Sovet simvolları ilə yürüş cəhdi cinayət məsuliyyəti yaradırmı?
Analysis
Bakıda 7 noyabr - Oktyabr inqilabının 108-ci ildönümü ilə əlaqədar SSRİ və Azərbaycan SSR bayraqları qaldıraraq yürüşə cəhd edən şəxslər həbs edilib. 26 noyabrda yürüşün iştirakçıları İbrahim Əsədli və Abdulla İbrahimli haqqında məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin (CM) 233-cü maddəsi ilə təqsirləndirilirlər.
“Tribunat” hadisəni adıçəkilən şəxslərə cinayət işinin açılması və ifadə və toplaşmaq azadlığı kontekstində təhlil edib.
CM-in 233-cü maddəsinin dispozisiyası aşağıdakı əməlləri kriminallaşdırır:
- ictimai qaydanı kobud surətdə pozan;
- və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan;
- yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlər.
Bu cür hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsi təşkil edilməli və ya bu cür hərəkətlərdə fəal iştirak aktı baş verməlidir. Maddənin sanksiyasında cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması ilə yanaşı 3 ilədək azadlıqdan məhrum etmə də nəzərdə tutulub.
Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilir ki, “Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür”.
Cinayət Məcəlləsinin Kommentariyasında isə ictimai qaydanı kobud surətdə pozmaq dedikdə, şəxsi və ya ictimai mənafelərə mühüm ziyan vuran, cəmiyyət üzvlərinə qərəzli surətdə təhqiredici təsir göstərən hərəkətlərin nəzərdə tutulduğu qeyd edilir.
Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaq isə vəzifəli şəxsin irəli sürdüyü yanlız qanuni tələbi dərk edərək, şüurlu surətdə yerinə yetirməməkdir.
Yerli mediada yayılan həmin şəxslərin yürüş cəhdinə dair videogörüntülərdən belə məlum olur ki, bir neçə nəfər əllərində bayraqlar Bakıdakı parklardan birində hərəkət edirlər. Onların ətrafında digər hər hansı şəxslər görünmür, qanuni tələblər səsləndirən hakimiyyət nümayəndəsi də gözə dəymir, nəqliyyatın, idarə, müəssisə və təşkilatların normal fəaliyyətinin pozulmasından isə ümumiyyətlə danışmağa dəyməz, çünki parkda nəqliyyat hərəkət etmir, idarə, müəssisə və təşkilat binaları yerləşmir və s. Ümumiləşdirsək, yayılmış görüntülərin təhlili yürüş cəhdinin tamamilə dinc xarakter daşıdığını, oradan keçən təsadüfi şəxsləri təhqir etmə, insanların dincliyini pozma və s.-lə müşayiət olunmadığını üzə çıxarır. Bu isə yürüş cəhdinin ictimai qayda və ya ictimai əxlaqa hər hansı qəsd etmədiyini təsdiq edir.
Digər tərəfdən, Azərbaycan Respublikasında keçmiş SSRİ simvollarının daşınması, gəzdirilməsi, həmin simvollarla yürüş və onların nümayiş etdirilməsi, yəni, bütövlükdə kommunist ideologiyasının təbliği qadağan edilməyib və bu səbəbdən də buna görə hər hansı məsuliyyət növü, o cümlədən cinayət məsuliyyəti də nəzərdə tutulmur.
Yəni, bu şəxslərin əməllərində sözügedən maddənin obyektiv cəhətinə daxil olan hərəkətlərin heç biri yoxdur.
Azərbaycan Konstitusiyası (49 və 50-ci maddələr) və Avropa İnsan Hüquqları Konvensiyası (10 və 11-ci maddələr) ifadə və sərbəst toplaşmaq azadlığını təməl hüquqlarıdan biri kimi müəyyən edir.
Yürüş cəhdinin üstündən 19 gün keçdikdən sonra adıçəkilən şəxslərin saxlanılıb, cinayət məsuliyyətinə cəlb edilməsi və haqlarında həbs qətimkan tədbiri seçilməsi onların bu təməl hüquqlarının pozuntusunu yaradır.
Çünki onların ifadə və sərbəst toplaşmaq azadlığına müdaxilə qanunla nəzərdə tutulmayıb, hər hansı legtim məqsəd güdmür və demokratik cəmiyyətdə də zəruri deyil.
Şolari Moldova Respublikasına qarşı işində AİHM bildirdi ki, bir neçə ölkədə kommunist rejimləri altında hər yerdə olan qırmızı ulduzun taxılması, həmin rejimlərin qurbanlarına və onların ailələrinə narahatlıq yarada bilər və onlar bundan haqlı şəkildə inciyə bilərlər. Lakin bu cür hisslər nə qədər başa düşülən olsalar da, özlüyündə ifadə azadlığını məhdudlaşdıra bilməz (35-ci bənd).
Konvensiyanın 11-ci maddəsində təsbit olunan yığıncaq azadlığı, bu azadlıqdan istifadə edən şəxslərin təşviq etmək istədiyi ideyalara və tələblərə qarşı çıxan şəxsləri əsəbiləşdirə və ya onlara xoşagəlməz görünə biləcək nümayişləri də qoruyur (Kudrevičius və digərləri Litvaya qarşı işi, 145-ci bənd).
Hər iki istinad işinin kontekstində xüsusi ilə onu da vurğulamaq lazımdır ki, cəmi bir neçə nəfərin SSRİ simvolları ilə Bakının kimsəsiz parklarından birində dinc yürüş cəhdinin paytaxt sakinləri və onların hansısa hissəsində narahatlıq hissi yaratması, onları əsəbləşdirməsi haqda da məlumatlar yoxdur.
“Tribunat” sonda bildirir ki, keçmiş Sovet simvollarının daşınması, gəzdirilməsi Azərbaycanda hər hansı məsuliyyət növü yaratamır, kommunist ideologiyasını təbliğ etdiyi deyilən bu şəxslərin əməllərində CM-in 233-cü maddəsinin tərkib əlamətləri yoxdur, İbrahim Əsədli və Abdulla İbrahimlinin cinayət məsuliyyətinə cəlb edilməsi və məhkəmənin qərarları ilə həbs edilmələri onların Konvensiyanın 5, 10 və 11-ci maddələri ilə təsbit edilən azadlıq, fikri ifadə və dinc toplaşmaq hüquqlarının pozuntusunu yaradır.
Bakıda SSRİ bayrağı ilə yürüş edənlərin həbs olunduğu deyilir, https://toplummedia.tv/manset/pbakida-ssri-bayragi-ile-yuumlruumlyuumls-edenlerin-hebs-olundugu-deyilirp
Bakıda SSRİ bayrağı qaldıranlar həbs olunublar- VİDEO - YENİLƏNİB-2, https://apa.az/hadise/bakida-ssri-bayragi-qaldiranlar-hebs-olunublar-video-yenilenib-2-927863
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, https://e-qanun.az/framework/46947
Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Qərarı, https://e-qanun.az/framework/21739
Azərbaycan Respublikasının Konstitusiyası, https://e-qanun.az/framework/897
Avropa İnsan Hüquqları Konvensiyası, https://www.echr.coe.int/documents/d/echr/convention_aze
Avropa İnsan Hüquqları Məhkəməsi Şolari Moldova Respublikasına qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-172313
Avropa İnsan Hüquqları Məhkəməsi Kudrevičius və digərləri Litvaya qarşı işi, https://hudoc.echr.coe.int/eng?i=001-158200