Qrant cinayət yolu ilə əldə edilmiş əmlak ola bilərmi?
AnalizSon illər həbs edilmiş media təmsilçiləri və ictimai fəallara verilən ittihamlardan biri də cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmadır. Bu, həm artıq mahiyyəti üzrə məhkəmə dinləmələri başlayan “Abzas Media” işi, həm də istintaqı yekunlaşmaq ərəfəsində olan “Toplum TV”işi jurnalist və fəallarına aiddir. Hər iki iş üzrə irəli sürülən bir sıra ittihamları o cümlədən daha çox “çirkli pulların yuyulması” kimi tanınan sözügedən ittiham da müşayiət edir.
Adıçəkilən media subyektlərinin fəaliyyətinin yeganə maliyyə mənbəyinin qrant vəsaitləri olduğunu nəzərə alsaq, belədə bir sıra suallar yaranır. Həmin suallardan biri də qrant məbləğinin cinayət yolu ilə əldə edilmiş əmlakın əhatə dairəsinə düşüb-düşməməsidir.
“Tribunat” mövzunu araşdırıb.
Əvvəlcə, qrant haqda.
“Qrant haqqında” Qanuna əsasən qrant, əsasən müharibə və təbii fəlakət nəticəsində ziyan görmüş ərazilərdə bərpa işləri, sosial, ekoloji və humanitar layihələr, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, idman və digər sahələrdə proqramların hazırlanması və icrası üçün donorlar tərəfindən edilən yardımdır. Donor kimi dövlətlər və ya beynəlxalq təşkilatlar çıxış edə bilərlər. Qrant vəsaitləri donorla resipiyent (qrant vəsaitlərini qəbul edən tərəf) arasında yazılı müqavilə və ya qrant verilməsi haqqında qərarla verilir. Həmin müqavilə və ya qərar qrant verilməsi, alınması və istifadəsi üçün qanuni əsasdır. Qərarda və ya müqavilədə qrantın konkret hansı məqsədlər üçün verilməsi göstərilir.
“Abzas Media” və “Toplum TV”-nin aldığı qrant layihələri, əsasən, informasiya təminatı, başqa sözlə, ölkədə media fəaliyyətini dəstəkləmək və gücləndirmək üçün nəzərdə tutulub.
Qrantın alınması ilə bağlı qanunverici tənzimləyici prosedur müəyyən edib. Buna qrantların verilməsi ilə bağlı qərarların və müqavilələrin qeydiyyatı və təsdiqləməsini tələb edən normalar aiddir. Nazirlər Kabinetinin “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın təsdiq edilməsi barədə Qərarına əsasən qrant verən tərəflə qrant alan tərəf arasında müqavilə bağlanır. Həmin müqavilə və ya qrantın verilməsi barəsində qərarın qeydiyyatı qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli Qərarı isə “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi” Qaydasını tənzimləyir.
Hər iki qərar “Qrant haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun tətbiqi haqqında Prezidentin 14 noyabr 2014-cü il tarixli Fərmanı əsasında qəbul edilib.
Qanunvericiliyə bu məhdudlaşdırıcı dəyişikliklər ərəfəsi və ondan sonra Azərbaycanda müstəqil QHT-lərə qarşı cinayət işi açıldı və bir çox tanınmış vətəndaş cəmiyyəti fəalları həbs edildi.
Hərçənd ki, həmin vaxt bu dəyişikliklər bir sıra nüfuzlu beynəlxlaq qurumlar tərəfindən tənqid edilib. Avropa Şurası Venesiya Komissiyası verdiyi rəydə qrant vəsaitlərinin köçürülməzdən əvvəl Ədliyyə Nazirliyində qeydiyyata alınması tələbini həddindən artıq müdaxilə kimi qiymətləndirib (bənd 74). Qeyri-Hökumət Təşkilatları üçün Beynəlxalq Hüquq Mərkəzi tərəfindən hazırlanan sənəddə isə qrant vəsaitlərinin alınması ilə bağlı qaydalar analiz edilərək qrant müqavilələrinin qeydiyyata alması tələbi beynəlxalq təcrübəyə uyğun hesab edilməyib.
İnzibati Xətalar Məcəlləsinə əsasən qrantın verilməsi ilə bağlı qərarın və müqavilənin qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim edilməməsi inzibati xəta əməli hesab olunur və fiziki şəxslər iki min manatadək, vəzifəli şəxslər iki min beş yüz manatadək, hüquqi şəxslər isə yeddi min manatadək məbləğlərdə cərimə edilir.
Media nümayəndələrinin təqsirləndirildiyi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının anlayışı və cəza təhdidi isə, Cinayət Məcəlləsinin 193-1-ci maddəsi, BMT-nin Korrupsiya Əleyhinə Konvensiyası, Avropa Şurasının “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında” Konvensiyası ilə tənzimlənir. Bu, cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi; cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasımn ört-basdır edilməsi və ya gizlədilməsidir.
Hər iki media işi üzrə həbs edilənlərə verilən bu ittiham ağırlaşdırıcı tərkib əlamətlərini nəzərdə tutur: mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən (193-1.3.1) və xeyli miqdarda törədildikdə (193-1.3.2).
Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması haqqında Ali Məhkəmə Plenumunun 20 fevral 2023-cü il tarixli Qərarında izah olunur ki, cinayət yolu ilə əldə edilmiş əmlak, məhz Cinayət Məcəlləsində göstərilən cinayətlər nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmalıdır. Törədilməsi nəticəsində CM-in 193-1-ci maddəsinin obyekti olan pul vəsaitləri və ya digər əmlakın əldə edildiyi cinayət bir qayda olaraq leqallaşdırma üzrə hərəkətlərin başlanılmasından əvvəl törədilməlidir (bənd 6). Şəxsə qarşı leqallaşdırmaya görə CM-in 193-1-ci maddəsi ilə ittiham irəli sürülərkən əmlakın cinayətdən başqa digər yolla əldə edilməsinin mümkünsüz olduğunu və onların leqallaşdırılmaya məruz qalmış əmlak olmasını göstərən kifayət qədər sübut olmalıdır (bənd 18).
Başqa sözlə desək, Cinayət Məcəlləsinin bu maddəsi istənilən qanunsuz yolla əldə edilmiş əmlakı yox, yalnız cinayət yolu ilə əldə edilmiş əmlakı nəzərdə tutur.
Belə olan halda hətta “Abzas Media” və “Toplum TV” işləri üzrə həbs edilənlərin qrant müqavilələrini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməməsini fərz etsək belə, bu cinayət yolu ilə əldə edilmiş əmlak anlayışına uyğun gəlməyəcək.
Yuxarıda qrant alınması haqqında qanunvericiliyin pozulmasının inzibati xəta əməli hesab olunduğu qeyd edilib. Lakin müvafiq əməl Cinayət Məcəlləsində sanksiyalaşdırılmayıb. Bu halda qrant haqqında qanunvericiliyin pozulması yolu ilə qrant vəsaitlərini əldə etməyi cinayət yolu ilə əldə olunmuş əmlak hesab etmək əsassızdır.
Bundan başqa, həm “Abzas Media”, həm də “Toplum TV” işi üzrə həbs edilən şəxslər onlara irəli sürülmüş ilkin və əsas ittihamı - qaçaqmalçılıq ittihamını qəti şəkildə inkar edirlər. Üstəlik də açıq mənbələrdə gedən məlumatların təhlili göstərir ki, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirildiyi iddia olunan pul vəsaitlərinin gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsini təsdiq edən mötəbər sübut növləri yoxdur. İstintaq orqanı həmin vəsaitlərin jurnalistlərin yaşadıqları mənzillərdən və yaxud da onların çalışdığı ofislərdən aşkar edildiyini iddia edir. Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən nağd pul vəsaitinin aşkarlanma yeri və məkanı qanunvericiliklə konkret olaraq məhdudlaşdırılmayıb. Lakin, nəzərə alsaq ki, bu cinayət əməli gömrük sərhədindəki uyğun qaydaların pozulması ilə əlaqdardır, belədə bu cür əməliyyatların aşkarlanması və araşdırılması üçün ən uyğun və məntiqli məkan da gömrük nəzarəti zonasıdır. Hazırda həbsdə olan, “Demokratik Təşəbbüslər İnstitutu”nun əməkdaşı İlkin Əmrahov heç vaxt ölkə ərazisini tərk etməyib, digər jurnalistlər arasında da son 5-7 il ərzində ölkə ərazisindən kənara çıxmayan şəxslər var. Bu halda onların qaçaqmalçılıqda ittiham edilməsi qanunvericiliyə və məntiqə uyğun gəlmir.
Digər tərəfdən, qaçaqmalçılıq cinayəti malların ölkənin gömrük sərhədindən keçirilməsinin müəyyən edilmiş qaydalarının və şərtlərinin pozulmasını nəzərdə tutur (həmin maddənin 2-ci bəndi xüsusi predmetlidir və bu kontekstdən kənardadır). Başqa sözlə, CM-in 206.1-ci maddəsinin obyektiv cəhətini malların və digər əşyaların gömrük sərhədindən keçirilməsi üzrə qanunsuz hərəkətlər; belə qanunsuz hərəkətlərin törədilmə üsulları; və keçirilən malların və digər əşyaların külli miqdarda olması təşkil edir.
Yəni, hətta nəzəri baxımdan media işləri üzrə həbs edilənlərə verilən qaçaqmalçılıq ittihamı ilə razılaşsaq belə, bu cinayətin törədilməsi yenə cinayət yolu ilə əldə edilmiş əmlak anlayışının əhatə dairəsinə düşməyəcək. Çünki qaçaqmalçılıq, qaçaq malın ölkəyə qanunsuz yolla gətirilməsini (keçirilməsini), cinayət yolu ilə əldə edilmiş əmlak isə əmlakın mənbəyini kriminallaşdırır. Qaçaqmalçılıq cinayəti yalnız mal və əşyanın qaçaqmalçılıq yolu ilə keçirilməsi ilə əlaqəli olduğu halda, leqallaşdırma isə bu əmlakın “cinayət yolu ilə əldə edilməsi” kimi əlavə bir hüquqi məqamı nəzərdə tutur.
Belə bir vəziyyətdə, mənzillərdən yaxud da ofislərdən tapıldığı deyilən qrant məbləğlərinin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi iddiasının Cinayət Məcəlləsinin 193-1-ci maddəsi ilə irəli sürülən ittihamın əsasına qoyulması, cinayət mühakimə icraatının vəzifələri və əsas prinsiplərinə ziddir.
Cinayət-prosessual qanunvericiliyə görə, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biridir. Cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri isə hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir.
Bu standartı “Abzas Media” və “Toplum TV” keyslərinə tətbiq etsək, həmin media subyektlərinin fəaliyyətinin yeganə mənbəyi olan qrant vəsaitlərinin cinayət yolu ilə əldə edildiyi və ya leqallaşdırıldığı barədə istintaq orqanının gədiyi nəticə, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslərin cinayət təqibinin yekununda cəmiyyət üçün təhlükəli olduğu iddia edilən davranışa hüquqi qiymət vermədə aşkar uğursuzluğa düçar olduğunu nümayiş etdirir. Həmçinin verilmiş ittihamın faktiki tərəfi ilə hüquqi tövsifi arasında dərin ziddiyətə diqqəti cəlb edir.
Beləliklə:
“Tribunat”ın gəldiyi qənaətə görə, qrant vəsaitlərinin əldə olunması ilə bağlı qanunvericiliyin pozulması cinayət məsuliyyəti yaratmadığından və üstəlik, qrant müqavilələrinin qeydiyyata alınmaması sadəcə inzibati məsuliyyətə səbəb olduğundan, “Abzas Media” və “Toplum TV” işləri üzrə həbs edilən jurnalistlərə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamının verilməsi, cinayət mühakiməsi icraatının vəzifələri ilə uzlaşmır və cinayət mühakiməsi icraatının əsas prinsiplərini pozur.
“E-qanun”, Azərbaycan Respublikası “Qrant haqqında” Qanun
“E-qanun”, “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın təsdiq edilməsi barədə Qərarı
“Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi” Qaydası
Qeyri Hökumət Təşkilatları haqqında qanunvericiliyə dəyişikliklərə dair Venesiya Komissiyasının rəyi
Qeyri-Hökumət Təşkilatları üçün Beynəlxalq Hüquq Mərkəzi tərəfindən hazırlanan sənəd
“E-qanun”, İnzibati Xətalar Məcəlləsi
Ali Məhkəmə Plenumunun 20 fevral 2023-cü il tarixli qərarın
“E-qanun”, Cinayət Məcəlləsi
“E-qanun”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunu
BMT-nin Korrupsiya Əleyhinə Konvensiyası
Avropa Şurasının “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında” konvensiyası