üzrə məruzəsinə əsasən həbs edilmiş şəxslər və məhkumlar saxlanma rejimindən asılı olmayaraq istənilən vaxt tibbi xidmətə çıxış imkanına malik olmalı, həkim müayinəsi barədə müraciətlər lüzumsuz yubanmalar olmadan təşkil edilməlidir. Məruzədə tibbi təminatın vəziyyəti barədə geniş məlumatlar olmasa da, qeyd edilir ki, sıxlıq probleminin tibbi xidmətlərə çatımla bağlı mənfi təsirlərinin aradan qaldırılması məqsədilə, xüsusən də istintaq təcridxanalarında saxlanılan şəxslərin sayının çox olması nəzərə alınaraq, həm tibbi heyət, həm dərman və digər tibbi ləvazimatların müəssisənin saxlanma limitinə deyil, saxlanılan şəxslərin faktiki sayına uyğunlaşdırılması zəruridir.
Avropa Penitensiar Qaydalarına (Rule 41) əsasən penitensiar müəssisələrdə əsas tələblərdən biri məhbusların lazım olduqda tibbi yardım ala bilməsini təmin etmək üçün hər bir həbsxanada tibb işçisi təyin edilməlidir. Tibb işçisi tam ixtisaslı həkim olmalıdır. Böyük həbsxanalarda kifayət qədər sayda həkim tam ştatlı əsaslarla təyin edilməlidir. Ümumiyyətlə, təcili tibbi məsələlərin həlli üçün həmişə ən azı bir həkim mövcud olmalıdır.
Azərbaycanın penitensiar müəssisələrində tibb xidmətlərindəki probemlər tez-tez rast gəlinən hallardandır. Penitensiar Xidmətin Müalicə Müəssisəsində müayinə avadanlıqlarının olmaması, müalicə müəssisələrinə köçürülən məhbusların əsasən maddi imkanı yüksək olan şəxslər arasından seçilməsi, Nazim Bəydəmirliyə tibb işçisi deyil, məhkum tərəfindən venadaxili iynə vurulmasının təklif edilməsi və s. penitensiar müəssisələrdə tibbi xidmətlərində problemlərin ciddi olduğunu deməyə əsas verir.
Penitensiar müəssisələrdə tibb personalının sayı barədə açıq mənbələrdə dəqiq məlumatların verilməməsi də ciddi problemlərdəndir. Bu da xidmətin keyfiyyətini və əlçatanlığını qiymətləndirməyi çətinləşdirir və resursların kifayətliliyini müəyyən etməyə maneçilik törədir.
İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi (CPT) 2022-ci ildəki ad hoc səfərində Azərbaycanda penitensiar müəssisələrdə tibb xidmətlərində problemlərin davam etdiyini qeyd edib. Komitə tibb personalının təlimlərə ehtiyacının olduğunu, müayinələrin çox vaxt səthi aparıldığını, göstərilən tibbi xidmətlərin çeşid məhdudluğunu və ilkin tibbi yardım üçün həm mütəxəssis, həm də avadanlığın çatışmadığını qeyd edib.
Nazim Bəydəmirliyə təklif edilən tibbi yardım onun sağlamlığı üçün təhlükə yarada bilərdi. Bütövlükdə isə bu, Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 3-cü maddəsinin (İşgəncələrin qadağan olunması) pozuntusu hesab oluna bilər. Aşağıda qeyd edilən işlərdə Avropa İnsan Hüquqları Məhkəməsi tibbi xidmətə çıxış hüququnun məhdudlaşdırılmasını Konvensiyanın pozuntusu kimi tanıyıb:
Yunusova və Yunusov Azərbaycana qarşı işdə Məhkəmə ərizəçinin tibbi yardım almaq hüququnun təmin edilməməsini həmçinin Konvensiyanın 3-cü maddəsinin pozuntusu kimi tanıyıb.
Eldar Həsənov Azərbaycana qarşı işdə isə Məhkəmə qeyd edib ki, 3-cü maddə dövlət üzərində sağlamlıq səbəbindən məhkumu azad etmək kimi ümümi öhdəlik qoymasa da, həbsxanalarda göstərilən tibbi xidmət dövlətin əhaliyə təmin etməyi öhdəsinə götürdüyü səviyyəyə uyğun olmalıdır.
Hümmətov Azərbaycana qarşı işdə isə Məhkəmə Qobustan həbsxanasında adekvat tibbi yardımın olmamasını məhkumun psixi iztirablara məruz qalmasına səbəb oduğuna və insan ləyaqətinə zərər vurduğuna görə 3-cü maddənin pozuntusu hesab edib.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində səhiyyə proqramları üçün dövlət büdcəsindən 2024-cü ildə 12,747,459 (on iki milyon yeddi yüz qırx yeddi min dörd yüz əlli doqquz) manat, 2023-cü ildə 14,949,049 (on dörd milyon doqquz yüz qırx doqquz min qırx doqquz) manat, 2022-ci ildə 12,456,273 (on iki milyon dörd yüz əlli altı min iki yüz yetmiş üç) manat, 2021-ci ildə 12,115,519 (on iki milyon yüz on beş min beş yüz on doqquz) manat məbləğində vəsaitin ayrılması Prezidentin müvafiq fərmanları ilə müəyyən edilib.
Hər il dövlət büdcəsindən Penitensiar Xidmətin səhiyyə proqramları üçün maliyyə vəsaitləri ayrılsa da, bu vəsaitlərin xərclənməsi barədə hesabatlar Ədliyyə Nazirliyinin saytında yerləşdirilmir. Vəsaitlərin hansı qaydada xərcləndiyi məlum deyil. Şəffaflıq və hesabatlılığın olmaması bu vəsaitlərin xərclənməsinə nəzarət etməyə imkan vermir.
“Tribunat” bu qənaətə gəlir ki, Nazim Bəydəmirliyə təklif edilən qeyri-peşəkar tibbi yardım onun tibbi yardım almaq və işgəncələrin qadağan olunması hüququnun pozuntusudur.
List of political prisoners - 7 October 2025
Həbsdə olan keçmiş deputat Nazim Bəydəmirlinin səhhətinin pisləşdiyi deyilir.
Nazim Bəydəmirli 8 il müddətinə azadlıqdan məhrum edildi
Azərbaycan Respublikasının Konstitusiyası
Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına
İstintaq təcridxanalarının daxili intizam Qaydaları
Azərbaycan Respublikasının İnsan Hüquqları üzər Müvəkkilinin 2024-cü il üzrə Məruzəsi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə
Penitensiar Xidmətin Müalicə Müəssisəsində müayinə avadanlıqları yoxdur.
Həbsxanaların işgəncə yerinə çevrilən müalicə müəssisələri
Avropa İnsan Hüquqları Konvensiyası
Yunusova və Yunusov Azərbaycana qarşı işi
Eldar Həsənov Azərbaycana qarşı işi
Hümmətov Azərbaycana qarşı işi