Məhkumun telefonla danışıqlarına nəzarət edilməsi onun hansı hüquqlarına qəsd edir?
Analiz
15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan siyasi məhbus Polad Aslanov deyir ki, müəssisə rəisinin kabinetindən və onun iştirakı ilə ailəsinə zəng vurmağa məcbur edilir. Həyat yoldaşı qeyd edib ki, “Cəzaçəkmə Müəssisəsinin rəisi bildirib ki, indi evə yalnız rəis və ya rəis müavininin kabinetlərindən zəng edəcək. Polad saxlanma şəraitinin pis olmasından danışmağa başlayan kimi əlaqə kəsilir”.
“Tribunat” mövzunu şəxsi həyatın toxunulmazlığı hüququ baxımından analiz edib.
Şəxsi həyatın toxunulmazlığı konstitusiya ilə qorunan hüquqdur (Konstitusiya maddə 32). Bu hüquq, fərdin şəxsi və ailə həyatına, yazışmalarına, telefon danışıqlarına və digər şəxsi məlumatlarına dövlət və ya üçüncü şəxslər tərəfindən müdaxilənin yolverilməzliyini təmin edir. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Petrov Bolqarıstana qarşı işində qeyd edir ki, telefon danışıqları, istər şəxsin evindən, istərsə də həbsxanadan aparılsın, 8-ci maddənin 1-ci bəndinin mənasında “şəxsi həyat” və “yazışma” anlayışları ilə əhatə olunur.
Azərbaycanın tərəfdar olduğu Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində görə, milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallarda şəxsi həyatın toxunulmazlığı hüququna dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilir.
AİHM müəyyən edir ki, bu cür müdaxilələr, əgər 1) “qanunla müəyyən edilmiş qaydada” deyilsə, 2) 2-ci bənddə qeyd olunan qanuni məqsədlərdən birini və ya bir neçəsini güdmürsə və 3) müvafiq məqsəd və ya məqsədlərə nail olmaq üçün “demokratik cəmiyyətdə zəruri” deyilsə, 8-ci maddəni pozur (Michaud Fransaya qarşı qərar, bənd 93). Bu şərtlərin hər hansı birinə uyğun olmayan müdaxilə şəxsi həyat hüququnun pozuntusu hesab edilir.
Silver və başqaları Birləşmiş Krallığa qarşı qərarında Strasburq Məhkəməsi “qanunla müəyyən edilmiş qaydada” ifadəsini izah edib. Bu ifadə birincisi, etiraz edilən tədbirin daxili qanunvericilikdə müəyyən əsasa malik olmasını tələb edir; ikincisi, sözügedən qanunun keyfiyyətinə istinad edir, yəni, onun aidiyyəti şəxs üçün əlçatan olmasını və nəticələrinin qabaqcadan görülə bilən olmasını tələb edir.
Cəzaların İcrası Məcəlləsinin 84.5-ci maddəsinə əsasən, məhkumların telefon danışıqları və videogörüşlərinə nəzarət yalnız ictimai qaydanın və təhlükəsizliyin təmin olunması, rejim tələblərinə riayət, yeni hüquqpozmaların və cinayətlərin qarşısının alınması, habelə zərərçəkmişlərin müdafiəsi zərurəti olduqda mümkündür və bu nəzarət əsaslandırılmış qərarla həyata keçirilməlidir. Avropa Penitensiar Qaydalarının 24-cü bəndinə görə isə, məhkumların ailə üzvləri və digər şəxslərlə ünsiyyət imkanları geniş təmin edilməli, məhdudiyyətlər isə yalnız istisna hallarda tətbiq olunmalı və əlaqənin minimum səviyyədə də olsa davam etməsinə imkan verməlidir. Həmçinin, ailə münasibətlərinin davamlılığını təmin edən şəraitin yaradılması xüsusi vurğulanır.
Bu standartlar kontekstində Polad Aslanovun vəziyyəti xüsusilə mübahisəlidir. O, həbsinədək jurnalist kimi fəaliyyət göstərib. Dövlətə xəyanət ittihamı ilə həbs olunsa da, bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onun həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib və siyasi motivli hesab edərək Azərbaycan hökumətini onu dərhal azad etməyə çağırıblar. Aslanov, cəza çəkdiyi dövrdə qanunsuz həbsinə, barəsində çıxarılmış məhkəmə qərarının nə ona, nə də vəkili Elçin Sadıqova təqdim olunmamasına və vəkilinə qarşı təzyiqlərə etiraz olaraq vaxtaşırı aclıq aksiyaları keçirib. Bu aksiyalar zamanı o, həm də digər siyasi məhbusların azadlığa buraxılmasını tələb edib. Aclıq aksiyalarının nəticəsində, P.Aslanov əvvəl saxlanıldığı 1 saylı cəzaçəkmə müəssisəsindən, şəraitin daha sərt və qeyri-insani hesab edildiyi 15 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
Cəzaların İcrası Məcəlləsində göstərilən dörd əsas səbəbdən – yəni ictimai təhlükəsizlik, rejim tələbləri, hüquqpozmaların qarşısının alınması və zərərçəkmişlərin müdafiəsi – heç biri Polad Aslanova münasibətdə mövcud deyil. Bununla bağlı nə onun saxlandığı müəssisənin, nə ümumilikdə Penitensiar Xidmətin, yaxud da ailə üzvlərinin və vəkilinin hər hansı ictimai bəyanatları yoxdur. Onun yalnız saxlanma şəraiti və məruz qaldığı hüquq pozuntularına fəal etiraz etməsi səbəbi ilə telefon əlaqəsinin rəis və yaxud rəis müavininin otağından aparılmasına icazə verilməsi və narazılıqlarını dilə gətirəndə danışıqların dərhal kəsilməsi, istinad edilən Məcəllənin məhkumun telefon danışığına nəzarətə icazə verən normasının tətbiqini istisna edir.
Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarının (Daxili İntizam Qaydaları) 159-cu bəndi məhkumların telefon zənglərinə cəzaçəkmə müəssisəsinin işçi heyəti tərəfindən nəzarət olunmasını nəzərdə tutur. Lakin bu bəndin tətbiqi ilə bağlı əsaslandırma və konkret şərtlər göstərilmədiyindən, nəzarət proseduru ixtiyari və qeyri-müəyyəndir. Bu da sözügedən normanın “qanunun keyfiyyəti” prinsipinə cavab vermədiyini göstərir.
P.Aslanovun telefonla danışığının yalnız müəssisə rəhbərinin və ya müavininin kabinetindən və onların iştirakı ilə aparılması, Daxili İntizam Qaydalarının 160-cı bəndinin də şərtlərini pozur. Sözügedən bənddə göstərilir ki, məhkumların telefon danışıqlarının aparılması üçün cəzaçəkmə müəssisəsində danışıq kabinələri olan xüsusi otaq təşkil edilir. Aslanovun xüsusi otaqda quraşdırılan danışıq kabinəsindən deyil, Cəzaçəkmə Müəssisəsinin rəisinin və ya müavininin kabinetindən telefon əlaqəsi saxlamağa məcbur edilməsi isə qaydaların istinad edilən bəndinin tələblərinə ziddir.
Bu məhdudiyyətlərin daimi xarakter daşıması, məhkuma heç bir izahat verilmədən sistemli şəkildə tətbiq olunması və məzmununa – yəni onun danışdığı mövzulara – müdaxilə olunması bu tədbirin keyfiyyətli qanun çərçivəsində tətbiq olunmadığını göstərir.
“Tribunat”ın gəldiyi qənaətə görə, Polad Aslanova tətbiq olunan telefonla danışıq məhdudiyyəti, nə Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulan məqsəd və əsaslarla, nə də beynəlxalq hüququn tələbləri ilə uyğunluq təşkil edir. Bu tədbirlər nə əsaslandırılmış, nə də şəffaf şəkildə həyata keçirilir, üstəlik, onların tətbiqi məhkumun şəxsi və ailə həyatı hüququna müdaxilə təşkil edir.
“gozetci.az”, “Polad Aslanov 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təzyiqə məruz qaldığını bildirib”
“E-qanun.az”, Azərbaycan Respublikası Konstitusiyası
“Hudoc.echr.ceo.int”, “Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Petrov Bolqarıstana qarşı işi”
“echr.coe.int”, Avropa İnsan Hüquqları Konvensiyası
“Hudoc.echr.ceo.int”, “Michaud Fransaya qarşı qərar”
“Hudoc.echr.ceo.int”, “Silver və başqaları Birləşmiş Krallığa qarşı qərarı”
“E-qanun.az”, “Cəzaların İcrası Məcəlləsi”
“abzas.info”, “Polad Aslanov ona keyfiyyətli tibbi yardımın göstərilməməsindən şikayətçidir”
“facebook.com”, “Jurnalist, siyasi məhbus Polad Aslanov 12 gündür ki, azadlığı tələbilə aclıq aksiyası keçirir.”
“abzas.info”, “Həbsdə olan Polad Aslanov aclıq aksiyasını dayandırıb”
“abzas.info”, “Jurnalist saxlama şəraitindən narazıdır”
“E-qanun.az”, “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”