Səbail Rayon Məhkəməsində məhkəmənin açıqlığı prinsipinin pozuntusu
Analiz
“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun Səbail Rayon Məhkəməsində keçirilən məhkəmə prosesində onun vəkili media təmsilçilərinin prosesə buraxılması və çəkiliş aparılması ilə bağlı vəsatət qaldırıb. Sədrlik edən hakim Günel Səmədova vəsatəti təmin etməyib, bildirib ki, jurnalistlərin prosesdə iştirakına ehtiyac yoxdur, onlar prosesə dair məlumatı məhkəmənin mətbuat xidmətindən ala bilərlər.
“Tribunat” media təmsilçilərinin Orucovun məhkəmə prosesinə buraxılmaması ilə bağlı məhkəmə qərarının məhkəmənin açıqlığı prinsipinə uyğunluğunu analiz edib.
Azərbaycan Respublikası Konstitusiyasının (maddə 127, bənd V) və ölkənin tərəfdar olduğu Avropa İnsan Hüquqları Konvensiyasının (maddə 6) (AİHK) tələblərinə görə, bütün məhkəmələrdə işlərin icraatı açıq aparılmalıdır.
Açıq məhkəmə baxışı o deməkdir ki, məhkəmə iclasları hüquqi prosedura uyğun olaraq və ümumiyyətlə ictimaiyyətin iştirakı ilə keçirilməlidir. Yəni, əgər xüsusi bir məxfilik tələbi yoxdursa, hər kəs (jurnalistlər, vətəndaşlar, təşkilatlar və s.) məhkəmə iclasını izləyə bilər. Bu, məhkəmənin şəffaf olması və qərarların ictimai nəzarət altında verilməsi deməkdir. Bu cür açıq məhkəmə iclasları, məhkəmələrin qərarlarının düzgünlüyünü və qanunauyğunluğunu təmin etməyə kömək edir, eyni zamanda cəmiyyətdə hüquqi etimadın yaradılmasına şərait yaradır.
Bu qaydadan istisna hal kimi, demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.
Konvensiyada məhkəmənin qapalı keçirilməsi üçün nəzərdə tutulan əsaslar Cinayət Prosessual, Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarında daha aydın sadalanıb. Bu əsaslardan başqa hallarda məhkəmə iclasının qapalı keçirilməsi üçün əsas yoxdur.
Açıq məhkəmə prosesində texniki vasitələrdən istifadə etmək, o cümlədən fotoçəkiliş, audio və video yazıya almaq və məhkəmə iclasından canlı yayım isə məhkəmə iclasında sədrlik edənin icazəsi ilə aparıla bilər. Lakin bu səlahiyyət məhkəmələrə icraatın açıqlığını məhdudlaşdırmaq üçün yox, tərəflərin hüquqlarının müdafiəsi üçün verilib, məhkəmə icraatda çəkilişin aparılmasını məhdudlaşdırmaq üçün yuxarıda qeyd olunan hallara istinad etməlidir.
Ə.Orucovun ittiham olunduğu Cinayət Məcəlləsinin 188.2-ci maddəsi mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsində özbaşına tikinti və ya quraşdırma işləri aparmanı nəzərdə tutur. Bu maddə əsasən əmlak hüquqlarının pozulması ilə bağlıdır və ictimai təhlükə dərəcəsinə görə az ağır cinayətlər kateqoriyasına aiddir. Burada nə dövlət sirri, nə də şəxsi həyatla bağlı həssas məlumatlar olmadığından, işin qapalı keçirilməsi üçün hər hansı hüquqi əsas yoxdur.
“Axel Springer AG Almaniyaya qarşı” işində (bənd 80) Məhkəmə qeyd edib ki, məhkəmə açıqlığı prinspi mətbuatın və jurnalistlərin məhkəmə iclaslarının işıqlandırılmasına və bu barədə rəy bildirməsinə də şamil olunur. Əgər bu fəaliyyətlər müəyyən edilmiş hədləri aşmırsa (yəni, ədalətli mühakiməyə mane olmursa və məhkəmənin nüfuzunu zədələmirsə), o zaman bu, məhkəmə iclaslarının açıq olması prinsipinə xidmət edir. Bu da AİHK-nın 6-cı maddəsinin 1-ci bəndində qeyd olunan “məhkəmə iclasları açıq olmalıdır” tələbini yerinə yetirir. Bununla yanaşı, demokratik cəmiyyətdə məhkəmə prosesi barədə əvvəlcədən və ya onunla eyni vaxtda ictimai müzakirələrin aparılmaması düşünülə bilməz.
Əziz Orucovun siyasi məhbus olmasını və jurnalist fəaliyyətinə görə həbs olunması iddiasını nəzərə aldıqda, onun məhkəmə iclasında baş verənlər ictimai maraq doğuran məsələdir. Ona görə də internet televiziyasının rəhbərinin məhkəmə dinləmələrində baş verənlərin ictimai müzakirəsi tələbi təbii və lazımlıdır. Bu eyni zamanda ictimaiyyətin də bu məlumatları almaq hüququna xidmət edir.
Orucovun ittiham olunduğu cinayət işi üzrə məhkəmə iclasına mətbuat təmsilçilərinin buraxılmasına icazə verməyən hakim bu qərarını qanunvericilikdə müəyyən olunmuş hüquqi və faktiki halların mövcudluğunu ortaya qoymaqla əsaslandırmalı idi. Hərçənd ki, belə əsasların olduğu belə ehtimal edilmir.
AİHM “Dadaşbəyli Azərbaycana qarşı” işində cinayət işi materiallarında məxfi məlumatların olmasını belə məhkəmə iclasının qapalı keçirilməsi üçün əsas hesab etmir. Bununla bağlı yerli məhkəmələrin mövqeyinə münasibət bildirən Strasburq Məhkəməsi qeyd edib ki, iş materiallarında məxfi məlumatın olması məhkəmə iclasının bütövlükdə qapalı keçirilməsi üçün əsas vermir. Məhkəmələr dövlət maraqlarını qorumaq üçün qapadılmanın zəruri olduğuna dair konkret nəticələr çıxarmalı və belə bir marağı qorumaq üçün məxfiliyi zəruri həddə məhdudlaşdırmalıdır.
“Tribunat”ın gəldiyi qənaətə görə, əgər məhkəmə prosesi açıq elan olunursa, bu, həm fiziki, həm də informasiya baxımından açıq olmalıdır. Jurnalistlərin prosesi işıqlandırmaq imkanını məhdudlaşdırmaq, ictimai nəzarəti zəiflədir, bu da hüquq (ədalət mühakiməsi) sisteminə olan ictimai etimadı zədələyə bilər. Səbail Rayon Məhkəməsinin Əziz Əzizovun məhkəmə prosesində media təmsilçilərinin iştirakına qadağa qoyması konkret hüquqi və faktiki əsaslara söykənmədiyindən məhkəmə açıqlığı prinsipinin pozulması kimi qiymətləndirilməlidir.
“irfs.org”, “Məhkəmə Əziz Orucovun işinə jurnalistlərin iştirakı olmadan baxmağa qərar verib”
“E-qanun”, Azərbaycan Respublikasının Konstitusiyası
“echr.coe”, “Avropa İnsan Hüquqları Konvensiyası”
“Ks.echr.coe”, “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi üzrə bələdçi”
“Echr.coe”, AİHM Axel Springer AG Almaniyaya qarşı işi
“E-qanun”, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi
“E-qanun”, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
“E-qanun”, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi
“E-qanun”, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllə
“instagram.com”, “AbzasMedia - Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucov 2 il azadlıqdan məhrum edilib”
“Echr.coe”, “ Dadaşbəyli Azərbaycana qarşı” işi